Fərqanə Mehdiyeva: "Payızın yanında gözlərsən məni..." -ŞEİRLƏR

15-10-2019 19:45
Çöhrəsi təbəssümlü, sevgisi, mərhəməti gözlərində əks olunan, baxışından nur ələnən-şeir tökülən Fərqanə Mehdiyeva çağdaş poeziyamızda öz çəkisi, sanbalı olan qələm adamıdı. Ədəbi mühitdə hər kəs tərəfindən hörmətlə qarşılanan xanım yazarın səmimiyyət dolu poeziyası xarakterinin yansıdığı yeganə məqam deyil. Xeyirxahdı, gənc yazarlara hər vaxt ana qayğısıyla yanaşır. Bir sözlə, şəxsiyyəti ilə sözü , şeiri arasındakı vəhdət böyüklüyünün, bütövlüyünün təzahürüdü.  Hal-hazırda səhhəti ilə bağlı problem yaşayan "Şeirimizin Anası"(onu məhz belə adlandırırlar)na Tanrıdan şəfa diləyir, tezliklə sağalıb işinin başına dönməsini arzulayırıq. 
Sevinc Qərib

Dalidag.az Fərqanə Mehdiyevanın şeirlərini təqdim edir:

BİLİRSƏN SÖZ ADAMIYAM

Sinəmə dağ çəkənim,
Gəl məni düzlə aldatma.
Yoxsa sənə üz vermişəm,
Üzümü üzlə aldatma.

Donmuşam, yumşaq deyiləm,
Əyilmişəm, şax deyiləm,
Mən daha uşaq deyiləm,
Deyib də "gözlə" aldatma.

Dünyanın düz adamıyam,
Tanrının öz adamıyam.
Bilirsən söz adamıyam,
Sən məni sözlə aldatma.

BÖYÜMƏDİM, UŞAQ QALDIM

Nə barışdım bu dünyayla,
Nə də bir yol küsdüm, anam.
Verdiyin ömrü varağa
Misra-misra düzdüm, anam.

Qaldım necə, öldüm necə,
Axırı gördüm heç-heçə.
Baxdım güzgüyə bir gecə
Öz-özümü süzdüm, anam.

Gün kimi qara-ağ qaldım,
Dərdin üzünə şax qaldım.
Böyümədim uşaq qaldım
O ki var uduzdum, anam.

BİRCƏ QIRIQ ŞİRİN OLA

Yan ötəsən doğmalardan,
Aran bir az sərin ola.
Kaş qayıda gedənlərin,
Nə ola üzübərin ola...

Nə gördü görmüş bu ömür,
Alnımda tərmiş bu ömür.
Sən demə zəhərmiş bu ömür
Bircə qırıq şirin ola.

Söz gələ, udub gedəsən,
Əl ola, tutub gedəsən.
Bir yolluq itib gedəsən
Sığınmağa yerin ola.

DİVARDAN

Bu dərdi çəkməyə tərəzi yoxdu,
Çəkir ürəyimi izin divardan.
Belə darıxmağın əvəzi yoxdu,
Yazım sətirləri düzüm divardan.

Bu geniş həsrəti dar eləmədi,
Açdı gözlərimi kor eləmədi.
Şəklini asmağa yer eləmədi,
Qoy bir az inciyim, küsüm divardan.

Bu qəm də yetişdi, dərən tapılmır,
Uçuq evimizə girən tapılmır.
Səni məndən başqa görən tapılmır,
Niyə boylanırsan bizim divardan.

İNDİDƏN

O nakam nə yatdı nə yuxu görə
Bir yuxu görmüşdü yozun indidən.
Ağlağan şeirimin sətirlərindən
Gülümsər şəklini asım indidən.

Deyin biri yoxdu, biri var idi,
Yolunda boranı, qarı var idi.
Deyin cərgəmizdə yeri var idi,
Tutun qəlbinizdə yasın indidən.

Bir yığım istəyi solar heç olar,
Nə boyda arzusu gedər köç olar.
Ona nə desəniz sonra gec olar,
Ona nə yazırsız-yazın indidən.

MƏKTUB

Dəyişə bilmədi bu illər məni,
Elə həmənkiyəm, sadəlövh, fağır.
Xəbərin oldumu başına dönüm
Bir dərdə düşmüşəm özümdən ağır.

Sən getdin dünyada nələri gördüm,
Bir qız da doğmadın deyəm bacım var.
Nə pula, nə vara, nə də şöhrətə
Bircə can sözünə ehtiyacım var.

Kimsə yox qapımı özüm tək açan,
Sənsiz yaralarım bitişmir, Ana.
Bu kasıb komamda nəyim yoxdu ki,
Başımın sığalı çatışmır, Ana.

Boylandım gülümsər şəkillərimdən,
Üşüdüm, darıxdım, sıxıldım, Ana.
Hər kəsin dünyada bir düşməni var,
Mən özüm-özümdən yıxıldım, Ana.

Bu xəbər ox kimi bağrını dələr,
Çatlayar torpağı bürünər qəmə.
Bir dəfə ölmüşdü min dəfə ölər,
Xəstə olduğumu atama demə.

Mən də misra-misra qovrulum odda,
Həsrətdən ağaran saçını hörüm.
Ay Ana, yıxılım ayağın altda,
Qoy mən də cənnəti gözümlə görüm.

Dəyişə bilmədi bu illər məni,
Elə həmənkiyəm sadəlövh, fağır.
Xəbərin oldumu başına dönüm,
Bir dərdə düşmüşəm özümdən ağır.

HƏLƏ AÇAMMIRAM DOLAŞIQ ÖMRÜ…

İlahi, şamını özün vermisən,
Yandırım dam altda bu işıq ömrü.
Macalım yoxuydu salam sahmana,
Durum yığışdırım qarışıq ömrü.

Bu candı, bu da ki qurduğum yuva,
Göyərməz ümidi gözümdən suvar.
Əlimdən nə gəlir, özgə nəyim var,
Düzüm sətirlərə yaraşıq ömrü.

İllərdi… arxamca gülüşüb qalıb,
Dərdini-sərini bölüşüb qalıb.
Necə düyündüsə ilişib qalıb,
Hələ açammıram dolaşıq ömrü.

Yerisəm qurtarmaz bu yol, bu küçə,
Qoşula bilmədim baş alan köçə.
Dindirmə kiriməz qırx gün, qırx gecə,
Qoyma danışdırım bu aşıq ömrü.

SİZ MƏNİ QOYMAYIN ŞAİR OLMAĞA

Bu da xasiyyətdi, cəhətdi deyin,
Sənə söz deyənin nə həddi, deyin.
Başına bir sənət qəhətdi, deyin,
Siz məni qoymayın şair olmağa

Yandırın kağızı yanacaq edin,
Sındırın qələmi oyuncaq edin.
Üçbəndli şerimi üçbucaq edin,
Siz məni qoymayın şair olmağa

Keçin qabağıma yolumu tutun,
Bir az ərk eləyib qolumu tutun.
Hərəniz bir yandan əlimi tutun,
Siz məni qoymayın şair olmağa

Bacarın içimdən çıxarın məni,
Bir az da incidib çıxarın məni,
Girdiyim küncümdən çıxarın məni,
Siz məni qoymayın şair olmağa

Qəbrinin qapağı açıqdı, deyin,
Qurduğun yurd-yuva uçuqdu, deyin.
Ay ANA, ATAmız yazıqdı, deyin,
Siz məni qoymayın şair olmağa

Şairlər bölünməz, bütün olurlar,
Tüstüsü çıxmayan tütün olurlar.
Şair balaları yetim olurlar,
Siz məni qoymayın şair olmağa

Taleyin köçümə köçü çatmadı,
İstədim “beş” alam, “üç”ü çatmadı.
ATAmın, ANAmın gücü çatmadı,
Siz məni qoymayın şair olmağa.

QADINLAR, SIXMAYIN KİŞİLƏRİ SİZ…

Allah, üzü dönsün belə zamanın,
Görən, çoxmu çəkər beləcə işlər.
Utana-utana gəlirlər evə,
Əli ətəyindən uzun kişilər…

Doğma ocaqları yad gəlir bəzən,
Kimin nə vecinə, kim oyaq, yatan.
Kişilik adına bəd gəlir bəzən,
Allah, özün saxla bu sıxıntıdan.

Gözümdə dağ olur əlin qabarı,
Əlləri nə haya, köməyə çatır.
Səhərdən axşama qazandıqları,
Bircə siqaretə, çörəyə çatır.

Qadınlar, sıxmayın kişiləri siz,
Bəzən kükrəyirik, bəzən daşırıq.
Yox, yox, danlamayın, incitməyin siz,
Mən də içinizdə özümqarışıq.

Siz elə bilməyin kefindən çıxıb,
Rahat baş qoyurlar elə balınca.
Səhərdən-axşama evindən çıxıb,
Düşürlər bir para çörək dalınca.

Bilmirlər toyuna, vayına qalsın,
Kim töksün ətəkdən daşlarını da.
Görəsən kimlərin hayına qalsın,
Vallah, itiriblər başlarını da.

Hamı bir havanı çala bilməyir,
Qabağa de hansı işini salsın?
İşləyir, haqqını ala bilməyir
Başına haranın daşını salsın?

Hər evə gələndə siz bilirsiniz,
Qəlbində əlacsız yarası sızlar.
Gözü kölgəlisə uşaq yanında,
Özünə dip-diri qəbir qazırlar.

Qadınlar, sıxmayın kişiləri siz,
Eşitsin səsimi qoy uzaq-yaxın,
Yox, yox, danlamayın, incitməyin siz,
Köhnəni təptəzə geyinib çıxın.

Deyim üzü dönsün belə zamanın,
Bir kimsə çəkməsin qınağa bizi.
Nə qədər dözmüşük, dözək eləcə,
Bəlkə Tanrı çəkir sınağa bizi.

Qadınlar, sıxmayın kişiləri siz,
Yəqin bu da bir cür bəxtdi, qismətdi.
Siz Allah, dəyməyin xətirlərinə,
Özləri çəkdiyi özünə bəsdi.

TƏNDİR

Keçib boğazımız gəlib kəndirə,
Dərdimiz bəllidir, dərman tapılmır.
Evin dalındakı qərib təndirə,
Gör neçə zamandır çörək yapılmır

Bu uzun-uzadı ömür yolunda,
Anamla qoşaca çalışıb təndir.
Ələ düşməyəndə kibrit əvəzi
Anamın içindən alışıb təndir.

Qaçanda ağlayan uşaq səsinə,
Əlindən birbəbir düşüb kündələr.
Beləcə böyüdüb anam bizləri,
Qəlbinin odunda bişib kündələr

Təndirin tüstüsü çıxanda başdan,
Anam gözlərindən su çiləyibdi.
Küt gedən kündəni ovutmaq üçün,
Ərkyana təndiri şillələyibdi.

Əyninə özgə don geyməyən anam,
Təndir tüstüsündən yüz don geyinib.
Başını bir kəsə əyməyən anam,
Təndirə çatanda min yol əyilib.

Doğma anasıtək sevib təndiri,
Könlünə şipşirin ovqat olubdu.
Anam getməyəndə təndirə yaxın,
Təndirin sinəsi çat-çat olubdu.

Kündələr üstündə qıvrılan əllər,
Bəs bu gün görəsən nələri anır?
Bir zaman təndirdə qovrulan əllər,
İndi ehtiyacdan alışıb-yanır.

Analar neyləsin, Allahın altda
Bir az da çoxalıb um-küsüləri.
Əriyən, azalan ömürləritək,
Azalır dam altda un kisələri

Təndir anam kimi doğmadır mənə,
Mən onu müqəddəs ocaq sanacam.
Gün gəlsə olmasa anam həyatda,
Günb gəlsə olmasa anam həyətdə
Mən yanıb, közərib təndirdən betər,
Qaçıb o təndiri qucaqlayacam.

Anam bölə bilər bir tikəsini,
Anam mərd önündə dizin qatlayar.
Damdan əskiltməyin un kisəsini,
Amanın günüdü, anamdan qabaq
Həyətdə təndirin bağrı çatlayar.

PAYIZIN YANINDA GÖZLƏRSƏN MƏNİ


Ay ömür, yarıda könül qıranım,
Payızın yanında gözlərsən məni.
Məni gözləməyə yer axtaranım,
Payızın yanında gözlərsən məni.

Yaraşmır bu Yerim, Göyüm əynimə,
Payız don biçdirsin geyim əynimə.
Payızın donunu geyim əynimə,
Payızın yanında gözlərsən məni.

Könlünü ovuda-ovuda gəlib,
Göylərdən yerlərə piyada gəlib.
Həmin o ünvana, o ada gəlib
Payızın yanında gözlərsən məni.

Qızılı əlindən tutub payızın,
Küsəyən könlünə yatıb payızın.
Başını söhbətə qatıb payızın,
Payızın yanında gözlərsən məni.

Ay ömür yarıda könül qıranım,
Sən gələn yollara çıxım, sarılım.
Məni gözləməyə yer axtaranım,
Payızın yanında gözlərsən məni

DAŞ YONANLA SÖHBƏT


Usta, alverin çox olar,
Bu qara rüzgarla çağla.
İstəyirmən bir beh verim,
Yaxşısın mənə saxla.

Hardan gəlib çıxdım bura,
Bir özgə yolum olmadı?
İndidən alım, sonralar
Bəlkə heç pulum olmadı…

Bax üzümə baxır o daş,
Sındırma könlü xoş olsun.
Eləsini saxla, qardaş,
Başıma yaraşan olsun.

Bəlkə almasam da olar,
Bu ehtiyac bir həvəsdi.
Qəbrimin üstə qoymaya
Başıma düşən daş bəsdi!

Birin behlə, çıxım gedim,
Kimsəyə gərək olmasın.
Nə qəribə peşən varmış,
Görüm, mübarək olmasın!

Yonduğun məzar daşları,
Sənə dərd, azar verməsin.
A müştəri gözləyənim,
Heç Allah bazar verməsin!

MƏNİ YAĞIŞDA SAXLA

Çıxaq enişə doğru,
Dur gəl yoxuşda saxla.
Aç könlünün qapısın,
Məni çıxışda saxla.

Qışı bizə düşmədi,
Xoşu bizə düşmədi,
Yaşı bizə düşmədi,
Quru baxışda saxla.

O qədər xatirə var,
Gözlərimdi suvarar.
Yaz adımı divara
Torpaqda, daşda saxla.

Ocaq haqqı, od haqqı,
Çəmən haqqı, ot haqqı,
Ayır haqdan nahaqqı-
Ömürdə, yaşda saxla.

Üşüdü ki, bu ocaq,
Damlalar saçaq-saçaq.
İslanmışın yağışdan
Nə qorxusu olacaq,
Məni yağışda saxla.

Fərqanə Mehdiyeva
Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 15-10-2019 19:45
Baxış sayı: 32 182
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını