“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər –Ceyhun Mirzəyevdən maraqlı faktlar

05-03-2020 17:16
Bu gün rejissor, aktyor Ceyhun Mirzəyevin anım günüdür.
Dalidag.az kulis.az-a istinadən rejissor haqqında maraqlı faktları təqdim edir:
Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Atası Cəmil kişinin ikinci evliliyindən dünyaya gəlib. Onun üç yaşı olanda atası dünyasını dəyişib. Rejissor Tofiq Tağızadə “Görüş” filmi üçün uşaq axtaranda Ceyhungilin məktəbinə gəlir və Ceyhun onun gözündən yayınmır. 9 yaşlı Ceyhun 1955-ci ildə ilk dəfə “Görüş” filmində Şıxəlinin uşaqlarından birini canlandırır. Üç il sonra isə ona böyük şöhrət gətirən “Ögey ana” filmində İsmayıl roluna çəkilir.Ceyhunun atası Cəmil Mirzəyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışırdı. “Qırmızı Döyüş Bayrağı” ordeninin ilk daşıyıcısı olub. Həmin orden ilk olduğu üçün indi də Rusiya Tarixi Muzeyində saxlanılır. Bizim kinoçular isə bu ordeni “Qanun naminə” filmində tarixə salıblar. Gənc prokurorun yaxasında.
***
Ceyhun atasının ikinci evliliyindən dünyaya gəlib. Atası Cəmil Mirzəyevin birinci evliliyindən övladı olmadığı üçün hamı ona həyat yoldaşını boşamağı desə də, atası buna razı olmur. 17 il birgə həyat sürdüyü ömür-gün yoldaşından ayrılmır. Həyat yoldaşı dünyasını dəyişəndən sonra ikinci dəfə gürcü əsilli Marqarita adlı qadınla evlənib.
Ceyhun bir müddət kinostudiyada assisent, rejissor köməkçisi kimi işləyib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da kino sahəsi üzrə təhsil alıb. “Yenilməz batalyon”, “Dəli Kür”, “Yol əhvalatı”, “Qanlı zəmi”, “Lətifə” filmlərinə çəkilib. Lakin aktyora ən böyük uğuru “Fəryad” filmi gətirir. O, filmdə həm də İsmayıl obrazını canlandırır.
***
Ceyhun Mirzəyev bədii rəhbəri olduğu “Mozalan” satirik jurnalı üçün də sujetlər yazıb. Onun güclü parodiya qabiliyyəti də olub. Mozalanın başlığında olan arı vızıltısı səsi də aktyora məxsusdur.
Ceyhun Mirzəyev 1973-cü ildə Lidya adlı qadınla ailə qurub. Onların bir qız övladı dünyaya gəlib.
***
Ceyhun Mirzəyev 18 yaşında Moskvaya gedəndə gələcək həyat yoldaşı Lidiya ilə tanış olur onu rəfiqələri ilə birgə restorana dəvət edir. Bakıya qayıdandan sonra Lidiyaya zəng vurub onu görüşə çağırsa da, Lidiya razı olmur. 8 ildən sonra Ceyhun onu yenidən tapır. Hər gün Lidiyanın iş yerinə gəlir, pəncərəni döyüb otağa bir gül atır və gedir. Nəhayət, sevdiyi qızın könlünü alır və onunla ailə qurmasına razı sala bilir. Onlar 1973-cü ildə ailə qururlar və Cəmalə adlı bir qızları dünyaya gəlir.
Aktyorun həyat yoldaşı Lidiya xanım Ceyhun Mirzəyev haqda danışarkən deyirdi ki, o, uşaq kimi tez inciyən, kövrək, qəlbiyuxa adam olub: “Mozalan”da işlədiyi müddətdə nə qədər gənci işlə təmin etdi. Haqsızlığa dözə bilmirdi. Ona qarşı xeyli haqsızlıqlar olmuşdu. Bir müddət yaradıcılığında fasilə yarandı. Kinostudiyada ona iş vermirdilər, ssenarilərini qəbul etmirdilər. Bunun da səbəbi kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərovla Ceyhunun əmisi Seymur Mirzəyevin arasında yaşanan problem idi.”
Filmin operatoru Kənan Məmmədov deyir ki, “Fəryad” filminin çəkişiləri zamanı Ceyhuna sui-qəsd olunub: “Filmdə bir səhnə var – balaca qızın zorlanma xəbərini eşidən İsmayıl bunu kimin elədiyini başa düşür. Səngərin arası ilə qaça-qaça gəlib ermənilərin mövqeyinə çatır və bu alçaqlığı edən ermənini öldürür. Bu səhnəni hərəkətlə çəkirdim. Kamera maşında idi. Ceyhun ağacların arasında qaçdığı müddətdə maşın da paralel olaraq gedirdi. Birdən Ceyhun qeyri-adi bir hərəkət etdi və yıxıldı. Demə, Ceyhun qaçdığı yerdə bir ağacdan o biri ağaca çox nazik, amma poladdan bir sim çəkilmişdi. Kim bunu eləmişdi bilmirik. Amma təbii ki, əvvəlcədən olunmuşdu. Ceyhun onu son anda görüb əlilə itələyib yıxılmasaydı, ip boğazını üzərdi. Çox sarsıldıq o anda. Əli kəsilmişdi, həkimə aparıb yardım etdik.”
Lidiya xanım danışır ki, həyat yoldaşı “Fəryad”ın çəkilişlərindən qayıdanda evdə rahatlıq tapmırdı: “Siqaret çəkir, düşünür, öz-özünə danışırdı. Erməniləri söyürdü, vəhşidilər deyirdi. Elə bil bu filmi çəkməklə onlardan, ümumiyyətlə bütün haqsızlıqlardan hayıf çıxmaq istəyirdi”.
***
Ceyhun Mirzəyev filmin hazır olub ekranlara çıxmasını həsrətlə gözləyir, amma “Fəryad” filminin çəkilişlərindən sonra o, mikroinsult keçirir. İki həftəlik müalicədən sonra yenidən filmin işlərini davam etdirməyə başlayır.
1993-cü il martın 5-də , 47 yaşının tamamına 1 ay qalmış Ceyhun Mirzəyev telestudiyaya gedir. Onun “Fəryad” filmi haqqında veriliş hazırlanırdı. Elə oradaca vəziyyəti pisləşir. Diktor Hicran Hüseynov onu maşına qoyub evə gətirəndə Ceyhun Mirzəyev özündə olmayıb. Yalnız əli ürəyinin üstündə olub. Xanımı danışır ki, ürəyində güclü ağrı vardı: “Tez uzandırdıq, təcili yardım çağırdıq. Əsirdi, titrəyirdi deyə ayağını isti suya qoydum. Yenə xeyri olmadı. Bir anlıq gözünü açıb qızımız Cəmiləni çağırdı. Qızın üzünə baxdı və gözlərini yumdu. Biz elə bildik yuxulayıb. Amma təcili yardım gəlib dedi ki, bayaqdan canını tapşırıb...”
Ceyhun həmin gün studiyadan çıxıb qızına və həyat yoldaşına 8 mart hədiyyəsi almağı planlaşdırır. Lakin, ölüm imkan vermir. Dünyasını dəyişəndən sonra hədiyyələr üçün ayırdığı 250 rubl onun cibindən çıxır.
Dalidag.az


Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 05-03-2020 17:16
Baxış sayı: 4150
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını