Reklam

"Bir ovuc duadan nə çatır göyə?" - Elçin Məmmədov
23-05-2025 11:38

Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Elçin Məmmədov yaradıcılığından:
BİR OVUC DƏN ATIN GÖYƏRÇİNLƏRƏ...
Pas atıb dibini sarı ləyənin,
Bir ləyən bir ovcun üçü boydadır,
Bilirsən, ən böyük ayrılıqlar da
Bir yeşik, bir kitab, bir ağ, bir də ki,
Bir də ki... vücudun köçü boydadır.
Nədir ki bir ovuc?
Bir tikə ət, bir sıxma sümük,
Beş barmaq, hərəsi başqa ölçüdə.
Dua da o ovcun içi boydadır.
Bir ovuc duadan nə çatır göyə?
Bir ovuc dən atın göyərçinlərə.
Ac qalar gözünün qarasın yeyər,
Çəkər yerə tərəf yağışı, qarı,
Yeyər, buludların sırasın yeyər.
Yeyər həyətdəki iti, pişiyi,
Yeyər küçələri, evi, eşiyi,
Yeyər e atılmış körpə beşiyin.
Boz yurdda ac qalan balasın yeyər.
Bir ovuc dən atın göyərçinlərə.
Ovudar nə kəndir, nə dar, kiriməz.
Adəmin almasın dadar, kiriməz,
Çəkər Qobustanın daş yaddaşını,
Çəkər qayalardan yallı səsini,
Atar Xəzərlərə, atar, kiriməz.
Udar qətrə-qətrə gölü, dənizi,
Dəclədən Fərata nə var...kiriməz,
Jannanın külünü udar, kiriməz.
Bir ovuc dən atın göyərçinlərə.
Gəzər, kimi tapar ömrünü dənlər,
Torpağın çat atmış səbrini dənlər,
Süd qoxan körpənin qəbrini dənlər,
Hadinin ömründən itkin illəri,
Müşfiqin köksündən mərmini dənlər.
Bir ovuc dən atın göyərçinlərə.
Yer üstə atılan əsanı yeyər,
Dənizi qurudar, Musanı yeyər,
Yol tapar Məryəmdən çarmıxa qədər,
Yeyər, tanrı oğlu İsanı yeyər.
Bir ovuc dən atın göyərçinlərə.
Bir də qan qoxuyar səhərlər birdən,
Tanrı bəlkə ötməz bu yerdən bir də.
Sonuncu cəsədi çəkər qəbirdən...
Göydə qara-qara tüstünü didər,
Qan ilə örtülmüş qara torpağın,
Eşər məhvərini, üstünü didər,
Dimdiyin külüngə çevirər bir də,
Didər, nəhənglərin büstünü didər.
Bir ovuc dən atın göyərçinlərə.
Göyə tilov atmış bu yer xətrinə,
Quyudan bağıran o sirr xətrinə,
Quyuya atılmış səbr xətrinə,
Dərisi soyulmuş şair xətrinə,
Bir ovuc dən atın göyərçinlərə.
Dibini pas atıb sarı ləyənin...
Dalidag.az



Yazı axını
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar