Rəfail Tağızadə - Uşaqlığımın Kəlbəcəri...

03-04-2020 20:30
İlk dəfə Kəlbəcərə 6 yaşımda yaylağa getmişəm. Bumbuz sular, başını çən almış dağlar. Qayalar, daşlar… 

Çadırımızın yanından balaca çay axırdı. Yuxudan duran kimi nənəm bizi çaya çimməyə göndərirdi. Çimib gəlib isti çaydan içib, bal, yağ, pendir yeyib qızışardıq. Bir az aralıda iri qaya kimi daşlar vardı, heyvanlara oxşayırdı. Gedib ona çıxardıq. Nənəm qoymurdu uzağa getməyə. Deyirdi: “Azarsınız. Oralarda ayı var”. Yadıma gəlir çobanlar bir dəfə ayı vurmuşdular. 

Dağların döşü cürbəcür çiçəklərlə bəzənərdi. Mən ilk dəfə onda tanıdım qantəpəri, gülxətmini, indi adları yadımdan çıxan başqa dərman çiçəklərini-otlarını. 

Məktəbə getməyimə sevinirdim. Birinci sinfə gedəcəkdim. Amma o gözəllikdən ayrılmaq istəmirdim…

Sonra 14 yaşımda getdim Kəlbəcərə. Balaca İstisuda dincəlirdik. Hamı müalicə alır- vanna qəbul edirdi. İçəndə adamı o qədər də yandırmayan isti su keçən dəmir boruların üstündə oturanda adamı yandırırdı. Pencəkli, papaqlı kişilər çox oturardılar boruların üstündə. 

Yolun üst tərəfində, dağın döşündə çoxlu arı yeşikləri vardı. Nadinc uşaqlar dağın döşünü daşlayırdılar ki, ilanlar yola tökülsün. Mən orda eşitdim ilanın bala gəlməyini. Bilmirəm düzdü, yalandı. Uşaqlar deyirdilər.

Gündə neçə dəfə Tərtər çayında çimərdik. 

İstisu zavodunun üstündə ensiz, çox hündür qaya vardı. Hamı təəccüblənirdi zavodun orda tikilməyindən. Deyirdilər, Moskvadan gəlib yoxlayıblar. Qayanın 300 il yaşı var. Həmin qayanı deşmişdilər. Ordan turş su gəlirdi. Zəncirlə bağlanılmış bir dolça vardü üstündə. Şəhərlilərdən başqa hamı turş suyu o dolçayla işərdi. Şəhərlilər özlərini qoruyandılar, axı. O vaxtlar orda ermənilər yox idi deyə, xəstəlik də olmurdu. 

Sonralar çox yerləri görsəm də, uşaqlığımda Kəlbəcərdə gördüyüm o gözəlliyi, mənzərəni heç yerdə görmədim. Balaca İstisuyun üstündəki sıldırım qaya, ondan bir az yuxarıda bıçaqla kəsilmiş pendirə oxşayan qayalar, onlardan süzülən sular. Tərtər çayında bulaqlardan gələn suyun isti suyla uzun müddət yanaşı axması... 

Dağların arasından keçən qorxunc yolların, meşələrin, hündür, əzəmətli ağacların hamısını fotoaparatın lentindən keçirmək istəyi... 

Və nələr, nələr...

Yaxşı vaxtlar idi. Əsrarəngiz təbiət, gözəl hava və mərd kəlbəcərlilər. 

Yaşlılarımiz bir-birlərini çoxdan tanıyırdılar. Bizim yaylaq yerimiz Kəlbəcərin Sarı yeli idi. Kəlbəcərlilər də bazarlığa Ağdama gələrdilər. Gəlib gedəndə bizim kənddən keçərdilər. Gecələyəni, qonaq qalanları çox olurdu. Hamı qaynayıb qarışmışdı. Doğmalaşmışdı.

Bəlkə də elə ona görədi Kəlbəcərin itkisinin bizə daha çox təsiri. Hər yer vətəndir. Amma vətənin də yurd olanı var. Seviləni var. 

Kəlbəcəri sevməmək mümkün deyil. 

O sahənin mütəxəssisi olan bir professor dostum deyirdi ki, təkcə Kəlbəcərin o zəngin meşələri ilə Azərbaycanı 100 il saxlamaq olardı.

Kəlbəcər elə Kəlbəcər idi. Hələ başqa minerallarını, yataqlarını demirəm.

Nələr qaldı, o yerlərdə... Heç yerdə elə gözəllik görmədim. Elə təbii sevgini də…















Rəfail Tağızadə

03.04.2020  

Dalidag.az





Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 03-04-2020 20:30
Baxış sayı: 31 172
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını