"Kəlbəcərlilər istəmirsə, o adam necə deputat ola bilər?!" - tanınmış şair həmyerlilərinə səsləndi

07-02-2020 15:32
"Seçdiyiniz deputat Kəlbəcərin işğalıyla bağlı Ermənistanın təcavüzkar siyasətini və ermənilərin törətdikləri vəhşilikləri haqqında hər zaman geniş çıxışlar etməlidir. Ağzına su alıb durmamalıdır. Səsinizi el-obasının hər dərdi - sərindən, hər problemlərindən xəbərdar olan, seçiləndən sonra qaçıb gizlənməyən, kabinetinin qarşısında seçicilərini alçatmayan, kiminsə ümidinə buraxmayan, camaatımızın xeyirində, şərində başda olan adama verin."

Dalidag.az xəbər verir ki, bunu əslən Kəlbəcərdən olan, tanınmış şair, AYB Moskva bölməsinin katibi Nəsib Nəbioğlu söyləyib. Nəsib Nəbioğlu daha sonra 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı fikirlərini həmyerlilərinə müraciətlə davam etdirib:

"Əziz kəlbəcərlilər!

Öz namizədliklərini irəli sürmüş 11 nəfər kəlbəcərlilərin heç birini yaxından tanımıram.Amma bu gün Əziz Qənbərovun camaatımız tərəfindən yüksək ruh yüksəkliyiylə qarşılandığını görürəm. Onun seçicilərlə görüşlərini əngəlləməyə çalışmalarına baxmayaraq, camaatımız onu dəstəkləyir. El gözü tərəzidir!
Bu gün hər bir kəlbəcərlinin qarşısında böyük məsuliyyət və vəzifə dayanır. İstəyirəm ki, siz seçiminizdə yanılmayasınız. Deputatlığa saf, təmiz, ləyaqətli, savadlı insanlar seçilməlidir. Deputat kəlbəcərlilərin güvənc və inam yeri olmalıdır. Xalq tərəfindən seçilməyən deputat heç vaxt xalqa xidmət eləməz. Əgər Kəlbəcər camaatı kimisə deputat görmək istəmirsə, o adam namizədliyini necə irəli sürə bilər. Xalq istəmirsə, o adam necə deputat ola bilər?! Bu cür məsələlərdə xalqın fikirləri öndə olmalıdır. Xalq nə qərar versə, o da olacaq. Bunu unutmayın!
Qədim romalılar deyirdilər ki, xalqın seçdiyi deputat: “Xalqın səsidir, Allahın səsidir”! Yəni deputat xalqın səsinə səs verməlidir, Allahını unutmamalıdır. Həmişə haqqın, ədalətin, dürüstlüyün, dinin-imanın yanında olmalıdır, haqqa, ədalətə söykənməlidir. Deputat hər kəsə nümunə olmalıdır, insanpərvər, vətənpərvər, yurdservər olmalıdır. Sadə seçiçiləriylə müntəzəm görüşməli onların yaşadığı probləmləri öyrənib həll eləməlidir.

Əziz kəlbəcərlilər!

Ona görə də öz gələcəyinizi kimlərə həvalə etdiyinizi düşünün. Sadəcə, bu dəfə deputatlığa namizəd olan, insanlarla daha yaxından təmas qurun, camaatımızın çətinliklərini, şikayətlərini öyrənən, yuxarı instansiyalara çatdıra bilən namizədə səsinizi verin. Səsinizi 26 ildən artıq qaçqın damğası altında yaşayan, hər mərhumiyyətlərlə üzləşən, zillət içində yaşayan, ümidini itirmiş kəlbəcərlilərimizin problemlərinin həllinə kömək edən adama verin.
Səsinizi el-obasının hər dərdi- sərindən, hər problemlərindən xəbərdar olan, seçiləndən sonra qaçıb gizlənməyən, kabinetinin qarşısında seçicilərini alçatmayan, kiminsə ümidinə buraxmayan, camaatımızın xeyirində, şərində başda olan adama verin.

Əziz kəlbəcərlilər!

Seşdiyiniz deputat Kəlbəcərin işğalıyla bağlı Ermənistanın təcavüzkar siyasətini və ermənilərin törətdikləri vəhşilikləri haqqında hər zaman geniş çıxışlar etməlidir. Ağzına su alıb durmamalıdır. Yeni seçilən deputat hüquqları pozulmuş məcburi köçkünlərimizlə bağlı özlərini irəli verməli, öz deputat mövqeylərini ortaya qoymalıdır. Parlamentdə işğal olunmuş torpaqlarımızla bağlı məsələləri müzakirələrə şıxartmalıdır. Kəlbəcərin işğalıyla bağlı mitinqlər keçirməli, BMT Təhlükəsizlik Şurasının icra olunmayan 822 saylı qətnamə ilə bağlı məsələ qaldırmalıdır. 2014-cü il iyulun 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı beynəlxalq qurumlara çağırışlar etməlidir. Onların azadlığı tələb edilməlidir!"

Nəsib Nəbioğlu

Dəlidağ.az



Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 07-02-2020 15:32
Baxış sayı: 21 500
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını