Xəzangül Hüseynova:"Mizrab olur yoxluğuna sükutum..." -ŞEİRLƏR

28-11-2019 11:48
"...Bu ayrılıq yol gəlirdi bilirdim,
O gəldikcə təntiyirdim, ölürdüm.
Təsəllimi bəlkələrdən alırdım,
Yalan oldu, tufan oldu, yel oldu..."


Dalidag.az Xəzangül Hüseynovanın şeirlərini təqdim edir:

ALIN YAZIMIN AĞRISI

Bir ananın qucağında körpənin,
Qışqırığı qulaq deşir İlahi!
Çalxalanır tam vücudum ürpənir,
Ətrafdakı kütlə çaşır İlahı!

İş dalınca gələn ana təlaşda,
Silkələyir körpə yenə kirimir...
Öz özünə tapa bilmir əlac da,
Qışqırığın arxasınca sürünür...

Otuz günlük bu körpənin səsinə,
Səs verirəm içdən gəlir İlahi!
Bu səs niyə sığınıbdı köksümə?
Hansı kökdən, köçdən gəlir İlahi?!

Bu hay həşir daxilimdə qarışır.
Həm sualam, həm cavabam bu anda.
Sanki səsim bu səs ilə yarışır,
O, qışqırır, qışqırıram o tonda..

Qışqırıram... Heç kim baxmır sədama,
Hamı baxır o uşağa İlahi!
Bir vəhy gəlir yaddaşımdan yadıma,
Mən dönürəm bir işığa İlahi!

Anladım ki, mən lap çoxdan ölmüşəm,
O qışqıran körpə elə mənəmmiş.
Ölümümü - olumumu bilmişəm
Kainatdan Yerə gələn ünəmmiş.

Alın yazım yazılırmış o ünlə,
Heç bilmirdim hansı səmtə baş vuram...
Əzab dolu, fəryad dolu zülümlə,
O yazının ağrısıdır qışqıran...

MİZRAB OLANDA


Xatirələr tel-tel olub telləndi,
Mizrab olub o tellərə toxundum.
Duyğuların ələyindən ələndim.
Aşıq kimi "bàş sarıtel" oxudum.

Belə qəmli, belə həzin mahnıdan,
Ömür yolum yollar içrə yol andı.
Köksümdəki nisgilimdən ah, nidam,
Bulud olub asimana yoĺlandı.

Şimşək çaxdı, Göy kişnədi, çağladı
Göy qurşağı kədərimə dolandı.
Nakam qalmış arzularım ağladı,
İç dünyamsa odsuz, közsüz odlandı.

Bu atəşin istisindən əridim,
Damla-damla öz içimə töküldüm.
Elə özüm öz gözümdə sirr idim,
Sirr içində ahıllanıb büküldüm.

Qocaldıqca mən yenidən doğullam,
Doğulduqca "ünqə", "ün gəl" harayım.
Bilmirəm ki, təpə ollam, dağ ollam,
Bilirəm ki,əks-sədamda var payım.

Bu doğuşda ana bətnim, Yer bətni,
Vəhydən gələn təfəkkürə əkildim.
Tənə etdi şeirimin hər sətri,
Dözməyərək axır qeybə çəkildim.

Qeybdə qeybin qaydalarna tən oldum,
Qeybin özü zülmət deyil nuruymuş.
İdrakımı silkələyən "ün" oldu,
O "ün" denə axirətin suruymuş...

AYRILIĞIN ŞƏRQİSİ


Könlüm elə alovlanıb, yandıkı,
Bu ayrılıq can verdiyim candıkı.
Gözlərimdən tökdüyüm də qandıkı,
Olan oldu, qəlbim doldu, sel oldum.

Bu ayrılıq yol gəlirdi bilirdim,
O gəldikcə təntiyirdim, ölürdüm.
Təsəllimi bəlkələrdən alırdım,
Yalan oldu, tufan oldu, yel oldu.

Dərdin, qəmin kədərini içmişəm,
Əllərimi dərgahına açmışam.
Kabus bilib ayrılıqdan qaçmışam,
Talan oldum, haray saldım, göl oldum.

Ayrılığın dili yoxsa, külü var,
Heç qayıtmaz, gedər- gəlməz yolu var.
Sağ istəsək, ürək adlı solu var,
Solan oldu, çalan oldu, tel oldu.

Ayrılığın şərqisidi bayatı,
Dedim bəlkə bu yatanı oyadım.
Oxuduqca buludlandı Göy qatı,
Alan aldı, məzar qaldı, "ol" oldu,
Ölən demə lamiyə tək GÜL oldu...

ƏBƏDİ MƏHƏBBƏT


Sən torpağın övladısan,
mən Göy qızı...
Taleyimin qismətinə,
yazılıbdır belə yazı...
Sən olmasan,
nə buludam, nədə yağış.
nə baharam, nədə qış.
Nə Günəşım, Ayım olmaz.
Mən olmasam,
suyun olmaz, çayın olmaz.
İnsan adlı payın olmaz.
Nə ağacın, otun olmaz,
nə pişiyin, itin olmaz...
Nə sən mənsiz,
nə mən sənsiz olammarıq.
nə birləşib,
Biz bir yerdə qalammarıq.
Yox olarıq..
Nə Göy olar, nə də ki, Yer
nə də bəşər...
Ona görə,
Sən torpaq ol, mən Göy üzü...
nə gözəldir,
haqqdan gələn belə yazı...
Bu məhəbbət,
İlahi bir sevgi kimi
Yer üzünə tökülür...
Təmizliyin çeşməsində,
Saflıq adlı,
Toxum kimi əkilər...
Torpaq onu əzizləyər, becərər...
nur cücərər...
işıq olar...
Əbədi bir məhəbbətlə,
Göylər Yerə,
Yer də Göyə,
aşiq olar...

SEVGİMİZ


Sən orda yan, mən də burda...
Sən də darda, mən də darda.
Eh...sən harda, ya mən harda?
Aramızda aylar vardı, illər vardı
Dənizlər var, göllər vardı.
Təpələr var, çöllər vardı.
Sən dünyanın ilk ucunda,
Mən dünyanın son ucunda
Dünya bizim aramızda, sirr içində...
Bu sevgidən Yerə, Göyə söz açanda,
Hərdən, hərdən özümüzdəm biz qaçanda,
Sən kosmosa yar olursan,
Mən torpağa bar oluram...
Dünya bina olan gündən,
Sən də varsan, elə məndə.
Bax beləcə,
gündüz, gecə
bu sevgidən alışırıq...
Kainatı dolaşırıq.
Axtarırıq...
Nə sən məni, nə mən səni tapammırıq...
Amma yenə,
bu sevgidən qopammırıq.
Bilirik ki,
bu sevgimiz olmasaydı,
Kainatda olammazdı
Dünya özü, dünya kimi qalammazdı...
Biz qovuşsaq gələrdi ki, dünya sonu...
Yox olardı -
"Ümumdünya cazibə qanunu"
Amma amma Səni lap çox, çox sevirəm...

YUXUM GƏLMƏDİ


Döyüşdədi yuxum ilə misralar,
Bu vuruşa gecə gözü yaş tökür.
Şeirimin ana bətni səs salar,
Hər misraya qılıqlanıb baş çəkir.

İstiyirəm ağuşunda yuxumun,
Bu dünyanı sənlə gəzəm, dolanam.
Sənsizlikdən yazıqlanan qorxumun,
Urəyini dönə - dönə alam mən.

Mizrab olur yoxluğuna sükutum,
Sükut özü saza dönür İlahi!
Mən dinmirəm,danışmıram, sakitəm.
Sükut dili sözə dönür İlahi!

Muncuq kimi boğazıma dolanır,
Misralarım misra - misra düzülür.
Sükutumun nəqəratı olaraq,
Sakit - sakit gözlərimdən süzülür.

Ah, sükutun göz yaşları oduymuş,
Hara düşsə yandırraraq yaxırmış.
Köksüm üstə yazılacaq adıymış,
O damlalar o ad üçün axırmış.

O damlalar çaya döndü İlahi!
Mən o çaya qoşularaq axıram.
Boğuluram...Bu nə gündü İlahi!
Əl uzadıb torpaq üstə çıxıram.

Hönkürtümü torpaq üstə salıram.
O da məni ovundura biilmədi.
Darıxıram, elə aciz oluram,
Ha yalvarram yuxum gəlsin:- Gəlmədi...

SƏSİM


Nolaydı,
Ağ atım olaydı...
nə yəhəri, nə yüyəni,
Qəzəbini qamçı edib, nə döyəni
olmayaydı...
çılım çılpaq
Azadlığa kişnəyəydi
at dilinə baş əyəydim.
Azadlığın havasına,
arzuların davasına,
səs verərək,
At üstünə atılardım.
Ayrılığın kədərinə,
Hlcran kimi qatılardım.
bu ağ ata ürək ilə,
Ürəyimi açardım.
Eheyy...adlı səs itirdim
O səsimi tapmaq üçün
çapa - çapa qaçardım...
Ün salaraq Yerə, Göyə,
Eheyy...eheyy..deyə,deyə,
Bu səsimə cavab verən səs axtardım...
bilirdim ki, eheyy səsim,
Əks səda tək, qayıdacaq öz üstümə.
Çevriləcək korun, korun tüstülənən tüstümə...
bu səsimə, səs verəcək səs olmadı,
Ümüd yeri qalmadı...
Artıq ona sus deyirəm,
Bəs deyirəm,
Küs deyirəm.
Nakam səsim,
ürəyimə həsrət adlı toxum kimi əkildi
Gözlərimdən gildır - gildır töküldü...

DÜNYA GÜNAYDIN


Gözümün yaşıda gizlənir səndən,
Qorxur ki,dil açar sirrini dryər.
Bilmirəm dünyaya gəldiyim gündən,
Niyə bu taleyim ömrümü döyər?

İlahi! bu qədər duyum veribsən,
Gizli xəzinə tək sinəmdə qalıb.
Hisslərim qarıyır qıfıl vurubsan,
Ləpəsiz, dalğasız lal dəniz olub.

Bu necə missiya, necə yazıdı?
İlahi! Sona tək susummu elə?
Mənə deyirlər ki,Göylər qızıdı,
Bu ada özümü asımmı elə?

Mən təkcə səninlə dərdləşə billəm,
Mənim Yer üzündə həyanım yoxdu.
Bulud gözlərimlə Günəşə gülləm,
Nurlu təbəssümü duyanım yoxdu.

Mənə Yer eşqini haram buyurub,
İlahi! İnsan tək Yerə bağladın.
Göylərin eşqiylə məni doyurub,
İlahi məqamlı sirrə bağladın.

Saflığa bələdin bələk yerinə,
"Ünqə" - Ün gəl dedim doğulan anda.
Məni nişanladın Göylər sirrinə,
Sirr axtaran kini qaldım cahanda.

Elə istəyirəm birdən hönkürəm,
Şimşək tək çaxaraq ildırım olam.
Mübarək hüsnünü bircə an görəm,
Bütün kainata ünümü salam.

Hıçqıra - hıçqıra yağam beləcə,
Kirini,pasını yuyam dünyanın.
Fitnəni, fəsadı boğam beləcə,
Hər günə söyləyim:-Dünya günaydın.

NEYLƏSİN
?

Dil açaraq rəsmin mənlə danışır
Düşüncələr arasına qan düşür.
Ağlım, hissim bir birindən yan düşür,
Könlüm onda ağlamasın neyləsin?

Pir eşqimlə, bir eşqimlə sınandım.
Bu dünyada o ilk andım, son andım.
Bu həsrəti öldürəcək gün andım,
Günüm qara bağlamasın neyləsin?

Gecələr də bezikibdir əlimnən,
Qarsalanıb köz tökülən dilimnən.
Kədərimin hönkürtülü zilinnən,
Coşub,daşıb çağlamasın neyləsin?

Çıxa bilmiŕ yaddaşımın yadından,
Hökm eyləyir sanki, Tanrı adınnan.
Vəfasızı ildırım tək odunnan,
Dönüb - dönüb dağlamasın neyləsin?

Hərdən elə mən özümü danıram,
Axirətin yuxusuyla donuram.
Bu sevgimi Göylər vəhyi sanıram,
Zirvə eşqim doğulmasın neyləsin?

Ey təmizlik İlahəsi! Sənləyəm.
Ürəyimdir saf nəğməni dinləyən...
Xəzangüldü yalanlardan inləyən,
Böhtan, şərdən boğulmasın neyləsin?

PAYIZ ÇİÇƏYİ


Nə yazın, nə yayın düşdün yadına,
Gözdən iraq oldun, payız çiçəyi
Daş,kəsək dedilər sənin adına,
Qaçdın, qiraq oldun payız çiiçəyi.

Gözlədin...Bilmirəm kimi gözlədin
Dənizə yan alan gəmi gözlədin.
Cücərmək istədin,nəmi gözlədin
Hər an soraq oldun payız çiçəyi.

Sənə aşiq kimi olanlar oldu,
Gördün ki, yalandı, tikandı, koldu.
Doldu ürəyinə,tənhalıq doldu,
Təşnə varaq oldun payız çiçəyi.

Sapsarı əliylə payız gəl dedi.
Payızam, sevgimnən sevin,gül dedi.
Haçan könül verdin, özün bilmədin,
Yandın, çıraq oldun payız çiçəyi

Qucdun torpağını şoranı ilə,
Açdın,pardaxlandın hər anı ilə.
Dondursada,bizu, boranı ilə,
Dözdün, maraq oldun payız çiçəyi.

Yağışdan, yağmurdan daim güc aldın
Vəfadan don geydin,Göyə ucaldın.
Heç kim deyə bilməz, səndə qocaldın,
Yara yaraq oldun payız çiçəyi.

YUMRUQ BOYDA ÜRƏK DƏRDİM


Sirr içində,
Ürəyimin bir güncündə,
Bükülərək qalmışam.
Vücudum yox başdan - başa,
dönüb ürək olmuşam...
Nə əlim yox əldən tutam,
Nə dilim yox sözüm çata.
Elə ancaq döyünürəm...
Boylandıqca boyyy deyirəm.
Duyğularım oyananda,
ürək qanı qaynayanda,
Sanki kosmik bir sürətin həyəcanı,
Yaşadığım bu zamanın,
Üzərindən atır məni.
naməlum bir aləmlərə qatır məni.
Yumruq boyda varlığımla,
sıxıntımla, darlığımla,
Hara gedim?
Hara gedim?
Yumruq boyda ürək dərdim...
bu sürətlə,
an içində,
Təhtəlşüur gücündə,
Dolaşaraq olayları,
O tayları, bu tayları,
Dənizləri, gur çayları,
Kainatın hər yerini,
Dayazını, həm dərini,
Fırlanaraq dolam - dolam,
İstədim ki, bu ürəkdən azad olam...
Gah pir oldun, gah da sirrdim.
Yumruq boyda ürək dərdi,
Paylaşaraq asimana,
yana - yana,
qurtulmağa hazır oldum...
Bu nə işdi?
Yumruq boyda dərdim ilə,
Mən yenidən nazil oldum...
Dualandı ürək andım...
Hər tərəfdə oxunurdu,
"Ayətül kürsü" surəsi,
Yumruq boyda ürək dərdi -
Dönüb oldu Yer kürəsi.

Xəzangül Hüseynova

Dalidag.az




Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 28-11-2019 11:48
Baxış sayı: 31 050
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını