Məlahət Hümmətqızının "Yuxu" POVESTİ

18-10-2019 18:08



Məlahət Hümmətqızının "Yuxu"su (HEKAYƏ)


Dalidag.az Məlahət Hümmətqızının "Yuxu" povestini təqdim edir.


YUXU

Günay çoxdankı arzusuna çatmışdı. Sevincinin həddi-hüdudu yox idi. Göz klinikasında işə girmişdi. Özünü dünyanın ən bəxtəvər insanı sayırdı. Bir tərəfdən düşünürdü ki, neçə-neçə gözünün nurunu itirmiş, işığa həsrət insanın gözünü müalicə edib sağaldacaq, onları həyata yenidən bağlayacaqdı. O, həkim idi. Dünyanın ən gərəkli peşəsinə yiyələnmişdi, peşəsini çox sevirdi. Bu, onun ən böyük uşaqlıq arzusu idi. Uşaq vaxtı bağçada rəsm çəkərkən ehtiyatsızlıqdan əlindəki qələm qarşısında oturan balaca Nərgizin gözünə batmışdı. Ağrıdan və ğözündən gələn qanlı yaşdan uşaq, hətta, huşunu itirmişdi . Təcili yardım çağırıb uşağı xəstəxanaya aparmışdılar. Həkimlərin dediyinə görə, Nərgizin gözü möhkəm zədələnmiş və göz bəbəyinin pərdəsi deşilmişdi. Təcili əməliyyat etsələr də, uşağın görməsi yaxşılaşmamışdı. Nərgizin valideynləri alicənablıq edib, “bu bir olacaqdı” deyib şikayət etməsələr də, uşaqlarını bağçadan çıxarmışdılar. Günay bu hadisədən çox sarsılmış, “mən böyüyəndə göz həkimi olacağam, Nərgizin gözünü sağaldacağam”- deyib ağlamışdı. İllər keçmiş, Günay sözünün üstündə durmuşdu. Oxuyub göz həkimi olmuşdu. Amma Nərgizi nə qədər axtarsa da, tapmamışdı.
İşə başlaması münasibətilə qardaşı Günaya xudmani bir maşın almışdı, əvvəlcədən sürməyi belə öyrətmişdi. İşə maşınla gedib-gəlirdi. Həyatından çox razı idi.
Günay atasına çox bağlı idi. Atası onun üçün hər şey idi. Suyu, havası, çörəyi. Onunla nəfəs alırdı. Hər bir işi onunla məsləhətləşirdi. Onun qürur mənbəyi , qolu-qanadı, başının tacı idi. Atası öləndə Günay dördüncü kursda oxuyurdu. Böyük qardaşları ailəli idi və ayrı evləri vardı. Günay iki kiçik qardaşı və anası ilə yaşayırdı. Balaca qardaşı altıncı sinifdə oxuyurdu. Atası Günaya “mən ölsəm, qardaşın sənə və anana əmanət”, demişdi. Onun yoxluğu ilə heç cür barışa bilmirdiı. Gecə-gündüz ağlayırdı. Üstünə tez-tez təcili yardım gəlirdi. Sakitləşdirici iynələr vurulurdu. Ortancıl qardaşı ona ata əvəzi olmuşdu. Ürəyinin sızıldayan yaralarını sarımağa, ona dayaq olmağa çalışmışdı. Həkimlərin sayəsində isə depressiyadan çıxmışdı. Həkimlərin Sahibəyə qızını sarsıntılardan qorumağı tapşırmışdılar, demişdilər ki, qız bir də depressiyaya düşsə, çıxması çətin olacaq. Sahibə çox qorxmuşdu, ürəyinə vəlvələ düşmüşdü. Ona görə də qızının tezliklə ailə qurub, başının oğul-uşağa qarışmasını istəyirdi. Ana da diləyinə çatmışdı, artıq Günay nişanlanmışdı, yaxınlarda onu çox sevən insanla xoşbəxt ailə qurmağa hazırlaşırdı.
Həmişəki kimi bu səhər də Günay tezdən oyandı. Yerindən qalxmağa tələsmədi. Axşam tez yatdığından telefonuna gələn mesajlara baxmamışdı. Telefonu götürdü. Ay aman, Ceyhun səhər onun arxasınca gələcəyini yazmışdı. Saata baxdı. Tez yorğanı üstündən atıb ayağa qalxdı. Geyinib tələsik evdən çıxdı. Ceyhun aşağıda gözləyirdi. Günayı görüb gülümsədi, ona yaxınlaşdı. Bərabər maşına doğru addımladılar, Ceyhun maşının qapısını açdı, qız maşına oturdu.
-Xeyirdi ? Hara gedirik ? İşə hələ bir saat var, - deyə təəccüblə Ceyhuna baxdı.
-Gedək nikah idarəsinə ərizə verək. Səhər tezdən heç kim olmur.
-Sonra gedərik. Hara tələsirik? - Nədənsə Günay getmək istəmədi. Bu günə planlamamışdılar, ona görə o havada deyildi. -Bəlkə bulvara gedək? Təmiz hava alarıq, çay da içərik, işimə də yaxındı.
-Yox, bu gün nikah işini həll edəcəyik. Nəyi gözləyirik? Toyun vaxtını təyin edək. Bizim taylarımız çoxdan evlidi, oğul-uşaq sahibidi.
Ceyhun maşını işə saldı. Ceyhunun qətiyyətliyi Günayın çox xoşuna gəlirdi. Düşünürdü ki, kişi elə belə hökmlü olmalıdı. Amma toy sözündən canına üşütmə düşdü. Belə tezliklə toyun olmasını istəmirdi. Ceyhunu hələ yaxşı tanımırdı. Bir az nişanlı qalıb, nişanlı qızlar kimi subaylığın dadını çıxarmaq istəyirdi.
Ceyhun güzgüdən nişanlısına baxmağa başladı. Günay Ceyhunu orta məktəbdən tanıyırdı. Paralel siniflərdə oxumuşdular. Dərslərində elə də fərqlənməsə də, məktəbdə qızların sevimlisi idi. Günayın da ondan çox xoşu gəlirdi. Amma başı oxumağa qarışdığından bu alagöz, boylu-buxunlu, yaraşıqlı oğlan da yadından çıxmış, məktəbin nə vaxt bitdiyini belə hiss etməmişdi. Sonra universitet illəri, rezidentura və nəhayət, yeni iş həyatı. Axır ki indi ailə barədə fikirləşməyə vaxt tapmışdı.
Son zamanlar Günayın ürəyində Ceyhuna qarşı şübhələr yaranmışdı. Məktəbi bitirdikdən sonra ondan xəbəri olmamışdı. Onun bu illər ərzində kimlərlə dostluq etdiyini, xasiyyətini bilmirdi. Bircə onu bilirdi ki, polisdə işləyir. Telefon zəngləri gələndə tez-tez kənara çəkilib əsəbi danışması, hər dəfə görüşə bir bəhanə ilə gec gəlməsi Günayı narahat edirdi.
Ceyhun nikah idarəsinin binasına çatanda maşını saxladı. Günay dinməz-söyləməz maşından düşdü. Ceyhun həmişəki kimi polis formasında idi. Bu forma otuz yaşlı gənc kapitana çox yaraşırdı. Günay maşından düşən yaraşıqlı nişanlısına baxdı. Onun ətrafdan keçən qızlara necə iştahla baxdığını görüb pərt oldu. Bir söz söyləmədən içəri keçdi. Onlara verilən anketi dolduranda Ceyhunun zarafatla Günaya: “Mənim bir oğlum da var .Onu da yazaq ?”-deyib gülməsi Günayın xoşuna gəlmədi. Günay əlindəki qələmi yerə qoyub: “Ola bilməz. Sən nə danışırsan? Axı sən evli olmamısan”, deyib zəndlə, şübhə dolu baxışlarla Ceyhunun üzünə baxdı. Ceyhun zarafatının pıs nəticə verəcəyindən qorxub onun əlindən tutdu: “Vallah dəlisən. Gör necə inandın, zarafat edirəm”, dedi. Günay qaşlarını çatdı: “Zarafat olmasa, özündən küs”. Anketi doldurub otaqdan çıxdılar. Ceyhun müdirin otağına keçdi. Salamlaşıb rəisinin adını verdikdən sonra nikahın tezləşdirilməsini xahiş etdi. Bir xeyli minnət-xahişdən sonra müdir tanış rəisdən salam gətirən Ceyhunun sözünü yerə salmadı, nikahın gününü təyin etdi. Ceyhun gözlərini qıyıb özündən məmnun halda gülümsədi, bu qara gözlü, sarışın, şıq geyimli, üst-başı qır-qızıl içində olan qəşəng cavan xanımın ürəyini ələ aldığına görə sevindi. Sanki hansısa bir oyunda özünü rəisinə qalib gəlibmiş kimi hiss etdi. Özündən razı halda otaqdan çıxdı. Günaya bir şey demədi. Günay yatıb yuxusunda belə görməzdi ki, bir vaxtlar məktəb yoldaşı olmuş Ceyhun onunla təhlükəli oyunlar oynayar. Ayaqüstü anasına zəng edib, Ceyhunla nikaha ərizə verdiklərini dedi...
Ceyhun onu işə gətirəndə artıq saat on idi. Günay maşından düşəndə Ceyhun:
-Axşam gec gələcəyəm, toyla bağlı işlərim var. Açarı götür. Özün qayıdarsan. Mən taksi ilə gedəcəyəm, –deyib özü də maşından düşdü, açarı Günaya verdi.
Günay “yaxşı “, deyib Ceyhunla sağollaşdı, tələsik klinikanın binasına girdi. Günayın işlədiyi klinika şəhərdə məşhur idi. Mərkəzdə yerləşən on mərtəbəli müasir memarlıq üslubunda tikilmişdi, ağ mərmərlə üzlənmiş bina gözəlliyi ilə şəhərin bütün binalarından fərqlənirdi. Həyəti gül-çiçəyə qərq olmuşdu. Həyətin ortasındakı xırda rəngbərəng balıqların üzdüyü hovuz isə axşam düşəndə lampaların işıqları altında bərq vururdu. Bu möhtəşəm klinikada işlədiyinə görə Günay fəxr edirdi.
Tələsik mərmər pilləkənlərlə yuxarı qalxdı. Rastına çıxan həmkarları ilə salamlaşdı. Fikirli olduğundan liftə yaxınlaşmadı. Onsuz da otağı ikinci mərtəbədə idi. Liftə ehtiyac da yox idi. Amma istəsəydi minə bilərdi. Qapını açıb içəri girdi. Xalatını geyinib stol arxasına keçdi. Əllərini başına tutub fikrə daldı. Ceyhunun nikah idarəsində zarafatla “mənim bir oğlum var “ deməsi ona rahatlıq vermirdi. Ayağa qalxıb otaqda var-gəl etməyə başladı. Özünə yer tapa bilmirdi. Elektrik çaydanının düyməsini basdı. Sonra bir xeyli pəncərə qarşısında dayanıb, klinikanın həyətində arı kimi qaynaşan xəstələrə baxdı. Şübhələri özündən uzaqlaşdırmağa çalışdı. Stəkana çay süzüb yerinə əyləşdi. Gözlərini bir nöqtəyə zillədi. Dəqiqələr keçirdi. Süzdüyü çay da soyumuşdu. Deyəsən, Ceyhunun zarafatına inanmışdı. Rəngi-ruhu qaçmışdı. Əlləri və ayaqları buza dönmüşdü. Bədəni getdikcə soyuyurdu, üşüyürdü. Ayağa qalxdı. Elə bu vaxt qapı döyüldü. Xəstə gəldiyini zənd edib, özünü ələ almağa çalışdı.
-Buyurun, -deyincə qapı açıldı.
Qapıda sarışın gənc bir qız dayanmışdı. Günay onu xəstəyə oxşatmadı. Qız tərəddüd və çaşqın halda Günayın üzünə baxırdı. Günay qızı içəri dəvət etdi. Qız içəri girdi, həkimin təklifi ilə stulu çəkib əyləşdi. Bir qədər susduqdan sonra dilləndi:
-Bilirsiniz... Siz məni tanımırsınız, amma mən sizi tanıyıram .
-Haradan tanıyırsınız? – Günay təəccüblə soruşdu.
-Siz mənim ailəmi dağıtmısınız. Ceyhunla bizim bir oğlumuz var, dörd yaşındadı. Uşağı atasız qoymayın. Yalvarıram sizə, -deyib ağlamağa başladı.
Günay çaşıb qaldı, qulaqlarına inanmadı. Cəld ayağa qalxdı.
-Siz nə danışırsınız? Sizin neçə yaşınız var? Siz özünüz hələ uşaqsınız. Dörd yaşında uşağınız var? Ceyhunu haradan tanıyırsınız? Sizi kim öyrədib göndərib mənim üstümə? Bizdən nə istəyirsiniz?
-Məni heç kim göndərməyib. Adım Marinadı. 20 yaşım var. 5 ildi bir yerdəyik. Ər-arvad kimi bir yerdə yaşayırıq. Ceyhunla nişanlandığınızı eşitdikdən sonra sizi izləmişəm. İş yerinizi öyrənib gəlmişəm. Mənə inanmırsınzsa, gedək uşağı sizə göstərim, -deyib susdu.
Günay keyləşmişdi. Qıza inanmaya bilməzdi. Ağlına gələn başına gəlmişdi. İxtiyarsız olaraq stula əyləşdi. Ona həyəcanlanmaq olmazdı. Bilmədi nə etsin. Qışqırsınmı, ağlasınmı? Əlini ağzına tutub, bu kiçik qızcığazın yanınıda ağlamaqdan özünü güclə saxlayırdı. Nə fikirləşdisə, hirslə ayağa qalxdı.
-Qalxın gedək, uşağı mənə göstərəcəksiniz. Yalan olsa, sizi məhv edəcəyəm, –deyib, xalatı çıxarıb aslqana asdı.
Günay cəld hərəkətlərlə pilləkanları düşüb maşına sarı qaçdı. Marina yeyin addımlarla onun arxasınca addımlayır, ona çata bilmirdi. Maşına əyləşdilər. Günay mühərriki işə saldı. Maşın sürətlə klinikanın həyətindən çıxdı. Marina bərk həyəcanlandı.“Xahiş edirəm yavaş sürün. Oğlum evdə məni gözləyir”, deməsi Günayı daha da əsəbiləşdirdi. Dözə bilmədi. Maşını yolun kənarında saxladı. Başını sükana söykəyib hönkür–hönkür ağladı. Marinanın bir anlıq ona yazığı gəldi. Amma heç nə demədi, susdu. Günay bir xeyli ağlayıb sakitləşdi. Ona elə gəldi ki, baş verənlər yuxudu. Lakin yanında Marinanın oturduğunu görəndə yuxu olmadığını anladı.
Günay maşını beşmərtəbəli binanın qarşısında saxladı. Onlar binaya girdilər. Qabaqda Marina, arxada isə Günay yorğun addımlarla beşinci mərtəbəyə qalxaraq, Marina yaşayan mənzilin qapısında dayandılar. Marina qapının zəngini basan kimi içəridən uşaq səsi gəldi. “Ana,ana...” Marina içəridən gələn səsə hay verdi. “Hə, mənim günəşim ,nənənə de, qapını açsın.” Uşaq qapıdan uzaqlaşıb, nənəsini çağırmağa qaçdı.
Kimsə qapıya yaxınlaşdı. Bəlkə də əlli il əvvəl qoyulmuş, rəngi tökülmüş köhnə qapı cırıltı ilə açıldı. Yaşlı qadın kənara çəkildi. Deyəsən, Marinanın anası idi. Yanındakı qanışirin, qaraşın, Ceyhuna bənzəyən balaca bir oğlan uşağı Marinanın üstünə atlandı.
Marina: “Dayan, bir içəri girək”, deyib uşağı qucağına götürdü. Günay donub qalmışdı. Nə edəcəyini, nə deyəcəyini bilmirdi. “Aman Allah, uşaq Ceyhuna necə oxşayır...” Yox, buna oxşarlıq deməzlər. Elə bil bir almanı tən bölmüşdülər. Üzündəki, hətta çiynində açıq-aşkar görünən xalı da eyni idi. Günay bir az da ayaq üstə dayansaydı, müvazinətini itirəcəkdi. Marina onu içəri dəvət edib bayır qapısını bağladı. Günay əyilib ayaqqabılarını çıxarmaq istəyəndə Marinanın anasının: “Bir azdan otaqları siləcəyəm, ayaqqabı ilə keçin” -deməsi Günayı elə bil yuxudan ayıltdı. Başını qaldırıb ətrafa göz gəzdirdi. Dəhlizdə tavandan asılmış lampanın işığı zəif idi, amma divarların təmirsizliyi aydın görünürdü. Deyəsən, bu evə illərlə əl vurulmamışdı. Divarlarda kağız yox idi, bəzi hissələrinin suvağı da tökülmüş, qaralmış və kiflənmişdi. Günay bunu əlini divara sürtəndə hiss etdi. Otağa daxil oldu. Otaq da dəhliz kimi təmirsiz idi. Otaqda bircə köhnə divan, nuh əyyamıdan qalma televizor və sınıq-salxaq, rəngi solmuş kiçik servant vardı. Taxta döşəmənin rəngi getmişdi. Pəncərənin pərdəsi də yox idi. Otağa düşən günəşin işığı tavandan asılan lampasız elektrik məftilini əvəz edirdi. Ev sanki indicə uçub töküləcəkdi. “Ceyhun, görəsən, belə evdə necə oturur? Marinanın dediyi kmi, necə yaşayır? Görəsən yataq otağı necədi?” Günay dəhşət içində ətrafa baxırdı. Divanın üstü o qədər çirkli və nimdaş idi ki, Günaya oturmaq üçün yer göstərsələr də, oturmağa ürpəndi. Stolun üstündə boş araq şüşələrini və çirkli qab-qaşığı görüb bir az da diksindi. Otağı araq iyi bürümüşdü. Günay ayaq üstə dayanıb bir təhər özünü ələ aldı. Marina əlində uşağın doğum şəhadətnaməsi ilə içəri girdi. Əlndəki sənədi Günaya uzatdı. Günay bir xeyli Marinanın havada asılı qalan əlinə baxdı. Həyəcanını boğub uşağın doğum şəhadətnaməsini aldı. Ürəyi elə tez-tez döyünürdü ki, az qala yerindən çıxacaqdı . Diqqətlə şəhadətnaməyə baxdı, uşağın adını və atasının adını oxuyanda gözləri doldu. Hirsindən dodağını ceynədi. Bir damla göz yaşı şəhadətnamənin üstünə düşdü. Əlləri əsə-əsə şəhadətnaməni Marinaya qaytardı. Marina Günayın gözlərinin içinə baxdı. Nə deyəcəyini gözləyirdi. Günay bir söz demədən qapıya sarı getdi. Artıq nə edəcəyini belə bilmirdi. Gözlərindən yaş ələnirdi. Özünü evi yıxılmış, dünyası dağılmış, təhqir olunmuş kimi hiss edirdi. Getmək, tez buradan uzaqlaşmaq istəyirdi. Boğulurdu. Qaçmaq, çölə çıxıb dərindən havanı ciyərlərinə çəkmək, hönkür-hönkür ağlamaq, içini boşaltmaq istəyirdi. İndi həyat ona atasından sonra ikinci zərbəsini vurmuşdu. Ceyhun ona xəyanət etmişdi. Artıq hiss edirdi ki, bir az da qalsa, bayılacaq və buradan heç vaxt çıxa bilməyəcək. Qapını açıb çölə çıxmaq istəyəndə Marina onun qabağını kəsdi:
-Bəs indi necə olacaq? Axı heç nə demədiniz ?
-Sizə təşəkkür edirəm. Məni Ceyhun kimi bir alçaqdan qurtardınız,- deyib Günay soyuqqanlılıqla Marinanın üzünə baxdı. Marina bu sözdən məmnun olsa da, Günayın halına da üzüldü.
-Yaxşısınız?-deyə qayğıkeşliklə Günaydan soruşdu. Hiss etdi ki, Günay özündə deyil. Onun belə getməsini istəmirdi.
Günay qonaq otağından dəhlizə çıxanda üzbəüz açıq qapıya baxdı, yataq otağı idi. Otaqda rəngi getmiş, nimdaş örtüklü iki nəfərlik dəmir çarpayı vardı. Bayır qapını açmağı ilə Günayın özünü çölə atmağı bir oldu. Tələsik pilləkanları düşüb maşına sarı qaçdı. Sükanın arxasına keçdi. Əlini üzünə tutub hönkür-hönkür ağlamağa başladı. Axı niyə onun başına bu hadisələr gəlməli idi? Böyük arzuları vardı. Bütün subay qızlar kimi o da ağ gəlinlik geymək istəyirdi. Sevib-seçdiyi insanla ailə qurmaq istəyirdi. Nə qədər ağladığını özü də bilmədi. Mühərriki işə salıb oradan uzaqlaşdı. Yol boyu gözünün yaşı dayanmadı, için-için ağladı. Günay sarsılmışdı. Gələn zənglərə cavab vermirdi. Maşını çox sürətlə sürürdü. Ceyhunun iyirmi cavabsız zəngindən sonra pəncərəni açıb mobil telefonunu yola atdı.
-Vicdansız, alçaq, hardan çıxdın qabağıma? – Ceyhunun sifəti gözünün qabağına gəldikcə ürəyi bulanırdı.
Maşını sahil kənarına sürdü. Maşından düşüb qayalığa gəldi. Bir qayanın üstündə əyləşib təlatümlü dənizin qayalara çırpdığı dəli ləpələrə baxırdı. Var gücü ilə qışqırmaq, dalğalara atılıb, dənizin dərinliklərinə gömülmək istəyirdi. Özünü bağışlaya bilmirdi. Niyə tanımadığı, sınamadığı birinə həyatını əmanət etmək istəmişdi? Niyə? Niyə? Niyə?
Dənizdən əsən sərin külək hirsdən, peşmanlıqdan, xəcalətdən çatlayan ürəyinə elə bil toxdaqlıq verdi. Bir az sakitləşdi. Namərd birindən ötrü anasını ağlar qoya bilməzdi. Bu, vicdansızlıq olardı. Evə getməlidir. Yazıq anası kim bilir nə haldadır? İşdən də icazəsiz çıxmışdı. Camaat belə yerdə işləmək üçün əldən-ayaqdan gedir, bu isə insanlıqdan uzaq bir məxluqun üzündən işini-gücünü atıb, düşüb səfillərin arxasına.” Gör məndə ağıl var?”
Günay evə qayıdanda şər qarışmışdı. Qapını açar- açmaz, anası Günayın üstünə düşdü .
-Haradasan, ay bala? Nigaranlıqdan az qala ürəyim partlayacaqdı. Ceyhun da sabahdan əlli kərə zəng vurub,- Sahibə təlaşla qızının üzünə baxır, cavab gözlıyirdi.
-Yatmaq istəyirəm, ana. Sonra danışarıq,-deyib yataq otağına keçdi.
Sahibə anladı ki, nəsə ciddi bir hadisə baş verib. Canına üşütmə düşdü. Qızının arxasınca getdi.
-Yenə o, nəsə qaynadıb? Allah axırımızı xeyir eləsin. Qızım, nəsə olub, de, ürəyini boşalt, ürəyində saxlama, bala. Dərdini içində çəkmə. Üz-gözündən görürəm ki, ağlamısan . Ürəyim dözmür, anayam axı. Danış görüm noolub, qızım?
- Get yat, ana. Heç nə olmayıb. Atam yadıma düşmüşdü. Sahilə getdim. Hava aldım. Axşamın nə vaxt düşdüyünü hiss etmədim. Yaxşıyam, ana, narahat olma.
-Şükür Allaha. Mən də dedim yəqin o zəhləmgetmiş xətrinə dəyib. Bilmirəm, sən onda nə görmüsən? Heç xoşum gəlmir ondan, gözü -başı qaynayır. Deyirəm, toya tələsməyək.
-Narahat olma. Hər şey yaxşıdı -deyib gözlərini yumdu ki, anası onu yatmış bilsin, daha sual verməsin. Sahibə əyilib Günayın saçlarından öpdü .
-Fikir eləmə, qızım. Yat, dincəl. Gecən xeyrə qalsın, -deyib otaqdan çıxdı.

Günay səhərə kimi yatmadı. Çox peşman idi. Özünü danlayırdı. Əlbəttə ki, Ceyhunu bağışlamayacaqdı. Onu aldatmış, hisslərilə oynamış birini cəzasız buraxmayacaqdı. Belələrini cəzasız buraxmaq olmaz. Belələrinin dərsini vermək lazımdır.
Səhər yuxudan duran kimi Günay işə zəng vurub toyla əlaqədar baş həkimdən on günlük icazə istədi. Baş həkim onu təbrik etdi və ongünlük məzuniyyətə icazə verdi. Günay təşəkkür edib, dəstəyi yerinə qoydu. Elə bu zaman qapı döyüldü. Hiss etdi ki, gələn Ceyhundu. Anası qapını açıb Ceyhunu içəri dəvət etdi. Günay hamama keçib əl-üzünü yuduqdan sonra Ceyhun oturan otağa keçdi. İçəri girib salamlaşdı. Ceyhun onu görüb hirslə ayağa qalxdı.
-Günay, bu nə hərəkətdi edirsən, telefona niyə cavab vermirsən ? Dünəndən səni yığıram. De görüm noolub sənə? Nə baş verib, dünəndən mənim səndən xəbərim yoxdu?
Günay başını qaldırıb Ceyhunun üzünə baxdı. Onun neçə vaxtdan bəri rol oynadığını indi anladı. Artıq bu yaraşıqlı sifət onda ikrah hissi doğururdu. İstədi qışqırsın ki, “sən əclafsan, biqeyrətsən. On beş yaşlı bir qızın namusu ilə oynamısan. Aldatmısan onu. Uşaq vermisən qucağına. Kənarda ailən ola-ola mənimlə evlənib, həyatımı məhv etmək istəyirsən.” Amma demədi.
-Bağışla, telefonum işləmədi, mən də hirslənib sındırdım. Özün bilmirsən, tez-tez qızlarla görüşürük. İşdən çıxıb bulvara getdik. Başımız qarışdı. Nə qədər vaxt keçdiyini bilmədim. Bir də niyə narahat olursan ki, axır-əvvəl gələcəydim də evə. Sən dedin, gec gələcəksən. Mən də dedim, vaxtımı səmərəli keçirim. Yoxsa mənim üçün darıxmışdın? –deyib gülməyə başladı .
Ceyhunun eyni yavaş-yavaş açılmağa başladı. Marina axır zamanlar ona hədə -qorxu gəlirdi. Ehtiyat edirdi ki, Marina Günaya hər şeyi danışar və onun toyu baş tutmaya bilər. Ona görə əsəbiləşdiyinə peşman oldu.
-Yaxşı, bir də məni qorxutma, -deyib Günaya yaxınlaşdı, onu öpmək istədi. Günay bəhanəylə “ eeey, eləmə anam evdədi, görər” deyib kənara çəkildi. Ceyhun ayağa qalxıb cibindən bir xeyli pul çıxardı və saymağa başladı.
-Götür, burada üç mindi. Nə lazımdı alarsan. Pal-paltar. Çatmasa yenə verərəm. Telefonu özüm gələndə alaram. İndi isə işim var, getməliyəm,-deyib saatına baxdı.
Günay başa düşdü ki, o Marinagilə gedir. Oğlunun yanına.
-Çox sağ ol. Yaxşı, sən get, işindən qalma. Mən anamla gedib alış-veriş edərəm. Nə çatmasa, sonra deyərəm.
Amma Günay yalan danışırdı. Onun başqa planı vardı.
Ceyhun sağollaşıb qapıdan çıxdı. Günay pəncərəyə yaxınlaşıb aşağıya baxdı, Ceyhunun maşına minib getməsini izlədi. Üzünə istehzalı təbəssüm qondu...
Ceyhunu yola saldıqdan sonra Günay otağına keçib geyinməyə başladı. Çantasını götürüb anasına səsləndi :
-Ana, mən çıxıram. Bir azdan gələcəyəm.
-Bəs işə getmirsən?-deyə anası mətbəxdən soruşdu.
-Yox, icazə almışam.
Sahibə əlində çay dəsmalı dəhlizə gəldi, zəndlə qızına baxdı.
-Sən Allah, hara gedirsən-get, tez gəl. Ləngimə. Nigaran qalıram. Toyqabağıdı, gəl oturaq görək bir neynirik..
-Yaxşı,-deyib Günay anasını öpdü və qapıdan çıxdı.
Maşına əyləşdi. Ona bacı qədər əziz olan uşaqlıq dostu Lalə ilə görüşüb, ona hər şeyi danışıb məsləhət almaq fikrindəydi. Maşını onların evinin qabağına sürdü. Lalənin valideynləri çox varlı, imkanlı idilər. Şəhərin ən görkəmli yerində- milyonerlər məhəlləsi adlanan yerdə böyük bir villada yaşayırdılar. Maşından düşüb evin qapısının zəngini basdı. Hasarın divarına qoyulan diktafondan səs gəldi:
-Qızım, Günay, sənsən? Gəl, xoş gəlmisən. Lalə hələ yatır. Qalx otağına. -Yaxşı, Narınc xala,-deyib Günay qapının açılmasını gözlədi.
Avtomatik qapı açıldı. Günay içəri keçdi. Onu bu evdə hər kəs çox sevirdi. Ona görə hər dəfə gələndə onu mehribanlıqla qarşılayırdılar. Günay da buraya öz evinə gəlirmiş kimi gəlirdi. İndi də ərklə üçüncü mərtəbəyə qalxdı. Lalənin yataq otağına girdi. Lalə son dərəcə gözəl, göz oxşayan çarpayısında körpə uşaq kimi mışıl-mışıl yatırdı. Yaxınlaşıb Lalənin üzündən öpdü. Lalə gözlərini açanda Günayı görüb mat qaldı. Gözlərinə inammadı. Günay qarşısında dayanmışdı. Bir anlıq elə bildi ki, yuxu görür. Sonra özünə gəldi, yorganı üstündən atıb tez ayağa qalxdı.
-Ay qız noolub, səhərin gözü açılmamış kəsdirmisən başımın üstünü, -deyib Günayın boynuna sarıldı. Günay bir söz deyə bilmədi. Qəfildən hönkürtüylə ağlamağa başladı.
-Hə, bacıcan, sevgi adamı ağlamağa da məcbur edir. Görürsən, mən heç kimi sevmirəm, heç ağlamıram da. Yaxşı, qoy əl-üzümü yuyum, gəlirəm . Danışarsan sevgi dastanını, –deyib vanna otağına keçdi. Lalə gələnə qədər Günay göz yaşlarını silib bir az sakitləşdi. Lalənin səsi gəldi:
-Nərgiz, bizə cay gətir.
-Baş üstə, Lalə xanım. İndi gətirirəm.
Lalə otaga keçib pəncərənin qarşısındakı kersloda oturmuş Günaya tərəf əyilib başından öpdü .
-Hə, necəsən, danış görüm nə olub? Səhər-səhər xeyirdir?
Günay ağzını açıb danışmaq istəyəndə otağın qapısı açıldı. Gələn xidmətçi qız idi. O, iri məcməyidə gətirdiyi çayları, mürəbbə, limon, şokolad, şirniyyat olan büllur qabları stolun üstünə düzdü.
-Başqa nəsə lazımdı ?-deyə xidmətçi qız Lalədən soruşdu.
-Yox, çox sağ ol, amma arada çay gərirərsən. Qapını da kip ört. Günay,danış görüm, ürəyim partladı.
Lalə qabdan bir konfet götürdü. kağızını açıb ucundan bir diş götürdü. Günay başına gələn hadisəni sonuna qədər Laləyə danışdı. Lalə çaydan bir qurtum aldı, çeçədi.
–Öhö, öhö ....
Günay cəld ayağa qalxıb onun kürəyinə vurdu. Lalə bir-neçə dəfə öskürüb, nəhayət, dilləndi:
-Nə axmaq adam imiş. Deyirsən, uşağı da var? İndi nə fikirləşirsən?
Günay:
-Bilmirəm, –deyib susdu.
-Mən bilirəm. Biz onu əmməli-başlı cəzalandırmalıyıq,- Lalə sərt tərzdə dilləndi.
-Necə?- Günay sualdolu nəzərlərlə Lalənin üzünə baxdı.
- Hazırlaşım, gedək bacımın yanına. Sizin rayonun nikah idarəsinin müdiri Elyanın tələbə yoldaşıdı. Bizə kömək edər, ərizəni geri götürərsən. Sonrasına baxarıq.
Lalə cəld paltar dolabını açıb, şalvar-köynək çıxardı. Tez əyninə keçirtdi. Tələsik üz-gözünü bəzəyib , saçını daradı.
-Gedək, -deyib Günaya baxdı.
Lalə sürətlə pillələri enirdi. Elə bil aşağıda mətbəxdə süd daşırdı.
-Ay qızlar, hara qaçırsınız belə? -deyə Narınc xanım otaqdan çıxıb qızların arxasınca səsləndi. Lalə qapını açıb çıxhaçıxda dedi:1
-Ana, nigaran qalma, Elyanın yanına gedirik.
-Gedin-gedin, yollarda ehtiyatlı olun, ay Allah sizi saxlasın, -deyb Narınc xanım otağa qayıtdı.
Günay maşının sükanı arxasına keçib, mühərriki işə saldı, Lalə də keçib onun yanındakı oturacağa əyləşdi. Maşın sürətlə məhəllədən uzaqlaşdı.
Günayla Lalə birbaşa nikah idarəsinə gəldilər. Qapını döyüb müdirin otağına keçdilər. Elya qızları görüb ayağa qalxdı .
-Xeyir ola, qızlar? Günayı başa düşdük, Lalə, yoxsa səndə də təzə xəbər var?-deyib qızlarla görüşdü.
Lalə:
-İndi bilərsən, xeyirdi, ya yox,- deyib Günaya kresloda yer göstərdi, özü də onun yanında oturdu.
Bir az ordan-burdan söhbət edib, hal-əhval tutdular. Sonra Lalə rəfiqəsinin başına gələnləri bacısına danışdı, məsləhət istədi. Nikahın bağlanmamasını və bütün bunlardan Ceyhunun xəbərdar olmamasını xahiş etdi .

Elya qəti etiraz etdi:
-Siz nə danışırsınız? Bu, mümkün deyil. O, əvvəl-axır xəbər tutacaq. Vicdansız kişilər çoxdur, o qədər aldanan qızlar var ki... Günay, hər şeyi bildiyini ona de. Gizlətməyin nə mənası var? Oxumuş, savadlı qızsan. Ayrıl ondan, vəssəlam. Bir də gözünə görünməsin. Şükür ki, vaxtında xəbər tutmusan, evlənəndən sonra xəbər tutsaydın, lap yandırardı səni. Özünü üzmə. Həyatın qabaqdadır.
Lalə əl çəkmədi :
-Bacı, nə olar, kömək elə. O əclaf cəzalanmalıdır. Yoxsa gedib yenə kiminsə həyatını məhv edəcək.
Günay gələndən susurdu. Nəhayət, dilləndi:
. -Elya, əvvəl mən də sənin kimi fikirləşirdim. Amma sonra başa düşdüm ki, ona heç nəyi sübut edə bilməyəcəm .
- Belə vicdansıza heç nə sübut etmək lazım deyil. Demirsən, dörd yaşında oğlu var, həm də özünə çox oxşayır? Sən özün üçün isbat etmisən ki, o insan deyil. Ayrıl getsin. Özünü yorma.
-Mən onu öz silahı ilə vurmaq istəyirəm. Necə ki, o məni kürəyimdən vurdu, ürəyimi yaraladı, məni peşman etdi, bunların hamısını ona yaşatmaq istəyirəm. Mən istəyirəm siz mənə kömək edəsiniz. Mənim bir planım var. Əgər mən onu həyata keçirsəm, onda Marina da xoşbəxt olar, mənim də yaralarım sağalar.
-Sən özünü fikirləş. Marina yəqin ki həyatından razıdır, yoxsa durum üstünə gəlməzdi. De görüm nə planın var ?
-Mən istəyirəm Marina ilə Ceyhunun kəbini kəsilsin.
-Bu mümkün deyil. Elə şey olar? Bunun üçün hər iki tərəf razı olmalıdı .
-Narahat olma. Marina razıdı.
-Bəs Ceyhun?
-İnan ki, o da razı olacaq. Toy günü mənim əvəzimə Marinanı gəlin paltarında görsə razı olacaq.
Ortalığa sükut çökdü. Elya qızların üzünə baxdı. Qızların baxışları ondan mərhəmət umurdu. Elya səssizliyi pozdu.
-Demək, Ceyhunu cəzalandırmaq istəyirsən. Məşədi İbad məsələsi. Qisasını bu yolla almaq istəyirsən. Hm... Bu sizin üçün kino deyil. Dedikcə çətin bir işdi. Amma sənə bir söz deyim? Nişanda Ceyhunu görəndə dalağım sancmışdı. Xətrinə dəyər deyə, sənə demədim. Heyf... Sizin rayonun VVAQ-nın müdiri ilə danışaram. Siz gedin, bayırda növbə var, bir şey fikirləşərəm. Axırda başıma iş açacaqsınız,-deyib gülümsədi.
Qızları yola salmaq üçün ayağa qalxdı. Günay təşəkkür etdi.
-Elya, bilirəm risk edirsən. İnan tək özümü fikirləşmirəm. O Marinaya da yazığım gəlir.

-Narahat olma. Çalışacağam ki, sənə kömək edim, Günay. Inan, bir qadın kimi bu hadisə mənə də çox təsir etdi. Heyf ki, cinayət məcəlləsində belələri üçün cəza nəzərdə tutulmayıb. Belə alçaqlar yerindəcə cəzalandırılmalıdır. Amma yenə deyirəm, bu iş çox çətin olacaq.
Günay bayıra çıxan kimi dərindən nəfəs aldı. Elə bil üstündən böyük bir yük götürüldü. Saatına baxdı, klinikaya dəyəcəkdi. Əvvəlcə Leylanı evlərinə aparmalıydı. Günayın diqqəti yolda olsa da, bayaqkı görüş ağlından çıxmırdı. Lalə də fikirli idi. Günay xoşbəxtliyə layiq qız idi. Onun başına bu iş gəlməməliydi. Ürəyində Ceyhunu lənətləyirdi. Arada gözünün ucuyla rəfiqəsinə baxırdı. Bilmirdi nə desin ki, təsəlli olsun.
-Fikir eləmə,- Lalə sükutu pozdu.- Elya bir şey edəcək. Bilirsən, hörməti var, yaxşı dostları var, sizin rayonun müdirilə də yaxındı. Bir də mənim bacım prinsipialdır, qadınları əzən kişilərin düşmənidir. Sən Allah, özünə dərd eləmə. Düzdür, sənin kimi qızın qarşısına belə murdar çıxmamalıydı, amma həyat hərəni bir cür sınağa çəkir. Sənin qisasını alacağıq. İnşallah, özünə layiq bir oğlana rast gələcəksən.
Lalə dayanmadan danışırdı. Günay arada təsdiq anlamında başını yelləyir, gülümsəməyə çalışırdı. Nəhayət, Laləgilin evinə çatdılar. Lalə rəfiqəsini evə dəvət etdi, amma Günay tələsdiyini deyib sağollaşıb getdi.
Klinikaya çatanda gün günorta olmuşdu. Həyəcanlı idi, baş həkimlə görüşəcəkdi, bir xahiş edəcəkdi. Bir qədər tərəddüddən sonra baş həkimin otağına gəldi. Bəxtindən yerindəydi. Günay Almaniyada bir illik iş təcrübəsinə getmək istədiyini bildirdi. Qızın xahişi baş həkimi təəccübləndirdi. Dünən toy üçün məzuniyyət istəyən Günay bu gün təcili Almaniyaya getmək istəyirdi. Baş həkim bilirdi ki, Günay ciddi qızdır, yaxşı mütəxəssisdir, bu kurs məsələsi boşuna deyil. Qızın qayğılı görkəmi də nəsə baş verdiyini göstərirdi. Xarici kurslar da elə belə məsələ deyildi, xeyli sənəd hazırlanmalı idi. Siyahı da tutulmuş, hətta təsdiq də olunmuşdu. Baş həkim qızın tərəddüd etdiyini görüb onun bugünkü xahişinin əsl səbəbini soruşmadı. Dedi ki, ona kömək etməyə çalışacaq. Günay baş həkimə üzrxahlıq edib otaqdan çıxdı.
İki gün sonra onu klinikaya çağırdılar. Lazımi sənədlərin siyahısını verdilər və ləngiməməyi tapşırdılar. Günay sevinirdi, planının bir hissəsi reallaşmaq üzrəydi. Bir tərəfdən də Ceyhuna rast gəldiyi günə lənət oxuyurdu. Onun üzündən evindən-eşiyindən, doğmalarından uzaqlara getməyə məcbur idi, bu cür iş yerini, mehriban həmkarlarını tərk edəcəkdi. Günayın Almaniyaya gedəcəyini işdə bir-iki həkim yoldaşından və Lalədən başqa heç kim bilmirdi. Təyyarəyə bilet də almışdı, camadanını da yığmışdı. Bircə qalmışdı həyata keçirəcəyi plan.
Toya sayılı günlər qalırdı. Xınayaxdını da toy gününə salmışdı. Demişdi ki, indi belə dəbdi. Ceyhun üçün bunun fərqi yoxdu. Tez evlənib gəlini gətirmək dərdindəydi. Marinadan hər şey gözləyirdi.
Elya qonşu rayonun VVAQ müdiri, tələbə yoldaşı Ceyran xanımla görüşüb bacısının rəfiqəsinin başına gələnləri ona danışdı. Xahiş etdi ki, Ceyhun nikah tarixilə maraqlananda Günayın ərizəsini geri aldığını ona deməsin. Ceyran xanımı razılığa gətirmək üçün Elya çox israr etdi, axırda tələbə yoldaşının saqqızını oğurladı.
Ceyhunun xalasından başqa heç kimi yox idi. Valideynləri o uşaq ikən avtomobil qəzasında ölmüşdülər. Xalası uşaqlıqdan onu götürüb saxlamış, oxutmuşdu. Yetim olduğu üçün xətrinə dəyməmiş, ərköyün böyütmüş, heç bir istəyinə “yox” deməmişdi. Yaraşıqlı olduğu üçün həmişə diqqət mərkəzində olmuşdu. Yüngül, yelbeyin qızlar onu görəndə yağ kimi əriyirdilər. Yəqin ki, canında da varmış, bir də bütün bunlar onu eqoist etmişdi, yüngül həyat onu cəlb edirdi, qızları tez-tez dəyişməyi hünər, kişilik sayırdı. Yaşı otuzu keçəndən sonra qərara gəlmişdi ki, ev-ailə qurmaq vaxtıdır. Çöldə-bayırdakı qızlar da öz yerində. Ehtiyatlı olsa, bir problem olmaz. Bircə bu Marinadan nigaran idi. Ona görə də səs yayılmasın deyə, tez və xudmani toy planlaşdırmışdı.
Nəhayət, toy günü gəlib çatdı. Deyirlər, qadınların işindən fələk də baş çıxarmaz. Günay səhər yuxudan durub əl- üzünü yuduqdan sonra anasının yanına gəldi. Anası onu görüb doluxsundu. Gözlərində yaş gilələndi. Günay anasını qucaqladı.
-Ana, ağlama. Həmişəlik getmirəm ki, bir ildən sonra gələcəyəm .
-Sən mənə fikir vermə. Allah işini avand etsin. Deyir, “sən saydığını say, gör fələk nə sayır?” Toya hazırlaşırdıq, gör başımıza nə gəldi?
-Özünə dərd eləmə, ana. Xeyirlisi. Qarımamışam ki. Ailə də quracağam. Əsas mənim sənətimdir. Bir ildən sonra yüksək səviyyəli həkim kimi qayıdacağam vətənə. Baş həkim sağ olsun, dedi ki, məni yenidən işə götürəcək. Hər şey yaxşı olacaq, ana, darıxma.
-Nə deyirəm, bala, təki sən deyən olsun. Sənin üzün gülsün, mən də sənə baxım sevinim.

Günorta idi. Günayla Lalə otaqda Marinanı bəzəyirdilər. Marina çox gözəl olmuşdu. Gəlinlik paltarı ona çox yaraşırdı. Üçü də həyəcanlıydı. Marina güzgüdə özünə baxırdı, gözləri parlayırdı.
-Günay, sən çox yaxşı qızsan. Hər şeyə görə çox sağ ol. Bundan sonra Ceyhun mənimlə evlənməsə belə, pis olmayacağam. Mənə artıq heç nə lazım deyil. Sən mənə çox şey öyrətdin. İndiyədək kor olmuşam. Ceyhunla da oğluma görə evlənmək istəyirəm. Oğlum onu çox sevir. Deyim ki, Ceyhun da ona bağlıdır. Onu görməyəndə darıxır. Axı o yetim böyüyüb. Yəqin bir gün ağlı başına gələr.
Laləni gülmək tutdu.
-Biz də elə onunla məşğuluq. Bu gün ağlı başına gələcək.
Qızlar gülüşdülər.
Axşam saat səkkiz idi. Oğlan evi gecikirdi. Ceyhunun rəisi məsələnin ucundan-qulağından xəbərdar idi, Ceyran xanım ondan xahiş etmişdi deyə, Ceyhunu “tez gedib qayıdacağıq” deyib, tezdən özüylə rayona aparmışdı. Artıq yeddidə Bakıya çatmışdılar. Ceyhun çox həyəcanlanmışdı. Geyinib xalası və qohumları ilə qız evinə gələnə qədər saat səkkiz olmuşdu. Rəis hamını tələsdirirdi. “Tez eləyin gecikirik. Şəkil olmaz . Toyda çəkdirərsiniz”, dedi. Vağzalı çalınanda Günayı ağlamaq tutdu. Lalə:
- Özünü ələ al, qoy Marinanı evdən çıxaraq, sonra ağlayarsan,- dedi.- Sonra Marinaya yaxınlaşdı. Əlindəki qırmızı örpəyi Marinianın fatasının üstünə atdı. -İndi səni doğma anan da tanımayacaq.
Vağzalı çalınsa da gəlin hələ otaqdan çıxmamışdı. Marina çox həyəcanlı idi. Lalə o biri otaqda gözləyən qızlara him elədi. Qızlar Marinanın qoluna girib qonaq otağına gətirdilər. Günay isə danışdıqları kimi şkafın içinə girib gizlənmişdi. Ceyhun əlindəki gülü Marinaya uzatdı. Gəlinin beli qırmızı lentlə bağlandı. Rəis öz rolunu məharətlə ifa edir, “gecikirik, tez olun” deyib, hamını tələsdirdi. Vağzalı sədaları altında bəy və gəlin pilləkənlərlə aşağı düşdülər. Rəis bəzəkli maşının açarını Ceyhuna verdi .
-Maşını sən sür, belə daha yaxşıdı, –deyib özü də onun yanına əyləşdi.
Qızlar əllərində güzgü və şamdanlar Marinanın yanında oturdular. Maşın karvanı şadlıq sarayına yol aldı.
Bəy və gəlin Günayın rəfiqələrinin müşayiətilə pilləkanları qalxıb, vağzalı sədaları altıntda möhtəşəm saraya daxil oldular. Kəbin kəsdirmək üçün əvvəlcədən hazırlanmış stola yaxınlaşdılar. Nikah guya salonda olacaqdı, amma məmur görünmürdü. Şərbət masasında şərbət süzülmüş büllur qədəhlər bərq vururdu. Rəis masanın önünə keçdi. Tamada anladı ki, rəisin sözü var. Qaçaraq mikrofonu rəisə uzatdı.
-Xoşum gəldi toyun təşkilatçılarından. Masaya şərab yox, şərbət qoyublar. Çox düz ediblər. Elimizin adəti var, toyda şirni içilər, turş şərab yox. Yaxın gəlin, gənclər. Ağzınızı şirin eləyin.

Ceyhun rəisə baxdı, fikirləşdi ki, nikah bağlanandan sonra içki içilər, amma ağsaqqal rəisə etiraz edə bilməzdi. Üzünü gəlinə çevirib üzündən qırmızı örpəyi qaldırdı. Marinanı görüb ilan çalmış kimi geri çəkilmək istəyəndə arxadan rəis onun kürəyinə vurdu.
-A bala, kişi qadından qorxmaz, kişi qadınını sevər. Maşallah gəlinimiz çox gözəldi, bəyin gözlərini qamaşdırdı. Allah mübarək eləsin. “Oğlan igid, qız qəşəng”!
Sazəndələr elə bil himə bənd idilər, müğənni cuşa gəldi, klarnetin, qarmonun səsi ərşə qalxdı. Rəis meydana girdi, Ceyhunun iş yoldaşları ortaya atıldılar, rəisi dövrəyə aldılar. Meydan qızışdı, nə qızışdı... Ceyhun donub hadisədən xəbərsiz şıdırğı gedən dostlarına baxırdı.

Günay artıq yerdə deyildi. Bütün bu olanlardan çox-çox uzaqda, havada idi. Almaniyaya uçurdu. Orada onu məhşur göz klinikalarından birində maraqlı təcrübələr gözləyirdi. Yorğunluqdanmı, ya yuxusuzluqdanmı mürgüləmişdi Günay. Onunla bərabər Almaniyaya iş təcrübəsinə klinikanın savadlı cərrahlarından biri olan Rəşad həkim də gedirdi. Gənc adam arada dünyadan xəbərsiz mışıl-mışıl yatan Günaya baxıb gülümsəyirdi.

Məlahət Hümmətqızı
Oktyabr 2019


Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 18-10-2019 18:08
Baxış sayı: 4956
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını