Nüsrət Kəsəmənli:"Bu payız o payız deyil..."

03-11-2019 20:18
Dalidag.az Nüsrət Kəsəmənlinin şeirlərini təqdim edir:

İNAM
Mənə inanmırsan bir yuxu kimi,
Qəlbində şübhələr, eyhamlar oyaq.
Yox, mən istəmirəm bir çoxu kimi
Yaşayaq bu sayaq, ölək bu sayaq...

Niyə baxışların üşüdür məni,
Qəlbin ki, qəlbimdə qızınmaq istər.
Nə sevgi yenidir, Nə nifrət yeni,
Elə təruddüd də köhnədir, yetər!..

Bəlkə də adıma çox söz deyirlər,
İstəsən inanma, istəsən inan...
Ayıq ol!.. Adama çox söz deyərlər;
Gör hansı doğrudur, Gör hansı yalan.

Yaxın gəl, oduna gir bu ürəyin,
Sevənlər payıza, qışa bürünməz.
Əsil çiçəklərlə kağız çiçəyin
Uzaqdan baxmaqla fərqi bilinməz...

Hərdən zəng edirsən... susursan, niyə?
Sənin sükutun da tanışdır mənə.
Bir də zəng edirsən hirslənim deyə,
Dəstəyi çırpıram əsəblərimə.

Bir dəstək gülüşlü, Biri əsəbi,
Başlayır telefon oyunu sonra.
Bilirəm susmağın nədir səbəbi,
Ox alıb gizləlmə yayım, sonra...

Mənə inanmırsan bir yuxu kimi,
Qəlbində şübhələr, eyhamlar oyaq.
Yox, mən istəmirəm bir çoxu kimi
Yaşayaq bu sayaq, Ölək bu sayaq...

BU, HƏMİN PAYIZ DEYİL 
Keçən ilki kimi dolub buludlar,
Ağaclar həsrətə bürünüb yenə.
Keçən ilki kimi qalıb buludlar,
Bəs nədən bu qədər yad gəlir mənə.
Keçən payızda da belə çən vardı,
Hərdən günəş kimi görünən vardı,
Payızdır...
Bu payız o payız deyil.

Elə bu mahnıyla bəmin bulaqlar.
Keçən il vüsaldan oxuyurdular.
Ay sözlü bulaqlar, sərin bulaqlar,
Nədən səsinizdə bir intizar var?!
Hicran nəğməsidir indi nə yazsam,
Təbiət, sən məni aldadammazsan
Payızdır...
Bu payız o payız deyil.  

Durnalar beləcə uçub gedirdi,
Yelpik qanadını açıb gedirdi.
Onda da toy-düyün fəsliydi payız,
Onda da sədalı-səsliydi payız...
Elə bil azalıb durna qatarı,
Elə bil çoxalıb toy intizarı,
Payızdır...
Bu payız o payız deyil.

Cığırlar kəməndə dönmüşdü onda,
Könüllü düşmüşdü kəməndə o qız.
Günəş ovcumuza enmişdi onda,
İkimizin idi ən parlaq ulduz.
O payız toy üçün söz verdi mənə,
Bu payız oxşamır toy eyləyənə,
Payızdır...
Bu payız o payız deyil.

İKİMİZİN YERİNƏ... 
Bu sevgidən sən qorxursan eybi yox,
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir ğün dara çəksələr
Mən gedərəm ikimizin yerinə...

Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini.
Bu sevginin dağ əridən dərdini
Mən çəkərəm ikimizin yerinə.

Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən səninçün tanrı yazan şeirəm,
Dodaqların inciməsin deyirəm,-
Mən ölərəm ikimizin yerinə...

Taleyimdə son açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə,
Bu sevginin sonu əgər ölümsə
Mən ölərəm ikimizin yerinə.

SEVƏ BİLMƏZSƏN

Hələ qəlbimizdə xatirə izi,
Hələ ayrılığın nəmlidi gözü.
Hələ ki, sevirik bir-birimizi,
Başqa birisini sevə bilməzsən.

Gör neçə nəğmənin bəstəsi qalıb,
Bu ocaq sönübsə, tüstüsü qalıb.
Əlindo əlimin istisi qalıb,
Başqa birisini sevə bilməzsən.

İncidib, qəlbimə dəyə bilmirsən,
Yolunu biryolluq əyə bilmirsən.
Mənə "yox" sözünü deyə bilmirsən,
Başqa birisini sevə bilməzsən.

İl keçir, ömürdə xatirə qalır,
Bahar güllərimiz qönçədə solur,
Hələ ki, gözlərin məni axtarır,
Başqa birisini sevə bilməzsən.

Axar gözümüzün yaşı qurumaz,
Deyirdik bu ilqar, peyman pozulmaz,
Belə sevə-sevə ayrılmaq olmaz,
Başqa birisini sevə bilməzsən.

BU SEVDA
Nahaqdan doymuşam, mən haqq gəzirəm,
Başıma bir bəla, günah gəzirəm.
Mən ki məhəbbətdən uzaq gəzirəm,
Hardan ürəyimə doldu bu sevda?

Dərdə əyilməzdim, eşqə əyildim,
Bu eşqi Tanrının cəzası bildim,
Mən ki bu sevgiyə hazır deyildim,
Gül kimi əlimdə soldu bu sevda.

Yenə mən olmadım ülfəti qıran,
Sevdimmi, eşqimdə ölüncə varam,
Kədəri bir dünya, sevinci bir an,
Məni bəlalara saldı bu sevda.

Təkliyə sən necə dözürdün, Allah,
Bu eşqlə qəbrimi qazırdın, Allah,
Özünə şərikmi gəzirdin, Allah,
Sənə istəyimi böldü bu sevda.

TANIYA BİLMƏDİM
Tanıdım dünyanın hər üzünü mən,
Qorxaq gecəsini, gündüzünü mən,
Seçdim incisini, ilbizini mən,
Özümü tanıya bilmədim, anam.

Alnıma yazılan taleyi gordüm,
Başımda fırlanan ələyi gördüm,
Mənə bic-bic baxan kələyi gördüm,
Gözümü tanıya bilmədim, anam.

Neçə yatmışları oyatdı sözüm,
Hər kolu çinara tay tutdu sözüm,
Bəzənib üstümə qayıtdı sözüm,
Sözümü tanıya bilmədim, anam.

Yersizi saxladım gözümün üstə,
Çoxuna yer verdim dizimin üstə,
O qədər iz düşdü izimin üstə,
İzimi tanıya bilmədim, anam.

DOSTUM

Gəl, məni dost kimi dindir, danışdır.
Dost bilsin qıraqdan camaat bizi.
Mən deyim: dostumdur, sən de: tanışdır,
Hamıdan gizlədək sevdiyimizi.

Danışaq, gülüşək, gəzək yan-yana
Onda adımıza söz də deyilməz.
Gizli görüşümüz çıxsa meydana,
Deyək ki, dost dostla görüşə bilməz?

Yalandan bir oğlan şəkili gətir, 
Heç kim bilməsin ki, sevgiliyik biz.
İstəsən arada qoluma da gir,
Burda pis nə var ki, dost deyilik biz?

Zəng elə danışaq dərsdən-filandan,
Anana denən ki, bir yoldaşımdı.
Qoy hamı «dost» bilsin bizi hər zaman,
Denən ki, heç mənim sevən yaşımdı…

Bu yolla gizlədək gəl sevgimizi,
Camaat «dost» bilsin, anansa yoldaş…
«Dost»luğa bükərək həsrətimizi,
Bir azcıq sevinək gəl yavaş-yavaş.

«Dost»luqla böyüsün məhəbbətimiz,
Qoy daha olmasın həsrət, göz yaşı…
Gəl, əvvəl həyatda yoldaş olaq biz,
Sonrasa olarıq həyat yoldaşı…

***

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi

Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç

Hər kəs taleyilə gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Dəcəl balalara mülayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.

Sənsən dağlar kimi səbrlə dözən,
Bəlkə tərəddüdlə çox döyüşmüsən.
İsti bir sevgidən yazmışam bəzən,
Soyumuş çayımı sən dəyişmisən

Üzümdə kədərdən bir iz görəndə
Şirinim olmusan, acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan, bacım olmusan.

Bir kövrək şerimdən gözlərin dolub,
Düyünlü qaşını görməmişəm mən...

Bir əlin mətbəxdə, qabda-qaşıqda,
Bir gözün istidə, tüstüdə olub,
Bir əlin beşikdə, oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub.

Yollar çarpaz-çarpaz, yollar qarışıq
Gecə yol gəlirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən işıq-
Gözünün nurudur yolumun üstə.

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi

Qapini döymüşəm gecəyarısı,
Saçımda bir əlin təması gəlib.
İsti dodagımda bir öpüş izi,
Əlimdə bir saçın xınası gəlib.

Yuxulu gözündə qızartı görüb,
Qızara-qızara yalan demişəm.
Şübhənin bəhanə payını verib,
Hələ yatmayıb ki, balam,demişəm.

Tez-tez oynayıram mən bu oyunu,
Neçə yad sifəti görüb gəlirəm.
Sənin bir ömürlük sevgi payının
Yarısın özgəyə verib gəlirəm.

Bu elə duyğu ki, bu elə qəm ki,
Min olsa yenə də əzməzdi səni.
Bəzən eləsinə dəyişmişəm ki,
Bəlkə dırnağına dəyməzdi sənin.

Pəncərə dalından yollara baxıb,
Yuxusuz gözünlə vaxtı sayırsan.
Körpə balaları köksünə sıxıb
Mürgülü-mürgülü gülümsəyirsən.

Nağıl danışırsan «Min bir gecə» dən,
Nağılın qorxulu, sehrli,qəmgin
Mən isə sallanıb qara gecədən
Bir quyu dibinə enirəm hər gün.

Bilmirəm mələksən,Allahsan,nəsən?
Mənə bağışladın neçə günahı.
Belə mehribanlıq eylədikcə sən
Özüm öz gözümdən düşürəm axı

Nüsrət Kəsəmənli

Dalidag.az






Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 03-11-2019 20:18
Baxış sayı: 31 251
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını