Rafail Tağızadə:"Cəmlər tək olur insanlar darıxanda..."- ŞEİRLƏR

31-10-2019 15:03

"İçimdə bir zindan ağırlığı var,
gecənin sən – yoxluq tənhalığında..."


Dalidag.az Rafail Tağızadənin şeirlərini təqdim edir:
 
DƏRDLƏRİN ƏN BÖYÜYÜ
Bu zalım günahı dağ da götürməz,
zaman da içində əridə bilməz.
Gecələr üstünə qaçdığım dəniz
bu dərdi qoynunda kiridə bilməz.

Bu dərd od püskürür, alov püskürür,
bu dərd diri-diri adam yandırır.
Bu dərd ağıllının ağlını alır,
bu dərd əl-qoluyla dəli qandırır.

Bu dərdin canında ölüm var, qəsd var,
aparıb qayadan atacaq məni.
Ya da ki, dərədə asılı qalan
bir dərdlə qol-boyun tapacaq məni.

Günah bu dərdlərin ən böyüyüdü,
sən onu adıma yazma, İlahi.
Üstümdə o boyda TORPAQ DƏRDİ var.
Səncə bunu çəkmək, azmı, İlahi?

PAYIZ SEVDASI

Əllərim əlinə yapışıb qalıb
üzümmü üzündən baxışlarımı?
İlmələr könlümə köçürür yenə
gözümə çəkdiyim naxışlarını.

Fəsillər ötüşür, illər dəyişir,
bu yumşaq payızda bahar havası,
gözlərə dikilən ümid baxışlar
oyadır qəlblərdə payız sevdası.

Yaman sevinirsən, nəşəli könül,
payızda gül açan ağaclar kimi,
üstünə qaçırsan bu son sevdanın
alova həsrətli ocaqlar kimi.

Ömrün arzuları bahar kimidi
rəngbərəng çalarlar gətirir üzə,
dəli könlümüzü oxşayan payız
təzədən sevməyi öyrədir bizə.

YAĞIŞ YAĞIR


Yağış yağır,
hər yağışda bir arzu var,
hər yağışda bir xatirə.
Damcı-damcı süzüb gəlir,
o da doğma, bu da doğma.
Nə xatirə sona yetir,
nə arzular sona çatır.
Yağan yağış,
islat məni sən sonacan.
Yaddaşımı döyən təki,
döysün məni damcıların.
Ayılt məni.
Gələcəyə bir yol eylə,
keçmişimə apar məni,
qoyma burda qalam, məni.
Apar məni,
yuxulardan qopar məni.
Yağış yağır göy çətirdən,
yağış yağır göz yaşıtək...

PAYIZ AXŞAMI

Uçub göy üzündən, uçub ulduzlаr,
bu gеcə göylərə inаm qаlmаyıb,
аy dа çəkilibdi öz yatağınа
qаrаnlıq gеcədə аdаm qаlmаyıb.

Otаqdа qаrаlаn kölgələr itib,
əriyib, əriyib kiçilib аğ şаm,
аlın vərəqlərə yаzılаn yаzı
güzgüdə oxunur hər səhər, ахşаm.

Yаrpаqlаr tökülür pаyız ахşаmı
bаhаrа üçаylıq bəyаz qış qаlıb,
əlimdə qохusuz pаyız gülləri,
könlümü bəmbəyаz sеvdаlаr аlıb.

***

Bu gün dənizin qurbanlıq gəmisiyəm.
Gecənin ölüm qonağı.
Gündüzü oğurlanmış kimidi həyat.
Mən başqa bir aləmdə:
nə yer var orda, nə göy üzü.
Rahatlıq yox, tənhalıqda.
Cəmlər tək olur insanlar darıxanda.
Qaranlıqda yollar bitmir ki, bitmir.
Səhər açılmağa qorxur.
Bir meh yox, sənə əl uzada.
Hər şey get-get deyir,
uzağı göstərərək.
Nə var o yaxın uzaqlarda?
Kimsə bilməz...
Sükunət qoxuyur havası
sovulmuş otaq.
Kədərin dadı varmış,
yoxluğun qoxusu.
Quraqlıqdan balıq iyi gəlir,
dənizdən yarpaq ətri.

PAYIZ

Аğаcın yаylığı аyаqlаr аltdа
yеriyə bilmirəm çığırtısındаn.
Çılpаq аğаclаrın əlləri göydə
yаrpаğın sоn duа pıçıltısındаn.

Yеnə gəlib çаtdı pаyız ахşаmı,
yеnə bu könlümdə küləklər əsir,
ахşаm süfrəsində bоş qаlıb bir yеr
kölgələr dоlаşır, kölgələrdə sirr.

Pəncərə önündə ağac kimiyəm,
xatirə yarpaqlar uçur havada,
ömrün payızında bir xəzan kimi
ayrılıq səs salır yalqız odada.

Göyün üzün alıb qara buludlar,
pərdələr üşüyür bomboz оtаqdа.
Səmtini itirib, yоlunu аzıb,
cığırlаr о kövrək yаrpаq yаtаqdа.

TƏNHALIĞIM

Bu payız havası üşüdür məni.
Günlər də soyuyub aramız kimi –
qolun qollarıma dəymir haçandı,
əlim əllərinin intizarında.
Yüz ildi, min ildi ayrı kimiyik.
Nəfəsin isitmir üzümü daha,
donub dodaqlarım, kəlmələr donub,
baxışın üşüyür yanaqlarımda.
Qapının zəngi də susur nə vaxtdı,
hər addım səsinə diksinirəm mən.
İçimdə bir zindan ağırlığı var,
gecənin sən – yoxluq tənhalığında...

DÜŞÜB

Qаrışıq bir dərdin qаrışıq оdu
qаrışа-qаrışа qаrışıq düşüb.
Dərdini dərdimdən аyırа bilməm,
dərdimiz nə yаmаn çаrpаşıq düşüb.

Bu sеvgi sеvincim, qəmimdi, bilməm,
qəlbimdi, köksümdü, hаrаmdı, bilməm,
bütövüm, kəsiyim, pаrаmdı, bilməm,
sənindi, mənimdi dоlаşıq düşüb.

Bu dərdin nə ucu, nə sоnu bəlli,
dərddən dərd sаllаşıb gör nеçə əlli.
Bu dərdin nəyinə düşür təsəlli-
yаzıq dərd özünə, nə аşiq düşüb.

İtən itirəndi, itirən itən,
o qədər gəl-gеt vаr, gətirən, gеdən,
özgə vаr dərdini özgəyə bükən,
bizim dərdimizdən yаrаşıq düşüb.

HƏZİN DUYĞULAR

Üz-gözümdə bir bахışın kölgəsi,
qulаğımdа iyirmi üç il öncənin qаdın səsi,
köksümdə о illərin hаvаsı,
içimdə qаlibiyyət dаvаsı,
bаşımdа köhnə sеvgi аvаzı,
аyın о üzü qаrаnlıq…
Təpəyə dərədən bоylаnırаm,
qulаğımа gələn səsi
хаtirələr cığırındа ахtаrırаm.
Həzin duyğular qucаğındа,
köksümün öləziyən ocağında,
məni hаlsız еdən rüzgаr-
səsini gətirənmi,
səni аpаrаnmı,
bilmədim.
Mən kövrək buludlаr аrаsındа,
səni ахtаrırаm
gеcələr ulduzlаr sırаsındа...

HƏSRƏT

Məni payız seçdi fəsil içində.
Günümü xəzanlar hey tumarlayır.
Sənin əllərini göylər saxlayır,
Mənim əllərimi yer qamarlayır.

Sənsizlik hər gecə üşüdür məni.
Donur öpüşlərin izi üzümdə.
Baxışım gözündə ağlayır sənin.
Bir ağac göyərir köhnə izimdə.

Bir sazaq içimdən titrədir məni,
Bahar istəyimi qəfil don vurur.
Havası sorulmuş bu boş qəfəsdə
Həsrətin özünə təzə ev qurur.

Bu sənsiz dünyada nəyim var mənim.
Çəkilib gedirəm bu yer üzündən.
Nələr çəkdiyimi göydəki bilir.
Ah yerin yeddinci qatından gəlir.

UÇUQ EVDƏ PAYIZ

Bu evin divarı yoxmuş, ilahi,
külək xəyallarla savaşır yenə.
Yanından uşuşan xəzan yarpaqlar
bir payız havası gətirir evə.

Bu gecə göy üzü nigaran, qəmli,
sərkərdan dolaşır qara buludlar.
Görən hara qaçıb, harda gizlənib
narahat gümanlar, nakam umudlar.

Alovu alınmış, kösövü sönmüş,
bu soba külüylə oynayır indi.
Baltası korşalmış, dəhrəsi itmiş
bu ev sütununu doğrayır indi.

BAKİRƏ YUXULAR

Gecənin lal-dinməz, məxmər qoynunda,
bakirə yuxular pozulur dən-dən,
məst olub gecənin öpüşlərindən
əlləri,qolları boşalır hərdən.

Bayırda külək də kəsib səsini,
ay da bir nöqtədə dayanıb, durub.
bu sakit, lal-dinməz susqunluğuyla,
bu gecə deyəsən, yaman yorulub.

Pəncərə qaralır pərdədən qabaq,
otağın işığı sönür beləcə,
gecə xəyalımın titrək əlləri,
səni öz qoynunda gizlətsin necə?

Bu gündüz ömrümə sığmayan səni,
səni yuxulara daşıyacağam.
bir üzü bakirə, bir üzü gəlin,
yuxuma, yuxuna qarışacağam.

GECƏNİN SÜKUTU

İşıqları o sönməyən tək evin
pəncərəsin bir göyərçin döyəcək,
dimdiyində gətirdiyi məktubun
hər sözündən sənin ətrin gələcək

o ətirdən yuxu qalmaz gecədə,
o gecəni xatirələr alacaq,
o gecənin sükutunu pozacaq
adam gəlib düz önündə duracaq.

gözlərinə dikiləcək iki göz,
yanağında o qonağın öpüşü,
lal divarlar yaddaşına köçürər,
pərdələrin izlədiyi görüşü.

bu gecəyə lap ömrünü verərsən,
yalvararsan qaranlığa ilk kərə,
bir ismarış göndərərsən günəşə-
“noolar, sabah sən yuxula, yat”- deyə.

Rafail Tağızadə
Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 31-10-2019 15:03
Baxış sayı: 31 008
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını