"Donar xatirələr bir şəkil üstə..." - Sevinc Qərib

13-08-2025 15:00
Sevinc Qərib

"...Atarsan özünü mən zirvəsindən,
yıxılar içindən o böyük adam..."


Dalidag.az Sevinc Qəribin yeni şeirlərini təqdim edir:

* * *
Adam barmağından yıxıla bilər,
sürüşər ovcunun doğmalığından.
Adam barmağından asar özünü,
üşüsə üzüyü yad barmağında.
 
Sınar ümidlərin göy bağlılığı,
uzanar əllərin ətəyin boyu.
Ötürər köksünü çarəsiz ürək,
çalınar o tayda "yadının" toyu.
 
Donar xatirələr bir şəkil üstə,
ötüşər yuxundan dünənin izi.
Yozarsan min yerə çıxılmazları,
su yuyub aparar gözün dənizi.
 
Çökər dizi üstə xəyalların da,
Qəminə bulaşar saçının teli.
Nəm çəkər duan da, susdura bilməz,
dərdin əsdirdiyi o dəli yeli.
 
Atarsan özünü mən zirvəsindən,
yıxılar içindən o böyük adam.
Budaqlar əl çalar eniş müjdənə,
quru yarpaq olar "dadına çatan".
 
* * *
Yuxuda gördüm ki, uçuram
həm də sevinə-sevinə...
gözümdəki sevincin
balaları doğulur üzümə
gülüş şəklində...
ruhum bədənimi çəkir
göydəki doğma evinə.

-ay ana, bax, mən uçuram,
uçuram, ana, vallah uçuram..
bax qollarım necə açılıb,
gör havanı necə qucuram.

ilahi, o necə sevinc idi,
o necə gülüş idi,
mələk idi, ya mən idim
qanadı eşq geyinən.
tut ağacının gülüşü
ağappaq çiçək açmışdı.
yuxuma Tanrının gəlişin
görüb dərd hara qaçmışdı?!

uçdum boyu boyunca
budaq-budaq ucaldım.
tellərimi doyunca
sığalladı göy üzü...
güzgü oldu gözlərim
qanadlanan könlümə.
yuxuda gördüm ki, uçuram
həm də sevinə-sevinə...

DİRİLİM YAR BUSƏSİNƏ

Bu nə dəli darıxmaqdı,
alıb başımın üstünü.
Bir mən, bir də Tanrı görür,
köksümdən qalxan tüstünü.
 
Darıxır əlim-ayağım,
saçlarım da incik düşür.
Xəyalımdan lent sayağı
ömrümün Səni ötüşür.
 
Darıxır dualı ovcum,
əllərimə həsrət çökür.
Bu xiffət insafsız ovçu
ürəyimə tətik çəkir.
 
Gözümün çəkdiyi yola
nəm kipriyim naxış salır.
Yenə hicranla qol-qola
səbrimin boyu qısalır.
 
Yeriməyə yox həvəsim
sənə gəlmir ki, yollarım...
Canıma sığmır nəfəsim
qoynumu boğur qollarım.
 
Sən çağır, harayla gəlim.
qüssə yenilsin səsinə.
Öldürdü darıxmaq- ölüm
dirilim yar busəsinə.

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 13-08-2025 15:00
Baxış sayı: 360
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını