Rafiq Yusifoğlunun təzə kitabı: “Taleyimdən keçən yollar”

29-09-2019 00:35

Yaradıcılıq əslində yaradıcı insanın tərcümeyi-halından qaynaqlanır. İnsan ömrü boyu gördüklərini, duyduqlarını sənətin ecazkar dili ilə digər insanlara da göstərməyə çalışır. Başqa sözlə desək, yaradıcılıq ömür yolunun aynası, onun salnaməsidir.

Bu baxımdan yanaşdıqda Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “İlin ən yaxşı kitabı”, “Qızıl kəlmə”, “Qızıl qələm”, “Araz”, “Vətən” və s. mükafatların laureatı, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun ömür yolu da, yaradıcılıq bioqrafiyası da çox zəngindir. Doğma Qubadlıdan, Çardaxlıdan, Xocamsaxlıdan başlayan cıgır getdikcə geniş yola çevrilir, şaxələnir və dünyanın bir sıra ölkələrinə uzanır. Bu baxımdan yanaşdıqda Rafiq Yusifoğlu xoşbəxt sənətkar, sözün hər mənasında dünyagörmüş müdrik bir insandır. Onun təkcə şeirlərində deyil, “Xatirə kəcavəsi”, “Bir sevdalı ürəyim var”, “Tanrının ömür payı” adlı sanballı publisistika kitablarında da insan ömrünün pozulmaz izləri öz dolğun əksini tapmışdır. Həmin kitablar silsiləsinə daxıl olan “Taleyimdən keçən yollar” (Bakı, ADPU, 2019) adlı sanballı, 520 səhifəlık kitabında da Rafiq Yusifoğlunun keçdiyi ömür yolunun müəyyən məqamları göz önündə canlanır.
“Məqalələr” adlı birinci bölümdə verilən “Dünyanın o üzü və ya möcüzələr diyarı Amerika”, “Okeanın o tayında”, “Səhra mirvarisi”, “Türkiyə və ya mənim dilində danışan böyük bir ölkə” adlı məqalələrdə şairin xarici ölkələrə səfər qeydləri öz əksini tapmışdır.
Kitabın ikinci bölümündə müəllifin ayrı-ayrı mətbut orqanlarına verdiyi müsahibələr toplanmışdır. İstər şairin öz yaradıcılığı, istər ayrı-ayrı yaradıcılıq problemləri, həyat hadisələri, istərsə də uzun illərdən bəri baş redaktoru olduğu “Göyərçin” jurnalı ilə bağlı verilən suallara cavablarında müəllifin intellektual səviyyəsi aydınca sezilir.
Kitabda Rafiq müəllimin kəlamlarından bəzi nümunələr verilmiş, eləcə də mətbuatda onun yaradıcılığı haqqında gedən məqalələrin bir qismi toplanmışdır. Xüsusilə, uzun illərdən bəri müəllimlik eləyan Rafiq Yusifoğluya ünvanlanan məktublar onun şəxsiyyəti ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirir, gözlərimizin qarşısında sonsuz tələbə sevgisi qazanan bir pedaqoqun mükəmməl obrazını canlandırır.
Müəllifin “Ömrün izləri” adlanan bölmədə verilən gündəlik qeydləri yaradıcı adamın qayğılarını, problemlərini dəyərləndirməyə yardımçı olur.
Gözəl, incə ruhlu, həzin və kövrək, bədii sənətkarlıq baxımından həmişə diqqəti çəkən şeirlər müəllifi kimi tanıdığımız Rafiq Yusifoğlu həm də güclü yumor duyumuna malik bir insandır. Onun illərdən bəri toplayib qələmə aldığı, nəşr etdirdiyi lətifələr həmişə maraqla qarşılanıb. Bu kitabına da müəllifin xeyli təzə lətifələri daxıl etmişdir.
İnanırıq ki, əvvəlki kitabları kimi Rafiq Yusifoğlunun “Taleyimdən keçən yollar” kitabını da oxucular maraqla qarşılayacaqlar.

Dalidag.az

Rafiq Yusifoğlunun təzə kitabı: “Taleyimdən keçən yollar”

Rafiq Yusifoğlunun təzə kitabı: “Taleyimdən keçən yollar”

Rafiq Yusifoğlunun təzə kitabı: “Taleyimdən keçən yollar”







Kateqoriya: Manşet / Kitab köşkü
Tarix: 29-09-2019 00:35
Baxış sayı: 31 030
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını