Reklam
Camal Sürəyya:"Öncə yalnızlıqla mənim aramda tək əllərin vardı..."
05-10-2019 22:42
Camal Sürəyya 1931-ci ildə Ərzincanda anadan olub. Əsl adı Cəmaləddin Seberdir.
Dalidag.az Camal Sürəyyanın şeirlərini təqdim edir:
8.10 GƏMİSİ
Səsində nə var, bilirsənmi?
Mavi, ipək kimi
qış çiçəyi,
yəni, ən səfalı bağçanın
ən səfalı yeri...
Nə oldu,
birdən
siqaret çəkmək bəhanəsiylə
göyərtəyə qalxdın?
Səsində nə var, bilirsənmi?
Yuxusuz adamın türkcəsi...
Anladığım bu:
işindən məmnun deyilsən,
şəhər.... şəhər də
xoşuna gəlməyib...
Nə oldu,
göyərtədə
yanında dayanan adam
əlindəki qəzeti qatladı?
Səsində nə var,
bilirsənmi?
Tör-töküntülü bir ev...
Dəqiqədəbir
əlini saçlarına aparıb,
rüzgarda dağılan yalnızlığını
sahmana salırsan...
Səsində nə var, bilirsənmi?
Birlikdə oxuduğumuz
məktəb türküləri,
bir də,
əski, əski öpüşlər...
Səsində nə var,
bilirsənmi?
hamamın soyuq şüşəsi -
neçə gündü görünmürsən,
görünmürsən,
görünmürsən,
görünmürsən...
Səsində nə var,
bilirsənmi?
Söyləmədiyin sözlər...
Bəlkə,
doğrudan da,
kiçik, lüzumsuz şeylərdi onlar,
amma,
günün hansı vaxtı olur-olsun,
heykəl kimi
kəsirlər qabağımı...
Səsində nə var,
bilirsənmi?
Dilinin ucuna gətirmədiklərin,
dilinin ucuna gətirmədiklərin...
ÖNCƏ
Öncə
yalnızlıqla mənim aramda
tək əllərin vardı,
Sonra birdən-birə
qapılar açıldı
axıra qədər;
üzün,
gözlərin,
dodaqların -
hər şeyin,
hər şeyin üstümə axıb gəldi...
Sonra
qorxusuzluğun
ortasında qaldıq,
ada kimi...
Sən
soyunub utancaqlığını
divardan asdın,
mən
masanın üstünə qoydum
qayda-qanunlarımı,
hər şey belə başladı öncə...
ÇAY KƏNARINDA QADINLAR GÖRDÜM
Porsuq çayının kənarında
qadınlar gördüm,
bir deyil,
beş deyil,
ən azı, yüz kərə...
Ümidsiz sevdalara
tutulublar,
üzü səhraya
seyrələ-seyrələ
yaşayırlar,
gül kimi,
çiçək kimi.
Nələri varsa,
verirlər adama,
"ah" demədən, "uf" demədən,
təki könüllərinə yatasan...
Qızılirmaq kənarında
qadınlar gördüm;
dillərində
yanıq-yanıq
türkülər:
"Qızılirmaq parça-parça olaydın,
olaydın oy,
olaydın oy,
olaydın oy.
Hər parçanı bir dərədə bulaydım,
bulaydım oy,
bulaydım oy,
bulaydım oy.
Sən də mənim kimi yetim qalaydın,
qalaydın oy,
qalaydın oy,
qalaydın oy.
Necə qıydın allı-güllü gəlinə,
necə qıydın allı-güllü gəlinə?"
Qızılirmaq kənarında
qadınlar gördüm;
bir tikə çörək - qapqara,
bir tutam xına -
on quruşluq, qıpqırmızı...
Qızılirmaq kənarında
qadınlar gördüm;
qaranlıqda
uzanmışdılar yan-yana -
üstləri yarıörtülü,
yarıaçıq...
Oy anam,
oy anam,
gecənin bu vaxtı
kim ürkütmüş onları,
isti yerlərindən
perik düşmüşlər?..
Dəclə sahillərinə
qatar çatınca,
Öncə göy üzü görünür,
Sonra
gül qurusu qadınlar...
Bir gün
sizin də yolunuz düşər
çay kənarına,
görərsiniz,
görərsiniz,
görərsiniz
bıçaqla sümük,
susmaqla ağlamaq
arasında qalan
o qadınları...
EŞQ
Sən
indi qalxıb gedirsən.
Get.
Amma bilirsən
çətin olacaq
gözlərinin həsrətinə
dözmək.
Üstəlik,
bu gün yuxudan da
ayın-şayın oyanmışıq -
eşq açmışdı gözlərimizi.
Bir quş
bir budağa qonurmuş kimi
qonmuşdu barmaqlarıma,
arxasınca
bir sevgi uçub gəlmişdi
və bir daha getməmişdi...
Hər şey necə dəyişdi...
Bu döyünən ürək mənimkidimi?
Bəs səninki hanı?
Üç-dörd damla
yetirdi saçlarını islatmağa,
bir dilim çörək,
bir-iki zeytun...
doyurduq,
biz eşq acı idik, eşq...
Saçların, dodaqların, sinən...
neçə öpüşlə doyulur?
Sən indi qalxıb gedirsən.
Get.
Amma bilirsə çətin olacaq
gözlərinin həsrətinə
dözmək...
TURQUT UYARA
Bir ağ mənzildə yaşayır,
Qapısı pəncərəsindən çox.
Gözlərində ulduzlar,
mavi, sərin yerdə durur.
Bir əlində qədəh,
Bir əlində ağrı-acısı.
Bir bağçadan səsi gəlir,
Nəyinsə telini
oxşayırmış kimi.
Öldüyü gün
Bizi dünyadan qovdular.
UZAQDAN-UZAĞA SEVİRƏM SƏNİ
Uzaqdan-uzağa sevirəm səni,
ətrini duymadan,
boynuna sarılmadan,
yanaqlarına toxunmadan,
uzaqdan-uzağa sevirəm səni.
Uzaqdan-uzağa sevirəm səni,
əlini tutmadan,
ürəyini titrətmədən,
gözlərində itib, itib getmədən...
Üç günlük
sevdalarda olduğu kimi,
sərsəri tək deyil,
adam kimi sevirəm, səni.
Elə uzaqdan-uzağa
uzaqdan-uzağa sevirəm səni,
yanaqlarına sızan
iki damla yaşı silmədən,
ən çılğın qəhqəhələrinə
ortaq olmadan,
ən sevdiyim türkünü
səninlə bərabər oxumadan -
elə uzaqdan-uzağa,
uzaqdan-uzağa sevirəm səni.
Qırmadan,
tökmədən,
parçalamadan,
üzmədən,
ağlatmadan -
uzaqdan-uzağa sevirəm səni,
məsum bir kağıza
damla-damla tökülən
kəlimələr tək...
* * *
Ölüm gəlir ağlıma birdən, ölüm,
Qocaman bir ağaca sarılıram,
var gücümlə...
* * *
Bir qadın düşün,bir qadın:
yarısı anadır,
yarısı çocuq,
yarısı sevgili,
yarısı eşq,
yarısı rəvayət,
yarısı həqiqət,
yarısı gündüz,
yarısı gecə...
SƏN GƏLSƏN
İndi pəncərəni açsam,
gözləsəm,
sən gəlsən,
heç bir şey soruşmasan,
heç bir şey deməsən,
sussam,
sussan,
sussaq,
sükutun anlatdıqlarını dinləsək,
arxa-arxaya əyləşsək,
ağlasaq, ağlasaq, ağlasaq,
"nəyə görə?", "nə üçün?" -
səbəbini
soruşmasaq, soruşmasaq, soruşmasaq...
Sarılsam,
sarılsan,
sarılsaq
və yenə də
heç bir şey danışmasaq,
amma
anlasaq, anlasaq, anlasaq...
Xəyaldı...
Olarmı belə şey?
Olsa nə olacaq?..
ALMA
İndi sən
çırılçılpaq bir alma yeyirsən,
alma da almadı ha,
bir yarısı qırmızı,
bir yarısı yenə qırmızı,
üstündə göy üzü,
üstündə quşlar uçur…
Xatırlayacaq olsam,
üç gün öncə
çırılçılpaq soyunmuşdun,
divanda alma yeyirdin,
mənim
elə almalara
meylim yoxdu…
Quşlar uçur üstümdə,
bunlar sənin almanın quşlarıdı,
göy üzü uçur üstümdə,
bu sənin almandakı göy üzüdü…
Xatırlayacaq olsam,
İstanbulda
kilsə zəngini çalıram,
sən yenə çırılçılpaqsan,
dənizin ortasına gələnə qədər
alma yeyirsən,
ürəyimin ortasına gələnə qədər
alma yeyirsən,
bir yanda gəncliyimiz,
kədərlər içində,
bir yanda
Sirkəçinin
qatardan düşürtdüyü qadınlar -
sadəcə, dodaqlarından öpdürürlər…
Sən
özün kimi
çırılçılpaq bir alma
yeyirsən,
üstündə - göy üzü,
üstündə - quşlar uçuşur,
üstündə -
xatırlayacaq olsaq, kədərimiz…
SEVGİLİM
Günortadı.
Maşınlar
sürətlə gəlib keçirlər,
hər yer qələbəlikdir.
Mən səni düşünürəm,
bir qəlyanaltıda,
uzat əllərini, uzat, tutum.
Gəzməyə çıxmış
əsgərlər görürəm,
bir də cilvəli qızlar.
İstanbul
hərgünkü halında -
səs-küylü,
göyərçinlər
ünəşi dənləyirlər…
Mən səni düşünürəm, səni,
yəni,
eynən o ilk günlərdə
olduğun kimi.
Ürəyim -
təptəzə bir su sayğacıdı sanki -
guppagup işləyir.
Eşqi xatirələr yaşadır,
yuxular qədər, -
Bunun üçün deyirəm:
eşq köhnəldikcə eşq,
sevgi köhnəldikcə sevgidir…
Çoluğumuz - çocuğumuz,
çörəyimiz, türkümüz…
Bunlar bir yana,
gəmilərin burnu
köpük içində,
uzaqlarda nə qapılar açılır,
təyyarənin
biri qalxır, biri enir,
qatarın
biri gedir, biri gəlir…
Hər kəs bilir, hər kəs,
Bəs, sən
sən bilirsənmi
səni necə sevdiyimi,
üstündə necə əsdyimi,
gəldiyimi,
getdiyimi?
Söylə! Söylə! Söylə!
ÇİÇƏK
Bir çiçək açmışdı, orda,
sanki
təbiətin bir səhvini
düzəltmək istəyirdi,
boy atmışdı
gözümün içinə qədər,
anlamadığım şey danışırdı.
Bir gəmi,
bəmbəyaz bir gəmi
yan alır dan yerinə,
göyərtəsi
başdan-başa orman…
Dərdim çiçəyi,
burnuma tutdum -
sən demə,
yalnızlığım imiş…
* * *
Əllərindən tuturam,
səhər qədər sevdiyim əllərindən,
əllərin bəyaz
təkrar bəyaz,
təkrar bəyaz,
vağzalda qatar olur bir az…
Mən
bəzən
vağzalı tapa bilməyən
adam kimiyəm…
ÖLÜM
Ölürəm, Tanrım, ölürəm,
axır ki, bu da başıma gəldi.
Bilirəm, Tanrım, bilirəm,
hər ölüm vaxtsız ölümdür.
Amma
deyim ki,
aldığın bu həyat
heç də pis deyildi…
Camal Sürəyya
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr / Tərcümə
Tarix: 05-10-2019 22:42
Baxış sayı: 31 001
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02