Məmməd Aslanın çap olunmamış iki şeiri tapıldı...

26-12-2019 19:28
Məmməd Aslan haqqında çox eşitmişdim!

İlk görüşümüz isə, mənim hələ dünyaya, Səriyyə xalanın qəzet-jurnal köşkünün, sanki avropaya açılan pəncərəsindən içəri boylanan vaxtlar oldu. İndi düşünürəm ki, o vaxtlar rəhmətlik, yaşına, müəllimliyinə, şairliyinə ümumiyyətlə ziyalılığına xələl gətirə biləcək və ona yaraşan uzun saçlarını, sovetlər rejimində necə qoruyub saxlıyırdı? Əgər görüşümüz baş tutsaydı, ilk sualım ona bu olacaqdı. Təəssüflər!!
Deyirəm uşaqlıq...Gəldim sevincək evə, dedim ki, muştuluğumu verin Məmməd Aslanı görmüşəm! Dediklərimi lap Nüsrət Kəsəmənli ilə Nəriman Həsənzadənin Parisdə təsadüfən görüşdüklərinə bənzətdim! Mənə hamı təəccüblə baxırdı. Kiçik qardaşım soruşdu ki, əsgərlikdən gəlib?
Dedim ayə səy-səy danışma, Məmməd Aslanı eyy, Məmməd Aslanı görmüşəm! Dedi əsgərlikdən gəlməyibsə nə muştuluq?
Məmməd Aslanı gördüyüm şərəfə, alacağım ənama, xələl gətirə biləcək kiçik qardaşıma dişlərimi elə qıcadım ki, az qaldı süd dişlərim mədəmə tökülsün!
Dişlərimin qıcıltısı, anamın pul kisəsindəki pulların cingiltisindən daha arxayın, təsdiqlənmiş və inandırıcı idi! Nə isə anamdan Məmməd Aslanı görməyim şərəfinə bir manat muştuluq alıb gəldım kitab mağazasına. Hələ deyəsən o vaxtlar rəhmətlik Tapdıq dayı özü işləyirdi.
Məmməd Aslanın səhv eləmirəmsə o vaxt ,,Ömür möhlət verəydi” kitabı çıxmışdı. Adətim üzrə iki kitabın aldım. (Kitablar da girov qaldı vətəndə)
O kitabı, mənim üçün daha da gözəlləşdirən bir şey vardı ki, orada dayım Nağılar Kərəm haqda ,,Nağılar Kərəm” eyni adlı böyük şeir vardı.
Məmməd Aslan poeziyasına sevgim daha da artdı.
Mən hərbi xidmətdə olanda, Məmməd Aslan poeziyasının vurğunu olduğumu bilən gözəl əmioğlum, dostum və iş yoldaşım  Mahir Hacıyev mənə yazdığı məktubların birində şairin təzə kitabından iki şeri mənə yollamışdı. İnterneti və FB səhifələrin ha gəzdim o şerləri tapa bilmədim!
Bu şeirlər internetdə və ya videoda yoxdur! Çoxsaylı dostlar və "FB" izləyiciləri bu şeirləri ilk dəfə oxuyacaqlar. Bu gün dahi şairin ad günündə, həmin şeirləri sizlərlə bölüşməyi, özümə borc bildim!
Məmməd Aslanın ruhu şad olsun, Məmməd Aslan sevərlər onun torpağı sanı yaşasınlar!
Bənövşə

Hələ torpaq quluncunu qırmayıb
Nə tez bildin gələn yazdı bənövşə
Yoxsa quşlar bal yuxunu dağıtdı?
Bu nə ündü nə avazdı bənövşə?

Darıxmısan gözəllərlə pişvaza
Hələ tezdir, üz bozardır qış yaza
İsin mənim ürəyimdən düş yaza
Dodaq büzmə, hava bozdu, bənövşə!

Ürkək-ürkək boylanırsan xəzəldən
Bu naz-qəmzə əskik olmaz gözəldən
Bükük boynun, bilməcədi əzəldən
Ha yozalar, yenə azdı bənövşə!

Duruşundan qəlbindəki əyandı
Qərib baxma, könlüm sənə həyandı
Səni gördüm minbir duyğum oysndı
Sən olmasan, oyanmazdı bənövşə!

Heç nə demə

Demə, mənə heç nə demə,
Qoy oxuyum baxışını
Tök üstümə leysan-leysan
Baxışların yağışını

Demə, mənə heç nə demə
Qoy məst olum gümanımla.
Hopyb dərya məhəbbətin,
Ürəyimə damla-damla.

Demə, mənə heçnə demə
Sevən ürək danışmaz ki,
Dalğa qucar sahilləri,
Sahil ona yanaşmaz ki!

Məmməd Aslan















İlqar Əliyev,
Sankt-Peterburq şəhəri

Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 26-12-2019 19:28
Baxış sayı: 22 049
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını