Özünə sevgi məktubu yazan eybəcər... (Hekayə)

14-12-2019 14:47


Dalidag.az  Maksim Qorkinin "Boles" adlı hekayəsini təqdim edir:

T
anışım belə bir əhvalat danışmışdı: "Moskvada tələbə olduğum zaman qonşuluqda "qəribə" bir qadın yaşayırdı, yəqin nə demək istədiyimi başa düşdün. O, polyak idi, adı da Tereza. Hündür boylu, qüvvətli, qaraşın, çatma qaşları və yekə, kobud, sanki balta ilə əzilmiş sifəti vardı. Qara gözlərinin vəhşi parıltısı, quru, qalın səsi, bazar satıcılarına bənzər nəhəng, əzələli bədən quruluşu, davranışları ilə məni dəhşətə gətirirdi. Mən çardaqda yaşayırdım, qapılarımız üzbəüz idi. Onun evdə olduğunu bildikdə çox zaman qapımı açmırdım. Lakin, əlbəttə ki, bu, nadir hallarda baş verirdi. Bəzən onunla pilləkəndə, həyətdə görüşməli olurdum, bu zaman o, mənə baxıb yırtıcı və ədəbsiz təbəssümü ilə gülümsünürdü. Onu dəfələrlə sərxoş, gözləri yuxulu, saçları pırpız, xüsusilə iyrənc tərzdə gülümsəyən görmüşdüm... Bu cür vəziyyətlərdə mənə deyirdi:
 
- Sağlam qalın, tələbə! - və məndə özünə qarşı nifrəti artıraraq axmaqcasına gülürdü. Bu cür görüş və salamlaşmalardan qurtulmaq üçün mənzildən köçmək istəyirdim, amma mənim elə qəşəng otağım, genişliyə açılan pəncərəm var idi ki... Küçə isə olduqca sakit idi... Mən səbr edirdim.
 
Bir gün səhər çarpayıda uzanıb mühazirəyə getməmək üçün hansısa bəhanələr tapmağa çalışarkən qapı aralandı və həmin iyrənc Tereza kandarda dayanaraq yoğun səsi ilə dedi:
 
- Sağlam qalın, tələbə!
 
 - Sizə nə lazımdı? - deyirəm. Üzündə pərt və yalvarıcı ifadə var... Ona məxsus olmayan...
 
- Bilirsiz, sizdən bir xahişim olacaq... Bunu mənim üçün məhz siz edə bilərsiz!
 
Əyləşmişəm, sakitcə düşünürəm:
 
"Tələ! Mənim saflığıma qarşı sui-qəsd. Möhkəm ol, Yeqor!"
 
- Mən vətənə məktub yollamalıyam, - o qədər yalvarışla, sakit, utanaraq danışır ki...
 
"Eh, düşünürəm, cəhənnəmə ki, buyur!"
 
Ayağa qalxıb, stol arxasına keçdim, kağız götürüb dedim:
 
- Bura yaxınlaşın, əyləşin və yazmaq istədiklərinizi deyin.
 
O, yaxınlaşır, ehtiyatla stula əyləşir və günahkarcasına mənə baxır.
 
- Həə, məktub kimədir?
 
-Sventsyanı şəhəri, Varşava küçəsi, Boleslav Kaşputa...
 
- Nə yazım?.. Deyin...
 
- Əzizim, Boles... Qəlbim... Mənim vəfalı sevdiyim... Tanrı qorusun səni! Mənim ürəyim... Nə üçün bu qədər uzun zamandır darıxan göyərçinin Terezaya yazmırsan...
 
Az qala qəhqəhə çəkəcəkdim, "Darıxan göyərçin"in on iki verstlik boyu, möhkəm yumruqları və elə qara sifəti vardı ki, sanki bu göyərçin ömrü boyu boruların içini təmizləmiş və heç zaman yuyunmamışdı. Birtəhər özümü saxlayıb soruşdum:
 
- Boles kimdi ki, belə?
 
- Adı Bolesdir, tələbə, - adı təhrif etdiyim üçün sanki məndən incidi - o, mənim nişanlımdı...
 
- Nişanlın?!
 
 - Niyə təəccüblənirsən ki? Məgər mənim - gənc qızın nişanlısı ola bilməz?
 
"Gənc qız?!"
 
- Yox, niyə ki! Hər şey ola bilər... Çoxdan nişanlısınız?
 
- Altı ildir...
 
"Gör ha!" - deyə düşünürəm. Nə isə, məktubu yazdıq. Sizə deyim ki, olduqca həssas, sevgi dolu idi, hətta mən özüm həmin Bolesin yerində olmaq istərdim, əgər namizəd Tereza yox, ondan balaca birisi olsaydı.
 
- Köməyə görə sizə təşəkkür edirəm,! - Tereza təzim edərək dedi. - Bəlkə mən də sizə nədəsə qulluq edə bilərəm?
 
- Yox, minnətdaram!
 
- Bəlkə sənin köynəyini və ya şalvarını yamamaq lazımdır?
 
Bu ətəkli bədheybətin mənim qızarıb pörtməyimə səbəb olduğunu hiss etdiyim üçün olduqca kəskin şəkildə bəyan etdim ki, onun köməyinə ehtiyacım yoxdu.
 
Getdi.
 
İki həftə keçdi... Axşamdı. Pəncərə qarşısında əyləşib fit çalır və düşünürəm ki, başımı nə ilə qatım? Darıxıram, hava isə bərbaddı, heç yerə getmək istəmirəm, yadıma gəlir ki, darıxmaqdan özümütəhlilə başladım. Bu da olduqca darıxdırıcıdı, amma başqa heç nə etmək istəmirdim. Qapı aralanır - şükür Allaha! - kimsə gəldi...
 
- Tələbənin təcili işi yoxdu ki?
 
Tereza! Hə...
 
- Yox...necə ki?
 
- Səndən daha bir məktub yazmağını xahiş edəcəkdim...
 
- Bağışlayın... - Buyurun... Bolesə?
 
- Yox, bu dəfə məktub ondan olacaq...
 
- Necəə?
 
- Əcəb axmağam! Mən düz demədim, bağışlayın! İndi məktub mənə yox, bir rəfiqəmə lazımdı... Daha doğrusu, rəfiqəmə yox, bir tanışıma... O, özü yaza bilmir... Onun nişanlısı var, elə mənim kimi... Adı Tereza...
 
Ona baxıram - sifətində pərtlik var, barmaqları əsir, nədənsə qorxur və mən bilirəm nədən!
 
- Bura baxın, xanım, - deyirəm, - nə Boles, nə də Tereza adlı heç kim yoxdu, siz yalan danışırsız. Məni yoldan çıxara bilməzsiniz, sizinlə yaxından tanış olmaq istəmirəm... Başa düşdünüz?
 
O, birdən qəribə tərzdə qorxdu, özünü itirdi, yerində dövrə vurmağa və dodaqlarını demək istədiklərini demədən gülməli tərzdə tərpətməyə başladı.
 
Bütün bunların nə ilə nəticələnəcəyini gözləyirəm, görürəm və hiss edirəm ki, deyəsən, onun məni namuslu yolumdan azdırmağa çalışması haqqındakı şübhələrimdə azacıq yanılmışam. Burada nəsə başqa məsələ var idi.
 
- Tələbə, - deyərək əlini yelləyərək qapıya tərəf çevrildi və getdi. Mən qəlbimdəki bərbad hisslə baş-başa qaldım. Qapısını bərkdən çırpdığını eşitdim, deyəsən arvad əsəbiləşdi. Düşündüm və onun otağına gedib çağıraraq nə lazımsa yazmaq qərarına gəldim.
 
Otağa daxil oluram - görürəm masanın arxasında əyləşərək dirsəklənib və başını əlləri arasında sıxıb.
 
- Qulaq asın - deyirəm...
 
...Bu hadisəni hər dəfə danışdığım zaman bu yerə çatanda özümü olduqca axmaq hiss edirəm... Axmaq hadisədi, ağılsızlıqdı! Hə...
 
- Qulaq asın - deyirəm...
 
Yerindən qalxır, gözləri parıldayaraq mənə yaxınlaşır, əllərini çiynimə qoyaraq pıçıldayır, daha doğrusu gurultulu səsi ilə uğuldayır.
 
- Hə, necədi? Hə? Boles adlı kimsə yoxdu. Tereza da yoxdu! Sizə nə var? Qələmi kağız üzərində gəzdirmək çətin idi hə? Eh, sizi! Heç bir Boles, Tereza yoxdu, təkcə mən varam! Hə, nə oldu?
 
- İcazə verin, - deyirəm heyrətlə, - nə olub? Boles yoxdu?
 
- Yox, yoxdur! Sonra?
 
- Bəs Tereza, o da yoxdu?
 
- Yox, Tereza da yoxdu! Tereza mənəm!
 
Heç nə başa düşmürəm! Gözlərimi bərəldərək ona baxıb, təyin etməyə çalışıram ki, bizim hansımız ağlını itirib? O isə yenidən masaya tərəf gedir, orada eşələnir, mənə yaxınlaşıb incik halda deyir:
 
- Əgər Bolesə yazmaq sizin üçün bu qədər çətindirsə, onda buyurun yazdığınız məktubu, götürün! Mənim üçün başqaları yazar...
 
Baxıram əlimdə Bolesə yazdığım məktub. Uff!
 
- Qulaq asın, Tereza! Bu nə deməkdir? Başqalarının yazmasını neynirsiniz ki, mən yazdığımı heç göndərməmisiniz axı?
 
- Kimə?
 
- Ona da... Bolesə.
 
- Boles yoxdu axı!
 
Heç bir şey başa düşmürəm! Tüpürüb getməkdən başqa yol qalmadı. Amma qadın izah etdi.
 
- Neynək? - küskün halda dedi. - O yoxdu, deməli, yoxdu. - Və sanki onun niyə var olmadığını anlamırmış kimi əllərini araladı, - Mənsə istəyirəm ki, o olsun... Məgər mən də hamı kimi insan deyiləm? Əlbəttə, mən... mən bilirəm ki... Amma mənim ona yazmağımın heç kəsə zərəri yoxdu axı...
 
- Bağışlayın kimə?
 
- Bolesə də!
 
- O yoxdu axı.
 
- Ah, İsus-Mariya! Nə olsun, nə olsun yoxdu? Yoxdu, amma sanki var! Mən ona yazıram, sanki, o varmış kimi... Tereza isə mənəm, sonra o mənə cavab yazır, sonra yenə mən ona...
 
Mən başa düşdüm. Özümü ağır, elə pis hiss etdim, elə utandım ki. Mənim yaxınlığımda, üç addımlığımda yer kürəsində ona sevgi ilə, ürəkdən yanaşacaq heç kimi olmayan insan yaşayır və bu insan özünə xəyali dost uydurur.
 
- Bax, siz mənim üçün Bolesə yazdınız, mənsə onu oxumaq üçün bir başqasına verdim. Məktubu mənim üçün oxuyanda dinləyir və düşünürəm ki, Boles həqiqətən var. Sonra Bolesdən Terezaya məktub yazılmasını xahiş edirəm. Yəni, mənə. Bu cür məktubu mənim əvəzimdən yazanda və oxuyanda Bolesin var olduğuna əmin oluram. Bundan rahatlıq tapıram...
 
...Hə. Lənət şeytana! Həmin vaxtdan həftədə iki dəfə Bolesə və Bolesdən Terezaya məktublar yazmağa başladım. Cavabları olduqca yaxşı yazırdım. Olurdu ki, qadın onları dinləyir və ağlayırdı. Qalın səsi ilə hönkürürdü. Xəyali Bolesin adından yazdığım məktublara görə tökdüyü göz yaşlarının əvəzində müftə olaraq corablarımdakı, köynəklərimdəki dəlikləri yamayırdı. Bu hadisədən üç ay sonra onu nə səbəbdənsə həbsə saldılar. İndi isə, o, yəqin ki, vəfat etmişdi".
 
...Tanışım siqaretin külünü üfürdü, fikirli halda səmaya baxdı və söhbəti yekunlaşdırdı:
 
"Hə-ə... İnsan nə qədər acı təam dadırsa, şirinə o qədər tamarzı olur. Bizsə - qədim xeyirxahlıq libasımıza bürünüb bir-birimizə əqidəmizin düzgünlüyü arxasından əminliklə baxanlar, bunu anlamırıq.
 
Olduqca səfeh və qəddarcasınadır. Guya, əxlaqlı insanlarıq. Bəs əxlaqsızlar kimlərdir? Hər şeydən əvvəl eynilə bizdəki kimi sümük, qan, ət və əsəbləri olan insanlardır. Bu gerçək əsrlər boyu hər gün bizə təlqin olunub. Biz isə dinləyirik və bunun nə qədər mənasız olduğunu bilən yoxdu! Əslində, elə biz özümüz də yaxşı insanlar deyilik, hətta olduqca pisik. Əsəblərimizin və şüurumuzun hiyləgərlikdə bizdən sadəcə azacıq geri qalan, bizim qədər yaxşı riyakarlıq etməyi bacarmayan insanların şüurları və əsəblərindən mükəmməl olduğuna əminliyimiz bizi uçuruma aparır. Yeri gəlmişkən, bu o qədər köhnə əhvalatdır ki... Hətta haqqında danışmaq da ayıbdır..."
 
Tərcümə:Xatirə Nurgül
Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 14-12-2019 14:47
Baxış sayı: 3620
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını