Reklam
Əlövsət Ağalarovun "baş qərərgahı" - kəlbəcərlilərin ümid, pənah yeri...
29-12-2019 14:34
ONU KƏLBƏCƏRSİZLİK DƏRDİ QOCALTDI...
“AZƏRNƏŞR” - ağlar gözlü kəlbəcərlilərinin pənah gətirdiyi, ümid, inam, dözüm, səbr aldıqları ünvan idi.
Əlövsət Ağalarov - kəlbəcərlilərin güvənc yeri, qayğılar girdabında yaşayan dözüm mücəssəməsi və ...
Haqqında yazmaq istədiyim vətənpərvərlərimiz az deyil. Bəzilərini yaxın-uzaq tanıyıb az-çox, bir şey uydurub yazmışam. Doğrusu, bəyənilənləri də olub, “bəyənilməyən”ləri də. Bəyənilməyib ona görə ki, o “qəhrəmanlarım” qələmə aldıqlarımdan yuxarıda deyil, dəyərcə layiq olmadıqlarına görə, qınanmışam da bəzən. Amma, mənim üçün onlar obraz olublar, yazdıqlarımın mübtədası...
nsanlığın dərd-sərinin bölüşdürüldüyü bir məkanı, oradakı ziyalılıq etalonu kimi gördüyüm Əlövsət Ağalarov haqqında isə ürəyim istədiyi kimi, lazım olduğu səviyyədə yaza bilməmişəm. Ona görə yox ki, vaxt və zaman baxımından imkanım çatmayıb, qətiyyən! Sadəcə, sözümün gücü yetərli olmayıb, çünki onun barəsində korifeylərimiz, qələmi və müdrik kəlamları ilə xalqımızın söz sərvətinin keşiyini çəkənlər elə sanballı yazıblar ki, qorxmuşam o meydana ayaq basım. Amma, qəlbimin istək və arzusunun heç vaxt əleyhinə getməmişəm. Bu dəfə isə istəklərimin cilovunu buraxdım... Yazanda düşünməmişəm ki, kiminsə xoşuna gələr, ya gəlməz. Çalışmışam ki, qələmim və qəlbim səhv eləməsin: yaltaqlıq, simasızlıq, bədxahlıq simvolları qələmimə düşə bilməzlər. Ağlar gözlü, məsum üzlü, şirin sözlü, qəlbi odlu-közlü kəlbəcərlilərimdən, onların dərd-sərindən libas geyinmiş yazılarımı sonralar özüm oxuya bilməmişəm:
qapqara, yaxud qanqırmızı
rəngli yazılar olduqları üçün
Aşıq Şəmşir adına Kəlbəcər Rayon Mədəniyyət Evinin bədii rəhbəri işləyərkən Xalq Aşıqlar Ansamblını (bədii rəhbəri Qəmkeş Allahverdi idi) 1985-ci ildə Bakıya, Dövlət Filarmoniyasına konsertə gətirəndə Əlövsət müəllimi ilk dəfə necə kəlbəcərli olduğunu gördüm. Hazırda dövlətimizi diplomat kimi təmsil edən, sabiq baş prokuror, fəxrimiz Eldar Həsənovla birlikdə həmin konsertdən sonra sabaha kimi davam edən ədəbi-bədii gecədən tanıdım və qürur duydum ki, Kəlbəcərimizin belə ziyalıları var paytaxtda.
1993-cü il aprel ayının əvvəllərində Kəlbəcərin işğalından sonra isə Əlövsət müəllimi tamamilə özgə bir duyğuda, düşüncədə - qəm libaslı gördüm: sanki qərargah idi çalışdığı “Azərnəşr”. Ağlar gözlü kəlbəcərlilərinin pənah gətirdiyi, ümid, inam, dözüm, səbr aldıqları ünvanda onu hər zaman qayğılı görərdin...
Əlövsət müəllim, sadəcə, nəşriyyatın baş redaktoru deyil, eyni zamanda araşdırmaçı və milli mətbuatımızın tarixinin incilərini ipə-sapa düzən zərgəri olduğunu da sonralar hiss etdim.
Kəlbəcərsizlik günlərimiz artdıqca, kəlbəcərlilərin sayı azalmağa başladı. Bu da ona bir dərd oldu. Hansı yasa getdiksə, orada Əlövsət müəllimi gördük. Hansı xeyir iş oldusa, Əlövsət müəllim dəvət gözləmədən həmin kəlbəcərlinin sadlığına sevindi, gözaydınlığı verəndə də, “Allah bu dözümlülüyü bizdən alsın,-dedi. Çünki kəlbəcərsizlik yamanca ağır dərddir.
Əlövsət müəllim nəinki Kəlbəcər uğrunda, Qarabağın düşmən tapdağına dözməyib silaha sarılaraq düşmənə öz yerini göstərən igid bir oğulun da qardaşı kimi tanındı. Komandir Mahir Quliyev Qarabağdakı döyüşlərdən sonra Kəlbəcərin geri qaytarılması uğrunda ölüm-dirim savaşlarında öndə getdi. Amma... yağı daim marıqda olub, bugünkü kimi. O, düşmən gülləsinə sinəsini sipər edərkən, təəssüf ki, arxadan vuruldu. Mahir Quliyev, sözün əsl mənasında qəhrəman idi, heyf ki, belə igidlərimizi yaxından tanımırdıq...
Əlövsət müəllim Milli Məclisdə 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputat seçiləndə bir nəfər (adını bilərəkdən çəkmirəm, çünki erməniyə can deyənlərdəndir) Əlövsət müəllim haqqında məqalə yazdığım üçün mənə irad tutanda o “kəlbəcərli”yə verdiyim cavab illərlə həmin “şəxsi” yandıracaq...
Əlövsət müəllim ən layiqlilərin layiqlisi kimi kəlbəcərli seçiciləri Milli Məclisdə elə təmsil etdi ki, (şükürlər olsun ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun da adı bu gün kəlbəcərlilərin dilinin əzbəridir) digər işğal altında qalan rayonların deputatlarına nümunə çəkildi. Həmin rayonların seçicilərini dəfələrlə “Azərnəşr”də onun yanında görərdik. Bir ağızdan “Biz sizi özümüzün deputatı kimi görmək istəyirik, Əlövsət müəllim!” Bax, belə deputat oldu Əlövsət Ağalarov.
Sadə, səmimi, təvazökar qardaşımız neçə-neçə kəlbəcərli qələm adamının kitablarını nəşr edib, həm də təmannasız: özü himayədarlıq edib, sponsor tapıb. Bunu özünə mənəvi borc bilib.
Bu günlərdə haqqında yazmaq istədiyimi qəti qərarlaşdıranda material axtarışına çıxdım. Kitabxanamdan bir kitab tapdım və necə sevindim, təsəvvür edə bilməzsiniz. Sən demə, onun barəsində mən də yazmışam, ciddi və məsuliyyətli. “Xalqın səsi- haqqın səsi” adlanan həmin toplu mərhum şairimiz Məmməd Aslanın redaktorluğu və ön sözü ilə çapdan buraxılıb. Əslində, haqqında daha çox məlumat bildiyim Əlövsət müəllimin təvazökarlığından, həmin topluda onun və barəsində yazılanların hamısı yoxdur. Amma olanlar kifayət edir ki, biz Əlövsət Ağalarovu olduğu və göründüyü kimi və daha yaxından tanıyaq. Kimlərin imzası yoxdur burada?!..
Həmin topluda bu sətirlərin müəllifinin də “Xalqın güvənc yeri” başlıqlı məqaləsinin yer alması, yəqin ki, təsadüfi deyildi. Bundan xəbərim olmayıb. Bu yazını bir az da ürəklə qələmə alıram. Ona görə ki, hələ 1995-ci ildə Əlövsət müəllim haqqında gücüm çatan səviyyədə nəsə deyə bilmişəm və kitabda özünə yer tapıb. Demək, hər kəsə diqqətli olan Əlövsət müəllim mənim də kiçik həcmli həmin məqaləmi diqqətdən kənarda saxlamayıb. Həmin məqalənin bəzi məqamlarını yeni redaktədə bura əlavə etmək istəyimin də öz səbəbləri var: fikrimdə, düşüncəmdə Əlövsət müəllim daha da zirvələşib, vəzifəsi ucalmasa da, kreslosu dəyişməsə də. Çünki xaraktercə necə görmüşəmsə elədir, hələ bir az da kövrəktəhər olub, istiqanlılığı artıb, səmimiyyətlilyi ilə çoxlarına örnəkdir...
Xalqın güvənc yeri
Tanış olun: Ağalarov Əlövsət İbrahim oğlu 1954-cü ildə Kəlbəcər rayonunun Quzeyçirkin kəndində anadan olub. Rayonun Qılınclı kənd orta məktəini bitirib. Hərbi xidməti başa vurduqdan sonra, 1976-cıildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Əla oxuduğunu və xüsusi istedadını nəzərə alaraq, 1979-cu ildə Leninqrad Universitetinin Jurnalistika fakültəsində təhsilini davam etdirməyə göndərilib. Əlövsət Ağalarov 1981-ci ildə həmin fakültəni bitirərək, təyinatla Azərbaycan Dövlət Nəşriyyatına göndərilib.
Əməksevərliyi, yüksək intellekti, savadı, bacarığı hesabına respublikanın ən nüfuzlu nəşriyyatında – “Azərnəşr”də kiçik redaktorluqdan baş redaktor vəzifəsinə kimi yüksəlib. O, saysız-hesabsız sanballı tərcümə kitablarının, yüzlərlə elmi, publisistik məqalənin müəllifi, tərtibçisi və naşiridir.
Əlövsət Ağalarov Kəlbəcərdə dünyaya göz açmış, böyüyüb boya-başa çatmış, “Azərnəşr”də yetkinləşmiş, kamilləşmişdir. Ötən illər ərzində savadı, bacarığı, istedadı, səmimiyyəti ilə seçilmiş, Əlövsət müəllim kollektivin dərin rəğbətini qazanmışdır.
“Qara Yanvar”ın zülm və zülmətindən çıxmaq cəsarəti və...
Əlövsət müəllimi bu gün Azərbaycan oxucuları təcrübəli və cəsarətli naşir kimi yaxşı tanıyırlar: çapı yasaq edilmiş bir çox qiymətli tarix, mədəniyyət, ədəbiyyat abidələrimizin qaranlıq səhifələrdən tapılıb üzə çıxarılmasında, işlənib nəşr olunmasında çox böyük xidməti olmuşdur.
1990-cı ilin qanlı yanvar faciələrindən dərhal sonra “Azərnəşr”də çap olunmuş “Qara yanvar” kitabına görə çək-çevirlər, sorğu-suallar da sübut etdi ki, o vaxt həmin kitabın nəşrinə qol qoymaq çox böyük cəsarət tələb edirdi. Bircə faktı demək kifayətdir ki, Mətbuat və İnformasiya Nazirliyinin o vaxtkı rəhbərliyi “Qara yanvar” kitabının nəşrindən boyun qaçırdı. Onun bütün məsuliyyəti “Azərnəşr”in üzərinə düşdü. Bu məsuliyyəti daşyanlardan biri də məhz Əlövsət Ağalarov idi.
Əlövsət müəllimin “Azərnəşr”dəki xidmətlərini saymaqla qurtaran deyil. Dilimizə çevirdiyi qiymətli əsərləri, keyfiyyətlə tərtib etdiyi kitabları da sadalasaq bir naşir kimi onun xidmətləri haqqında daha aydın təsəvvür yaranır.
Yəqin ki, Kəlbəcərin işğal olunduqdan əvvəlki və sonrakı ağır, məşəqqətli günləri bizim hər birimizin yaxşı yadındadır. O vaxt Əlövsət Ağalarovun bir ayağı Bakıda, biri də Kəlbəcərdəydi. Əlövsət Ağalarov Kəlbəcərlə nəfəs alır, ürəyi Kəlbəcər sevgisiylə döyünürdü. O vaxt “Azərnəşr” Kəlbəcərin müdafiə etmək məqsədilə bir növ “baş qərargah”a çevrilmişdi. Kəlbəcərə köməyə gedən gənclər də “Azərnəşr”ə gələr, yeni bir xəbər öyrənmək istəyən də. Burada gecə-gündüz həyat qaynayırdı sanki: Kəlbəcəri xilas etmək barədə düşünülür, əhaliyə yardım əli uzatmaq üçün yollar axtarılır, müdafiənin möhkəmləndirilməsi ilə bağlı yuxarılarla əlaqə yaradılır, dövlət rəhbərləri qarşısında ciddi məsələ qoyulurdu. Sözsüz ki, bu işlərin ağırlığı ən çox Əlövsət müəllimin üzərinə düşürdü. Kəlbəcər itirildikdən sonra Bakıda özlərinə sığınacaq tapmağa məcbur olan kəlbəcərlilər “Azərnəşr”ə üz tuturdular. Öz isti yurd-yuvalarından məcburi qaçmağa məhkum kəlbəcərlilərin Bakıya çatanları “Azərnəşr”də bir
isti nəfəs, xoş üz, mehribanlıq və nəvaziş görürdülər. Heç olmasa, buradakı xoş münasibət minbir məşəqqət görmüş bu adamlara təsəlli idi. “Azərnəşr” o ağır günlərdə bir isti ocağa döndü, ümid, pənah yeri oldu. Həmin günlərdə Əlövsət Ağalarov özünün bütün qayğılarını unudub, hər bir kəlbəcərlinin doğmasına çevrildi.
Bütün bunları xatırlatmaqla Əlövsət müəllimi uşaqdan-böyüyə hər bir kəlbəcərlini necə böyük məhəbbətlə sevdiyini vurğulamaq, yada salmaq istəyirəm. Vətən torpağının müdafiəsi uğrunda şəhid olan kəlbəcərlilərin qəhərəmanlığından, döyüşkənliyindən, Kəlbəcərli şairlərdən Şamil Dəlidağın, Dəmirçi Abbasın, Ənvər Rzanın, Zakir Həsənoğlunun və onlarca digərlərinin şeirlər kitabına göstərdiyi böyük diqqət və qayğı həmin sevgi və məhəbbətdən irəli gəlirdi.
Onun məhəbbəti, sevgisi təkcə Kəlbəcər və kəlbəcərliərlə məhdudlaşmır. O, Azərbaycanın hər bir guşəsini Kəlbəcər qədər sevir. Kəlbəcər uğrunda son nəfəsinə qədər döyüşmüş, Murovdağda isə namərd gülləsinə tuş gəlmiş kiçik qardaşı Mahir Quliyevin Azərbaycanın qəhrəmanlıq tarixinə yazdığı ölməzlik salnaməsi də sübit etdi ki, Əlövsət Ağalarovun Vətənə, torpağa, dövlətimizin müstəqilliyinə məhəbbəti ailədən aldığı tərbiyədən gəlir. Bu məhəbbət onun ilyinə, qanına hopub...
Əlövsət müəllim onu yaxından tanıyan qələm adamlarının könül çıpıntılarında da obrazlaşıb, poetik dillə təqdim edilib. Gənc şairimiz, BDU-nun müəllimi, 23 yaşından Azərbaycan Yazıçılar Birliyini üzvü olan Ələmdar Cabbarlının təbində Əlövsət müəllim müqəddəs varlıq və qeyrət mücəssəməsidir:
Həmişə, hər yerdə yanğıyla deyir:
“O yurda dönməmək kişilik deyil”.
Sən vəkil olanda beş illik deyil,
Bu xalqdan ömürlük zəmanət aldın...
Əlövsət Ağalarov mənəviyyat ixtisaslıdır desək daha doğru olardı. Burada ixtisas şərtidir. İnsanşünalıq öndə dayanır. O, ictimai-siyasi xadimdir. O, elmli filoloq və peşəkar jurnalistdir. Əlövsət müəllim ədəbi-bədii, tərtibçi – texniki redaktor və nəhayət, naşirdir... Əlövsət Ağalarov eyni zamanda publisistdir. Qələmə aldığı mövzunun aktuallığı və problematikliyi öncə diqqət çəkir. Nəzər yetirək: “Qoruya bilmədik Vətənoğlunu”, “Bəhmən nurlu kitab”, “Qərib gecələrin tənha şairi”, “Dəlidağın daş qartalı”, “Dəmirçi də nakam getdi”, “Sücaət, döz kədər səni sıxanda” və s. və ilaxir...
Ölməz Ənvər Rza ilə bağrıbadaş olmuş Əlövsət Ağalarov şairin yaradıcılığını daim Kəlbəcəri sevdiyi qədər əzizləyib, urvatdan düşməsinin qarşısını alıb. Hər birimizin sevimlisi, Bosniya-Hersoqovinda Azərbaycanın səlahiyyətli səfiri olan Eldar Həsənovla Ənvər Rza yaradıcılığına göstərdiyi sevgi-məhəbbtə görə, hər ikisinin qarşısında baş əyirəm. Nə yaxşı ki, onlar var! Nə yaxşı ki, kəlbəcərlilərin dar macalda əllərindən tutub, küçələrə dilənməyə qoymayan ziyalılarımızdan biri olan Əlövsət Ağalarov mənəviyyat adamı doğulub. Nə yaxşı ki, dövlətimizin müstəqilliyinin qorunması yolunda mübarizliyi, dərin düşüncəsi, fəlsəfi dünya baxışları ilə seçilən Əlövsət müəllimimiz var. Nə yaxşı ki, iqtidar-müxalifət düşərgəsində xalqın görən gözü, danışan diliymiş qardaşımız! Bir vaxtlar “Murovdağ” cəmiyyətinin xətti ilə neçə-neçə imkansız kəlbəcərli ailənin dərd-sərinə dayaq olub, yeniyetmələrinin vətənpərvər ruhda tərbiyəsində mühüm işlər görüb. İndi onu yaşından, vəzifəsindən asılı olmayaraq, hər bir kəlbəcərli çox istəyir. Bu istək insanların qəlbinə səmimiyyətdən doğur, sadəliyin, alicənablığın və ziyalılığın rəmzi Əlövsət müəllimin şəxsində biz əsl kəlbəcərli obrazını görürük! Min yaşa, qardaş!
Bu yaxınlarda yenə bir yas yerində görüşdük. Qəhər dolu gözlərindən oxudum ki, sözü var. Bir haqsızlıq barəsində ikicə kəlmə dedi. Yaralarım qanadı, sızıldadı. O gün bu bəndləri pıçıldadım Əlövsət müəllimə, amma özünə demədim ki, bu misralar haqqınızda yazacağım növbəti yazının sonluğu olacaq. Allah sizi qorusun, qayğıkeş qardaşımız. Bax Kəlbəcərəldən gedəndən bu sayaq yaşayıram. 24 ildir ki, sığınmışam yataqxana küncünə, dolanıram qələm gücünə:
Könlüm qan ağlayır, gözüm yaş tökür,
Kəlbəcər əlimdən gedəndən mənim.
Yayda da könlümə duman-çən çökür,
Ellərim elimdən gedəndən mənim.
Bir qolum Borçalı, biri Göyçədi,
Həsrətim, hicranım yerlə-göycədi.
Bilən bilir hal-əhvalım necədi,
Ayrılıb qollarım bədəndən mənim.
Sağ gözüm Təbrizdi, solu Kəlbəcər,
Əsirdi, həm yesir Nigarla Həcər.
Bundan belə ha həsrət ək, dərd becər,
Qan axar gecələr didəmdən mənim...
Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 29-12-2019 14:34
Baxış sayı: 21 670
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23