Reklam
Nişanlısını qoyub başqa qadınla evlənən, yüksək vəzifədən imtina edən, fəxri ada görə insult keçirən yazıçımız
10-04-2020 20:40
Bu gün yazıçı Salam Qədirzadənin doğum günüdür.
Dalidag.az kulis.az-a istinadla yazıçı haqqında maraqlı faktları təqdim edir:
Salam Dadaş oğlu Qədirzadə 1923-cü ilin aprel ayının 10-da Bakı şəhərində anadan olub. Ona qədər nəsillərində heç kim yazıçılığa meyl göstərməyib. Valideynləri sadə adamlar olublar. Ticarətlə məşğul olan atası ailəsinin ruzisini balaca dükandan gələn gəlirdən çıxarıb. Anası Ziba isə evlərində dərzilik edib. Onların hər ikisinin də əsilləri Maştağadan olub. Sonradan Bakıya köçüblər. Salam evin ikinci uşağı olub. Ondan böyük bir bacısı varmış. Ondan sonra ailələrində dörd qız, bir oğlan uşağı da dünyaya göz açıb.O, hələ uşaqlıqdan şeir və hekayələr yazır, ədəbi dərnəklərdə iştirak edirmiş. Ancaq o dövrdə onu təkcə ədəbiyyat maraqlandırmayıb. Musiqini o qədər sevib ki, hətta tar çalmağı öyrənməyə qərar verib. Bu sahədə təhsil almaq üçün sənədlərini götürüb musiqi məktəbinə gedib. Onların musiqi qabiliyyətini bəstəkar Üzeyir Hacıbəyov yoxlayırmış. Növbə ona çatanda o, tarda bir musiqi ifa edib. Üzeyir bəy deyib ki, bala, sən bu sənəti at, tarzən olmaq sənlik deyil. Sonralar bu xatirəni yada salar, gülə-gülə Üzeyir bəyə rəhmət oxuyarmış. Çünki bəstəkarın məsləhətindən sonra o, yenidən ədəbiyyata meyl edib.
***
Atasını erkən yaşda itirən Salam Qədirzadə 1941-ci ildə orta məktəbi bitirən kimi könüllü olaraq cəbhəyə yola düşüb. Cəbhədə rabitəçi işləyib . Döyüşlər zamanı dəfələrlə yaralanıb, dönə-dönə ölümlə üzləşib. Bu vaxt onun 18 yaşı olub. 1941-1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edib, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunub, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilib.
Müharibə illəri sonradan yazıçının bir sıra əsərlərində öz əksini tapır. 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilir. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olur və eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayır.
***
1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilir. Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı “Gənclik” povestini Rusiyanın məşhur “Detgiz” nəşriyyatı ayrıca kitab şəklində nəşr edir. Moskvada Nəbi Xəzri, Əli Kərim, İsa Hüseynovla bir dövrdə oxuyub, yataqxanada eyni otaqda qalıb, möhkəm dost olublar. Kasıb tələbə gənclər təqaüdlə güclə dolanıblar, çox vaxt heç çörək almağa da pul tapmayıblar. Salam Qədirzadə danışarmış ki, ac vaxtları çox olub… Onlar bəzən Moskva yeməkxanalarında masaların üstündə pulsuz qoyulan çörək və xardal götürüb yeyərmişlər ki, ürəklərində durum olsun.
Moskvada oxuyarkən Roza adlı rus qadınla ailə qurur. Bu evlilikdən onların iki övladı doğulur. Ruslan və Leyla. Oğlunun adını Puşkinin “Ruslan və Lyudmila” əsərindən götürüb. O, 1952-ci ildə təhsilini başa vurduqdan sonra həyat yoldaşı ilə birgə Vətənə qayıdır. Burada gənc yazıçı 8 il Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Azərbaycan” jurnalının məsul katibi vəzifəsində işləyir. 1960-cı ildə S. Qədirzadə “Kirpi” satirik jurnalının məsul katibi təyin olunur və 1966-cı ilədək həmin vəzifədə çalışır.
***
Salam Qədirzadə 35-dək kitab müəllifidir. O “Qış gecəsi”, “46 Bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylar” kimi romanların müəllifidir. S. Qədirzadə həm də «Şirinbala bal yığır», «Haradasan, ay subaylıq», «Həmişəxanım», «Gurultulu məhəbbət», «Gözəllik ondur» kimi respublikamızda və onun hüdudlarından kənarda tamaşaya qoyulan komediyaların müəllifidir. «46 bənövşə» kitabına verilən qonorara özünə avtomobil alıb.
Həyat yoldaşı Roza Qədirova milliyyətcə rusdur. Yazıçı onunla elektrik qatarında tanış olub. Roza xanım da Qorki adına İnstitutda oxuduğundan onlar hər gün eyni qatarda rastlaşırmışlar. Yolboyu kitab oxuyan rus gözəl Salam Qədirzadənin gözündən yayınmır. Roza xanım həmin günləri belə xatırlayır: Bir gün qatarda yenə rastlaşıb, tanış olduq. 6-7 nəfər idilər. Nəbi Xəzri, Əli Kərim, İsgəndər Coşqun, Cabir Novruz, İsa Hüseynov, Salam… Onlar Peredelkino kəndində yaşayırdılar. İnstitutun yataqxanası orada idi. Kasıb yaşayırdılar. Salam danışırdı ki, Bayramlarda Moskvada Ədəbiyyat İnstitutunda oxuyan gənclərin paxlava, şəkərbura paylarını Səməd Vurğun apararmış. Onların ehtiyac içində yaşadıqlarını, korluq çəkdiklərini görən şair bəzən soyuq qış aylarında birinə şərfini, birinə papağını verib.
***
Yazıçı bir gün cəsarətini toplayıb qıza könül açıb, məhəbbətlərinin qarşılıqlı olduğunu öyrənəndə, sanki dünyanı ona bağışlayıblar. İlk görüşlərində bir-birlərinə ayrı keçən illərindən danışıblar. Roza xanım ondan heç nəyi gizlətməyib. Amma Salam Qədirzadə bir məsələni sevgilisindən sirr saxlayıb, ona Bakıda heykəltəraş qızla nişanlı olduğunu deməyib.
Qızı Leyla xanım xatirələrində birində belə deyir: 1952-ci ildə atamın tələbəlik illəri sona yetir. Moskvayla vidalaşmaq vaxtı yaxınlaşır. Ancaq könlünü ovlayan gözəldən həmişəlik ayrılmağı ağlına da gətirmir. Elə qız da onsuz yaşamaq barədə düşünmək belə istəmir. Dostlarını restoranların birinə toplayır, xudmani məclis qurub evlənirlər. Atamın Moskvadan gözəl bir qızla dönməsi anasını, qardaş-bacısını çaşdırsa da, giley-güzar etmirlər. Həm də ona görə ki, atamı çox istəyir, onu özlərinə ağsaqqal bilir, bir sözünü iki etmirdilər. Həm də anlayırdılar ki, könülə güc yoxdur. Sevgilisinə görə doğmalarını qoyub-gələn qərib gəlini incitməyə də ürəkləri gəlmir. Ona «Salamın nişanlısı var», - deməyə utanırlar. Gəlini mehribanlıqla qarşılayırlar. Heç atamdan soruşmurlar da ki, bəs indi biz neyləyək, nişanlısına, ailəsinə nə cavab verək. Bacıları özləri məsələni yoluna qoyurlar.
Yazıçı Roza xanımla evlənəndən sonra bir dəfə onu Yazıçılar İttifaqına aparır. Orada Roza xanım Səməd Vurğunla tanış olur. Səməd Vurğun Moskva həyatını xatırlayıb gülümsünür: “Demək belə, məhəbbət Vətənə qalib gəldi”.
***
Çox zarafatcıl, şən adam olan Salam Qədirzadə bəzən heç kimin gözləmədiyi şəkildə tələbkar olub. Həyat yoldaşı onu həddindən artıq sevib. Ondan vətəni və qohumları üçün darıxmadığını soruşanda cavabı belə olurmuş: Mənim üçün Salamdan əziz heç kim yoxdur. Öləndə məni də onun yanında dəfn edin…
Bir dəfə kolxozda briqadir işləyən 60-65 yaşlarında bir kişi Salam Qədirzadənin evinə gəlib ona bir neçə şeir oxuyur və əlavə edir ki, o, yazıçı olmaq istəyir. Salam Qədirzadə ondan soruşur
Mən də briqadir ola bilərəm?
- Yox, nə danışırsınız, bunun üçün oxumaq, təcrübə lazımdır.
- Bax, şeiri yazmaq üçün də istedad lazımdır. Bir də unutmayın ki, şeiri yazan şair olur, yazıçı yox.
Kişi ona olunan dəvətə baxmayaraq, çay içmədən, çörək yemədən qovluğunu qoltuğuna vurub, tələsik çıxıb gedir.
İnstitutda oxuyanda məşhur bir evdə-yazıçı Fadeyevin bağ evində qalıblar. Oranı sonralar yaradıcılıq evinə çevirdilər. Amma onların təhsil aldıqları illərdə Fadeyevin bağ evi yataqxana binası kimi tələbələrin ixtiyarında olub. Azərbaycanlı tələbələr - Əli Kərim, Nəbi Xəzri, İsgəndər Coşqun, Cabir Novruz, İsa Hüseynov və Salam Qədirzadə hər gün Peredilkinodan şəhərə elektrik qatarıyla gedib-gəliblər.
Ona yaxşı vəzifələr təklif edib, məsuliyyətli iş tapşırırmışlar. Bacardığı qədər onlardan imtina edib. Dövlət işlərindən kənar durmasını özü daha çox yazıçılığıyla bağlayıb: «Nəyimə lazımdır vəzifə?» deyərdi. - «Mənimki odur, çəkilim bir tərəfə, əsərlərimi yazım». Hətta Şıxəli Qurbanov ideologiya üzrə katib işləyəndə Salam Qədirzadəni “SK”-ya şöbə müdiri qoymaq istəyib, razılaşmayıb. Deyib ki, mən yazıçıyam, vəzifə adamı deyiləm.
***
Baməzə adam olub. Bir dəfə gül ticarəti ilə məşğul olan pullu dostları onu və Qabili Buzovnaya qutab qonaqlığına çağırır. Qabil də təzəcə kitab kimi çıxan “Nəsimi” poemasını ona hədiyyə edir. Salama deyir, o qədər yazmışam ki, avtoqrafa söz tapa bilmirəm, səncə, bu kitaba nə yazım? Salam cavab verir: “Heç nə, yaz ki, ver qutabı, al kitabı. Qabil elə də yazır...”
Bir dəfə isə Qabillə Şamaxıya qonaq gedirlər. Məclisdən sonra Qabil onu 3-cü katibin evinə qonaq aparır. Bir azca içkili olan Qabil katibin uşaqlarının adı ilə maraqlanır. Biləndə ki, onun qızının birinin adı Hamilədi. Çox əsəbləşir. Deyir, sənə bir həftə möhlət verirəm, gələndə görüm ki, qızın adını dəyişmisən. Bir həftədən sonra Qabil Salam Qədirzadəni də özü ilə götürüb Şamaxıya getmək istəyəndə Salam Qədirzadə imtina edib deyir: Mən o əhvalatından sonra o, kişinin evinə gedə bilmərəm. Amma sonra öyrənrlər ki, kişi qızının adını dəyişib Samirə qoyub.
***
Bir neçə il əvvəl yazıçının ailəsi yazıçı Seymur Baycanı Salam Qədirzadənin əsərlərindən plagiatlıqda günahlandıraraq onu məhkəməyə verəcəyini deyiblər.
Yazıçıya heç bir fəxri ad verilməyib. Buna görə çox incik olub. Hətta bu situasiya onun səhhətinə də təsir edib. Bir neçə dəfə rəsmi orqanlara müraciət etsə də müsbət cavab vermirlər. Buna görə, əsəbiləşir, gərgin olur, siqareti daha çox çəkirdi. Bir gün isə insult keçirir. Sonradan vəziyyəti şiddətlənir, komaya düşür. Bir həftə komada qalandan sonra 1987-ci il noyabrın 15-də heç bir vəsiyyət etmədən 64 yaşında dünyasını dəyişir. Son kitabını “Hər gün ömürdən gedir” adlandırır. Bu kitabı görmək ona qismət olmur.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 10-04-2020 20:40
Baxış sayı: 31 484
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02