Osman Fərmanoğlu:"Görəsən, tərsinə geyilən ömrü, çevirsək yenidən düz düşərikmi?!" -ŞEİRLƏR

28-03-2020 14:25
"...Nə aparanın izi qalır,
nə gedənin,
aparan da, gedən də
boynundan asıb
öləzimiş adını, Vətənin..."

Dalidag.az Osman Fərmanoğlunun şeirlərini təqdim edir:

EVDƏ QAL


Onsuz da getməyə yerim qalmayıb,
Nə yaxşı söylədin, canım, "evdə qal".
Könlümdə bir belə "hürrüm" olmayıb,
Böyüyüm, sultanım, xanım, "evdə qal".

Kimlərsə üzümə baxanda xam-xam,
Səsləyir mənimçün darıxan odam...
Elə bilirəm ki, hamıya yadam,-
Fışqırır damarda qanım, "evdə qal".

Dözmək çətin olur qaraya, ağa,
Otur sac yanında, qovur qovurğa.
Yetirən özünü özü qovur ha,-
Böl ayı, həftəni, anım, "evdə qal".

Osmanın sözləri, özü baməzə;-
Çox tərifləyərəm, gələrsən gözə,
Əlliyə dözənlər, dözərlər yüzə,-
Qaranlıqdan çıxar danım, "evdə qal".
25 mart 2020

GƏTİRİR


Paşam, məhlə həmənkidi,
Suç gəlir, suçsuz gətirir.
Gediş-gəlişi səngidin,
Dərdi uğursuz gətirir.

İşləmir el dəyirmanı,
Yuxuludu bəyi, xanı...
Deyirlər duzdu dərmanı,
Yağan yağış toz gətirir.

Adını qoysa da Hacı,
Gələn- gedənə əl açır.
Günəşə qalıb əlacı,
Yenə xalqa buz gətirir.

Qurtarıb atın kövşəni,
Daha oxranıb kişnəmir.
Qazanı əsir düşənin
Köçünü Aruz gətirir...

Osman, köhnə olur yeni,
Təzələyir sələmini...
İtiləyir qələmini,
Hamı quru söz gətirir.
26 mart 2020

TƏRS ÜZÜNƏ


Bizi kim tərsinə bələdi belə,
Düzəlmək istərik tərsə düşərik.
Büküb yad dillərə təlidi gələn,-
Hey düz dolanarıq, tərsa düşərik.

Özümüzü atar odun içinə,
Suyun dayazını dərin bilərik.
Yazda buza gedər, qışda biçinə
Yollanar, illəri dərdə bələrik...

Ömürdü adlayan gözü yumulu,
Tanrı da adlatmır koru körpüdən.
Əl çəkən tapılmır, heç üzüsulu,-
Köhnə vərdişləri yoxdu tərgidən.

Tərsinə geymişik ömrü, tərsinə,
Çölümüz güləndə içimiz ağlar...
Uyub adamların qaz yerişinə,-
Uçruma sallanan köçümüz ağlar.

Çölə çıxararaq əyilən ömrü,
Yenə özümüzlə görüşərikmi?!
Görəsən, tərsinə geyilən ömrü,
Çevirsək yenidən düz düşərikmi?!
27 mart 2018

ÖLDÜRÜRLƏR


Adamları ya atırlar
yaşamaq istədiyi evin
hisli pəncərəsindən,
ya vururlar sinəsinin
ağrılı pəncəsindən...
Oğurlayırlar gecə qaranlığından,
ya gündüzün
əvvəli- sonu bilinməyən
adsız küçəsindən...

Nə aparanın izi qalır,
nə gedənin,
aparan da, gedən də
boynundan asıb
öləzimiş adını, Vətənin...

Ölüm qabağı oxuduğun duada
gözəgörünməzdən nə istədin,
Qabriel Qarsiya Lorka,
Viktor Xara,
Eldar Baxış...
Baxıb arxada qalan,
qanlı, naxış- naxış
yollara...
27 dekabr 2016

Osman Fərmanoğlu

Dalidag.az 


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 28-03-2020 14:25
Baxış sayı: 3661
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını