Kəlbəcərli girovlarla bağlı AŞPA-da MÜHÜM MÜZAKİRƏ

02-10-2019 19:20
Kəlbəcərli girovlarla bağlı AŞPA-da MÜHÜM MÜZAKİRƏ

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında vəzifələrınin icrasına yeni başlayan xanım Mariya Pesçinoviç Buriç ilk dəfə Assambleya qarşısında məruzə ilə çıxış etdi. Avropa Şurasının Baş katibi görməyi nəzərdə tutduğu işlər, qurumun fəaliyyətini daha da canlandırmaq üçün planlaşdırdığı layihələr barədə məlumat verdikdən sonra söz deputatlara verildi. Adətən Avropa Şurasının Baş katibi sessiyaların əvvəlində hesabat məruzəsi ilə çıxış etdikdən sonra ona suallar ünvanlanır. Lakin bu, xanım Mariya Pesçinoviç Buriçin Baş katib vəzifəsində qatıldığı ilk sessiya olduğundan onun məruzəsi, sadəcə, fəaliyyət istiqamətlərinin elan edilməsi səciyyəsi daşıdığı kimi ənənəvi suallar əvəzinə deputatlara həm də perspektivlərlə bağlı müəyyən mülahizələrini ifadə etmək imkanı yaradılmışdı.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edərək əvvəlcə nümayəndə heyətimiz adından xanım Baş katibi təbrik etdi və ona Avropa Şurasının rəhbər tutduğu demokratik dəyərlərin daha artıq bərqərar olmasındakı çalışmalarında uğurlar arzuladı. Azərbaycanlı deputat sabiq Baş katib Torbyorn Yaqland tərəfindən Avropa Şurası tribunasından bir neçə dəfə səsləndirilmiş və indiyədək həllini tapmamış həssas bir məsələyə toxunaraq ermənilər tərəfindən girov götürülərək saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında söz açdı. Girovların azad edilməsini mümkün edəcək yeni şəraitin yaranmasını diqqətə çatdıran Rafael Hüseynov Baş katibi sələfinin başladığı və Avropa Şurasının gündəliyində yer alan bu problemin həllinə töhfə verməyə səslədi: “2014-cü ildə Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda girov götürülmüş və qeyri-qanuni mühakimə edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması ilə bağlı sizin sələfiniz Ermənistana çağırış etmişdi. Ötən ay mənim ölkəm hətta həmin 2 girovu Azərbaycan ərazisində terrorçu fəaliyyətləri ilə bağlı həbs edilmiş 2 erməni hərbçisi ilə dəyişməyə hazır olduğunu rəsmən əlaqədar beynəlxalq qurumlara bəyan etmişdir. Siz sələfinizin bu istiqamətdəki nəcib işini davam etdirərək Baş katibin gündəliyində olmuş həmin məsələnin müsbət həlli üçün töhfənizi verməyə cəhd edə bilərsinizmi?”.

Deputatların çıxışlarından sonra cavab nitqi söyləyən Mariya Pesçinoviç Buriç bildirdi ki, Baş katib olaraq hələ genişmiqyaslı fəaliyyətə başlamadığından bir çox suallara ümumi şəkildə cavab vermək məcburiyyətindədir və yəqin ki, növbəti sessiyalarda həmin sualları daha müfəssəl şəkildə cavablandıra biləcək. Deputat Rafael Hüseynovun toxunduğu məsələyə gəlincə isə Baş katib bəyan edib ki, varislik davam edəcək, Avropa Şurasının əsas fəlsəfəsi ilə bağlı olan problemlər, hərbi münaqişələr və onların həlli istiqamətində müəyyən işlər görülmüş ayrı-ayrı məsələlər, o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyevin problemi Baş Katibliyin gündəliyindədir. “Bizə bəslənən ümidləri və inamı doğrultmaq üçün zəruri olan bütün addımları atacağıq”, - deyə xanım Mariya Pesçinoviç Buriç fikrini yekunlaşdırıb.


Dalidag.az



Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 02-10-2019 19:20
Baxış sayı: 3576
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını