"Varaqlara səpdim duyğularımı..." - Əlövsət Saldaş

19-08-2026 17:07
      Əlövsət Saldaş

Dalidag.az Sevinc Qəribin təqdimatında Əlövsət Saldaşın şeirlərini təqdim edir:

GETDİ

Gündə neçə dəfə halım qarışdı,
Bildim, qalan yolum bircə qarışdı.
Qamətim əyildi, üzüm qırışdı,
Pozuldu İlahi naxış da, getdi...

Nənəmnən huşumda nağıl qalmışdı,
Dürüst yadımdaydı, mağıl qalmışdı.
Başımda bir qırıx ağıl qalmışdı,
Qoşuldu, o xumar baxışda getdi.

Uydum bu dünyada yalan nə varsa,
Oldu ümidlərim talan, nə varsa...
Gənclik illərimdən qalan nə varsa,
Qərq oldu sellərə, yağışda getdi...

Başımnan tökdülər qayğılarımı,
Gözümnən çəkdilər uyğularımı.
Varaqlara səpdim duyğularımı, -
toxudum, al - əlvan naxışda getdi.

Demədi Tanrının fağrı, sağrıdı,
Duydum, ürəyimin başı ağrıdı.
Göylərə əl açdı, biri qarğıdı, -
tutdu Əlövsəti, qarğışda getdi.

ÇATMIR

Səddi gözə dəymir, sərhəddi yoxdu,
Doyurar, kimin ki, gözləri toxdu.
Baxma ki, dünyanın sərvəti çoxdu,
Birinə çatanda beşinə çatmır.

Əyridi, deyirəm, düzdü, deyirəm,
Alovlu deyirəm, közdü deyirəm.
Məqamı gələndə sözdü, deyirəm,
Birinə çatanda beşinə çatmır.

Qalalar qururam, saray tikirəm,
Hər gün əlləşirəm, hər ay tikirəm.
Taqətdən düşəndə, haray çəkirəm,
Birinə çatanda beşinə çatmır.

Atəşin içində gəzir, çıxıram,
Həyat girdabında əzir, çıxıram...
Yetimə, yesirə nəzir çıxıram,
Birinə çatanda beşinə çatmır.

Hələ ki, damarda qaynardı qanım,
Əlövsət, təzədən tutuşum, yanım.
Arzular dalınca yesirdir canım,
Birinə çatanda beşinə çatmır.

KEÇİR

Sınaq yollarıdır ömür yolları,
Ərənlər bu yolu şəhanə keçir.
Qorxaqlar min dəfə ölür, dirilir,
Tapır alçalmağa bəhanə, keçir.

Fəhmimi apardı illər aradan,
Ayıra bilmədim ağı qaradan.
Gündə əl açıram, görüm, yaradan,
Səbirə nə verir, aha nə keçir?!...

Sevinci çox baha, dərdi havayı,
Cəmlədi yığvalım verdi havayı.
Ömürün köçündə sözdən savayı
Ayrı nəvar - nəyox, baha nə keçir.

Çoxmu çək - çeviri,hələ, biləydim,
Beş - on günahımı silə biləydim.
Məşhər ayağında - bilə biləydim,
Nökərə nə keçir, Şaha nə keçir?!....

Əlövsət, dünyamız bazardı, bazar,
Vətəndə doğulan qürbətdə azar.
...Olum bəlakeşi, miskin bir yazar,
Deyimmi qəlbimdən daha nə keçir...

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 19-08-2026 17:07
Baxış sayı: 368
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını