Reklam

"Firuzə" - Fərid Muradzadə (Hekayə)
15-08-2025 14:12

Dalidag.az Fərid Muradzadənin hekayəsini təqdim edir:
FİRUZƏ
Müştəri xidməti sahələri üzrə işləmək çox yorucudur.Gün ərzində müxtəlif xarakterə məxsus insanlarla ünsiyyətdə olmaq, onların suallarını cavablandırmaq, istədiklərinə uyğun seçim etmək və yönəltmək müəyyən bir yaş həddindən sonra insanı daha çox haldan salır. Bu gün işimiz olduqca gərgin keçmişdi. Çox yorğun idim. Ayaqlarımı sürüyü-sürüyə dəmiryol stansiyasına çatdım. Qəribə də olsa ürəyimdən bu saatda(pik saatda) vaqonda əyləşməyim üçün heç olmasa bircə boş yerin olması arzusu keçdi. Arzuya bax e… amma gülünc də olsa bunu elə istəyirdim ki. Bir stansiya sonra sanki arzumu mələk yerinə yetirdi. Düz qarşımdakı oturacaqda iki yer boşaldı. Keçib əyləşdim.Vaqonun pəncərəsindən baxanda geridə qalan mənzərə mənə insan ömrünün geridə qalan illəri kimi görünürdü. Mənzərələr insan ömrü kimi dəyişirdi.Yaraşıqlı hay-küylü şəhər mənzərəsini yorucu boz çöllər, dəmir yolu relsləri, kilometrlərlə uzanan elektrik dirəkləri və naqilləri, hərdən də yaşıl sahələr, ağaclar və çirkab sularının yığışdığı gölməçələr əvəz edirdi. Qatar ləngər vura -vura relsin üstü ilə gedirdi. Hamı yorğun idi, çoxusu gözlərini yummuşdu. Qatar sanki içindəki insanları yırğalayan nənniydi.Hamını öz dilindəki nəğmə ilə uyudurdu. İstəməsəm də aram-aram göz qapaqlarım ağırlaşıb qapandı.İnadım yorğunluq və yuxuya yenildi.Yuxu məni aparmışdı. Zəng səsinə oyandım. Mənim telefonum çağırırdı. Yarıyuxulu halda ekrandakı nömrəni tam aydınlaşdırmadan cavab düyməsinə toxunub telefonu qulağıma yaxınlaşdırdım.
-Salam. Necəsəsn? Nə var nə yox? Hardasan?
Birnəfəsə deyilən bu cümlələrin müəllifi çoxdandır ki görüşmədiyimiz bir biznesmen dostum idi. Məndən üç ya dörd yaş böyük idi. Buralarda çox olmurdu deyə-ildə bir-iki dəfə görüşüb hal -əhval tutardıq. Kefim açıldı, yorğunluğum çəkildi. Dostumla az-az görüşək də bizim söhbətimiz çox gözəl alınardı.Fərqli peşə sahibləri olsaq da bizim ruh yaxınlığımız vardı.Adam zəngin həyat təcrübəsinə malik birisi idi. Hal-xoşdan sonra "Tez gəl. Dəniz panoramlı "N" restoranında səni gözləyirəm. Ürəyim doludur. Səni Firuzə ilə tanış edəcəyəm. İndiyə qədər sənə ondan heç bəhs etməmişəm "deyib sağollaşdı.
Firuzə… Dostum olduqca ağır təbiətli, ədəb-ərkanlı birisi olduğu üçün bu Firuzəni nəsə qəbul etməməyə çalışırdım amma o nəhayətdə bir qadın adı çəkmişdı. Məəttəl qalmışdım. Dostum heç vaxt belə bir söhbət etməmişdi, yəni mən ondan bu mövzuda nəsə eşitməmişdim. Hətta çılğın gənclik illərində belə.Dostum məhrəm söhbətləri heç zaman bölüşməyən mühafizəkar birisiydi. Əslində biz hər ikimiz eyni xarakterə malik idik.İndi birdən-birə illər sonra dostumun məni Firuzə ilə tanış etmək istəməsi olduqca qəribə görünürdü. Nə isə qatardan düşüb deyilən ünvana tez yetişmək üçün taksiyə əylədim və mümkün qədər tez sürməsini xahiş etdim.
Təpənin üzərində üzü dənizə baxan restoranın gözəl mənzərəsi vardı. Bura çox səliqə-sahmanlı, həm də sanballı restoran idi. Həmişə elit müştəriləri olardı. Ən sıravi işçidən rəhbərliyə qədər hamısı gülərüz, mədəni, şən kollektiv idi.İçəri girən kimi məni qarşılayıb dostunun masasına apardılar. Batmaqda olan günəşin şüaları əks olan lacivərd dəniz suyuna tamaşa edən dostum masada təkcə əyləşmişdi. Qalxıb mənlə görüşdü. Mənalı-mənalı üzümə baxıb "əyləş"dedi. Həmişə şən əhval-ruhiyyədə olan dostum nəsə dalğın görünürdü.Gözləri lacivərd sulara dikilmiş, xəyalı isə sanki bu dünyanın deyil, əlçim buludların yerlə arasında sərhədd çəkdiyi səmanın ənginliklərində süzürdü. Nə idi mənim dostumu bu qədər rəncidə edən? Kim idi dostumun həyatında indiyə qədər varlığını bilmədiyim Firuzə?!
Gülərüz, ucaboy gənc süfrəçi masanı hazırlamağa başladı. Hər şey hazır idi, amma ən qəribəsi o idi ki, süfrə iki nəfərlik idi. Mən spirtli içki içmədiyim üçün biz görüşəndə dostum da heç zaman içməzdi, ancaq bu gün onilliklər sonra dostum ilk dəfə bizim süfrəyə araq qoydurmuşdu. Üzürxahlıq edib badəsini doldurdu. Heç nə demədən badəni başına çəkdi. Hiss edirdim ki, danışmaq istəyir, amma sıxılır. Özlüyümdə içsin, kefi durulanda danışar-dedim Onsuz da onu dinləmək üçün burda idim. Masada səssizlik hökm sürürdü. Arabir xəfifcə çəngəl-bıçaq və çənələrimizin səsi eşidilirdi. Dostum çox zövqlü insan idi. Menyu seçimini də əla etmişdi. Təxminən 15-20 dəqiqə sonra danışmağa başladı.
Bilirsən müəllim(ixtisasca müəllim olduğum üçün həmişə belə müraciət edərdi)elə şeylər var ki, onlar ömürlük insanın qəlbində gizlincə qalır heç kimlə bölüşülmür. Elə arzular, elə istəklər var ki, zamanında onu çox istəyirsən amma sənə qismət olmur, zamanla unudursan, yaxud da alt şüurda qalır, amma xatırlamırsan. Sanki kül altında köz qalır və qəfil külək o külü sovuranda altındakı köz parlayır...
Biz səninlə illərin sınağından çıxmış dostlarıq. Dostluğumuz möhkəm bağlara və bir qərinəyə söykənir. Sən yeganə dostumsan ki, sərvətimə görə mənimlə dostluq etmirsən. Nə qədər səni işə dəvət etdimsə gəlmədin.O zaman hər şeyi çox gözəl izah etdin və bu məsələyə bir daha da qayıtmaq istəmirəm. Bizim dostluğumuz sınaqla başladı. Məni təkləyənlərin qarşısına o vaxt yeniyetmə olsan da yalnız sən çıxdın. Sayca bizdən çox ,yaşca böyük və fiziki cəhətdən də bizdən güclü olan dəstə üzvləri ciddi müqavimətimizə baxmayaraq bizi babat əzişdirmişdilər. O vaxt dəstənin üzvlərindən söz sahibi olan sənin tanışın bizim həyatımızı qurtardı. Sonralar o adamın xəcalətindən çıxdım. İndi dünyasını dəyişib.Biz o gündən dost olduq.Sirrimiz-sözümüz bir yerdə oldu. Indi deyəcəksən ki, bəs bu Firuzəni niyə məndən gizlətdin? Desən də haqlısan, amma bayaq dedim axı elə şeylər var ki kül altda qalan köz kimi olur. Sənə hər şeyi danışacağam. Müəllim, məni səndən başqa kimsə anlamayacaq, başa düşməyəcək deyə səninlə görüşmək istədim.
Yadındadır, o illərdə biz hər ikimiz bazarda hər "dinə qulluq " edəndə sənə öz arzularımdan danışardım. Maşın alacaqdım. Ağ rəngli "Vaz 21 07" hamının sadəcə 07 dediyi maşın…
Hərənin bir arzusu olur. O zamanlar da mənim arzum idi 07.Və o maşına ilk əyləşəcək dostum sən olacaqdın. Həyat hərəmizi bir tərəfə atdı. Keşməkeşli yollardan, sınaqlardan keçdik, sınandıq, yollarda yoldaş,həyatda dost olduq. Dost sözünün izahını sən gözəl vermişdin. Yəni sənin izahınla desək biz iki nəfər dörd ünsür olduq. Eh, müəllim, nə mən 07-ni aldım, nə də sən 07-də sərnişin oldun, amma biz illərin dostu olduq. Əziz dostum, iki gün əvvəl gecə yarısı oyaq idim və "You tube" platformasında var-gəl edirdim. Qəfil qarşıma bir mahnı çıxdı və məni keçmişə apardı. Bu mahnı yüksək tədbirlərdə ifa ediləcək bir mahnı deyi, amma bu mahnı birbaşa mənim gizli məhəbbətim və həsrətində olub ala bilmədiyim 07 ilə bağlı idi. Yadındadır o illərdə belə bir mahnı vardı "Firuzə"
Mahnının nəqəratı belə idi "
Firuzə, Firuzə, Firuzə yarım bəs niyə sən, Firuzə yarım, gəlməyirsən?"
Xatırladın? Hər dövrün öz tələbi, öz dəbi var. Geyimdən, məişətdən ta incəsənətə qədər. O illərdə bizim kimi qanı qaynayan yeniyetmələrin və gənclərin maşın mahnısı idi "Firuzə" Kiminin sevinci, vüsalı, kiminin həsrəti, niskili, kiminin dəli kimi sevdiyi, kiminin dəli olub itirdiyi, kiminin arzusu, xəyalı idi Firuzə. Elə mənim də hamıdan gizli saxladığım sevgim idi Firuzə… Yadındadır, 16 saylı məktəbin arxa tərəfində köndələn beşmərtəbənin 2-ci mərtəbəsindəki vaxtların biznesmenlərindən biri olan Nadir müəllimin(əvvəllər zavod direktoru olmuşdu) yeganə qızı Firuzə. Çoxlarının eşqindən dəli-divanə olan həmin Firuzə. Mən də hamıdan gizli o qızı sevirdim. Və mən də məhz arzularımın maşını olan ağ 07-ni alıb "Firuzə" mahnısını dinəyə-dinləyə Firuzənin arxasınca kölgə kimi gəzəcək, bir gün ona ürəyimi açacaq və nə qədər şirin xəyallar quracaqdım… Ürəyimi Firuzəyə açdım da,amma kim idi Firuzəni mənə verən. Kasıb uşaq idim, heç atam da yox idi.07 ala bilmədim, Firuzəyə qovuşa bilmədim, amma həyata inad işləyib qazandım, bacılarımı oxutdum, özüm təhsil aldım və bir gün böyük biznes uğurlarım oldu. Dostum, bəzən heç nəyin olmur, amma güclü, ülvi xəyalların olur, lakin onları gerçəkləşdirə bilmirsən.Bəzən də hər şeyin olur, ancaq o vaxtkı hisslərin olmur. Maddi imkanının hesabına istədiyini edə bilirsən, ancaq o zövqü ala bilmirsən. Mahnıya dalbadal qulaq asıb xəyalən özümü illərin arxasında qalmış dəli gəncliyimə qovuşdurdum. Səndən başqa heç kəs məni anlamaz! Səhər "Rent a car"dan ən səliqəli ağ rəngli bir 07 kirayə götürdüm. Gecənin qaranlığında bir zamanlar eşqindən Məcnun olduğum Firuzənin ərə getdiyi bölgəyə üz tutdum. Məni yanlış anlama, Firuzəyə əsla görünmədim ,bu mənim vicdanıma sığacaq bir şey də deyil, lakin uzaqdan onu görmək istədim. Hər şey dəyişmişdi elə bizim kimi. Gördüyüm Firuzə sevdiyim Firuzə deyildi. O incəbel, yanağı xallı, qapqara gur saçları olan Firuzənin yerində saçları solmuş, hikkəli, totuş bir bağça müdirəsi olan qadın vardı.
Xəyalımda cavan qalan sevgilim,
Göz önündə qocalıbmış sən demə…
Nə isə, dostum. Uzun yolu gedəndə də qayıdanda da saatlarla "Firuzəni" dinlədim. Əziz dostum, mənim yüzminlərlə qiyməti olan lüks maşınım və o maşında qulaq asdığım ən şedevr mahnılar belə arzularımın maşını olan ağ rəngli 07-ni və hər iki Firuzəni əvəz etmədi. Nə mən o illərdəki çılğın,inadcıl,ürəyi həyat eşqi ilə dolu olan gənc, nə Firuzə o vaxtkı gözəl üız, nə də bu maşın həmin 07 deyildi. Ürəyimdə qalmış arzumu 30 il sonra gerçəkləşdirdim, amma bu gecikmiş sevgi etirafı kimi ağrılı, ancaq heç nəyə yaramayan bir hiss idi.Əziz dostum, o vaxt mənim arzum idi ağ rəngli 07 də "Firuzəyə"qulaq asa-asa Firuzənin görüşünə getmək. Ağ 07-də özündən gizli fə olsa Firuzəni gördüm, "Firuzəni" dinlədim, amma intizarında, həsrətində olduğum həzzi ala bilmədim. Bunlar ömrün payızında süni bahar yaratmaq kimidir, amma yenə də arzu idi, gec də olsa. Lakin bunu bir daha anladım ki, elə şeylər var ki, olduğu kimi qalsa daha yaxşıdır, daha ülvidir. Elə sirlər var ki açılmasa daha da gözəl olur.Özündən başqa heç kim bilmir. Hissləri bəzən ifadə etmək olmur,dostum.
Hər ikimiz sakitcə pəncərədən aşağıda dayanmış ağ rəngli "Vaz 21 07" markalı avtomobilə baxırdıq. Baxışlar həminki hisslər fərqli idi.
Dalidag.az



Yazı axını
15 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
14 / 08 / 2025
13 / 08 / 2025
13 / 08 / 2025
13 / 08 / 2025
12 / 08 / 2025
12 / 08 / 2025
09 / 08 / 2025
08 / 08 / 2025
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
Ən çox oxunanlar