Şaiq Sadıqzadə:"Sarılam boynuna elə ağlayam, bürüyəm gözümün yaşına səni..." -ŞEİRLƏR

27-12-2019 20:31
Çox yorma özünü, ha yaz, ha oxu,
Öz başı çəkməsə, anlamaz çoxu...
Bir yuxu istərəm, əbədi yuxu,
Ölüb qollarında uyacaq qədər..

Dalidag.az mərhum gənc şair Şaiq Sadıqzadənin şeirlərini təqdim edir:

ANA

Sən oğul doğmadın şeir yazmağa,
Bəlkə arzuların çox idi ana.
Alnıma yazılan bəxti pozmağa,
Bəs niyə pozanın yox idi ana ?!

Mənim hər ağrımı kəsdi qucağın,
Yuxusuz gecələr min əcir oldu.
Vətənsiz böyüdüm, isti qucağın,
Mənə vətən oldu, Kəlbəcər oldu.

Bəd söz eşitmədim sənin dilindən,
Həmişə hamıya alqış etmisən.
Məni qəmli görsən dəyişib birdən,
Bəzən qızlara da qarğış etmisən...

Xərclədin yolumda bütün ömrünü,
Mən necə qaytarım borcumu sənə ?
Elə həssassan ki, isti yay günü,
Qalın qış geyimi qoymusan mənə.

Gizlədim bu şeiri mən səndən gərək,
Bilirəm oxusan gözün dolacaq.
Ay polad dözümlü, ay qəlbi kövrək,
Sən gülsən oğlun da xoşbəxt olacaq...

Payız yarpağıydı saçının rəngi,
Hər payız gələndə yada salardım.
Seçib misraları payız barı tək,
Sənli şeirləri dada salardım.

Bir dəfə demişdin: "Kaşki dünyada,
Tək elə sevginin dərdi olaydı."
Kaşki nə xəstəlik, kaşki nə ölüm,
Kaş elə sevginin dərdi olaydı...

Uğur da qaçaqdı sən təki məndən,
Qaçır ayaqların, qıçların kimi.
Bu payız mən sənə şeir yazmıram,
Bu payız soluram saçların kimi...

PAYIZ SEVGİSİ


Bir payız günündə çıxdın qarşıma,
Bir payız günündə itirdim səni.
Bu payız ömrümün budaqlarında,
Bahar çiçəyi tək bitirdim səni.

Daha yad baxışlar hopub üzünə,
Günah olar indi baxsam gözünə,
Hər gün xəyallarda düşdüm izinə,
Hər gün evinizə ötürdüm səni.

Mat qalmışam bu sevgiyə özüm də,
Adın çıxır hər kəlməmdə, sözümdə,
O qədər ucaltdım səni gözümdə,
Allahın yanına çatırdım səni..!

NƏ VAXTSA...


Bəlkə unutduğum xəstəliyimsən,
Qəfil tutacaqsan yenə nə vaxtsa.
Deyə bilmədiyim o son sözümü,
Bir gün deyəcəyəm sənə nə vaxtsa.

Fərqliyik-kimi çox, kimi az sevər,
Kimi ruhun sevər, kimi üz sevər.
Ehh, sənin oğlun da bir gün qız sevər,
Onda haqq verərsən mənə nə vaxtsa..

Sən ey taleyimdə iz qoyan qadın,
Mənim hər misramda yaşayır adın.
Sən isə həmişə məni qınadın,
Bir az da özünü qına nə vaxtsa...

Baxma ki düşmüsən gözümdən uzaq,
Küləklər gətirir saçından soraq.
Görüş yerimiz var- əbədi torpaq,
Sonda qovuşarıq ona nə vaxtsa..!

QƏDƏR


Elə darıxmışam uşaqlar kimi,
Günləri barmala sayacaq qədər...
Elə darıxmışam, ayaq səsindən
Onun gəldiyini duyacaq qədər..

Bu sevgi qəlbimdən çətin daşına...
Gör nələr açacaq hələ başıma?!
Bir möcüzə ola, çıxa qarşıma,
Sarılam boynuna, doyacaq qədər...

Çox yorma özünü, ha yaz, ha oxu,
Öz başı çəkməsə, anlamaz çoxu...
Bir yuxu istərəm, əbədi yuxu,
Ölüb qollarında uyacaq qədər..

Sanmayın bu sevgi çılğın həvəsdi,
Şaiqə yad deyil, ən doğma kəsdi...
İlahi, o səmtdən bir külək əsdir,
O qızın ətrini yayacaq qədər..

SƏNİ


Mən necə xətt çəkim sənin üstündən?!
Axı sevməmişəm boşuna Səni.
Hərdən istəyirəm sinəmi yarıb,
Qoyum ürəyimin başına Səni.

Dəli sellər kimi coşam, çağlayam,
Dağlı ürəyimi bir də dağlıyam..
Sarılam boynuna elə ağlayam,
Bürüyəm gözümün yaşına səni...

Mən sənə yol almış qərib bir quşam..
Sənli xəyallarda itib azmışam..
Sağ ikən, sinəmin üstə yazmışam,
Ölsəm, məzarımın daşına səni.

KEÇDİ


Bezdim bu səs-səmirdən,
Vaxt dəyirman, ömür dən.
Bu beşgünlük ömürdən,
Bir yay da belə keçdi.

Yayda qrov saçların,
Qışda alov saçların,
O dəlisov saçların,
Nə asan ələ keçdi ?!

Biri keçdi sağına,
İz düşdü yanağına,
Öpüşlər dodağına,
Sığallar telə keçdi.

"Küləkli bir yay günü..."
Nə tez keçdi say görüm ?
Yadımdadı toy günün,
Bu gün üç ilə keçdi!

* * *

Aram yaxşı olub riyyaziyyatla,
Mən yaxşı bilirəm hesab çəkməyi.
Mən yaxşı bilirəm, bir qəlb qıranda
Gecə səhərəcən əzab çəkməyi.

Heç vaxt düşünmədim özüm özümü...
Könlüm həssas oldu, dərdbilən oldu..
Biriylə böləndə ortaq malımı,
Vicdanım arada tənbölən oldu.

İnsanı aldadır zaman xəlbiri,
Yaxşını ayırmaz, pisi ələməz..
Bəxtin gətirməsə işin tərs gedər
Üçü beşə vursan, on beş eləməz..

Həyat başdan- başa riyazi tənlik,
Özündə saxlayır çox gizliləri..
İnsan var sifəti həndəsi fiqur,
Nə qədər görmüşəm çoxüzlüləri..

İndidən düşün ki, müvəqqətisən,
Bunu anlamağın sonra gec olur.
Yığdığın var-dövlət ölüm gələndə,
Sıfıra vurulur, hər şey heç olur..

GÖRƏSƏN


Çox axıdıb ürəyimdən qanları,
Yazım qalsın heç olmasa bunları.
Baxışından titrədiyim anları,
Yaddaşına gətirirmi görəsən?

Bir də dəyməz əllərimə əlləri,
Kim qaytarar o ayları, illəri ?
Yaz gələndə çələng hörüb gülləri,
Saçlarında bitirirmi görəsən ?

O bilmədi nə çəkmişəm içimdə,
Çıxıb getdi durnaların köçündə.
Məni kimi xəyalların içində,
Öz-özünü itirirmi görəsən ?

Arzusuydu hər açılan sabahın,
Ünvanıydı min həsrətin min ahın.
Mən çəkdiyim əzəbların günahın
Öz üstünə götürürmü görəsən ?!

BİR GÜLÜŞÜN İZİ İLƏ...


Bəlkə boylanırsan yollara hərdən,
Yenə gözləyirsən arxanca düşəm.
Bağışla, heç sənə xəbər etmədən,
Çoxdan o şəhərdən çıxıb gəlmişəm.

Sən onda nə gözəl güldün üzümə,
Bir anlıq unutdum kədəri, qəmi.
Düşüb gülüşünün sonsuz izinə,
Coşdu xəyalımın ümid yelkəni.

Demə vəfasızsan, qınama məni,
Zaman qovuşdurur, həm ayrı salır.
Gec gəlib tez gedən qonaqlar kimi,
Qiyabi sevgisi yarımçıq qalır...

AXTARIM


Qaldım bu tayında sənli illərin,
Əl uzatsam ürküb qaçar əllərin.
İşdi bir gün o sarışın tellərin,
Yadıma düşərsə necə axtarım ?

Xəyaldan savayı bir səyyarım yox,
Darıxsam, dözməyə bir qərarım yox.
Gündüzlər gəzməyə ixtiyarım yox,
Səni gizlin-gizlin gecə axtarım.

Tutanda eşqimin dəlilik dəmi,
Tərpənsə könlümün o kövrək simi,
Düşüm küçələrə küləklər kimi,
Bax beləcə, bax beləcə axtarım..!

SEVƏNLƏR

Ağacdan asılan yarpağa bənzər,
Bir zəif mehdən də əsər sevənlər.
Desən xam xəyaldı, gəl unut onu,
Uşaq tək inciyib, küsər sevənlər.

Bu yükü bir ömrə daşıtmaq üçün,
Ağlayar içini boşaltmaq üçün.
Bir nakam sevgini yaşatmaq üçün,
Öz ömür payından kəsər sevənlər.

Barışmaz taleyin bəd axışıyla,
Yandırar aləmi bir baxışıyla.
Həsrət ilməsiylə, qəm naxışıyla,
Toxuyar bir canlı əsər, sevənlər..!

Şaiq Sadıqzadə
Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 27-12-2019 20:31
Baxış sayı: 32 895
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını