Ürəklərdə yaşayan şəhid şair- Ülvi Bünyadzadə

20-01-2020 13:57
Bu gün Qanlı Yanvar hadisələrindən 30 il ötür.1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. O gün azadlıq uğrunda mübarizədə canından keçənlərdən biri də gənc şair Ülvi Bünyadzadə oldu.  Yarımçıq qalmış arzular, yazılmamış misralar və daha nələr, nələr... şəhidlik adlı ucalığa qovuşan ruhuyla bərabər çəkildi göylərə.  RUHU ŞAD OLSUN!

"...Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!"


Dalidag.az şəhid şair Ülvi Bünyadzadənin şeirlərini təqdim edir.

VƏTƏN ÜÇÜN ÖLMƏLİYİK

Biz öz ömür sazımızda
“Dilqəmi”ni bilməliyik.
Leylimizin ürəyini
Məcnun kimi sevməliyik.

Bisütunu biz də yaraq,
Çənsiz Çənlibellər quraq.
Sazımızda ağlayaraq,
Biz həyatda gülməliyik.

Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!

MƏN QORXMURAM UZAQ YOLA ÇIXMAQDAN


Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun,
şaxtasından, soyuğundan mən qorxmuram.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun,
acısından, ağrısından,
«Ölüm» adlı yuxusundan mən qorxmuram.
Yollar saysız,
Yollar sonsuz,
Yollar ötür,
Dünənimdən,
bu günümdən, sabahımdan
ötür keçir.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Çünki,
dünyadakı bütün yollar,
Anamın təndir evinin qabağından
ötür keçir.

***
Sən
mənim adıma
rast gəlməyibsən.
Adsız uyuyuram bu qərib yerdə.
Sənə deməyəcəyəm
heç adımı da.
Məni diri bilib,
Gözləyir anam.
Demə!
Qoy gözləsin,
dözməz bu dərdə.
Görürəm
qəbrimin içi yaş olur.
Deyəsən ağlayır anam xəlvətcə.
Girmir heç olmasa yuxuma –
deyəm, ağlama, ay ana,
mən çox yaxşıyam.
Səndən narahatam,
Niyə hər gecə çıxıb
qaranlıqda yola baxırsan?!
Niyə vaxtsız yatıb,
vaxtsız qalxırsan?!
lll
Qardaş da yoxdur ki, ona tapşırım.
Bəlkə ... sən olasan ...
Mənim qardaşım.
İndi ki,
Razısan,
Onda get bizə
Ovut anamızı, sən mənim başım.

QOCALMAZ, SEVGİ QOCALMAZ


Sevgi dolu, kədər dolu,
Aylar, illər ötür keçir.
Özümüz də heç bilmədən,
Ömrümüzdən ömür keçir.

Cavanlaşır balacalar,
Qocalansa cavanlardı.
Bu dünyada qocalmayan,
Eşq yolunda yananlardı.

Qocalmaz, sevgi qocalmaz,
Ürək, ümid qocalmasa.
Qocalmaz, sevgi qocalmaz,
Onu qocaldan olmasa.

HEYİF Kİ...


Ürəyim sevməyir, sevməyir səni,
Günahı gözümdə görürəm yalnız.
Hər dəfə qarşıma çıxanda, məni
İzinsiz özümdən alırsan, ay qız.

Ürəyim deməyir gözüm deyəni,
Baxma ki, eşqini gözündən alıb.
Bəlkə də sevərdim, ay gözəl, səni,
Heyf ki, ürəyim erkən ovlanıb.

Ülvi Bünyadzadə

Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 20-01-2020 13:57
Baxış sayı: 4888
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını