Reklam

Mənsurə Xələfbəylinin "Qazanc"ı - Hekayə
09-05-2025 10:30

Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünün növbəti hekayə ərmağanı Mənsurə Xələfbəyli yaradıcılığından:
QAZANC
Şəhərin bu başından aldığı ucuz pal-paltarı, o başında bir az baha qiymətə satırdı. Özünün dediyi kimi "şıdırğı" alver edirdi. Məhəllə-məhəllə gəzib: "Səyyar dükan ayağınıza gəlib, ay xanımlar, buyurun, gəlin..."- deyəndə camaat başına toplaşırdı. Müştəriləri ilə söhbətləşə-söhbətləşə əlindəki malları satıb pulları cibinə yığırdı.
Aradan xeyli keçirdi. Alveri zəifləmişdi. Ağır zənbillərlə şəhəri dolaşmağın mənası yox idi. Yaşamaq üçün başqa yol tapmalıydı. Bir gün qonşuları başına yığıb: "Ay qonşular, neçə gündür “qurban olduqlarım” yuxuma girir. Mənə vergi verirlər. Boynuma çox ağır yük qoyurlar. Bu yükü necə daşıyacam?"- deyə hönkür-hönkür ağladı. Qonşulardan onun sözünə inanan da oldu, inanmayan da. Gözünün yaşını silib: "Aranızda şübhə edənlər var ha, mənə agah olur. İnanmayana "qurban olduqlarım" qənim olar,"- deyə altdan-altdan qadınları süzdü. Onları inandıra bildiyini görüb sevindi.
Alverdən falçılığa keçib yenə qazanmağa başladı.Yanına çoxlu adam gəlirdi. Birinin "bəxtini açır", birinə "şirinlik" duası yazır, digərinin də evindən guya "cadu" çıxardırdı. Əlinə pul, gözünə də nur gəlirdi.
Bir gün qonşu gəlinə dedi ki, ərin səni aldadır. Hirsindən əl-ayağı əsən qadın qarğış eləyə -eləyə qapıdan çıxdı. Az sonra ər-arvadın səsinə bütün məhəllə yığışdı. Ərinin xəyanət etdiyinə inanan gəlin uşaqlarını da götürüb atasının evinə getdi.
Arvadının birdən-birə dava salıb evi tərk etməsinin səbəbini qonşulardan öyrəndi. Falçının ölüsünü-dirisini söyə-söyə ora hücum etdi. Qapı açılar-açılmaz falçının sifətinə yumruq dəydi. Zərbənin təsirindən divara çırpılan qadının burnundan qan açıldı. Qonşular dəliyə dönmüş kişini çətinliklə sakitləşdirdi.
Uzun müddət camaatın gözünə görünmədi. Eyvana da çıxmadı. Öz-özünə: "Qələt edərəm, bir də fala baxmaram. Bu nə iş idi başıma gəldi?"- deyə deyindi.
Mənzilini təmizləyəndə əlinə bir neçə kitab keçdi. Üzü güldü. Sevindiyindən kitabları öpdü.
Qonşular onun hər gün başında yaylıq, əlində kitab harasa getdiyini görürdü. Soruşanda: "Bacı, mən falçılığa tövbə etmişəm. Hamı həyatda səhv edər də. Əsas odur ki, haqqın yolunu tapasan,"- deyə
öyrəndiyi hədislərdən danışıb özünü “dinin gözəl bilicisi” kimi tanıtmağa başladı.
Artıq hamı ona “molla bacı" deyə xitab edirdi. Məclislərə gedir, əzbərlədiyi dualardan oxuyur, səsini əsdirə-əsdirə mərsiyələr söyləyirdi. Əvvəllər verilən pula: "Allah qəbul eləsin," deyirdi. Sonralar məclislərə dəvət artdıqca "zəhmət haqqını" özü təyin etməyə başladı. Narazılıq edənə də: "Bacı, mən əziyyət çəkirəm. Elə et ki, aramızda halallıq olsun, ölü də məzarında rahat yatsın. Məni incitməyin. Elə-belə molla deyiləm, mikrofonlu mollayam, "- deyə minnət qoyurdu.
Mollalıqdan yaxşı pul gəlirdi. Məclislərdə Allahın adından ağzına gələni danışırdı. Mənasını bilmədiyi Quran surələrini dilinə dolaya-dolaya oxuyur, tez də "Amin" deyib məclis iştirakçılarının yeddi arxa dönəninə salavat göndərirdi:
-Ay camaat, filankəsin əli çöldə qalıb. Deyir mənə niyə salavat göndərmirsiniz? O mərhumun əlinin içəri girməsi üçün bir salavat...
Camaat salavat gətirəndə də tez əlindəki mikrafonu onlara tərəf tuturdu ki, səsləri lap ucadan eşidilsin.
Gecə qəribə yuxu gördü. Yas məclisində mollalıq etdiyi ölüləri ayaqlarından asmışdılar. Ölülər: “Ay lənətə gəlmiş, sənin ucbatından bu dünyada zülm görürük. "O, da yazıq-yazıq: "Məndə günah yoxdu. Sizin üçün ən gözəl duaları oxumuşam. Görünür qohum-əqrəbalarınız məni incik salıb, pulumu az veriblər."Bu vaxt ona təpik dəydi. Aldığı zərbədən yerə sərildi, başı nəcisə girdi. Pis qoxudan boğula-boğula çığırdı: "Ay haray, kömək edin, molla bacınızı döyürlər.” Sonra qorxa-qorxa onu təpikləyənə baxdı. Hündürboy, kök qadın gözlərini necə bərəltdisə, ürəyi getdi.
Yuxudan çığıraraq ayıldı. Artıq səhər açılırdı. Əl-üzünü yuyub eyvana çıxdı. Gördüyü yuxu ona pis təsir etmişdi. Bir az hava alıb içəri keçdi. Telefonu zəng çaldı.Yas məclisinə dəvət edirdilər. Yaylığını örtüb, dəftərini də qoltuğuna vuraraq evdən çıxdı.
Məclisə girəndə otağın baş tərəfindən asılan şəkilə diqqətlə baxdı. Diksindi. Gecə yuxusunda onu təpikləyən qadına oxşayırdı. Öz-özünə: "Vay-vay duaları səhv oxusam, gecə bu arvad yuxuda məni öldürər ki..."- deyə fikrindən keçirdi .Ona görə də məclisdə elə canfəşanlıq etdi ki, hamının göz yaşı sel olub axdı. Zəhmət haqqını belə almadı.
Son zamanlar yuxularını qarışdırırdı. Halı tez-tez pisləşirdi. Gecə yuxuda gördü ki, dağın başında ona Quran oxutdururlar. İki qara
paltarlı adam: "Düz oxu!" deyə bağırır. Yuxudan ayılanda başında bərk ağrı hiss etdi. Qonşusunu çağırdı. Təzyiqi qalxmışdı. Dərman içib yatağında uzandı. Bu vaxt telefona zəng gəldi. Yenə məclisə dəvət edirdilər. Əvvəlcə getmək istəmədi. Yaxşı pul verəcəklərini eşidəndə gözünə işıq gəldi.
Məclisdə onu hörmətlə qarşıladılar. Yuxarı başa keçib xeyli danışdı, dua oxuyub yalandan göz yaşı tökdü. Sonra ona pul və iki dolu zənbil verdilər. Halı pis olduğu üçün orada halva yeməmişdi. Zənbillərin birindən halva qazanını götürüb masaya qoydu. Halvadan yeyib, çaydan içdi. Birdən gözü qaraldı. Otaq başına fırlandı və döşəməyə yıxıldı.
Uzun müddət xəstəxanada müalicə aldı.Üzünün bir tərəfi iflic olmuşdu. Həkim məclislərə getməyi qadağan etdi. Yazıq-yazıq: "Qələt edərəm, bir də bilmədiyim işdən yapışmaram,"- deyə zarıdı.
Aradan xeyli keçdi. Yığdığı pulları müalicəyə xərcləsə də, ağzının əyriliyi düzəlmədi. Ona görə də küçəyə çıxanda yaylığını üzünə çəkirdi. Hamıdan gen gəzirdi. Səhər tezdən evdən çıxır, hava qaralanda geri dönürdü. Sonralar qonşular onu küçədə əl açıb dilənən gördü.
Dalidag.az



Yazı axını
23 / 05 / 2025
23 / 05 / 2025
22 / 05 / 2025
22 / 05 / 2025
22 / 05 / 2025
21 / 05 / 2025
21 / 05 / 2025
21 / 05 / 2025
20 / 05 / 2025
20 / 05 / 2025
19 / 05 / 2025
18 / 05 / 2025
18 / 05 / 2025
17 / 05 / 2025
17 / 05 / 2025
17 / 05 / 2025
16 / 05 / 2025
16 / 05 / 2025
15 / 05 / 2025
15 / 05 / 2025
Ən çox oxunanlar
18-05-2025 19:23

19-05-2025 15:20
