Doğum günün mübarək, qərib şair!- Süleyman Sərrafın doğum gününə

10-12-2019 13:32
Sərraf baba - Suleyman Sərraf. Aforizm diliylə danışan (yazan) adam. Bu mənim onun haqqında şəxsi fikrimdir.(Əslində təsdiqə ehtiyacı olmayan bir fikirdir. Amma əminəm ki, fikrimi təsdiqləyən, mənimlə razılaşan dostlar var). Ədəbi mühitdə öz çəkisi var onun. Osmanlı türkcəsində bir ifadə var: "kəndi çapında bir adam". Sərraf babanın əyninə biçilmiş bir ifadə...
Həm də ürəyi torpaq yarası ilə göynəyən, yurd həsrətilə alışan minlərdən biridi o. Dərdini sözlə ovudur, təsəllisiz kədərinə qələmlə "sığal" çəkir.
Bu gün öz "hücrəsində" aram-aram qələmini dilləndirən Süleyman Sərraf(Həziyev)ömür nərdivanının növbəti pilləsinə qədəm qoyur. Tanrıdan dilək diləyib, istək umub, arzu ismarlayıb Zəngilana qovuşmağın sevincini yaşatsın şairə, bizlərə deyirəm. Doğum gününüz mübarək, qərib şair!

Sevinc Qərib
Dalidag.az doğum günü münasibətilə şairi təbrik edir, sağlıqlı uzun ömür, xoş günlər və yaradıcılıq uğurları arzulayır.

DƏRDİMİ DEMƏRƏM DƏRDSİZ ADAMA

Dərdimi demərəm dərdsiz adama,
Gözündən dərd göyərənə deyərəm.
Dərdə layla çala - çala sızlayan,
Sözündən dərd göyərənə deyərəm.

Yaxşı - yaman qanmayana demərəm,
Eşq yolunda yanmayana demərəm.
Dədəsini anmayana demərəm,
İzindən dərd göyərənə deyərəm.

Sərrafam, simsaram dərdli ozana,
Sim qırılıb, boşa gedir tazanə.
Tarı qan ağlayan eşqli tarzənə,
Sazından dərd göyərənə deyərəm.

ÖLÜMÜN DƏ GÖZƏLİ OLUR


Harda istəyirsən yaşa...
Sonunda
Öz evində, ocağında öləsən.
Mədinədə kəfənini geyəsən,
Düz Kəbənin qucağında öləsən.

Həzrət Əli pirin ola əzəldən,
Allah ola ürəyini düzəldən.
Cavab gələ eşqinə bir gözəldən,
Sevdiyinin qabağında öləsən.

Arxamızca atılacaq daş "ayıb",
Sərrafki var, öz dərdini daşıyıb.
İnsanların ürəyndə yaşayıb,
Mələklərin dodağında öləsən.

GƏNCLİK VƏ SEVGİ


Qayıdasan on yeddinə,
Canım, ayrıdan sevəsən.
Diln, ağzın söz tutmaya,
Gözlərinlə can sevəsən.

Mənim könlüm büllur şüşə,
Qız, şüşəni vurma daşa !
Ürəyinə alov düşə,
Canım, yanasan, sevəsən.

Görcək dilin topuq vura,
Könlünü salasan zora.
Cisminlə olub avara,
Ruhun laməkan, sevəsən.

Sərraf, Süleyman olasan,
Eşqin nuruyla dolasan.
Can verəsən, can alasan,
Olasan qurban, sevəsən.

* * *

Gəldi gördü, gördü getdi,
Aldığını verdi getdi.
Bir qapıdan girdi getdi,
Yüz qapıdan çıxmadı can.

Yıxıldı, durdu, yeridi,
Dindi, ağladı, kiridi.
Dərdi özündən diridi,
Dərd altından çıxmadı can.

Zülümü mələk qanadlı,
Məhəbbəti daş inadlı.
Bu həyatın ölüm adlı
Alt qatından çıxmadı can.

YURDUM, MƏN QƏRİBƏM, QƏRİB


Qaçqın düşdüm, köçkün oldum,
Taleyimdən küskün oldum.
Bu dünyadan üzgün oldum,
Yurdum, mən qəribəm, qərib.

Ütəlgisiz, Süsənsizəm,
Ay Vənətli, mən sənsizəm.
Vətənimdə vətənsizəm,
Yurdum, mən qəribəm, qərib.

İz düşürmü oylağına?
El çıxırmı yaylağına?
Çıxdım dərdlərin dağına,
Yurdum, mən qəribəm, qərib.

Öz elindən insan perik,
Din tapdanmış, iman perik.
Ruhum düşüb candan perik,
Yurdum, mən qəribəm, qərib.

Hələ günahkar gəzirəm,
İçimdə azar gəzirəm.
Kor gəzirəm, kar gəzirəm,
Yurdum, mən qəribəm, qərib.

BAKI - ZƏNGİLAN QATARI.

Kimə vardan, bizə də ki, yoxdandı,
Bu zülüm var, bəlkə bizə haxdandı.
Yolu düşmür Mincivandan çoxdandı,
Bakı - Zəngilan qatarı.

Üzü Horadizə baxıram yenə,
Ordan da bir azca qalır Vətənə.
Həsrətəm sənin o ağ biletinə
Bakı - Zəngilan qatarı.

Kupesində ürəyimi aparar,
Düşüncəmi bu asfaltdan qoparar.
Takka - tukla məni elə yatırar,
Bakı - Zəngilan qatarı.

İllərdi ki, həsrətini çəkirəm,
Dərviş olub içimdə dərd əkirəm.
Zəngilanda önündə diz çökərəm,
Bakı - Zəngilan qatarı.

Bilirəm ki, relislərin pas tutub,
Yurdum sənə çoxdandı ki, yas tutub.
Bəlkə bizdən inciyərək küs tutub
Bakı - Zəngilan qatarı.

Bir gün olsun, Allah görsün, biz deyək,
Səni Bakı vağzalında gözləyək.
Gedib çatıb Zəngilana, söz deyək,
Bakı - Zəngilan qatarı.

* * *
Kimlər nə istəyir ömrü talandan ?
Üzlərdəki təbəssüm də yalandan.
Bəşər Yer üzündə məskən salandan
Beşi kef eyləyir, yüzü tərləyir.

Örnək götürmədik babam Adəmdən,
Həyatı keçirdik dərddən, sitəmdən.
Adamlar İblisə xidmət edəndən
Utanıb Allahın özü tərləyir.

Niyə cılızlaşıb bu bədbəxt insan ?!...
Bilmir ki, məşhərdə qurular divan.
Dünyaya hökm edir yalanla böhtan,
Qurda baxıb yazıq quzu tərləyir.

Hikmətin kor olub gözləri çoxdan,
Ədalət çıxıbdır var ilə yoxdan.
Rəzalət qorxmayır o böyük Haqdan,
Haqq olanın oğlu, qızı tərləyir.

Haqqımızı kimdən alaq ?... Bilmirik,
Özümüz də haqq yoluna gəlmirik.
Bu vəhşəti Yer üzündən silmirik,
Şeytan iş başında, üzü tərləyir.

ALLAH VERDİYİNƏ BƏNDƏ YOX DEMƏZ


Kəmfürsət taleyin Allahı varsa,
Hamıya da versin, mənə də versin.
Müftə yeyənlərin əlindən kəssin,
Halal süd əmmişə yenə də versin.

"Ya Allah" deyərək düşdük çətinə,
O da durub kasıb bəndə qəsdinə.
Abdala, kasıba, lütə, yetimə
Zalıma verdiyi dəhnədən versin.

Ürəyi nur ilə dolan kəslərə,
Həqiqət yolunu salan kəslərə,
Allahına qurban olan kəslərə,
Cənnəti bu başdan, binədən versin.

* * *
Ağlaya - ağlaya gəlir dünyaya,
Gülüb bu həyatdan getmir hər adam.
Əsil kişi kimi bir ömür sürüb,
Ərlik zirvəsinə çatmır hər adam.

Taleyi olubsa zülümün yemi,
Özünə həmsirdaş bilibsə qəmi,
Alıb ağuşuna dərdi yar kimi.
Dərdlərin qoynunda yatmır hər adam.

Özündən uzağa düşübsə özü,
Oxunmuş kitaba nə yazı yazır ?!
Günahın yüküylə şəlliyib bizi
İblis ətəyindən tutmur hər adam.

Allahın ağıllı dəlisi olsa,
Mərdliyin ildırım silləsi olsa,
Ürəyi nəfsinin tələsi olsa
Yenə öz haqqına yetmir hər adam.

* * *
Məni yaratmısan Sən sevə - sevə,
Sən özün də saxla, ai Məni sevən !
Bir qərib şairəm, dərd içindəyəm,
İndi məni ağla, ay Məni sevən !

Pisliyim keçmədi mərdə, namərdə,
Yaxşılıqmı saldı məni bu dərdə ?
Sən məndən xəbərsiz hər vaxt, hər yerdə
Dərdin yolun bağla, ay Məni sevən !

Göz yumdum, gəncliyim uçdu əlimdən,
Söz dedim, günahım tutdu dilimdən.
Dərd heykəli yapacaqlar külümdən,
Külümü də yoxla, ay Məni sevən !

Nə peyğəmbər övladıyam, nə imam,
Eşq yolunda könlüm olub yanar şam.
Mən Səni sevməklə oluram bir tam,
Oluram tək Haqla, ay Məni sevən!

* * *
Gözümün içinə baxdın, alışdım,
İndi də gəl söndür, ay qara gözlüm!
O xoş baxışınla, şirin dilinlə
Qəlbimi sevindir, ay qara gözlüm!

Mən dəli deyiləm, gözümün nuru,
Könlümü bu dünya qocaldıb, yorub.
Məhəbbətin qulu qarşında durub,
Bal dilinlə dindir, ay qara gözlüm!

Mən sevə bilərəm ölənə qədər,
Gedib o dünyadan gələnə qədər.
Sən mənim eşqimi bilənə qədər
Ruhum duman, çəndir, ay qara gözlüm!

Gülüşün, yerişin, duruşun gözəl ,
Süleyman Sərrafa hər işin gözəl.
Allahın eşq adlı gərdişi gözəl,
Məni mənə göndər, ay qara gözlüm!

* * *
Yola çıxan yolun gedər,
Gedəni qaytaran olmaz.
Bu dünyanı malı kimi
Güdəni qaytaran olmaz.

O dünyadan kimdi gələn,
Acısına baxıb gülən ?
Ay karlı dədəsi ölən,
Dədəni qaytaran olmaz.

Gözdə eynək, əldə əsa,
Bit gün toya, bir gün yasa.
Cismindən can uçubdusa
Bədəni qaytaran olmaz.

* * *
Hayqıran, kükrəyən yaz seli kimi
Sevə bilirsənsə mənim kimi sev!
Silib ürəyindən " nə var, nə yoxu"
Sevə bilirsənsə mənim kimi Sev!

Ürəyin köksünə sığmırsa əgər
Səni çox enişə, yoxuşa çəkər.
Eşq könül bağçanda çiçəklər əkər,
Sevə bilirsənsə mənim kimi sev!

Sevdiyi özünü itirir adam,
Ən gözəl sözünü itirir adam.
Səbiri, dözümü itirir adam,
Sevə bilirsənsə mənim kimi sev!

* * *
Dərdlərimi ağlayacam içimdə,
İnsanları gülə - gülə sevəcəm.
Yaşamaq sevməkdi, sevmək yaşamaq,
Hələ yaşayıram, hələ sevəcəm.

Sirr saxlayan ürəklərə vurğunam,
Allah sevən o təklərə vurğunam.
Mən sevdiyim çiçəklərə vurğunam,
Eşqimi gətirib dilə, sevəcəm.

Zirvədən dərəyə enmək vaxtımdır,
Qəriblik də Allah yazan baxtımdır.
Sərrafam, eşq taxtı mənim taxtımdır,
Rəbbimə olacam kölə, sevəcəm.

Süleyman Sərraf

Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 10-12-2019 13:32
Baxış sayı: 31 020
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını