Reklam
Mircəfər Bağırovun üstündən xətt çəkdiyi qəzəlxan haqda bilmədiyiniz FAKTLAR — ŞƏKİL
18-02-2020 13:28
Bu gün XX əsr Azərbaycan poeziyasının ən parlaq nümayəndələrindən birinin – Əliağa Vahidin anadan olmasından 125 il keçir.
Dalidag.az xəbər verir ki, Əliağa Vahid 1895-ci ildə Bakının Masazır kəndində Məmmədqulu İsgəndərovun ailəsində dünyaya gəlib. Atası dülgər, anası evdar xanım idi.
Balaca Əliağa o dövrdə Bakıda və Azərbaycanın əksər bölgələrində “dəbdə” olan mollaxanada üç ilə yaxın təhsil alır. Ancaq ehtiyac ucbatından bu təhsilini yarımçıq qoyub, Bakıdakı tütün fabrikində çilingər kimi işə düzəlir. Çilingərlikdən də bir şey çıxmadığını görən gələcəyin məşhur qəzəlxanı atasının peşəsinə - dülgərliyə meyil edir və çox mahir usta olmağı bacarır. Ancaq maddi vəziyyətinin yaxşı olmaması gənc Əliağanın oxumağa olan həvəsini öldürə bilmir və o, Məhəmməd Füzulinin, Seyid Əzim Şirvaninin, Racinin əsərlərini oxuyur, onlardan bəhrələnir.
İyirmi beş yaşı olanda Bakıda fəaliyyət göstərən Tənqid-Təbliğ Teatrına gəlir, tez-tez buradakı tamaşaları izləyir, Mirzağa Əliyev, Hacağa Abbasov kimi aktyorlarla dostluq edir. Əslində, bu, Əliağa Vahid yaradıcılığının yeni mərhələsiydi. Dövrünün nöqsanlarına, haqsızlıqlarına etiraz edən şair öz şeirlərində bu kimi halları sərt tənqid edir, mövhumatı ifşa etməyə çalışırdı. Elə onun ilk kitabı olan “Tamahın nəticəsi”ndə onlarla belə şeir, qəzəl toplanmışdı.
Ardınca isə 1924-cü ildə “Kupletlər”, 1938-ci ildə “Mollaxana” kitabları işıq üzü görür.
Qəhrəmanımızın şəxsi həyatı ilə bağlı yetərincə təzadlı məqamlar var. Məsələn, indinin özündə də əksəriyyət Əliağa Vahidin içki düşkünü olduğunu deyir. Amma belə iddialar da var ki, əslində, şair içki içən deyilmiş. Sovet imperiyasının repressiyalarından canını qurtarmaq üçün özünü belə göstərir. Hətta bir dəfə Mircəfər Bağırova repressiya ilə bağlı təqdim edilən siyahıda Əliağa Vahidin də adı olur. Bağırov isə şairin adının üstündən xətt çəkir və deyir ki, bu, bütün günü sərxoş olan adamdır, onun dövlətə heç bir ziyanı ola bilməz.
Şair uzun müddət normal şəraitdə yaşamadığından məcbur olub Mircəfər Bağırova şeir yazır. Bu şeirdən sonra dövlət rəhbəri Vahidi yanına çağırtdırır və 1951-ci ildə ona ikiotaqlı mənzil verir. Vahidin Bağırova yazdığı şeiri təqdim edirik:
Evimi görsə naxırçı, deyər, samanlıqdır,
Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.
Divarda ağcaqanadlar, yer üstə taxtabiti,
Hücuma bax gecələr, gör nə hökmranlıqdır.
Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,
İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.
Çox ərizə yollamışam Baksovetə, Raysovetə,
Gözləməkdir işim, məsələ dumanlıqdır.
Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,
Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.
Tanınmış şərqşünas, Mikayıl Müşfiqin yaxın dostu Əli Fəhminin oğlu İlham Fəhmi isə deyir ki, bir neçə il öncə Ali Məhkəmədə işləyərkən təsadüfən şairin İsgəndərov soyadlı dövlət məmuruna yazdığı məktub əlinə keçir. Məktub şeirlə yazılıbmış və Vahid həmin məmurdan ev istəyirmiş.
İ.Fəhmi deyir ki, Əliağa Vahidin itlərə böyük marağı varmış:
“Həddən artıq itbaz olub. Bunu bütün dostları, onu yaxından tanıyan adamlar da bilirdi. Bir gün onun çox sevimli bir iti ölür. Gecəyarı dostları durub gəlir bunlara. Soruşur ki, gecənin bu vaxtı xeyir ola? Dostları bununla zarafatlaşıb kefini açmaq istəyirlər. Deyirlər ki, itə görə başsağlığı verməyə gəlmişik. Vahid də dəhşət hazırcavab idi. Dönüb arvadına deyib ki, arvad, yemək-içmək hazırla, itin qohum-əqrəbası gəlib”.
İ.Fəhmi söyləyir ki, Əliağa Vahid onun atasıyla yaxın dost olub, bir-birinin evlərinə gedib-gəlirmişlər. Hətta Əli Fəhmi qəzəlxanın hər iki oğlunun elmi rəhbəri olub:
“Atam ona yetim Əliağa deyirdi. Çünki adamı, vəzifəli qohumu yox idi. Sadə insan olub... Heç vaxt hündürdən danışmazdı”.
İ.Fəhmi deyir ki, Əliağa Vahid heç də bir çoxlarının dediyi kimi içki düşkünü olmayıb. Amma arabir içib. Müsahibim şairin həyatı haqda çəkilmiş “Qəzəlxan” filmində onun ölüm səhnəsinin yanlış təsvir edildiyini də bildirir:
“Əliağa Vahidin ciyərləri soyuqlamışdı. Amma filmdə göstərirlər ki, guya o, qan qusaraq ölüb. Belə şey olmayıb. İçki məsələsinə gəlincə, hara gedirdisə, hamı deyirdi ki, şair, bizimlə yüz vur. Bu da etiraz etmək, insanların xətrinə dəymək istəmirdi. Amma bu faktdır ki, bəzən onu içirdib dilindən siyasi sözlər tutmaq istəyirdilər. Bəzi məşhur şairlərimiz isə onun bədahətən dediyi şeirləri, qəzəlləri elə oradaca yazıb öz adlarına çıxıblar.
Bir dəfə də Hacı Ələmdar Mahir gedirmiş, əynində də nimdaş, qara bir şalvar. Görüb ki, Vahid dostlarıyla yaşıllıqda oturub. İstəyib ki, buna ilişsin. Onun öz qəzəlindən bir beyt deyib: Vahid, nə gözəl yerdə məkan eyləmisən? Bu da bədahətən cavab verir ki, sən hara hisli tuman ilə rəvan eyləmisən?.. Söz altda qalan deyildi”.
Araşdırmaçı filoloq Şəfəq Ağacan deyir ki, Əliağa Vahid bir vaxtlar Aşqabadda aktyor kimi səhnəyə çıxıb:
“Vahid Aşqabadda imiş, eşidir ki, Azərbaycan Opera və Balet Teatrı “Leyli və Məcnun” tamaşasını göstərəcək. Özünü tamaşaya yetirir, Zeyd rolunu oynayan aktyor da xəstələnibmiş. H.Sarabski Vahidi görən kimi ona Zeyd rolunu təklif edir. Sözləri Vahidə yazdırırlar ki, əzbərləsin. Səhnəyə çıxan anda sözlər yadından çıxır və bədahətən bu beyti deyir:
Məcnunə deyən yox ki, ey aşiqi-biçarə,
Vahidlə nə karın var qoysun səni avarə”.
Məşhur füzulişünas həkim Qəni Tibb İnstitutunu bitirdiyi il müharibə başlayır, cəbhəyə aparılır. O həm də Zaqafqaziya Hərbi Dairəsində əsgərlərimizə ilk tibbi yardım göstərməyi öyrətməklə məşğul olur. Belə dərslərin birində Qəni poliqondan acıqlı səs eşidir. Zabit Qubenko bir əsgərə xitabən deyirmiş:
- Vışe noqi, ya tebe qovoryu, vışe noqi! (ayağını yuxarı qaldır – red.)
Həmin an ikinci mərtəbədən baxan həkim tanış səs eşidib məəttəl qalmışdı:
"Ayə, sənə deyirəm ayağım iflicdir, bunnan artıq "vışe" olmur!"
Onda həkim Qəni gözlərinə inanmayıb aşağı enmişdi. Demə, zabit Qubenko başında "pilotka"sı əyilmiş, ayaqlarında dolaqları açılmış Əliağa Vahidə piyadalar üçün məşğələ keçirmiş. Həkim cəld Vahidə tərəf gedib, uzaqdan dostunu görən şair cərgədən çıxıb, qayda-qanunu pozaraq, sağında və solunda dayanan əsgərləri itələyərək irəli qaçıb. Nə baş verdiyini anlamayan zabit Qubenko əsgərə baxıb, "sıravi, hara gedirsən?" deyə təəccüblə soruşub. Sıravi isə elə bil sualı eşitməyib, heç nə görmürmüş kimi, avazla şeir söyləyib:
Yoxdur bir kafər ki burada Şümürə tapşırsın məni,
Bu biyabanda az dolaşdırsın məni.
Şairin qızı Firəngiz İsgəndərovanın həmin hadisə barədə dediklərindən:
“Atamın nəzərincə, həmin halda həkim - kafər, komandir Qubenko - Şümür, özü isə imam Hüseyn tərəfdarı olmuşdu. Başqa adam üçün bir dəqiqənin içində bu misraları qoşmaq müşkül məsələ olsa da, atamdan ötrü bu, su içmək kimi bir şey idi. O, həkimi bağrına basıb demişdi ki, özünü öldür, məni burdan qurtar.
Qəni əmi də general rütbəsində olan hərbi məsləhətçinin yanına gedib, ona “bizim xalq şairimiz təsadüfən buraya düşüb, ona kömək etməliyəm, yoxsa xalqın üzünə baxa bilmərəm” deyə müraciət etmişdi. Hərbi məsləhətçi də zabit Qubenkonu çağırıb soruşmuşdu ki, səndə xalq şairi İsgəndərov Əliağa adlı əsgər varmı? Bunu eşidən Qubenko özündən çıxıb cavab vermişdi ki, xalq şairi nədir? Bu adam heç atasının adını yaza bilmir.
Bu zaman həkim Qəni söhbətə qarışıb soruşmuşdu:
-Taras Şevçenko kimdir?
Qubenko: Taras Şevçenko Ukraynanın xalq şairidir.
Qəni: Siz bilən, Taras Şevçenko atasının adını azərbaycanca deyə bilərdi?
Həkimin hazırcavablığı generalın xoşuna gəlir. Qubenkonu yola salıb Qəniyə deyir ki, get, Vahidi tibbi komissiyadan keçir. Hərbi qulluğa yararsız olsa, təxris edilməsinə sərəncam verərəm. Hərbi qulluqda da belə bir qayda var idi ki, əsgərdə üç xəstəliyin əlamətləri təsdiq edilsə, o zaman həmin əsgər hərbi mükəlləfiyyətdən azad olunmalı idi. O gecə həkim yatmayıb, Vahidin daşıdığı xəstəliklərdən 11-nin adını yazıb komissiyaya təqdim etmək üçün məlumat hazırlayır. Hər halda, 11 xəstəlikdən, heç olmasa, 8-i məqbul hesab edilməli idi. İş elə gətirir ki, komissiya Vahidin xəstəliklərinin 11-ni də təsdiq edir, general da sözünün üstündə durur. Beləliklə, atam Bakıya qayıdır”.
Əliağa Vahid həddən artıq siqaret çəkirmiş. Deyilənə görə, bəzən bir gündə 4-5 qutu siqaret şairə çatmazmış. Dostlarından biri soruşur ki, şair, niyə bu qədər siqaret çəkirsən? Şairin hazırcavablığı burada da özünü yubatmır. Deyir ki, adamın sağlam
ölməyə heyfi gəlir.
Qeyd edək ki, Əliağa Vahid 1965-ci il oktyabrın 1-də Bakıda dünyasını dəyişib.
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 18-02-2020 13:28
Baxış sayı: 41 071
Yazı axını
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
05 / 11 / 2024
Ən çox oxunanlar
15-11-2024 10:41
21-11-2024 15:23