Namiq Dəlidağlı: "Səni Kəlbəcərə aparammıram..." -ŞEİRLƏR

29-02-2020 10:15
Şeirlərinin özəlliyi, dünyəviliyi, fərqli düşüncəsi... və eşq dolu ruhu onun SÖZ adlı möhtəşəm dünyaya təsadüfən gəlmədiyinə sübutdur. Sevgi şeirlərinə özünəməxsus orijinallıq qatan şair Namiq Dəlidağlı həm də yurd həsrətli, torpaq nisgillidi. Kəlbəcərsizdi, Laçınsızdı, Şuşasızdı.., Qarabağsızdı, Dərbəndsizdi, Təbrizsizdi... Şeirlərinə toxunmuş ağrının, göynəyin rəsmini görməmək, duymamaq, o ağrıyla ağrımamaq mümkün deyil. Soyadını unutsa da, çopur daşını unuda bilməyəcək qədər dərin yaddaşı var onun yurd sevgisinin. Yaradıcılığına yansımış xiffətin, ağrının rəngi hər nə qədər qara-boz çalarlara boyansa da, ağ boyalar misralardan ümid işığı kimi süzülür... O həm də cəmiyyətdə baş verən ictimai-siyasi, hadisələrə, sosial  məsələlərə, neqativ hallara biganə qalmır, yeri gəldikcə çatışmamazlıqları şeir diliylə sərgiləyir, insanlığa adekvat olmayan simaların, prototiplərin sözlə şəklini çəkir.

Dalidag.az Namiq Dəlidağlının şeirlərini təqdim edir:
Sevinc Qərib

"...Bilirəm ki, atam
xatirələri nifrətə çevirib
tüpürəcək üzümə..."

SƏNİ KƏLBƏCƏRƏ APARAMMIRAM
(Anama etiraf)

Nə umub küsürsən, qurbanın olum,
bağlanıb bənd, bərə, aparammıram.
məndə təpər yoxdu, düşməndə insaf,
incimə boş yerə, aparammıram.

Söndü o yuvanın odu, ocağı,
yoxdu bizdən daha bir umacağı.
unut Dəlidağl, “Novlu bulağ”ı,
öyrən bu şəhərə, aparammıram.

Yanırsan, göylərə bülənddi tüstün,
görürəm, çox vədə vurmuram üstün.
çəmənlər pərişan, çiçəklər küskün,
qan tökür dağ, dərə, aparammıram.

Ta demirəm sağlıq olsun, ay ana,
boşalanlar birdə dolsun, ay ana.
Namiq adlı oğlun ölsün, ay ana,
səni Kəlbəcərə aparammıram.

YADDAŞ    
 
Çaylarda daşının sayı yadımda,
çöllərdə quşunun sayı yadımda,  
əgər yaddan çıxsa lap soyadım da,  
yurdum, yaddan çıxmaz bir çopur daşın.

ÜŞÜYÜR     
                                                                                                                                                        
Düşmən  gülləsindən qaya çapılıb,
həsrətdən dağların qaşı çatılıb.
sınıq pəncərəli, sınıq qapılı,
Allah, evimizin daşı üşüyür.

Dəli bir haraya kökləndi qəlbim,
dərd yükü çəkməyə köhnədi qəlbim.
dərin bir ah çəkdim, göynədi qəlbim,
ağladım, gözümün yaşı üşüyür.

Gədiklər, bərələr tar bağlayıbdı,
tavana əl dəymir, tor bağlayıbdı.
yolları, izləri qar bağlayıbdı,
bu fəsil bir kəndin qışı üşüyür.

Bu yaram sağalmaz, loğman, ha sarı,
toxunsan, artacaq ağrı-azarı.
orda yad əlində ata məzarı,
burda ürəyimin başı üşüyür.

DAĞLAR NECƏDİR?!

(Yağı düşmən Kəlbəcəri işğal edən zaman bizim
qonşu Başlıbel kəndindən bir neçə ailə çıxmağa
macal tapmamış, dağlara, daşlara çəkilməyə məcbur
olmuşdur. Onlardan 28 nəfəri üç aydan artıq kənddən
aralıdakı təbii kahada yaşadıqdan sonra gəlib çıxmış,
yaşı 90-ı ötmüş Ələsgər baba isə orada qalmışdır).

Bizə bir xəbər ver, Ələsgər baba,
xəbər ver, kimsəsiz dağlar necədir?
yolunu ot basmış “Tala bulağı”,
bir ildir qəlbimdə çağlar, necədir?

Əlim torpağına çatmayan məzar,
“yuxusu dağılmış”-yatmayan məzar.
həsrətdən sinəsi çatlayan məzar,
hər gecə yuxumda ağlar, necədir?

Qayanın köksünə sığınmış o kənd,
talanmış, tapdanmış, yıxılmış o kənd.
yağı əlləriylə dağılmış o kənd,
sökülmüş binalar, tağlar necədir?

Evi tikəninə qismət olmayan,
zülüm çəkəninə qismət olmayan.
barı əkəninə qismət olmayan,
bağçalar necədir, bağlar necədir?

Bizə bir xəbər ver, ixtiyar qoca,
xəbər ver, kimsəsiz dağlar necədir?!.

XATİRƏ VƏ NİFRƏT
(Dostum Cəsarət Qasımova üz tutaraq...)

...xatirələrim
bağımızdakı alma ağaclarının
budaqlarından,
alça ağaclarının çiçəklərində
asılı qaldı.
Bir də atamın məzarına
qısılı qaldı.
Bir gün geri dönəcəm
xatirələrimi yığmaq üçün-
alma ağaclarının
budaqlarından,
alça ağaclarının
çiçəklərindən.
Ancaq atamın məzarından
xatirələrimi götürməyə
üzüm qalmayıb.
Bilirəm ki, atam
xatirələri nifrətə çevirib
tüpürəcək üzümə...

QARDAŞ

(Dağlarda güllələnən güllərin əziz xatirəsinə)

Gülü güllələndi, çiçəyi öldü,
yarpağı qurudu, ləçəyi öldü.
Dağların ən gözəl göyçəyi öldü,
nə ağır yas düşdü dağlara qardaş.

Yarını itirdi, yarı ağladı,
üz tutdu dağlara sarı, ağladı.
kəpənək ağladı, arı ağladı,
nə ağır yas düşdü dağlara qardaş.

Böcəklər ah çəkir, ağlaya bilmir,
sızlayan yarasın bağlaya bilmir.
bülbüllər gözyaşın saxlaya bilmir,
nə ağır yas düşdü dağlara qardaş.

Dərələr güllərə ta açmır qucaq,
əli qoynundadı hər künc, hər bucaq.
yağını güllərin ahı tutacaq,
nə ağır yas düşdü dağlara qardaş.

BİR DİLƏYİM VAR

(Dostum Taleh Laçın üçün)

Bezdim bu şəhərin küçələrindən,
bezdim bu şəhərin asfalt üzündən.
Çıxıb kəndimizə getməyim gəlir,
geriyə dınməyə üzüm nə gəzir.
Ölüb qalmadım da o kənddə barı,
indi qəbrim nələr boy atmışdı, boy,
üstündə nə qədər çiçək bitmişdi,
ağ, sarı, qırmızı...neçə rəngdə.
Həsəd aparırdı boz kəpənəklər,
"bəxtəvər" deyirdi çöl arıları.
Geriyə dönməyə nə ixtiyarım,
geriyə dönməyə nə də üzüm var,
bircə diləyim var, gedəm dağlara...

APRELDƏ VƏTƏNƏ YAZILAN ŞEİR...

Üst-başın qan içində,
bədənin dolu qəlpə.
Sinən səngər çapıqlı,
gözlərin qan çanağı...

Bu il torpaq bətnindən
yazın ölü doğuldu,
aprel gecələrində.
Lalələrin məskəni
düzün ölü doğuldu,
aprel səhərlərində...

Canı ağrıyan Vətən,
gözü ağlayan Vətən.
Sınıxdığını duydum,
saralan otlarından,
qorxub sənin boynuna
sarılan otlarından...

...Əsgər məktublarını
kol dibində nərgizlər,
bənövşələr oxudu,
kəlmələr qan qoxudu.
Gözlərini qan tutmuş
qəlpələr dəydi sənə,
gözü çıxsın yağının...

Ancaq ağrıma belə...,
itirdiyin torpaqdan
canına can calandı,
canına qurban, Vətən...

...Sənin sağalmağının
bir yolu, bir çəmi var,
sənin yaralarının
bircəcə məlhəmi var:
onun adı SAVAŞDI-
onun adı QƏLƏBƏ...

Aprel 2016

AĞ GECƏNİN NAĞILI

Ağ dəvələr ağ gecədə
ağ yollarla yön almışdı üzü Qərbə.
Ağ yuxular, ağ arzular
çin olmuşdu bu ağ gecə.
Bir ağ karvan yol gedirdi
ağ günlərin işığına.
...Ağ ümidlər, ağ gümanlar
ağ dağlara aparırdı ağ karvanı.
Bu gecənin ağ həsrəti,
ağ hicranı əriyəcək.
Ağ vüsala qovuşacaq
bu ağ karvan.
...Bu bir ağ nağılıydı,
bu nağılda ağ elədim,
buna heç kəs inanmaz.

DAĞLAR OĞULLARINA TELEQRAM


(Yağı düşmən indi də qürur mənbəyimiz,
arxa bildiyimiz dağlarımızın torpağını daşıyır)

Qızıl-qızıl dağlarımızı yağı sökür,
torpağını çəkir,
özümüzə "dağlar oğlu" deyirdik,
adsız qaldıq.
Dağlarsız çaylar quruyacaq,
balıqlar öləcək.
(Dağların gözünün yaşıdı çaylar)
Cığırlar itəcək, bulaqlar öləcək,
çəmən, çiçək olmayacaq,
arı, böcək olmayacaq,
heç yağış da yağmayacaq dağlarsız.
Özümüzə "dağlar oğlu" deyirdik,
qürurumuzu sökürlər.
Vay dədəm, vay,
biz hələ yaşayırıq!

AĞRI

Bu gecə duz basdım
Təbriz ağrıma,
Dərbənd dərdimə,
Zəngəzur həsrətimə,
Borçalı göynərtimə,
Qarabağ yarama…
Cızdağım çıxanacan
yanım deyə…
Yuxum ərşə çəkilsin deyə….
Şərti ad qoydum onlara:
ürəyimə Təbriz,
sinəmə Dərbənd,
bir gözümə Zəngəzur,
birinə Borçalı,
dilimə Qarabağ…
Hərəsi öz dilində ağladi məni….
duz basdığım yaralarım….
Of, canım göynəyir….

ÖZÜMƏ…
(…və bəzi dostlarıma)

“Yaman basıb-bağlayırdın,
bağ belə, bostan belə”…
Bostanın uralandı,
bağını da aldılar.
Dağ üstə dağ qoyacaqdın,
bu istəyin cəhənnəmə,
torpağın paralandı,
dağını da aldılar.
…Özgələrə vəd vermədin,
sən özünü aldatdın,
nə qazandın, nə uddun?!
”Ağzın isti yerdəydi”,
yerə-göyə sığmırdın,
öz içinə sığışdın,
taleyinlə barışdın.
…Bu qədər yalan olmaz,
çox şeyləri demirəm.
...Bilmirdin ki, qarşına
namərd-nadan çıxacaq,
zalım dövran çıxacaq?!...
“Özü yıxılan ağlamaz”,
dur, çırp üstünü-başını,
sil gözlərinin yaşını.
Yaşamağa “öyrənginən”,
bu dövran sevmir “naşını”

"Uzun ayrılıqlar
vağzallardan başlayır..."


ÖLMƏKDƏN QORXMURAM

Məndən bezdi arzularım da...
Taleyimin acığına neçə arzum
intihar elədi ümidsizlikdən.
Ümidlərim ağ bayraq qaldırdı
qayğılarıma təslim olmağa.
Şirin-şirin diləklərim
boğuldu göz yaşlarımda,
dənizdə dalğalar boğulan kimi.
Mən daha ölməkdən qorxmuram,
yaşamaqdan qorxuram...

TORPAGA BİR TABUT SÖZ BASDIRDILAR

(Məmməd Aslanın atirəsinə...)
I
İnsanlar bir tabut söz qaldırdılar,
bu sözün altında hər ürək dözməz.
Torpağa bir tabut söz basdırdılar...
çəkəcək canına sözün qanını,
yeyib dadlanacaq, sözü, şeiri,
gözü doymayacaq bu şirin daddan.
...Torpağa bir tabut söz basdırdılar...
indi kəpənəklər sözə qonacaq,
arılar şirəsin sözdən çəkəcək.
ürəkdən çəkəcək, gözdən çəkəcək.
Bu məzar söz adlı bar gətirəcək,
çiçək bitirəcək, gül bitirəcək...
Burda "göyərəcək, hər kəlmə, hər söz".

II
Uca kürsülərdən şeir deyirlər,
"söz satıb" nə qədər çiçək alırlar,
şairlər güllərdən şirə çəkirlər,
şeir hörürlər...
...Şairlər üzünə söz tutub ölür.
Söz tutub üzünə gedir şairlər,
haqqın dərgahına və ayağına...
Bir az yüngül olur şair cəzası,
sözə bağışlanır nə günahı var...
....şair öldü!

VAĞZAL GƏRAYLISI

Uzun ayrılıqlar
vağzallardan başlayır...
Qatarların, təyyarələrin...
çiyinlərində daşınır
şəhərlərə...
Vağzallarda doğulur,
daşınır ayrılıqlar.
...Divarların yaxasına
mıxlanmış tablolar
alın yazımız sanki.
Böcək gözlü işıqlar tale
yolumuzu aydınlaşdırır.
Yellənən əllər və
"hələlik" sözü
ayrılığın təsdiqidi
burda.
Hər qərib baxışın
rəsmi cızılır
vağzal divarlarına.
Gedənlərin dilində
vağzal bayatısı
ikicə kəlmə-
"mən getdim...."

TÜRKÜN ŞEİRİ


Çəkmədiyim zillət yox,
daha öndə zülmət yox.
Türkdən böyük millət yox,
Tanrı Türkü qorusun!

Sevməyənlər kor olsun,
dost var, düşmən xar olsun,
Tanrı Türkə yar olsun,
Tanrı Türkü qorusun!

Çəkmirəm acı, ağrı,
çatlasın düşmən bağrı,
yolum göylərə doğru,
Tanrı Türkü qorusun!

Əllidən, mindən belə,
səndən və məndən belə,
Altaydan, Çindən belə,
Tanrı Türkü qorusun!

Bölgə-bölgə Turandı,
bütün ölkə Turandı,
dünya Türkə Turandı,
Tanrı Türkü qorusun!

Nə yoruldum, nə durdum,
sevgim çox sənə, yurdum,
yaşar olsun Boz Qurdum –
Tanrı Türkü qorusun!

AXTARIRAM

Mən özüm-özümə yadam, gəzirəm,
gəzirəm dünyanı, atam, gəzirəm,
dərdimi deməyə adam gəzirəm,
qəbrimi qazmağa yer axtarıram!

Mən gen yol tutmuşdum, cığıra çıxdı,
bu yol da axırki axıra çıxdı,
nə alıb satdımsa, çıxara çıxdı,
mən beş itirmişəm, bir axtarıram.

Bu bəxtlə, qismətlə heçəm dünyada,
xoş günə tapmadım bir çəm, dünyada,
bu dəli başımla sərsəm dünyada,
ocaq axtarıram, pir axtarıram.

DEMƏ


Keçdim dünyanın içindən,
boşca qəfəsmiş demə.
Qulaqları batıran,
quruca səsmiş demə.

Baxdım ondan köçən köçə,
baxdım özüm keçə-keçə,
baxdım badə içə-içə,
bu da bir həvəsmiş demə.

Daha hər şeydən bezmişəm,
məzədən, meydən bezmişəm,
əlimi səndən üzmüşəm,
yaşamaq nə pismiş demə

ATA HƏSRƏTİ


Bu gecə atamın ruhu qonağım,
bu gecə ən əziz qonağım gəlib.
Bütün qonağımın şahı qonağım-
mənim arxam gəlib, dayağım gəlib.

Ay ata, qoy sənə doyunca baxım,
mən ona bu sözü söyləyəmmədim.
Sənə qulluq edim, atam-qonağım,
atama mən qulluq eyləyəmmədim.

Doyunca ay ata, sözü demədim,
ata nəfəsinə isinməmişdim.
Ay ata, həyatı belə bilmədim,
belə fikirləşib, düşünməmişdim.

Daha fikirləşmək, düşünmək meylim,
özümə təsəlli tapammasam da.
Ata, böyümüşəm mən indi xeyli-
boyda tay-tuşlara çatammasam da.

Atalı günümün düşüb söhbəti,
məni ovunduran göz yaşım olub...
Ata dərdi, intizarı, həsrəti
mənimlə doğulub, yaşdaşım olub.

ROBOT ADAMLAR...


Çoxalır robot adamlar,
heykəl adamlar,
şəhərlərdə, kəndlərdə...
hər yerdə.
Babam demiş
“lom udmuş” kimi yeriyir
robot adamlar,
heykəl adamlar.
Öz səsiylə danışmır,
öz yerişini yerimir robot adamlar.
Yerişi, danışığı özünün deyil
robot adamların,
heykəl adamların...
İnsanlar özü olmayan
adamlara salam verir,
təzim edir.
“Bütləşən” adamlar,
kütləşən adamlar qaçır hamıdan,
qaçırılır hamıdan.
Qorunur insanlardan,
qoruyurlar insanlardan
heykəl adamları...
Əl vursan sına bilər,
sökülə bilər robot adamlar...
Paltarları çiyinlərindən,
qalstukları boyunlarından,
özləri özgələrdən asılı
bu adamlar, yazıq adamlar.
Canlarını özləri yox,
özgələr qoruyur robot adamların,
heykəl adamların...

CILIZ ADAM


Sus, danışma,
yekə başını və
yekə qarnını sürü düşürt o kürsüdən,
cılız adam (yekə adam).
Mənim dağ boyda dərdlərimdən
danışma, işlərimə qarışma.
Bu gün kürsü sənindi,
amma bu dərd mənimdi.
Sus, danışma, düş o kürsüdən
cılız adam, insafın olsun.
Halını soruşmuram,
işinə qarışmıram...
Görüləsi işin çoxdu, işini gör...
...Bu torpağın damarında
bir az da qanı qalıb,
hələ də nəfəs alır,
canında canı qalıb,
işini gör, kefini sür...
Götür qaraladığın
kağız-kuğuzunu,
sil köpüklənmiş ağzını,
düş o kürsüdən,
məni ələ salma!
Yurd göynərtisi,
yurddaş dərdi-bunlar ki,
sənlik deyil...
Vaxtına heyifin gəlsin,
özünə yazığın gəlsin,
bircə burda eşit məni,
cılız adam,
düş o kürsüdən!

ŞEİR YAZANDA...


Şeir yazanda istəmirəm
kimsə məni görsün.
Sözləri mızıldaya-mızıldaya
təkrarlayanda kimsə eşitsin.
Mən təbimlə macəra dolu
eşq yaşayıram şeir yazanda.
Hamıdan gizlənirəm,
hamıdan utanıram o an...
Sonra şeir doğulur.
Şeirin də xoşbəxti,
bədbəxti olur,
yaşayanı da var,
öləni də.

BU KƏND...

(Cavanları qazanc arxasınca yad ellərə üz tutan,
5-10 qarı-qocanın ixtiyarına qalan kəndin mənzərəsi)

Tin-tin, küçə-küçə qocalır bu kənd,
üstündən, başından yetimlik yağır,
damından-daşından yetimlik yağır.
Küçələrin gözü yol çəkir,
bu kəndin itləri yad nəfəs gəzir
hürməyə...
Gedəni-gələni yoxdu bu kəndin.
Burda qulaq batır sükut səsindən.
Qonşu uşağın ərköyünlüyündən
beli əyilən ağac çəpər,
indi olsa qulağına səs təpər.
Hörümçəklər tor bağlayıb
qapıların kilid yerində.
Sükutdan rəngi solub,
boyası saralıb pəncərələrin.
Qulağı bir addım səsinə təşnə.
Çox qoca görünür bu kənd yaşından,
bu kəndin "cavanı" yetmiş yaşında,
bu kəndin qocası yaşını bilmir,
itirib ağlını, huşunu, bilmir.
Burda arzuları dəfn eləyirlər,
başdaşı qoyurlar xatirələrdən.
Burda ölüm dəbdə, əcəl sevilən.
Bir-birə başsağlığı verməzlər burda.
Qəbristanlıq böyüdükcə, kənd kiçilir.
Bir gün bu kəndin girəcəyində
bir lövhə asılacaq: burda insan yaşamır.
Sonuncu ölünü
Tanrı götürəcək yerdən.

Namiq DƏLİDAĞLI

Dalidag.az



Kateqoriya: Manşet / Karusel / Poeziya-nəsr
Tarix: 29-02-2020 10:15
Baxış sayı: 4580
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını