Reklam
Şəhid atası çıxılmaz durumda: “Mən nə etməliyəm?”
01-02-2024 20:52
Şəhid, baş leytenant Vüsal Kazımovun atası Kamran Kazımov Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılan ərazidə oğlunun adına inşa edilmiş parka rəsmi olaraq Park statusunun aidiyyatı qurumlar, xüsusən də Mədəniyyət Nazirliyi tərəfindən verilməməsi ilə bağlı ictimaiyyət qarşısında çıxış edib. Həmin çıxışı təqdim edirik:
“Mən var yox bir övladımı bu torpaq, bu xalq, bu millət uğrunda qurban vermiş bir atayam. Güvən yerim də, ümid yerim də bu xalqdır, bu dövlətdir. Ona görə də qərara gəldim ki, elə gileyimi də sizə edim. Çünki məni ən gözəl siz anlayarsınız.
Şəhid ataları məni gözəl anlayar. İtirdiyimizin yerini heç kim və heç nə doldura bilməz. Amma az da olsa onları yaşada, əbədiləşdirə bilmək bizə rahatlıq verir.
Bu minvalla elə kəndimizdəcə yəni, Lənkəran rayon Yuxarı Nüvədi kəndində oğlum, şəhid, Baş leytenant Vüsal Kazımovun adına Xatirə Parkı salmaq üçün müraciət etdik. Sağolsun Lənkəran rayon icra orqanları, ərazini bizə verdilər. Biz də kənd camaatının, Vüsalın dostlarının sayəsində bizə verilən 1200 kvadrat metr ərazidə park saldıq. Parkda kənd uşaqlarının, kənd adamlarının dincəlməsi üçün bacardığımız şəraiti qurduq və beləcə Vüsalın adını daşıyan bulağı inşa etdik.
Bu bir şəhid atasına ən böyük hədiyyə idi. İnsanlarımızın, dövlətimizin görsətdiyi qayğıya yenicə həyəcanlanır və sevinirdim ki, "sağolsun" məmurlarımız hər zamankı kimi bu sevinci də gözümüzdə qoydu, o qayğıya kölgə düşürmək üçün əllərindən gələni "əsirgəmədilər".
Belə ki, parkın açılış mərasimini 29 noyabr 2022-ci il - şəhidimizin ildönümü tarixinə razılaşdırmışdıq. Lakin, Administrasiyadan daxil olan məktuba əsasən belə halların Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alındıqdan sonra açılması tövsiyə olundu. Belə olan halda Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən razılıq almaqdan ötrü məktub və müvafiq sənədlər göndərildi və xahiş etdik ki, 17 dekabr - şəhidin doğum günü tarixində açılış mərasiminə razılıq verəsiniz. Bununla bağlı 16.12.2022-ci ildə teleqramla Prezident Administrasiyasına müraciət etdim ki, bəlkə icazə versinlər. Təəssüflər olsun ki, Prezident Administrasiyası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən (Fərhad Xəlilovun sədri olduğu) təşkilatın heç bir əsası olmadan və parkın yerləşdiyi əraziyə baxılmadan verilən gülünc rəyinə (peşəkar kompazisya standartlarına uyğun deyil) əsasən açılış mərasiminə icazə verilməyib.
Düzdür, heç bir açılış mərasimi, heç bir varlıq oğul itkisini bizə əvəz edə bilməz. Bunlar yalnız təsəlli ola bilərdi. Lakin, çox təəssüflər olsun ki, verilən bu gülünc rəy ölkə başçısının şəhidlərə diqqət və qayğısının tam əksi kimi verilmişdir. Görəsən, o məmurlar Prezidentin dəfələrlə verdiyi tapşırdıqları niyə yerinə yetirmirlər? Onlar övlad itkisinin nə qədər çətin olduğunu anlayırlarmı? Xatırladım ki, bu parkın tikilməsinə iki il əvvəl başlanmışdır!
Onu da qeyd edim ki, həmişə qürur hissi ilə “Mən hər bir vətəndaşın Prezidentiyəm!” deyən və sözünə əməl edən Ali Baş Komandan şəhid valideynlərinin ağrı-acısını öz ağrısı, acısı kimi qəbul edir və hər bir şəhidin qayğısını çəkir. Dediklərimi Möhtərəm Prezidentimizin Türk kanallarının birinə verdiyi müsahibəsində Şəhidlər haqqında danışanda “...hər zaman mənim gözümün önündədirlər onlar, nə qədər əzab, əziyyət çəkdilər, amma sınmadılar” deyərək kövrəlməsi bir daha sübutdur. Bəli, biz hər an şəhidlərimizi yad edərkən kövrəlirik, hətta burnumuzun ucu göynəyir. Təəssüf ki, keçirdiyimiz bu hisslər müraciətlərimizə başdansovda baxanlara yaddır!!??
Görəsən, məmurlarımız Möhtərəm Prezidentimizin qızıldan qiymətli bu müdrik kəlamlarını oxuyublarmı? Oxuyublarsa, niyə qulaqardına vurulur? Baş leytenant Vüsal Kazımov iki ali təhsil alan, Uşaq Gənclər İdman məktəbinin direktoru işləyən, vətənpərvər bir gənc olaraq yeganə məmur övladı olub ki, könüllü cəbhəyə yazılıb və şəhid olub. Digər məmur övladları kimi mən uşağımı gizlətməmişəm.
14 iyul 2023-cü ildə Lənkəranda qəbul keçirən Mədəniyyət Naziri Adil Kərimliyə şəxsən görüşüb, hadisəni təfsilatı ilə izah etdim. Eyni zamanda rəsmi məktubu da Nazirə təqdim etdim. Nazir isə bunun heç bir problem olmadığını dedi və qısa zamanda həll olunacağına söz verdi. Əvəzində 3 aydan (?!) sonra bir cavab gəldi ki, müəyyən sənəd təqdim edin. Yenə də Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən (Fərhad Xəlilovun sədri olduğu) təşkilatda baxılacaq. Əlaqə saxlayanda bəlli oldu ki, bütün sənədlər onlarda var, sadəcə baxmaq istəmirlər. Nəhayət, 01 dekabr 2023-cü il tarixində (süründürməçiliyin dərəcəsinə baxın!!) komissiya Lənkəran şəhər İcra Hakimiyyəti memarlıq şöbəsinin əməkdaşının iştirakı ilə iclasda məsələ müzakirə edilərkən digər bir gülünc qərar verdilər: “Parkda şəhidlərin şəkli olacağı təqdirdə razılıq verilmir, gərək barelyef düzəldilsin”. Bu da o deməkdir ki, mən gərək köhnəlmiş partokratların ictimai komissiyasına müəyyən məbləğ ödəyim və onlardan barelyef üçün rəy alım. Bu cür insanlara Azərbaycanlı demək olarmı? Hansı yollarlasa özünə artıq pensiya “qazananlar” yəqin ki, Müzəffər Ali Baş Komandanımızın müdrik rəhbərliyi ilə qazanılan uğura qısqanclıqla yanaşır və torpaqlarımızın azad edilməsini hələ də həzm edə bilmirlər.
Ta o gündən bu günə qədər mən bütün qurumlara müraciət etmişəm amma hələ də o əraziyə Park statusu verilməyib.
İndi üzümü sizə tutub deyirəm, ey mənim xalqım, bu halda mən nə etməliyəm?”
Kamran Kazımov
Kateqoriya: Sosium
Tarix: 01-02-2024 20:52
Baxış sayı: 3121
Yazı axını
08 / 12 / 2024
08 / 12 / 2024
07 / 12 / 2024
06 / 12 / 2024
06 / 12 / 2024
06 / 12 / 2024
05 / 12 / 2024
05 / 12 / 2024
04 / 12 / 2024
03 / 12 / 2024
02 / 12 / 2024
02 / 12 / 2024
01 / 12 / 2024
01 / 12 / 2024
01 / 12 / 2024
28 / 11 / 2024
27 / 11 / 2024
25 / 11 / 2024
23 / 11 / 2024
21 / 11 / 2024
Ən çox oxunanlar