"Tənhalığa yoluxuram, İlahi…" - Habil RzaNur

15-07-2025 18:03
    Habil RzaNur

Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Habil RzaNur yaradıcılığından:

MƏN ELƏ ÇOX…

Mən elə çox darıxıram, İlahi…
Pəncərələr gözlərimə yas tutub.
Pərdələr də yamaqlardan ağlayır,
Şüşələr də xəcalətdən tərləyib.
Nə gələnim, nə gedənim var daha.
Gör nə vaxtdır bu evciyin bir kərə,
Bircə kərə, qapıları açılmır.
Daşa dönüb, cəftələri pas tutub.
Məktublar da cana gəlib əlimdən,
Göyərçinlər yoruldular, İlahi…
Bütün sevgi şeirləri yazıldı,
Bütün sevgi romanları oxundu.
Bütün qışı, səngərlərdə buz tutan,
Əsgərlərin corab payı toxundu.
Bircə mənim darıxmağım keçmədi.
Məktublarım əlimdəcə saraldı,
Builki qış nə sərt imiş, təəssüf,
Göyərçinlər qırıldılar, İlahi…
Sübh çağıydı, pəncərədən görürdüm,
Allah haqqı Ay Günəşlə görüşdü.
Mən sobadan, soba məndən donurdu,
Tavandakı hörümçək də tək idi.
Bir otaqda iki tənha varıydı,
Biri ovdan, biri yardan yanırdı.
Şüşələrin arasından izinsiz
Qonaq gələn külək belə tək idi.
Elə soyuq külək idi, inan ki,
Buza dönmüş nəfəsimlə qarışdı.
Bu qış idi, nələr olmadı, nələr,
Qonşu kəntdə qan düşmənı varıydı,
Dost oldular, onlar belə barışdı!
Bircə mənim darıxmağım keçmədi.
Mən belə çox darıxıram İlahi…
Harda nə vaxt, nə olarsa bilirdim.
Harda nə vaxt, nə olarsa duyurdum.
Külqabıyla ciyərlərim şərikdir,
Tənhalığa yoluxuram, İlahi…
Mən o qədər saf deyiləm, bilirsən.
Harda, kimsə, darıxsaydı, duyardım.
Mən hamının, mən hər kəsin yerinə
Darıxıram…
Darıxıram, İlahi…

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 15-07-2025 18:03
Baxış sayı: 3151
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını