Reklam
İlqar Rəsulun "Dovşan"ı- Qeyri-adi hekayə
05-11-2019 10:15
Dalidag.az İlqar Rəsulun hekayəsini təqdim edir:
DOVŞAN
Dünən barmağımı əzmişəm,
Bu gün yaman ağrıyır.
Gecə yaxşı yata bilmədim,
İndi yuxum gəlir...
Əslində, mən qoçaq adam deyiləm,
Qorxağam yəni.
Lap Dovşan kimi qorxaq.
Hər şeyə diksinən,
Hər şeydən hürkən bir Dovşan yəni.
Əvvəl belə deyildim.
Yox, əvvəl belə deyildim.
Ətrafdan ehtiyatlanmaq nə deməkdir?
Gözümü qırpmadan gedərdim hər şeyin üstünə.
Lap elə rəqiblərimin də,
Lap elə düşmənlərimin də,
Lap elə ölümün də...
Sonradan...
Sonradan belə oldum.
Qəfildən yəni.
O qəzadan sonra.
Sonrası olmayan qəzanı deyirəm.
İndi qorxağam. Lap Dovşan kimi qorxaq.
Amma bunu özümdən başqa, heç kim bilmir.
Yəni nə binamızda, nə də həyətimizdə
Heç kim bilmir.
Heç kim.
Bilmir...
Yaman pis vaxtdır. Çətin yəni.
Sonra yaxşı olacaq deyirlər. Asan yəni.
Hava da həyat kimidir. Dəyişkən yəni.
Buludla, günəşlə adam aldadır,
Sümüklərin sınıq yerlərini ağrıdır.
Sızıldadıb incidir yəni.
İllah da çiynimi və onurğamı...
İndi payızdır. Sərinlər fəsli.
Sonra qış olacaq. Şaxtalar yəni.
Payızın rəngi sarıdır.
Qışınkı ağ. Yayınkı yaşıl.
Yazınkı əlvan.
Rənglər də adamlar kimidir.
Şəni, bədbini, ölüsü, dirisi, gerçəyi, oxşarı var...
Təkcə analar tamam başqa rəngdədirlər bu dünyada −
Qayğılı rəngdə.
Analar həmişə qayğılı rəngdə olurlar.
Hə, qayğılı.
Şən, bədbin, ölü olanda da...
Bizi valideynimiz şən tərbiyə edir, əslində.
Həyat döyüb bədbinləşdirir çoxumuzu.
Əsmər soruşur, adamlar niyə ağlayırlar?
Deyirəm, çünki hər gün gülmək heç kimin alnına yazılmayıb.
Bilirsən, hamının dərdi var.
Baxırsan, hamı kefdədir.
Məncə, dünyadakı bütün keflər ya dərddən əvvəl, ya da sonradır.
Dərd daha əbədidir sanki,
Kef qədər tez tükənən deyil yəni.
Dərd adamı nə qədər yandırsa da, özü buz kimidir, əslində.
Mən qışda çox üşümürəm.
Yazda tez-tez soyuq olur səhhətimə.
Soyuqdan istiyə girəndə nəfəsim eynəyimi dumanlandırır.
Şüşənin arxasında gözlərimi yumub yenidən görməyimi gözləyirəm.
Bu vaxt üzbəüz dayanıb söhbət edən onu görmədiyimi görmür.
Eynəyimin şüşəsi bir az rənglidir həm də...
Mən adamlara çox da fikir vermirəm.
Əsmər deyir, onlar milçək kimi ürək bulandırırlar.
Amma mənim heç ürəyim bulanmır.
Bəlkə də, evin bütün pəncərələri torludur, ondan.
Bayıra da ancaq Əsmərlə çıxıram.
Rastlaşdığım insanların da çoxu məni tanıyanlardır,
Mən onların çox azını tanısam da...
Məktəbdə müəllimlər demişdi, oxuyun.
Amma deyəsən, biz oxumasaq da, olardı.
Həyat hədiyyələri oxumayanlar üçün düzəldirmiş bizim tərəflərdə.
Altından çay axmayan körpülərə yazığım gəlir.
Onlar da gözünün yaşı qurumuş adamlar kimidir.
Bir də, belə körpülər heç vaxt suda çimən uşaqların şənliyinə sevinə bilmirlər.
Ətrafını varlıların hasarladığı göllər də belədir.
Camaatı təzə binaya köçmüş köhnə məktəblər də uşaq sevincindən məhrum olurlar...
Sevinmək, gülmək hamının haqqıdır, bilirəm.
Kədərlənmək, ağlamaqsa paydır.
Alnımıza haqqımızdan çox, paymız yazılır niyəsə.
Bilmirəm, insanlar daha çox sədəqəyə niyə meyllidirlər?
Bəlkə də, insan üçün əl açmaq tər tökməkdən daha asandır, ona görə.
Amma məncə, ən yaxşı sədəqə də, bəxşiş də insan təbəssümüdür.
Halın ola, fərqinə vara biləsən...
Hərdən adam içindəki boşluğa yıxılır.
Nə qədər çalışır, çıxa bilmir.
Belə hallarda Əsmər zarafata salıb xilas edir.
Nə gəldi deyir məni güldürmək üçün.
Heç nə alınmayanda da deyir ki,
Buna bax, dünyanı düzəldəcəkmiş.
Onda ikimiz də gülürük...
Deyirəm, yaxşı ki, ölüm qaşla göz arasındadır,
Allahsa hər yerdə.
Məncə, Allahı insana sevdirən əsas cəhəti “bağışlayan” olmasıdır.
Yəqin, elə özünü sevdirmək üçün də O, insanı günahkar yaradıb...
Mən əvvəllər də Allaha inanırdım,
Amma indi daha çox inanıram.
Lap Əsmərə inandığım qədər.
O da Əsmər kimi təkdir axı.
Bir dənə yəni...
Bizə ilanın ağına və qarasına lənət deməyi öyrətmişdilər.
İlanlarsa hər rəngdə çıxdılar qarşımıza.
Addımbaşı Şeytana lənət oxuyanlarn da halı acınacaqlıdır.
Şeytanlar idarə edir onları çox vaxt.
Dalğanın böyüyü fırtınadır, küləyinki tufan, qasırğa.
Heyvanın böyüyü kökü, ətlisidir, ağacın böyüyü iri gövdəlisi, kölgəlisi.
Amma çox vaxt insanın böyüyü hökmlüsü sayılır nədənsə.
Hökmlülərin də çoxu allahsız olurlar.
Düzdür, ibadət edənləri az deyil,
Amma məncə, insanın imanı təkcə ibadəti ilə bəlli olmaz.
İnsanın imanı İnsana, bütün canlılara və təbiətə münasibəti ilə bəlli olar.
Bir də arzuları ilə...
Əslində, arzuların ən gözəli ürəkdə qalanı olur.
Ürəklərin ən etibarlısı tez partlayanıdır, məncə.
Yaz yağışları torpaqda ətirlənirlər adətən.
Payız küləkləri ağaclardan yarpaq dərirlər.
Qış şaxtalı olur ki, insanlar təbiətin yaxasından əl çəksinlər bir müddət.
Əsmər ilin çimərlik fəslini sevmir.
Deyir, yay dənizin ov mövsümüdür sanki.
Mən üzə bilirəm deyə dənizdən qorxmuram.
Dovşan kimi qorxaq olsam da yəni.
Dənizin də buna görə məndən zəhləsi gedirsə, olsun.
Bu, məni heç üzməz.
Mən ulduzlu səmanı daha çox sevirəm.
O da pəncərəmin nəfəsliyindən görünən hissəsini.
Sanki çərçivəyə salınmış rəsmdir...
Bir dəfə ruhdan düşürdüm,
Gözümə gün düşdü, özümə gəldim.
Çoxdandır, gözümə ta gün də düşmür.
Kimsəsiz yolu keçəndə lap çox qorxuram.
İndicə haradansa qəfil bir yük maşını peyda olub üstümə aşacaq deyə.
Əsmər deyir ki, evdən çıxdınsa, bir gözün özündə olsun gərək.
Amma mənim iki gözüm də ayağımın altında qalır, çoxdandır.
Hava qaralanda gözlərim yaxşı görmür.
Gecələr adamların kölgələşib bir-birindən seçilməməsi maraqlıdır.
Tanıdın, tanımadın, hamıya “axşamınız xeyir” deyib keçirsən.
Şər vaxtı hamıya xeyir diləmək elə gözəldir.
Amma bu, çoxdan olub.
Çoxdandır, hava qaralmamışdan evə qayıdıram.
O da hərdənbir evdən çıxanda.
O da Əsmər yoldaşlıq etmək istəyəndə...
Çarpayımın baş tərəfində Əsmərçün kətil qoymuşam.
Gecələr yatmazdan əvvəl yerimdə uzanıb onunla söhbət etməyi xoşlayıram,
Bir də pəncərədən görünən ulduzları Əsmərə göstərməyi.
Yeməyi tək yeyirəm adətən.
O da lap çox taqətdən düşəndə.
O da dadsız-duzsuz.
Amma çayı birlikdə içirik çox vaxt.
Əslində, mən çayı isti xoşlayıram.
Əsmər çayını soyudur deyə mən də soyuq içirəm.
Bir yer var, ora tez-tez görüşə getməkdən çəkinirəm,
Orada hamını daşdan düzəldib ustalar.
Ən yaxşı görüş yeri insanın qəlbidir, məncə,
Orada əzizlərin heç biri daşdan deyil.
Necə vardırlar, elədirlər yəni.
Bir yerim ağrıyanda Əsmər yaman çox danışır.
Acımı unutdurmaq istəyir, bilirəm.
Mənimsə həmişə haramsa ağrıyır.
Daşlarla söhbət edib qayıdanda bərk ağrıyıram.
Amma haram ağrıdığını anlaya bilmirəm.
Ən pisi ruhun ağrımasıdır, məncə...
Ağıllıdır Əsmər.
Həm də çevik, ürəkli.
Həm də canıyanan.
Mənim qorxaq olduğumu da yaxşı bilir.
Həm də Dovşan kimi qorxaq olduğumu.
Əşşi, bilsin də.
Olum də qorxaq.
Lap elə Dovşan kimi.
Əsmər ki qorxaq deyil,
Onun cəsarəti ikimizə bəs edir...
O gün yenə qonşuya çoxlu paltar verdim,
Yenə də əynimə böyümüşdülər.
Bircə sonuncu dəfə aldığım qara kostyumu saxladım.
O da böyüyüb, əslində,
Amma qonşu götürmədi.
Dedi, qalsın özünüzdə, Sizə çox yaraşır.
Əvvəl də demişdi bu sözü.
Televizorda çıxışıma baxmışdı, eyvandan səsləyib xeyli tərifləmişdi:
“Sakit danışığınız, qətiyyətiniz, bir də güclə sezilən təbəssümünüz əladır”.
“Bütün qonşular Sizinlə fəxr edir” də demişdi.
Bir də demişdi ki, kostyumunuz əla yaraşır.
Yəqin, indi bilmir ki, ta yaraşmır.
Haradan bilsin. Heç Əsmər də bilmir, bəlkə.
Demədim Əsmərə o gün kostyumları geyinib baxanda.
Amma hiss elədim ki, qonşu geri qaytaranda sevindim.
Deyəsən, ustaya verib kiçiltmək istəyirəm onu.
Bilmirəm.
Amma yox.
Bəlkə də, xatirələri nisbətən təzədir hələ.
Sonuncu ailəvi yığıncağımızda o kostyumu geyinmişdim.
Həmin gün həyatda ən böyük uğurun astanasında olduğumun dadını çıxarırdıq.
Böyük oğlum fəxr edirdi mənimlə.
Balaca nə baş verdiyini anlamırdı, amma o da sevinirdi.
Xanımımsa həmişəki kimi idi.
Tərəddüdlü yəni.
Amma xoşbəxt idi, əlbəttə.
Hər halda bir az elə görünürdü.
Hərdən dünyanın ən xoşbəxt adamıyıq sanki.
Ailəvi − hamılıqla sevinəndə yəni.
Amma bu, çoxdan olub...
Hə, o kostyum idi əynimdə.
Bir gün əvvəl xanımımın bağışladığı ağ köynəklə.
Amma sonrakı gün, yolda qəzaya düşdüyümüzdə əynimdə deyildi yaxşı ki.
Yaxşı ki.
Yaxşı kiiiii...
Gör nəyə sevinirəm də.
Həm də o boyda qəzadan danışanda.
Nə isə, rədd olsun pis xatirələr.
Əsmər deyir, çalış, o hadisəni xatırlama.
Mən də çalışıram, xatırlamayım.
Məncə, Əsmər düz deyir.
Amma hərdən Əsmərdən xəlvət ailəvi şəklimizə baxmağım da var.
Ogecəki şəklə.
Qəzadan bir gün əvvəl restoranda çəkilən şəklə yəni.
Hamımız hələ də gülürük o şəkildə.
Mən, xanımım və oğlanlarım yəni.
Deyirlər, şəkillər çox qalanda saralır.
Saralmasın deyə soyuducuda saxayıram o şəkli...
Hə, kostyumdan danışırdım axı.
Sonuncu dəfə teatra da o kostyumda getmişəm.
Qara şlyapa, qəhvəyi qalstuk, ağ köynəklə əla tuturdu.
Amma özüm əvvəlki kimi gümrah, inamlı deyildim.
Bir az qorxaq idim.
Dovşan kimi yəni.
Amma çox şux idim onda.
Əsmər də yanımda...
Amma bir az da hüznlü, yaslı kimi.
Qəzanın bir ili təzəcə çıxmışdı onda.
Əsmər əl çəkmədi ki, gedək teatra.
Gedirdik, guya özümüzə gələk.
Yenidən başlayaq, bəlkə.
Amma olmadı. Oradan xəstəxanaya gedəsi olduq.
Əslində, bilməmişdim nə baş verdiyini.
Palatada özümə gələndə dedilər.
Dedilər, qorxmayın, təhlükə sovuşub artıq.
Haradan bilsinlər ki, dovşanlar üçün təhlükə heç vaxt sovuşmur.
Qorxmuşdum, əlbəttə.
Lap Dovşan kimi.
Elə bilmişdim, Əsmərə də nəsə olub.
Amma ayılandan bir az sonra Əsmər gəlib çıxdı.
Həm də çoxlu təsəlli ilə.
Həkimlər bilmədilər ki, məni yataqdan onlar yox, Əsmər qaldırdı, əslində...
Sağ qolumun quruması çox da üzmür məni,
Onsuz da mən solaxayam.
O qədər solaxay ki, bəzən kimsə “sağ ol” deyəndə çaşmağım da var.
Yəni sağ əlimə çox da ehtiyacım olmurdu onsuz da.
Zatən bütün rəsmləri də sol əlimlə çəkmişəm.
Elə qəzadan qırx gün sonra,
gecəyarı hamısını həyətdəki zibillikdə yandıranda da kibriti sol əlimlə alışdırdım.
Elə sonradan indi evdə olan yeganə rəsmi − Əsmərin portretini də sol əlimlə çəkdim.
Olmasın bir qol yəni,
Dünya dağılmaz.
Saçımın tez ağarması, əksinə, xoşuma gəlir hərdən.
Həyət-bacada müdrik göstərir məni.
Hiss etmişəm adamların baxışından.
Əvvəl də qonşular xətrimi istəyirdilər,
Rastlaşanda çöhrələri təbəssüm rəngi alırdı.
Amma indi bir az da çox istəyirlər, məncə.
Anaların rəngində olur məhəlləmizin kişilərinin də sifəti hər məni görəndə.
Dovşan kimi qorxaq olduğumu heç kim bilmir axı.
Amma sifətimin əyilməsini istəməzdim, düzü.
Hələ də güzgüyə baxanda bir az ürpənirəm...
Nə isə. Hələ ki qalıb də şifonerdə.
Kostyumu deyirəm.
Düzünü Əsmər bilər.
Kimə istəsə, nə zaman desə, onda da verərik, gedər.
O gün həyətdə toy vardı.
Bizim musiqini də çaldılar.
Əsmərlə pərdələri çəkib evdə əməllicə rəqs elədik.
Azca qırmızı şərab da içdim.
Çox yox.
Bir-iki qurtum.
Əsmər deyir, çox olmaz.
Xeyir, şər −
Həyətimizdə nə olsa, eyvana çıxıb, içimdən gələnləri söyləyirəm səbəbkarlara.
Adi diləklərdir yəni, hamının söylədiyi.
Əvvəllər olduğu kimi,
Camaatın sevincindən, kədərindən kənarda qalmamaq üçün belə edirəm.
Yadırğamayım yəni.
Doğrusu, bir az da rahat olmaq üçün.
Ürəyimdə deyirəm, nə desəm.
Bərkdən söyləsəm də, eşidən olmaz amma.
Səsim çox zəifdir, elə həyət də çox aşağıdadır.
Adi sözlər deyirəm.
Hamının dediklərindən yəni.
Biri evlənəndə hamımız deyirik: “Allah xoşbəxt eləsin”.
Birinin uşağı doğulanda hamımız deyirik: “Allah saxlasın”.
Biri öləndə hamımız deyirik: “Allah rəhmət eləsin”.
Amma məncə, insan özü də hərdən nələrsə eləməlidir.
Maşınların həyətdəki siqnal səsindən heç xoşum gəlmir.
Mətbəxdə krandan su damcılayanda da narahat oluram.
Külək qonşunun televizorunun kabelini eyvanımızın məhəccərinə çırpanda da.
Sakit havalı axşamlarda eyvana çıxıb həyətdəki maşınları saymaqdansa xoşum gəlir,
Bir az rahat edir məni.
Həm də çoxlu əsnəmək.
Nəfəsim genəlir onda.
Əsmər deyir, eyvana çıxanda çiyninə adyal sal, soyuq almasın səni.
Hərdən Əsmərin saqqızını oğurlayıram, eyvanda siqar çəkməyə icazə verir.
Amma cəmi iki-üç qullab vururam.
Əsmər deyir, çox olmaz.
Amma bu da köhnə söhbətdir.
İndi heç bilmirəm, siqar haradadır,
Şərab haradadır.
Bircə ailəvi şəklimizin yerini bilirəm.
Soyuducudadır.
Həm də nə vaxtsa özüm yazdığım kitabın arasında...
Səhərlər kitab-dəftəri çantaya yığmağı ta unuduram.
Elə masanın üzərindəki lampanı söndürməyi də.
Südsatan da qapını döymür son vaxtlar.
Bəlkə, hiss edib ta süd də içə bilmədiyimi.
Bəlkə də, Əsmər nəsə deyib...
Sağ olsun Əsmər, məni heç tək qoymadı.
Gecələr söhbətləşdik,
Pəncərədən ulduzlara baxıb susduq.
Gündüzlər dükana, aptekə, qəbir üstünə getdik.
Tez-tez evdə çay içdik
Hərdən kafedə çay içdik.
Gələnə, gedənə baxdıq.
Yaxınlaşıb bizə ehtiramını bildirənlərə təbəssüm bağışladıq.
Hörmətini sonadək ifadə edə bilməyib qəhərlənənlərə təbəssüm qarışıq təsəlli verdiyimiz də oldu.
Deyirəm də, halın ola, fərqinə vara biləsən, insan üçün təbəssümdən gözəl bəxşiş yoxdur.
Amma məncə, sifətim əyildiyi üçün təbəssümüm yaxşı hiss olunmur.
Gözümdə də eynək var axı.
Həm də şüşəsi bir az rəngli...
Hə, Əsməri deyirdim,
Bayramlarda evdə süfrə açıb, şam yandırdıq.
Sarılıb rəqs elədik bizim mahnımıza.
Ən çox da birlikdə küçəni keçdik.
Axı mən küçəni tək keçəndə qorxmuşam həmişə.
Lap Dovşan kimi.
Haradansa maşın çıxıb üstümə aşacaq deyə.
Yenə səhərə qədər heç kim gəlib məni maşının altından çıxarmayacaq deyə.
O qədər Allaha yalvarmağa ta halım da yoxdur, düzü.
Hələ səhər Allahın bütün gecəni səni eşitmədiyindən xəbər tutmaq...
Çox qorxuram kimsəsiz küçəni keçməkdən.
Həm də Dovşan kimi...
Özümə Dovşan deyəndə gülməyim gəlir.
Axı mən həmişə belə olmamışam.
Məmləkət uğrunda mübarizənin nə meydanlarındakı hədə-qorxu,
Nə evimə gələn anonim zənglər,
Nə də məhbəslərindəki işgəncələr sındıra bilib məni.
Amma o qəza...
Amma o...
Əslində, o, qəza deyildi, hadisə idi.
Amma kağızlara qəza yazdılar.
Nə isə, rədd olsun pis xatirələr...
Hə, Əsməri deyirdim axı,
Heç tək qoymadı.
Bircə çiməndə yanımda olmasını istəmədim Əsmərin.
Yaxşı yuyuna bilməsəm də, heç vaxt qoymadım, kömək eləsin.
Demədim ona.
Utandım həmişə.
İki həftədir, ta çimmirəm.
Amma tez-tez paltarımı dəyişirəm.
İstəyirəm, Əsmər elə bilsin, o, evdə olmayanda çimmişəm.
Son vaxtlar ta əl-üzümü də yumaq istəmirəm.
Amma bunlar məni heç narahat etmir.
Laqeydləşmişəm hər şeyə sanki.
Elə hey düşünürəm, düşünürəm.
“Bir insan niyə bu qədər yorulmalıdır ki axı?” − düşünürəm.
Bəzən nəfəs almaq belə o qədər yorucudur ki…
Özüm ta heç nə edə bilmirəm.
Heç Əsmərlə danışmağa da halım yoxdur...
“Əsmər” − mənim ən çox sevdiyim qız adıdır.
Qızım olmadığı üçün onu özümdən uydurmuşam.
Bütün yolu arxamızca gələn yük maşını
Gecənin kimsəsizliyində bizi vurub dərəyə aşırandan bir ay sonra.
Tək, kimsəsiz qaldığıma tam əmin olandan sonra yəni.
Qorxudan uydurmuşam Əsməri.
Guya tək deyiləm kimi.
Guya həmişə yanımdaymış yəni.
Ona görə də hələ məktəblidir Əsmər.
Səkkizinci sinifdə oxuyur
(Qarabuğdayı, qaraqaş, qaragöz, qıvrımsaç,
Məktəbli geyimində şən bir qızcığaz portreti təsəvvür edin.
Həm də ağıllı və cəsarətli baxışları olan əsmər bir qızcığaz).
Evdə ayrıca dərs masası, masaüstü lampası, kitab-dəftəri, məktəb çantası da var.
Axşamlar masanın üzərinə töküb-dağıtdığı kitab-dəftəri
Səhərlər çantasına yığmaq da var.
Lampasını söndürmək də.
Hər həftənin axırı gündəliyini yoxlayıb qırmızı qələmlə imzalamaq da var.
Hələ əvvəllər ara-sıra valideyn iclaslarına gedib, gözdən uzaq bir yerdə oturmaq da vardı,
Dərs ilinin axırı Əsmərlə birgə məktəbin buraxılış tədbirlərini seyr etmək də...
Əsmərdən əvvəl iki oğlum oxuyurdu o məktəbdə.
Biri beşinci, biri yeddinci sinifdə qaldı.
Xanımım da bir vaxtlar o məktəbdə dərs deyirdi.
Mənə görə işdən çıxardılar.
Heç istəmirdi, prezidentliyə namizəd olum.
İstəmirdi.
Amma mən o vaxt üçün heç də peşman deyiləm.
Hamının baxışında, danışığında, davranışında öz qüdrətini görmək maraqlı idi.
Elə xanımının da,
Elə övladlarının da.
Gücünü yox a, qüdrətini.
Mən hökmlü deyildim,
Mən səbirli və cəsarətli idim.
Dovşan kimi deyildim yəni,
Uğurlu idim.
Yooox, niyə peşman olum ki?
Heç peşman deyiləm o vaxt üçün.
İndi çox qorxaq olsam da.
Lap Dovşan kimi yəni...
Əslində, dovşanlar çox zəif, müdafiəsiz canlılardır.
Ona görə də daim ətrafdan ehtiyatlanmaq məcburiyyətindədirlər.
Ona görə də səksəkəli görünürlər həmişə.
Qorxaq yəni...
Məncə, bu dünyada ən qorxaq canlı Dovşandır.
Lap ruhu sındırılmış adam kimi qorxaq yəni...
Nə bilim, bilmirəm.
Hər halda mən özüm haqda düşünəndə dovşandan başqa, heç nə gəlmir ağlıma.
Çarpayımla üzbəüz divardan asılmış əsmər rəsmin aşağı küncündən imzamı elə də yazmışam:
“DOVŞAN”...
Bu gün barmağım bir az ağrıyır.
Dünən axşam çarpayıdan yıxılanda əzmişəm onu.
Dizim, alnım da bərk dəyib döşəməyə, əslində.
Şişib qaralmaqlarından bilirəm.
Amma barmağım daha çox ağrıyır.
Sol əlimin barmağıdır axı.
Bəlkə, sağ qolun əvəzinə də ağrıyır, ona görə.
Gecə ağrıdan yata bilməmişəm.
Əsmərsə istəmir, gündüz yatım.
Qorxur, yatsam, ta oyanmarıq.
Mənsə özümü uzun bir yolun yorğunu kimi hiss edirəm,
Yaman yuxum gəlir...
İlqar Rəsul
Dalidag.az

Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 05-11-2019 10:15
Baxış sayı: 3551
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23