Kamal Abdullanın yeni kitabı işıq üzü gördü- Şəkil

30-12-2019 14:24
Xalq yazıçısı Kamal Abdullanın “Mənim Füzulim” adlı yeni kitabı işıq üzü görüb.

Azərbaycan Dillər Universitetindən verilən məlumata görə, müəllifin Məhəmməd Füzuliyə həsr etdiyi esselərindən ibarət olan yeni nəşrdə Səttar Bəhlulzadənin Füzuli əsərlərinə çəkdiyi qrafik rəsmlərdən istifadə edilib. Yazıçı kitabda yer alan ədəbi nümunələrin yazılma tarixçəsini və kitabın çap olunma ideyasını belə əsaslandırır: “Oxucuya, həcmcə kiçik də olsa, kitab kimi təqdim edilən bu mətnin yaranışı necə oldu və bu yaranışın səbəbi nə idi?!
Uzun müddət idi ki, Cahangir Cahangirovun cazibədar “Füzuli” kantatası özünün ən müxtəlif yönlərindən mənim qulağımda səslənirdi. Mən ondan yaxa qurtara bilmirdim. Ən müxtəlif vaxtlarda, ən müxtəlif yerlərdə öz-özünə, heç nədən o, mənim beynimdə, qəlbimdə peyda olurdu. Mən bu musiqi ilə yaşayırdım, onunla nəfəs alırdım. Şövkət Ələkbərovanın ecazkar səsi əlimdən yapışıb məni Füzuli aləminin lap içinə qədər arxasınca gətirib gəlirdi.
... Füzuli məni həmişə ahənrüba kimi özünə cəlb edib. Füzulinin sözə münasibəti, sözü mum kimi beytin içində “əzib” yerləşdirmə bacarığı mənim təsəvvürlərimin hətta hüdudundan kənara çıxıb. Mən həmişə fərqində olmuşam ki, Azərbaycan ədəbiyyatı məhz Füzuli ilə XVI əsrə daxil olub, öz dilini yenidən yaradıb və qoruyub, dünya dəyərlərinə qiymət verib. Elə buna görə də “Füzuli olmasaydı nə olardı?” sualı məni həmişə qorxudub. Və bu qorxu tezcə də duman kimi uçub gedib. Mən anlamışam ki, mənim Füzulim olmaya bilməzdi. Necə ki, Xəzər olmaya bilməzdi, necə ki, Göygöl olmaya bilməzdi, Azərbaycan olmaya bilməzdi. O məni heç zaman tək buraxmazdı. Və mənim Füzulim uzaq əsrlərin isti qoynundan narahat, qəmli baxışlarını yenə də bu günə dikib. Və təkrar-təkrar deyir. Təkcə mənim üçün deyir: “Təğyiri-qəm etmək olmaz oldu. Gəldim, geri getmək olmaz oldu...”
Kitabın bədii redaktoru Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, redaktoru Cavid Zeynallıdır. Kitab “Mütərcim” nəşriyyatında çap olunub.

Dalidag.az




Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 30-12-2019 14:24
Baxış sayı: 2537
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını