"O yanda bir yurd dağılıb, xaraba qalıb evləri" -ŞEİR

26-02-2020 16:50

"O yanda bir yurd dağılıb,  xaraba qalıb evləri"

Ordan başladı həsrətim...qanlı, faciəli başladı həm də...Xocalısız qaldım, sonra Şuşasız, sonra Laçınsız və sonralar uzandı...
Nə zaman bitəcək, nə zaman bu ağrılar...
28 il...Bu qədər niyə dözmüşük, niyə? Ləkələnmiş namusumuzun, itirilmiş qeyrətimizin qisasını nə vaxt alacağıq, nə vaxt bizim olanı bizə qaytaracağıq?...


Dalidag.az Sevinc Qəribin Xocalı soyqırımına həsr olunmuş şeirini təqdim edir:
***
Allah bu nə yanğıdı belə,
içimdə bir dərd ağlayır,
göynəyirəm göyüm-göyüm...
Qalmışam əli qoynunda,
kimə açım, kimə deyim...
Saçımı yolmağım gəlir,
haray çəkib ağlamağım
fəryad qoparmağım gəlir.

O yanda bir yurd dağılıb,
xaraba qalıb evləri,
meşəsini don vurub,
torpağına qan yağıb,
diriləri dərbədər,
ölüləri kəfənsiz
bir şəhər əsir qalıb.

Göyü də yoxdu, yeri də,
əli hər yerdən üzülüb,
dua etməyə vaxtı yox...
Qanlı qara sürtüb üzünü
donmuş körpələrə ağlayır.
Bir yanda kəsilmiş bir əl,
biraz aralıda başsız bədən,
ondan o tərəfə
üzü soyulmuş cəsədlər...

Ayın gözlərinə tor gəlib orda,
zülmətə bürünüb gecənin üzü.
Çaşqınlıq içində çölə düşənlər
tapammır bir nicat, bir çıxış izi.
Qışın şaxtası da əcəl donunda
pərçimlənib o torpağın əyninə,
bəndi, bərəsi də tutulub tamam
bu torpaq bu gecə ölümə məhkum.

Torpaq ağlayanda zülüm olurmuş,
hönkürür gözündən qanlar tökülür.
Sinəsi üstündə qalaq meyidlər,
torpağa amansız dağlar çəkilir.
Kar olan qulaqlar duymur harayı,
O qədər ah nalə, o qədər fəryad
ərşin qulağını dəlir amma,
Allah da eşitmir, Allah da görmür,
ərşin qulağı kar, qapısı da yox...

Günahsız bir şəhər "günah" qurbanı..,
qarış qarış güllələndi o gecə.
Namusuna haram əllər uzandı,
qeyrətinə qara düşdü o gecə...

O yanda bir yurd dağılıb,
xaraba qalıb evləri...

Sevinc QƏRİB
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 26-02-2020 16:50
Baxış sayı: 3602
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını