Məmur kimi heç vaxt inzibatçı olmayan yazıçı...- Zahid İsmayılov

02-08-2020 21:29
22 iyuldan ötsə də...


 Başı dumanlar-çənlər içində...
 
Milli Mətbuatımızın unudulan qələm sahiblərindən biri, Kəlbəcərin ağır günlərində ömrünü girov qoyan Zahid İsmayılovu  daha çox söz adamı, qələm sahibi kimi tanıdıq, lakin, təəssüf ki... yada salmadıq...
 Adı fəxrlə çəkilənlər şəxsiyyət kimi zaman-zaman yetişirlər. Onlar bu səviyyəyə çatmaq üçün həyatın çox sınaqlarından keçirlər. İnsan üçün ən böyük sınaq isə vətənpərvərlikdən başlanan yoldur. Bu, elə bir yoldur ki, onun məsafə ölçüsü yoxdur, sonu isə görünmür, uzandıqca-uzanır, bir sözlə, əməlisalehlər üçün cənnət son dayanacaq olur. Bu səbəbdən deyirlər ki, V ətən yolunda şəhid olanlar, yol çəkdirib, körp ü salanlar, su çəkdirənlər də dərs verən, elm öyrədən müəllimlər kimi, cənnətməkan olurlar.
Ta qədimdən xalqımızın belə ziyalıları çox olub və bu gün də həmin ənənə davam edir. Tikib-quranlar, yazıb-yaradanlar, elm öyrədənlər həyatda iz qoyub gedirlər, onların yerini isə gənc nəsillər tutur.
Şəxslərin şəxsiyyət kimi yetişməsində müxtəlif amillər rol oynayır ki, onlardan biri də doğulduğu məkan, tərbiyə aldığı ailə və ictimai mühitdir.
 Tarixi şəxsiyyətlər yetişdirən el-obalarımız dünən də olub,  bu gün də var. Onların yetişməsində ailə, cəmiyyət əsas rol oynasa da, ilk qədəm basdıqları məktəb, dərs aldıqları müəllimlər unudulmayıblar. Çünki buna onların mənəvi haqları  olub.
 
Ömrünü jurnalistikaya bağlasa da...
 
Belə şəxsiyyətlərdən biri də vaxtilə ucqar dağ royonu kimi gözdən-könüldən uzaq düşmüş, 30 ilə yaxındır ki, erməni vandallarının əsarətində inləyən Kəlbəcərdə dünyaya göz açıb, respublikada tanındı, sayılıb-seçildi. Əslində, bilmirsən ki, onun yaradıcı insan olmasından, yoxsa məmur kimi üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirməsindən və elə bu yolda da ömrünü şam kimi əridib dağlarda dumanda-çəndə qalmasından söz açasan. Hər iki halda  yazılası, deyiləsi çoxsaylı faktlar var.
Ömrünü jurnalistikaya bağlasa da, son illər Kəlbəcər Rayon Partiya Komitəsinin katibi vəzifəsində çalışmış Zahid İsmayılovu yaxından tanımaq üçün keçdiyi həyat yoluna qısa nəzər salaq. 12 aprel 1936-cı ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olan Zahid Fərəc oğlu İsmayılov orta məktəbi bitirdikdən sonra, daha dəqiq desək, 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Jurnalistika fakültəsinə daxil olub. 1961-cildə bu ali məktəbi jurnalistika ixtisası üzrə bitirib. 1954-cü ildən ÜİLKGİ-nin Kəlbəcər rayon təşkilatında şöbə müdiri, ikinci və birinci katib vəzifələrində çalışıb. 1961-ci ildə həm də Ali Partiya Məktəbinə daxil olub. Peşə-ixtisasına sədaqəti, bədii yaradıcılıqla məşğul olmasına stimul yaradıb, mətbuatdan uzaq düşməsinə imkan verməyib: 1962-ci ildə Bərdədə çıxan rayonlararası “Kommunizm yolu” qəzetində məsul katib vəzifəsində çalışıb.
Dövr və zamanın tələbləri onu dəfələrlə sevimli peşəsindən uzaq salıb. 1964-cü ildə o, Azərbaycan KP MK-nın göndərişi ilə Kəlbəcər Rayon Partiya Dövlət Nəzarəti Komitəsinin sədri vəzifəsinə irəli çəkilib. Dörd il bu vəzifədə təcrübə toplaması nəzərə alınaraq yenidən etimad göstərilib: 1967-ci ildə Kəlbəcər RPK-nın katibi təyin edlib. Bir ildən sonra o, öz doğma jurnalistlik peşəsinə qayıdıb: Mirbəşir (hazırkı Tərtər) rayonunda çıxan “Qızıl Bayraq” qəzetinin redaktorluğu ona həvalə olunub. Bu qəzet də onun sonuncu iş yeri olmayıb. Cəmi bir ildən sonra Zahid İsmayılovun peşəkarlığı nəzərə alınaraq Gəncəyə (o zamanlar ulu, qədim Gəncənin adı dəyişdirildiyindən, Kirovabad adlandırılırdı-red.) –“Kirovabad kommunisti” qəzetinin redaktoru vəzifəsinə irəli çəkilib. Altı il o, burada şəhər həyatının mətbuat salnaməsini yaradıb. 1976-1988-ci illərdə Əlibayramlı (hazırkı Şirvan) şəhərində şıxan “İşıq” qəzetinin redaktoru olan Zahid İsmayılovun ötən müddət ərzində bədii-publisisitik yazıları respublika mətbuatında da özünə yer alıb.
 
Sonrakı dəhşətli  hadisələr də göstərdi ki...
 
Zahid İsmayılov Kəlbəcər RPK-nın birinci katibi vəzifəsinə gətirildiyi 1988-ci ildə respublikada ictimai-siyasi vəziyyət gərginləşmişdi. Ermənistanın Azərbaycandan ərazi iddiaları, rəsmi Moskvanın  hadisələrə loyal münasibəti Bakıda hakimiyyəti çaş-baş salmışdı. Ona görə də Ermənistanla həmsərhəd olan Kəlbəcər, sanki taleyin ümidinə buraxılmışdı. Gecə-gündüz Kəlbəcərin üzərindən uçan hərbi helikopter və qırıcı təyyarələrin Ermənistandan Dağlıq Qarabağa silah-sursat daşıması faktları üzə çıxırdı. Bu isə Kəlbəcərdə əhalinin mühasirəyə düşmə vahiməsini yaradırdı. Həmin ilin noyabr ayında Ermənistandan, daha dəqiq desək, Göyçə mahalının Basarkeçər rayonunun azərbaycanlı əhalisinin ilk qaçqın karvanlarının Kəlbəcərə gəlməsi gözlənilən, sonrakı faciə və bəlaların isə siqnalı idi. Noyabr ayında Kəlbəcər RPK-nın birinci katibi İnqilab Nadirov vəzifəsindən çıxarılıb, yerinə Zahid İsmayılov göndərildi. Bu, heç də Zahid İsmayılovun irəli çəkilməsi anlamını vermirdi, əksinə. Sonrakı dəhşətli  hadisələr də bunu təsdiqlədi.
Azərbaycanda və Ermənistanda baş verənlər Kəlbəcərdə də sosial-psixoloji durumu dözülməz həddə çatdırmaqdaydı. O zamanlar rayon rəhbərliyinin qarşısında sözün həqiqi mənasında həlli çətin problemlər dururdu. Əslində, belə şəraitdə rayona rəhbərlik etmək olduqca ağır məsuliyyəti üzərinə götürmək demək idi. Rayon partiya komitəsinin birinci katibi Zahid İsmayılov bu missiyanı daşımağa bir növ məhkum olmuşdu. Göyçəlilərin öz doğma dədə-baba yurdlarından qovularaq çıxarılması 136 kilometrlik Basarkeçər-Kəlbəcər sərhəd sonasında müdafiə tədbirləri görmək zərurətini kəskin şəkildə ortaya çıxarırdı.
Bütün bunlara baxmayaraq, Zahid İsmayılov kəlbəcərlilərin doğma yurddan uzaq düşməsinin qarşısını almaq üçün müdafiə ilə yanaşı, müxtəlif tədbirlərin də görülməsini unutmurdu. Məslən, həmin ağır günlərdə Kəlbəcərdə “Kitab bayramı”nın, eləcə də 1989-cu ilin dekabr ayında şair-publisist Məmməd Aslanın 50 illik yubileyinin Aşıq Şəmşir adına rayon mədəniyyət evində keçirilməsi mühasirədə yaşamalarına baxmayaraq, kəlbəcərlilərin yurda, torpağa sədaqətinin rəmzi sayılırdı.
 Ağır və məşəqqətli 1989-cu ili Zahid İsmayılovun rəhbər olduğu Kəlbəcər belə başa vururdu. Tamamilə mühasirədə olan, gündəlik respublika mətbuatını ayda iki dəfə ala bilən (helikopterlərlə),  yolları bağlanan dağlar diyarını o zamanlar Sankt-Peterburqun 1941-45-ci illər müharibəsində düşdüyü mühasirə ilə eyniləşdirənlər də az deyildi.

 Məmur kimi heç vaxt inzibatçı olmayan yazıçı...
 
1990-1991-ci illər kəlbəcərlilərin, o cümlədən RPK-nın birinci katibi Zahid İsmayılovun həyatında ən ağır və məşəqqətlər doli tarix kimi yazıldı. Yeganə magistral (Ağdərə-Kəlbəcər) yolu bağlı olan, dörd tərəfdən xain, məkirli, çirkin niyyətli düşmənin əhatəsində qalan, hər an amanısz ölümlə üz-üzə çarpışan kəlbəcərlilərin dərdi onu rahat buraxmır, gecə-gündüzünü əlindən almışdı. Hətta, Kəlbəcərdə o zamanlar katibin bu qədər siqaret çəkməsini də özlərinə dərd eləmişdilər: “tüstüsü başından çıxan” katib rəsmi Bakıdan gözlədiyi ümidlər qırıldıca özü daxilən sınır, əriyir, ürəyi buna tablaşmırdı.
Sən demə, onun taleyinə dəhşətli və amansız ayrılıq da yazılıbmış. 1990-cı ilin iyun ayının 11-də ermənilərin törətdiyi vəhşiliklər ikinci dəfə kəlbəcərliləri sarsıtdı və düşmənçiliyi daha da dərinləşdirdi. Tərtərdən gələn avtomobil karvanı Ağdərə-Kəlbəcər sərhədinə yaxın, “Otaqqaya” adlanan yerdə erməni terrorçu qrupunun əvvəlcədən hazırladığı pusquya düşdü. Karvan güllə-baran edildi. Xidməti vəzifəsini yerinə yetirən, Zərdab rayon milis şöbəsinin rəis müavini, milis mayoru (ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı) Şahlar Şükürov, Dədə Şəmşirin qızı - Zahid İsmayılovun ömür-gün yoldaşı Çimnaz xanım İsmayılova amansızcasına qətlə yetirildilər.
Hər iki kəlbəcərlinin o hadisədə amansızcasına qətlə yetirilməsi heç də təsadüfi deyildi. Kəlbəcərlilər və Ağdərədə yaşayan ermənilər də yaxşı bilirdi ki, Çimnaz xanımla Şahlar Şükürovun öldürülməsi ilk növbədə həmyerlilərinə mənəvi sarsıdıcı zərbə idi. Bundan sonra kəlbəcərlilər doğma yurdda duruş gətirə bilməz. Lakin, əksinə, qəzəbindən kükrəyən kəlbəcərlilərin qarşısını kəsmək mümkün deyildi. Kəlbəcərdə ağsaqqal-ağbirçəyin sözü məhkəmə hökmündən də güclü olub. Bu dəfə də əliyalın Ağdərəyə, hər iki şəhidinin qanını almağa hücum edən əhalinin, xüsusən də gənclərin qarşısı alındı. Ağdərə-Kəlbəcər magistral yolu o vaxtlardan birdəfəlik bağlandı. Bu isə rayon rəhbərliyini daha çətin vəziyyətə saldı.
 O qanlı hadisədən cəmi bir il keçdi. Məmur kimi heç vaxt inzibatçı olmayan, daim yaradıcılıq üçün döyünən bir ürək çox dözə bilməzdi. Dözmədi də. Kəlbəcər RPK-nın birinci katibi Zahid İsmayılovun 1991- ci il sentyabrın 20-də qəfildən dünyasını dəyişməsi gözlənilməz olduğundan, rayon əhalisi çaş-baş və başsız qaldı, kimə, hara üz tutmasının fərqinə vara bilmədi.  Çünki Kəlbəcərə ilk dəfə idi ki, belə mərhəmət sahibi rəhbərlik edirdi. Bu, onun yaradıcı insan olmasından irəli gələn keyfiyyətlərdən idi. Bu, Zahid İsmayılovun məmurluqdan daha çox, insanlıq meyarı ilə doğma kəlbəcərlilərinin qayğısına qalmaq idi.
 
Kitablar da bir ömürdü, amma...
 
Zahid İsmayılovun yaradıcılıq yoluna nəzər salarkən onun bir neçə bədii və publisistik kitabların müəllifi olduğunu da görürük. 1981-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olan Zahid İsmayılov həmin təşkilatın həm də “Qızıl Qələm” mükafatı laureatı idi. Respublikanın Akademik və Milli kitabxanalarında bədii yaradıcılıq nümunələrini özündə əks etdirən “Rüstəm Səfərəliyev”, “Qarabağın tərlanı”, ”Yeddi həcər”, “Uçmamış kosmonavtlar” kitabları sevilə-sevilə oxunan nəşrlər sırasındadır.
“Uçmamış kosmonavtlar” sənədli povestlər kitabına yazıçı Cəmil Əlibəyovun yazdığı ön sözdə deyilir: “...Ötkəm vurğunluq, doğulduğu torpağa, onu əhatə edən adamlara, bir sözlə, həyata vurğunluq istedadın ilkin əlamətidir...”
Bəli, bu kimi ali insani keyfiyyətlər Zahid İsmayılovun xarakterində də özünü göstərirdi. Buna görə də o, təmasda olduğu hər kəsin qəlbinə yol tapır, müsbət obrazlı qəhrəmanları xalqa tanıtmaqda çətinlik çəkmirdi.
 Böyük sənətkar Cəmil Əlibəyovun yuxarıda istinad etdiyimiz fikirləri həqiqət idi. Bəli, o, istedadlı jurnalist-yazıçı idi.  Lakin, tale onun üzünə gülməmişdi. Yaradıcılığının qızıl dövrü doğulduğu Kəlbəcərin Ermənistan tərəfindən mühasirəyə salınması illərinə düşmüşdü. “Əlillər və zəlillər”, “777” adlı romanlarını çapa hazırladığı illərdə o, Kəlbəcər RPK-nın katibi vəzifəsinə “irəli çəkilmiş”,  o zamankı Ali Sovetin deputatı seçilmişdi. Bununla da yazıçı-publisistin qələmi süngüyə çevrilmişdi. Əslində isə  bu, onun ədəbi-bədii yaradıcılığının sonu demək idi.
 
Səssizliyin harayı...
 
Torpağa bağlılıq hissi Zahid İsmayılovda çox güclü idi. El-obası üçün çox iş görmək istəyirdi. Demokratik düşüncəli olduğu üçün sanki sıradan bir kəlbəcərli təsiri bağışlayırdı. Zəhmətkeş ailədə böyüyüb tərbiyə aldığı üçün əliqabarlıların qayğısına qalmaq onun borcuna çevrilmişdi. Özündən əvvəlki katiblərdən onu fərqləndirən bir çox cəhətləri illər boyu məmur zəhmindən cınqırını çıxarmayan sadə kəlbəcərlilərə, hətta idarə-müəssisə rəhbərlərinə də möcüzəli görünürdü. Xatiri çox istənildi. Hər kəlbəcərlinin qapısını açanda özünə orada doğmalıq duyurdu Zahid müəllim. Vəzifəliləri qeyri-adi iş üsuluna öyrədənə kimi yorulurdu. Sovet diktaturasının mirası olan idarəetmə onun üçün yad idi. Özü yeni idarəetmə,  hadisə və məsələlərə özünəməxsus yanaşma prinsipi var idi. Vaxtilə dəb olan “şişirtmə”lərə qarşı barışmazlığı ilə də seçilirdi. Buna görə bəzən yuxarılarda qəbul olunmadığı hallarla da üzləşirdi.
Bu da bir faciə: erməni vandalizminin vəhşiliyinin qurban olan ömür-gün dostu Çimnaz xanım Şəmşir qızını itirəndən rahatlığı da əldən getmişdi. Belə amansızlıqlara və haqsızlıqlara bir qələm sahibinin ürəyi dözə bilməzdi. 1991-ci ilin payızı neçə-neçə kəlbəcərlinin ömrünün son günlərini gətirdi. Onlardan biri də, sözün əsl mənasında Kəlbəcərin müdafisəində, kəlbəcərlilərino ağır illərdə qorunmasında və yurd-yuvasından perik düşməməsi yolunda ömrünü qısa müddətdə şam kimi əridən Zahid İsmayılov oldu. Torpağa, el-obaya bağlı bu insanın yetkin jurnalist qələmi neçə-neçə bədii əsər yazacaqdı. O əsərlərdə kəlbəcərlilərin mühasirə illərində göstərdiyi dözüm, səbr, əsl vətən daşı olmaları öz əksini tapacaqdı.

Heyhat...
 
Nə yaxşı ki, xatirələr  yazılır və  yaşadılır. O xatirələrdə yaşamaq da şərəfdir. Şərəfiniz mübarək, qələmi ilə qəlbləri fəth etmiş, oxucu sevgisiylə yaşamış Zahid İsmayılov!
 
Məhəmməd NƏRİMANOĞLU



Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 02-08-2020 21:29
Baxış sayı: 2445
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını