Zöhrab Şirinovun 50 yaşına bir-iki kəlmə TƏBRİK SÖZÜ...
Bu gün Kəlbəcərimizin vətənpərvər oğlu, bütün varlığıyla doğulduğu yurd-yuvaya bağlı olan, dostcanlı, millətini sevən həkim-şair Zöhrab Şirinovun doğum günüdür. Sayılıb-seçilən bir şəcərənin davamçısı olan Z.Şirinov ömrünün 50 — ci baharını tamamlayır. Gözəlliklər yurdu, əsrarəngizliyi ilə dünyaya meydan oxuyan yurd yerindən- Kəlbəcərdən ayrılanda 24 yaşı vardı… Kəlbəcərsiz keçən illəri ömürdən saymır, oralara dönəndə 24 yaşımdan başlayacam yaşamağa deyir. 50-dən 26-ı çıxmaq «məcburiyyətində» qoyur bizi…
Tanıtma: Zöhrab Təhməz oğlu Şirinov 1970-ci il mart ayının 15-də Kəlbəcərin Kilsə (Qasım uşağı) kəndində doğulub. İbtidai təhsilini doğulduğu kənddə alıb. 8-ci sinfə kimi Çaykənd kənd orta məktəbində, 9-10- cu sinfi isə Bakı şəhəri 5 saylı kimya — biologiya təmayüllü liseydə oxuyub. Orta məktəbi bitirdikdən sonra 2 il Çita vilayətinin Krasnokamensk şəhərində həqiqi hərbi xidmət keçib. 1992-1999 -cu illərdə Azərbaycan Tibb Universitetində (ATU) tibbi biliklərə yiyələnib. Hal — hazırda «Yaşam» klinikasında dermato -veneroloq və uroloq- androloq olaraq çalışır. Ailəlidir. İkisi qız, iki oğul övladı var. Qızlarından biri ATU-nin müalicə işi fakültəsində dördüncü kursda, digəri isə APU-nin fransız dili fakültəsində ikinci kursda oxuyur. Oğlanları məktəblidir.
Z.Şirinov peşə olaraq həkimliyi seçib. İnsanların sağlamlığının keşiyində durmaq olub həyat amalı, yaşam qayəsi. Seçdiyi kimi seçilmək də yazılıb qismətinə. «Şairlər tanrının seçilmiş bəndələridi» kəlamı onun seçilənlərdən olduğunu isbatlayır. Bəli, o həm də şairdi, Tanrı ona yaradıcı ruh bəxş edib, Söz adlı dünyanın sakininə çevirib. Z.Şirinov yaradıcılığa gənc yaşlarından başlayıb. İlk ədəbi addımlarını Kəlbəcər rayonunda çıxan «Yenilik»» qəzetinin redaksiyasında fəaliyyət göstərən «Dəlidağın nəğmələri» Ədəbi Birliyində atıb. «Xəzərim» adlı ilk şeiri «Yenilik"də işıq üzü görüb.
Dalidag.az bu gün 50 yaşına varan həkim-şair Zöhrab Şirinovu təbrik edir, ona sağlıqlı ömür, sevgi dolu həyat, işlərində və yaradıcılğında uğurlar arzulayır. Ən böyük və ümdə arzumuz isə tezliklə Kəlbəcər həsrətinin bitməsi və yurda qovuşmaqdır.
Sevinc Qərib
Əbəs inadından dönmə, vəfasız,
Bir ümid tapmazsan izimdə mənim.
Sönübdür yüz ildən qalmış ocaq tək ,
Alovum, atəşim, közüm də mənim .
Artıq bir xəyalsan gözümdə mənim
Sevən bir ürəyi sizlatdin, dərdin,
Saf eşqi nanəcib kəslərdə gördün .
Bütün varlığımı hecliyə.verdin,
Məhv etdin özümü — özümdə mənim,
Artıq bir xəyalsan gözümdə mənim!
Yetməsə də sənə hisslərim, ünüm,
Xatirələr təsəllidir mənimcün.
Təki sən həyatda xoşbəxt ol gülüm,
Budur sənə arzum, sözüm də mənim.
Ülvi, xoş xəyalsan gözümdə mənim
Noyabr 1988
DAĞLARIN
Könül, Ulu Haqqdan bir təpər dilə,
Həsrət zirvəsini aş o dağların.
Yetər, əvəz etdi bulaqlarını,
Gözümüzdən axan yaş o dağların .
Orda ruhu yaşar mərd kişilərin,
Doğruçu, mücahid, sərt kişilərin.
Sözündə, işində bərk kişilərin,
Rəmzidir qayası, daşı o dağların.
O uca mövqedən enmək nə yazıq,
Aslankən quzuya dönmək.nə yazıq.
Qürbətdə günbəgün sönmək nə yazıq,
Qayıt, havasıyla coş o dağların.
Kim nə duyar biz qəribin dərdindən,
Ürək çatlar bu həsrətin zərbindən.
Qürbət elin sarayından, qəsrindən,
Bir çadır dəyəsi xoş o dağların.
Hicrət, bir sınaqdır bu — bizlər üçün,
Hətta ən sevimli Peyğəmbər üçün.
Atılaq cihada Kəlbəcər üçün,
Qurbandır yolunda baş o dağların.
Zöhrab ,keçən ömrə heyf, vətənsiz,
Sərgərdan ruhlariq, sanki bədənsiz.
Sorğusus — sualsiz, qüsl- kəfənsiz,
Şəhidi olaydım kaş o dağların!
Zöhrab Şrinov
Dalidag.az