Reklam
Bəhmən Vətənoğlu:"Gələcək nəsilə şirin nağılam, bir də bu dünyaya çətin doğulam..."
30-09-2019 09:30
Bu gün Azərbaycan ədəbiyyatına əvəzsi töhfələr vermiş, əslən Kəlbəcərdən olan görkəmli şair Bəhmən Vətənoğlunun ölümündən 15 il ötür. Ruhu şad olsun!
Dalidag.az Bəhmən Vətənoğlunun bir neçə şeirini təqdim edir.
BƏHMƏN
Bu mənəm, a qardaş, tanımadınmı?
Könlü dərdli, dili nalalı Bəhmən.
İndi yurdsuz qalıb, yuvasız qalıb,
Gördüyün o yurdlu-yuvalı Bəhmən.
Qəzalar, qədərlər əyibdi məni,
Dərdim öz içimdən yeyibdi məni.
Zaman zindanında döyübdü məni,
Yoxdu o əzəlki havalı Bəhmən.
Gələcək nəsilə şirin nağılam,
Bir də bu dünyaya çətin doğulam.
Daha nə vətən var, nə də oğulam,
İndi mən olmuşam Bəlalı Bəhmən
BİLƏR
Nədir yar həsrəti, vüsal həsrəti,
Həsrətdən titrəyən dodaqlar bilər.
Ülvi məhəbbəti, nurlu isməti,
Həyadan qızaran yanaqlar bilər.
Bülbülsüz şöhrəti olmaz gülün də,
Çəmənsiz bəzəyi yoxdu çölün də.
Alışan, közərən şair əlində,
Qələm nələr çəkir varaqlar bilər.
Bəhmən, nə gəzirsən itən çağında,
Min bir xatirə var ötən çağında.
Ömrün yetmişinə yetən çağında,
Sən niyə cavansan? – O dağlar bilər.
ÇƏTİNDİ
Allahın evinə yol tapıb iblis,
İnsanların dolanmağı çətindi.
Bir arxın başını yüz div kəsibdi,
Bostanların sulanmağı çətindi.
Daha rüşvət alır o fələk kişi,
O da öz vaxtında görməyir işi.
Qalıb qiyamatə yazın gəlişi,
Axarların bulanmağı çətindi.
Qışda qar tapılmır, yayda qış girir,
Vaxtın qaş-qabağı yeri süpürür.
Biz kibrit çəkirik şeytan üfürür,
Ocaqların qalanmağı çətindi.
Dəbə minib gədə-güdə peşəsi,
Bu dərd olub qəlbimizi deşəsi.
Arzuların, ümidlərin şüşəsi,
Elə sınıb calanmağı çətindi.
Dost aranı kəsdi getdi, a Bəhmən
Xəzan yeli əsdi getdi, a Bəhmən.
Şadlıq, sevinc küsdü getdi, a Bəhmən
Qəm evinin talanmağı çətindi.
DARIXDIM
Axşam da qəribdi, mən də qəribəm,
Nələr ürəyimdən keçdi, darıxdım.
Zalım ayrılığın kamil ovçusu,
Ox atdı sinəmi deşdi, darıxdım.
Nə kövrək saatdı, nə kövrək andı,
Nəfəsim təngidi, ürəyim yandı.
Kəpəzdən bir çəngə bulud boylandı,
Xəyal uzaqlara uçdu, darıxdım.
Qoy yazım varağı qalmasın ağı,
Kim çəkər həsrəti Bəhmən sayağı.
Çox da müqəddəsdi Gəncə torpağı,
Kəlbəcər yadıma düşdü, darıxdım.
MƏN OLMALIYAM
Qartal o zirvədən belə en, belə,
İnsanam, zirvədə mən olmalıyam.
Günəş yandıranda ana torpağı,
Duman olmalıyam, çən olmalıyam.
Zirvədən salıbdı yolu babalar,
fikri kamal ilə dolu babalar.
Müqəddəs yaşayıb ulu babalar,
Mən də fitnələrdən gen olmalıyam.
Kədər toy gətirməz, düyün gətirməz,
Sükunət dünyaya bir ün gətirməz.
Ağlamaq heç kimə ağ gün gətirməz,
Nə qədər həyat var, şən olmalıyam.
***
Zahirdə üzümə dost deyə-deyə,
Yağı düşmən saldı məni nə qala.
Dərdimi göylərə bülənd eylədi,
Belə yüksək nə bürc olar, nə qala.
Bu vətəndir torpağından el əmən,
Mən elinəm, qurban olum elə mən.
Öz-özümə od tutdum ki, elə mən,
Ocağıma nə kösöv qoy, nə qala.
Bəhmən, dərdi ürəyindən at, ayə,
Kədərini ilə qoyma, at aya.
Fərsiz övlad göz dağıdır ataya,
Şüursuzdan nə qalıbdı, nə qala.!?
BİRCƏ DƏFƏ DÜŞƏNDİ...
"Sevgi" demə,"Gənclik" demə, bu sözlər,
Neştər kimi ürəyimi deşəndi.
Elə dedin sonam düşdü yadıma,
Var cəsədim lərzələndi üşəndi.
Ona gülünc gəldi ahı-zarlığım,
Oynadı əlində, bəxtiyarlığım.
Təpədən dırnağa bütün varlığım,
İnsafsızın ayağına döşəndi.
Bəhmən, yüz il həsrətlərə alışsan,
Həqiqəti anlamasan "malışsan"
Arzun üçün min dəfə də çalışsan
Fürsət ələ bircə dəfə düşəndi.
QIRILDIQ
Tarixdə tarixi bir iş ğörmədik,
Özümüzü öyə-öyə qırıldıq.
Yaltaqlana-yaltaqlana urusa,
Erməniyə söyə-söyə, qırıldıq.
Sərf etmədik, Allah verən bir təbi,
Dərk etmədik, dediyimiz mətləbi,
Şah İsmayıl, Qoç Koroğlu, Qoç Nəbi,
Babamızdı, deyə-deyə qırıldıq.
Özümüzdə yaratmadıq cürəti,
Millət kimi qorumadıq milləti,
Əldən verdik, əldə olan fürsəti,
Dizimizə döyə-döyə qırıldıq.
Qaçqınlığın, köçkünlüyün günündə,
Gün keçirdik toyuqların hinində
Hər alçağın, hər əclafın önündə,
Başımızı əyə-əyə qırıldıq.
Vəzifədə bir alıcı quş olduq,
Ürəyimiz yumşalmadı, daş olduq,
Hansımız ki, bir mahalda baş olduq,
Yetim payı yeyə-yeyə qırıldıq.
YOXDUR
Dünyada nə qədər dərd əhli varsa,
Bil ki, məndən artıq yarası yoxdur.
O qədər dərd çəkib ağlamışam ki,
İndi gözlərimin qarası yoxdur.
Başı çox göylərə qalxıb namərdin,
Hər yerdə işləri müşküldü mərdin,
Çarəsi olmayan belə bir dərdin,
Arsızlıqdan başqa çarəsi yoxdur.
Min bir fənd işlətdi, qurdu kələyi,
Əsdirdi üstümə yaman küləyi,
Mən nə biləydim ki, zalım fələyin,
Bu yazıq Bəhmənlə arası yoxdur...
Bəhmən Vətənoğlu
Dalidag.az
Kateqoriya: Manşet / Poeziya-nəsr
Tarix: 30-09-2019 09:30
Baxış sayı: 42 954
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02