Yeraltı məxfi hərbi obyekt – kiçik şəhəri xatırladan “Rixard”da 18 min əsir işləyib

20-06-2022 09:40

II Dünya müharibəsi ərəfəsində Almaniya işğal etdiyi Avropa ölkələri ərazisində təkcə komendaturalar, əsir düşərgələri, qərargahlar yaratmaqla kifayətlənməyib.
Dalidag.az musavat.com-a istinadla xəbər verir ki, 3-cü Reyx rəhbərliyi bu ərazilərdə eyni zamanda hərbi sənaye obyektləri də inşa edib və bu, tam məxfi saxlanılıb. Belə obyektlərdən biri də 1943-cü ildə Çexoslovakiyanın Litomerjitse şəhərində inşa edilib və 1944-cü ildə fəaliyyətə başlayıb.

“Rixard” adlı bu hərbi obyekt yerin altında salınıb. Obyektin inşasına 1200 mülki şəxs və 4 mindən artıq əsir cəlb edilib.
Obyektdə təyyarə və tanklar üçün mühərriklərin istehsalı nəzərdə tutulub. Həmçinin hərbi texnikalar üçün yanacaq və sürtgü materiallarının hazırlanması üçün də yeraltı məkanda neftayırma zavodu da tikilib.

“Rixard” kiçik bir şəhəri xatırladıb. Bu məxfi hərbi obyektin uzunluğu 30 kilometrdən çox olub. Dəhliz və tunellər vasitəsilə sexlər, anbarlar, kazarmalar, inzibati otaqlar arasında keçidlər mövcud olub ki, bu keçidlərdə avtomobillərin hərəkəti üçün də yollar salınıb.
“Rixard”ın fəaliyyəti tam məxfi saxlanılıb. Hətta bir çox ali və yüksək rütbəli alman zabitlərinin bu obyektə girişinə icazəsi olmayıb. Yalnız SS reyxsfüreri Henrix Himmlerin verdiyi xüsusi icazə vərəqəsi ilə “Rixard”a daxil olmaq mümkün olub.
“Rixard”da işləyən əsirlərin geri dönüşü olmayıb. Onlardan kimsə xəstələnəndə, yaxud iş qabiliyyətini itirəndə elə bu yeraltı məkanda güllələnərək dərin şaxtalarda basdırılıblar.
Hərbi obyektin ayrı-ayrı sexlərində, istehsal sahələrində 18 mindən artıq əsir işləyib. İş rejimi əsir düşərgələrindəki rejimdən heç nə ilə fərqlənməyib. Əsirlər istirahət günü olmadan sutka ərzində 12-14 saat işləyiblər. Bəzi hallarda bu müddət uzadılıb.

Yeraltı məkanda bütün kommunikasiyalar mövcud olsa da, əsirlərin onlardan istifadəsinə məhdudiyyət qoyulub. Yuyunmaq üçün kazarmaların içərisində olan ümumi hamamlara cəmi bir saat su verilib. İş saatlarından sonra yeməkxana, mətbəx və kazarmalarda əsirlər elektrik enerjisindən üç saat istifadə ediblər.
“Rixard”da əsirlərə rabitə və poçt xidmətindən istifadə qadağa edilib, onların ətraf mühitlə hansısa bir formada əlaqəsi qəti qadağan olunub.
Yeraltı məkanda tibb xidməti də fəaliyyət göstərib. Ancaq onun fəaliyyəti yalnız kağız üzərində formal xarakter daşıyıb. Əsirlər ən adi xəstəliklər üçün belə heç bir tibbi yardım ala bilməyiblər.
“Rixard”da ən dəhşətli mənzərə istehsal sahələrində tez-tez uzunmüddətli ventilyasiya sisteminin söndürülməsi olub ki, havasızlıq şəraitində işləmək əsirlər üçün əsl işgəncəyə çevrilib.

Tank mühərrikləri sexində işləyən əsir, sovet ordusunun mayoru Vitali Naskoviç sonralar “Rixard” faciələrini belə xatırlayıb:
“Mən ixtisasca mühəndis idim, ali təhsilim var idi. Müharibə başlananda orduya getdim, ali təhsilli olduğum üçün məni zabit kimi xidmətə götürdülər. Ehtiyatda olan kapitan idim, altı aydan sonra mayor rütbəsi verdilər. Tank qoşunlarında xidmət edirdim. Bir ildən sonra Ukrayna cəbhəsində əsir düşdüm. Bizi Polşadakı əsir düşərgəsinə apardılar. Təxminən bir ilə yaxın orada qaldıq. Günlərin birində səhər saatlarında düşərgənin ərazisində ciddi səliqə-sahman aparıldı. Çox keçməmiş Henrix Himmler və Yezef Göbbels düşərgəyə gəldilər. Bütün əsirləri sıraya düzdülər. Himmler əlindəki siyahını oxuyaraq adları çəkilənləri bir tərəfə yığdı. Elə həmin gün bizi, təxminən 120 nəfəri yük qatarı ilə “Rixard”a apardılar. Məni tank mühərriki sexində briqadir təyin etmişdilər. İş şəraiti olduqca ağır idi. Bu qədər ağır işin qarşısında isə verdikləri yeməklər sağlamlığımızı qorumaq, enerjimizi bərpa etmək üçün yetərincə deyildi. Bəzən günlərlə ərzaq gəlməyib deyə sutka ərzində bizə cəmi 300 qram çörək və iki qab kələm şorbası veriblər. Yeraltı məkanda əsirlərin ölümü adi hala çevrilmişdi. Ən adi xəstəliklər belə ölümlə nəticələnirdi. Xəstələrin müalicəsindən söhbət gedə bilməzdi. Bir-iki günə özün sağaldınsa, demək yaşayacaqsan, xəstəliyin davamlı olurdusa, yerindəcə güllələyib, şaxtaya atırdılar...”

“Rixard” düz bir il fəaliyyətini belə davam etdirib. 1945-ci ildə sovet qoşunları “Rizard”ın ərazisinə yaxınlaşanda almanlar yeraltı obyekti partlatmağa qərar veriblər. Amma əsirlərdən biri bu partlayışın qarşısını ala bilib. Bununla yanaşı almanlar istehsal sahələrini minalayıblar.
Sovet qoşunları yeraltı obyekti öz nəzarətlərinə götürdükdən sonra bütün əsirləri buraxıblar. 1945-ci ilin iyun ayından hərbi obyektin minalardan təmizlənməsi başlanıb. Bu iş bir neçə il davam edib. Amma buna baxmayaraq, yeraltı məkan minalardan maliyyə çatışmazlığına görə tam təmizlənməyib. Yeraltı obyektin iki uzun tuneli möhürlənərək minalı vəziyyətdə qalıb.
Sonralar “Rixard”da təmizləmə işləri davam edib. Amma bu günə qədər yeraltı hərbi obyektin bəzi ərazilərində hələ də mina təhlükəsi var.


Kateqoriya: Sosium
Tarix: 20-06-2022 09:40
Baxış sayı: 3165
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını