Reklam
Nigar Arif:"Bu şəhərin gözlərindən yağır-yağır adamlar..."
31-03-2020 17:43

"...İndi saçlarının ucunacan
ümidlərimiz yeriyir bu şəhərin,
ümidlərimiz yeriyir bu şəhərin,
Hər gün dualarımız əlini alnına qoyub
yoxlayır hərarətini...
Bəlkə də ən yaxşı peyvənd sevgidi...
sənin dediyin kimi..."
Dalidag.az Nigar Arifin yeni şeirini təqdim edir:
ADAMLARIN YAĞIŞI
Bu şəhərdən qopub gedir adamlar,
İzlərini yağış yuyur, qar yuyur,
Bu izlərin hər səhər
başına günəş vurur,
Küləklər ovuşdurur,
Di gəl silinmir, anam,
silinmir ki silinmir...
Çopur-çopur üzündən,
yaddaşına hopub gedir adamlar,
Rəngi qaçır şəhərin,
rənglərini qapıb gedir adamlar.
Boz danışır, boz dinir,
Bu şəhərin gözlərindən
yağır-yağır adamlar,
İslanır ürəyində qaçıb gedə bilməyən
fağır-fağır adamlar...
Yağdıqca yağır-yağır,
Xəstə yağışlarında
Təcili yardımları çətir kimi fırlanır..
Yağdıqca adamları laxlayır gecəsi də,
gündüzü də yerindən.
Dünya düşür gözündən...
Bu dünyanın içində
boş qalır küçələri,
yolları, kafeləri...
Tez-tez dolub-boşalan
ağır dükanlarından,
əyilir çiyinləri...
Qollarının altından
boylanır qorxa-qorxa,
ölkə-ölkə dolaşan,
şəhər-şəhər yoluxan
çılpaq ölümə doğru
binalar, evləri...
Tozlu ayaqlarında
ağacları darıxır,
Darıxır çəməni-çiçəkləri,
Başının üstündəki quşlar da darıxır
yavaş-yavaş gözdən itən
adamlardan ötəri...
Bəlkə elə öz dillərində söyürlər də
hamının gizləndiyi,
heç kimin sevmədiyi
bu lənət karantini...
Deməli şəhərlər də xəstələnə bilirmiş,
ölkələr də...
Nə deyim axı?
Narahat olma, ana,
narahat olma,
Yaxşı olar axırı...
İndi saçlarının ucunacan
ümidlərimiz yeriyir bu şəhərin,
Hər gün dualarımız əlini alnına qoyub
yoxlayır hərarətini...
Bəlkə də ən yaxşı peyvənd sevgidi...
sənin dediyin kimi...
Nigar Arif
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 31-03-2020 17:43
Baxış sayı: 3909Yazı axını
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























