Elman Tovuz:"Dua kitabıdır sinəm Allahın..."- Şeirlər

24-12-2019 16:38
Qoy özümü gendə görüm,
Bəlkə yağış, gün də görüm...
Bir iş tapşır, mən də görüm, -
Nə vaxtdır bekaram, Allah.


Dalidag.az Elman Tovuzun şeirlərini təqdim edir:

QAYITMA

Özün də bilmirsən bu nə dərd idi -
Mən üzə çıxıram, sənsə batırsan…
Nə oldu: tapanda – gözü dörd idin,
Atanda – gözünü yumub atırsan?

Bu boyda günahı üstünə yığıb -
Bu ürək indicə daş olar, qorxma…
Yanına düşmüşəm – yadından çıxıb,
Gedərəm, yanın da boşalar, qorxma…

İsti nəfəs, – deyə axtarma hədər,
Qar düşər başımı qatdığın yerə.
Səni xatirələr daşqalaq edər -
Qayıtma o, məni atdığın yerə…

* * *

Baxma ki, gözümə görünməyirsən,
Salmısan silnməz iz yaddaşımda.
Özümə bu qədər yaxın deyilkən,
Qurmusan taxtını düz yaddaşımda.

Axşamım belədir, səhərim belə…
Qalmır heç yadımda naharım belə.
Mənim, qışa dönüb baharım belə,
Sənsə gül açmısan buz yaddaşımda.

De, mənmi dəliyəm, dəlimisən sən,
Taleyin sehirli əlimisən sən…
Ya məni sağaldan zəlimisən sən, –
Yapışıb qalmısan, qız, yaddaşımda?!

OLAYDIN

Düzümdə günəşim ola bilmədin,
Dağımda dumanım, çənim olaydın!..
Qolumun üstündə qala bilmədin,
Düşüb, saçlarımda dənim olaydın!..

Dilindən düşməzdi bir zaman adım,
Qibtə eyləyərdi yaxınım, yadım.
İsti nəfəsinə qızınammadım,
Buz olub canıma qənim olaydın!..

Günə bax, qaradan boyağımmı var,
Dalınca gəlməyə ayağımmı var?..
Dar gündə dirəyim-dayağımmı var,
Xoş gündə ortağım, tənim olaydın!..

Elmanam, qalmışam ətəyində sər,
Özümdən gileyli, səndən bixəbər.
Hər gecə yuxuma girən bəxtəvər,
Allahın altında mənim olaydın!..

ÜRƏYİMDƏ

Mənə “daşürəkli” deyən bəxtəvər,
Biləydin, nələr var kaş ürəyimdə.
Sənin kəklik eşqin yuva qurubdu
Mənim o, dediyin daş ürəyimdə.

Bilmirəm, nədəndi çaş görünməyim,
O bahar gözlərə qış görünməyim.
Mən necə hicrana xoş görünməyim –
Çəkdiyin dağlar da xoş ürəyimdə…

Daşam, ya deyiləm – həmən Elmanam,
Kiməm ki, tanrıdan gələni danam?!
Sən üzəsən deyə, ay könül sonam,
Axıb gölə dönüb yaş ürəyimdə…

DAHA

Qartal baxışlarım ağırdan ağır,
Hədəflər yayınmır gözümdən daha.
Dinəndə dilimdən yalvarış yağır,
Qan iyi gəlməyir sözümdən daha.

Hay vermir hayıma göylər mələyi,
Ruhum – səksəkəli dağ kəpənəyi.
Neynirəm bəsləyib mən bu ürəyi,
Köz alan yoxdursa közümdən daha.

Arzular açmayır, puçur içimdə,
Qurduğum qalalar uçur içimdə.
Qalmışam günahın, suçun içində,
Əllərim üzülmur üzümdən daha.

Qəmi saman kimi doğrayan vəldim,
Atımı bu yolda yorub dincəldim…
Yoxsa, iraq olsun, gözəmi gəldim?!
Söz aça bilmirəm dözümdən daha.

Elmanam, gurladım, yağa bilmədim,
Əridim, zülməti boğa bilmədim.
Dünyanı özümə yığa bilmədim,
Çıxıb gedəcəyəm özümdən daha.

YOLUMU GÖSTƏR

Soldur çiçəyimi, qəsd eylə mənə,
“Gülü nağıllı”dan qaçım, ilahi!
Diri qızlıları dost eylə mənə,
Ölü oğulludan qaçım, ilahi!

Haqqın qəfəsində quş ola bilim,
Nahaqqa atmağa daş ola bilim.
Acı həqiqətə tuş ola bilim,
“Dili noğullu”dan qaçım, ilahi!

Varamsa, var olan ölümü göstər,
Yoxamsa, yox olan olumu göstər.
Ağıllı dəliyəm, yolumu göstər, –
Dəli ağıllıdan qaçım, ilahi!

TÜRK OĞLUYAM, EŞİT, DÜNYA!

Hara baxdım, türkün izi...
Hara baxdım, türkün özü...
Tanrı, qoru Türkümüzü!
Bu nə xəyal, nə də röya, -
Türk oğluyam, eşit, dünya!

Sağa baxdım...
Çıraq gördüm!
Dövrəsində pərvanələr,
Haqq adına divanələr...
Günəş kimi sönməz çıraq –
Çıraq – Türkün çırağı!

Sola baxdım...
Ocaq gördüm!
Milyonların iman yeri,
Inam yeri, güman yeri
Yönüm, qibləm, pirim ocaq –
Ocaq – Türkün ocağı!

Arxada dağ -
Dayaq gördüm!
Kəməri – göy qurşağı,
Başında buluddan papaq.
Göylər çiyinlərində
Əzəmətli, qürurlu dağ –
Dayaq – Türkün dayağı!

Önə baxdım...
Mayak gördüm!
Hər zərrəsi nurla dolu
Haqq əli sabaha uzanmış,
Gələcəyin azad yolu –
Mayak – Türkün mayağı!

Yerə baxdım...
Torpaq gördüm!
Nəfəsində gül bitirən,
Ölümüylə ləl bitirən
Əzəli-əbədi vətən –
Torpaq – Türkün torpağı!

Göyə baxdım...
Bayraq gördüm!
Ay-ulduzu qoşa yanan,
Dəniz kimi dalğalanan
Canım bayraq, qanım bayraq –
Bayraq – Türkün bayrağı!

Hara baxdım, türkün izi...
Hara baxdım, türkün özü...
Tanrı, qoru Türkümüzü!
Bu nə xəyal, nə də röya, -
Türk oğluyam, eşit, dünya!
Türk oğluna beşık – dünya!

MƏNİM

Kimin xəbəri var çəkdiklərimdən,
Çıxıb axırıma bu zillət mənim...
Silib Günəş məni öz dəftərindən,
Yapışıb yaxama bu zülmət mənim.

Daşına dolanıb-dönəm Allahın,
Dua kitabıdır sinəm Allahın.
Ya əziz bəndəsi mənəm Allahın,
Gətirir başıma müsibət mənim?!

Zərdən tül tikəsən, qızıldan pərdə,
Nə fayda, heykələm pəncərələrdə.
Quru can sağlığı olmayan yerdə,
Nəyimə gərəkdir səltənət mənim?!

Quş olub göylərdə süzə bilərdim...
Balıq tək sularda üzə bilərdim...
Çətin bu möhnətə dözə bilərdim,
Yarım olmasaydı məhəbbət mənim.

Ay Elman, bu umu-küsünə qurban,
Yanan ürəyinin hisinə qurban.
Yenə yaxşısına, pisinə qurban –
Başımın tacıdır bu millət mənim!

* * *

Mən ki çəkdim nə verdinsə,
Yenə də çəkərəm, Allah.
Arzuların qəbri üstə
Lap gül də əkərəm, Allah.

Könlüm saray, evim kaha...
Kimə “yazıq”, kimə “pah”am.
İçimə sultanam, şaham,
Çölümə nökərəm, Allah.

Qoy özümü gendə görüm,
Bəlkə yağış, gün də görüm...
Bir iş tapşır, mən də görüm, -
Nə vaxtdır bekaram, Allah.

SEVGİMİZ


Əhdinə çatdınmı, hanı
Deyirdin bitdi sevgimiz?
Ayrılıq imiş dərmanı,
Böyüdü, artdı sevgimiz.

Daha sənə zaval yoxdu,
İzinə ki çətin düşəm...
Onsuz da ta gözüm toxdu, -
İçimi söküb yemişəm.

Yada salıb o çağları,
Sanma dizimə döyürəm.
Biləsən, bu ağıları
Necə sevgiylə deyirəm...

ALLAHA MƏKTUB


Özüm əsir, eşqim veyil, -
Ayırmısan nədən məni...
Ruhum didərgin düşəli,
Saxlayammır bədən məni.

Yaxşıları pir görürəm,
Yamanları tir görürəm –
Hamını bir-bir görürəm,
Görmür gəlib-gədən məni.

Ovudammır könlümü saz,
Kömək etmir nəzir-niyaz.
Nolar, bir əfv fərmanı yaz,
Çıxart bu türmədən məni...

***

Belə getsə, təkliyimdən
Heç xəbərin olmayacaq.
Sənsiz nələr çəkdiyimdən
Heç xəbərin olmayacaq...

Elə bilmə dözəcəyəm,
Dözüb, dözüb bezəcəyəm.
Dəli kimi gəzəcəyəm,
Heç xəbərin olmayacaq.

Baxışlarım dil açacaq,
Hər ötənə əl açacaq.
Yaralarım gül açacaq,
Heç xəbərin olmayacaq.

Aylar, illər ötüşəcək...
Harda səndən söz düşəcək -
Ruhum necə üşüyəcək,
Heç xəbərin olmayacaq.

Üstümü torpaq örtəcək,
Torpağı yarpaq örtəcək,
Qar yağıb dümağ örtəcək,
Heç xəbərin olmayacaq...

Elman Tovuz

Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 24-12-2019 16:38
Baxış sayı: 3989
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını