Reklam
"Ayağım altında daş uçqunları, başımın üstündə qayalar bitib"- Əşrəf Veysəlli
09-05-2025 12:20
Əşrəv VeysəlliSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı ustad şair Əşrəf Veysəlli yaradıcılığından:
HAYANA APARIR BU YOLLAR MƏNİ
Qartal qayaların baxışı ağır,
Təhlükə tökülür qaşqabağından.
Yolların qırılmaq qorxusu yağır
Zirehli dağların daş papağından,
Hayana aparır bu yollar məni?
Qara buludların qılıncı qında,
Əlində çayların ömür yelkəni.
Qalıb fikirlərim yol ayrıcında,
Çəkir məngənəyə suallar məni,
Hayana aparır bu yollar məni?
Qırmızı, ağappaq yalanlar kimi,
Gah günəş aldadır, gah da qar məni.
Qıvrılıb açılır ilanlar kimi,
Buynuzu içində olanlar kimi,
Hayana aparır bu yollar məni?
Keçər üstümüzdən vaxt yeyin-yeyin,
Bir də görərsən ki, axdı bu yollar.
Yox-yox, acizliyin, ümidsizliyin
Gözünə sancılan oxdu bu yollar,
Hayana aparır bu yollar məni?
Köhlən zirvələrin, daş xurcunların
Könlündə, gözündə intizar bitib.
Ayağım altında daş uçqunları,
Başımın üstündə qayalar bitib,
Hayana aparır bu yollar məni?
Qorxuya sədd olan qədim bəndlərin
Köksü şırım-şırım, zədən-zədəndir.
O dağ zirvəsinə qonan kəndlərin
Divar daşları da vahimədəndir,
Hayana aparır bu yollar məni?
Nurlu kəhkəşandır vətən yolları,
Gah oddan adlayır, gah sudan keçir.
Bəlkə gözəlliyə gedən yolların
Çoxu təhlükədən, qorxudan keçir?!
Hayana aparır bu yollar məni?
Yoxsa bu yolların mənzil başında
Könlümü yaşadan ümid yeri var,
Hər gün gəzər məni, axtarar məni?
Ömür yollarıdır bəlkə bu yollar,
Hayana aparır bu yollar məni?!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 09-05-2025 12:20
Baxış sayı: 3320Yazı axını
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























