Şəfa Vəliyeva:"Sükutun yuvadır qu quşlarına..." -ŞEİRLƏR

07-12-2019 18:13
"...bağışlama gedişimi, qadası,
üzü sənə tərəf iz qoymamışam..
sən olan şeirlər vicdan həyası;
bu gün qələmimi düz qoymamışam..."


Dalidag.az Şəfa Vəliyevanın şeirlərini təqdim edir:

* * *
burax, əllərində ölsün qırışlar,
çərçivə olmasın baxışlarına,
mənə çoxdan "xala" deyir uşaqlar,
nə tez "nənə" oldun, ay naxış anam?!

Mən elə bilirdim,
qocala bilməz
mən boyda "körpəsi" olan bir qadın.
Daha günlərimdən borc ala bilməz,
"olmazlar",
Dilimdə təkbirdi adın.

burax, qoy qocalsın "Sabir küçəsi"
heç kimin ilk sevda qəsri olmasın
"saçımda ağ kağızın boz kölgəsi
-demişdin,
o kölgə heç canlanmasın.

burax, dizlərində kükrəsin zaman,
burax, at oynatsın sevinc üzündə.
mən sənin dizinə qısılıb yatan
"körpənəm"
qalmışam şeir düzündə.

əllərim açılır dörd bir tərəfə-
mən bütün dinlərin bidətçisiyəm,
duam himn kimi
"Laylay, bənövşəm
Lilitin sonuncu lənətçisiyəm.

sən nə tez yenildin ağrılarına?
nə tez zəfər himni çaldı "can hayı"?
sən nə tez qocaldın, ay naxış anam?
hələ cücərməyib candan can payım.

* * *
Bağışla, bilmədim elə gün gələr,
Sevgi zirvəsinə çıxan yıxılar.
Niyə bircə dəfə gerçəyə dönmür,
O sənli yuxular, sənli yuxular.

Bağışla, sevmişəm sevənlər kimi,
Kitabsız, ünvansız, qayda-qanunsuz.
Mən Əsli olmadım, Xan Kərəm kimi,
Alışdım oduna atəşsiz, odsuz.

Bağışla, nə edim, əlimdə deyil,
Hər gecə röyama mehman olursan.
Ağlım yaddan çıxar, unut, at deyir,
Axı ürəyimdəsən, unudulmazsan.

* * *

Səndən qalan xatirəndə,
Bir sevginin yası vardır.
Hey ağlayan gözlərimdə,
Nakamlığın adı vardır.

Səndən qalan yuxularda,
Sənsizliyin kabusu var.
Sənsiz gələn sabahlarda,
Həsrətinin qoxusu var.

Dünyan qalıb mənə sənsiz,
Atmosferi hicran dolu.
Şəhərləri sənsiz, səssiz,
Hər yolu bir ölüm yolu.

Addımlaram bu yolları,
Səndən qalan arzularla.
Yaşayaram çox illəri,
Səndən qalan xəyallarla.

Bir həyatın qəm-kədəri.
Səndən qalan tək xatirə,
Yazıq qəlbin ümidləri.
Yazıq oldu arzular da,

Mənim səni sevməyimdə.
Küsüb getdi vüsalın da,
Səndən qalan xatirəndə.
Heç demədim öləcək bu,

Heç demədim öləcək bu,
Hicranın əliylə bir gün.
Yanan qəlbin közü, odu,
Sönər göz yaşıyla bir gün.

Səndən qalan bir xatirə,
Bir həyatın qəm-kədəri.
Səndən qalan tək xatirə,
Yazıq qəlbin ümidləri.

* * *

Bəlkə bir gün qarşılaşsaq…
Yanağımdan iki gilə yaş axar,
Biri sənin, biri mənim adımda.
Gözlərim dirənib yerlərə baxar,
Bir daha qalmasın sənin yadında.

Ürəyim yenə də susar, danışmaz,
Küskün kədərlərə məkanlıq eylər.
Sənin yoxluğuna yenə alışmaz,
Amma, sənsizlikdə sultanlıq eylər.

Nə səndən əl açıb sevgi istəyər,
Nə də üz döndərib get deyəmmərəm.
Sadəcə könlümün başı göynəyər,
Bircə kəlmə sənə söz deyəmmərəm.

Bir gün qarşılaşsaq…Yenə ümidlər,
Boy atar, cücərər, saralar, solar.
Bir gün qarşılaşsaq… Eh, nələr, nələr,
Dəli könül daha nələr arzular.

* * *
Səhərim adınla başladı gülüm,
Axşama çox qalıb, bəlkə görüşdük.
Ülvi istəkləri qılınc eyləyib,
Dan sökülənədək yenə döyüşdük.

Sən öz dünyanın sərkərdəsisən,
Mən də göz yaşlarımın şahzadəsiyəm.
Sən neçə ürəyin İskəndərisən,
Mən sənin qəlbinin Nüşabəsiyəm.

Yenəcəm sevgimlə fatehliyini,
Qarşımda öləcək cəlladlığın da.
“İskəndər yenilməz, yenər” sehrini,
Alacam əlindən Şəfalığımla…

SEVGİMİN COĞRAFİYA DƏRSİ


İtmiş bir məhəbbət adalarıydı,
Ömür xəritəmdə sənli cizgilər.
Ya da, yad əlindən dad-amanıydı…
Hardasa duyulmaz bir harayıydı,
Toydan bir gün sonra sınan güzgülər.

Nə yaman, nə yaman həsrətin varmış,
İzlər addım-addım hara getsəm mən.
Sənə gedən yollar nə yaman darmış…
Uzaqda olmağın demə yaşatmış,
Yoxsa mən küsərdim ömürdən, gündən.

Sən uzaq…Çox uzaq coğrafi bir kəşf,
Adasan, körfəzsən, dənizsən, nəsən?
Bəlkə savannalar, tropik meşə?
Bəlkə də zərif, incə bənövşə…
Ya bəlkə, quruca bir səhrasan sən?!

AYRILIQ ÖLÜM DEYİL Kİ...


“Ayrılıq ölüm deyil ki…”
-deyib də getməyə nə var…
Bax, o qaraçı deyir ki:
-Yollara gülməyə nə var…

İzlərinlə naxışlanmır,
Cığırlar yiyəsiz qalıb.
Gicitkənlər ovxalanmır,
Quzuqulağı qocalıb…

O kənd bir başqa darıxıb…
O kənd bizi axtarırmış…
Dağlar kənd yoluna baxıb
Dərə boyu ağlayırmş…

Fikrin varmı, kiriyərmi
BİZi görsə o dağ kəndi?
Həyasından əriyərmi
Aramızda həsrət bəndi?

***

hər bazarertəsi tənha ağaclar
sevinir duyanda gülüşlərini...
o boz göyərçinlər, ala qarğalar
sevdirir Tanrının əl işlərini...

səninlə açılan hər səhər yaşıl,
yerişin yaraşır bütün yollara...
nə olsun xəyalın sərhədlər aşır?!
mənimçün uzaqdı ikicə dalan...

hərdən ürəyimə sığmır iş vaxtın-
sonsuzluq simvolu o səkkiz saat...
sənə xatir yaşayıram həyatı...
açıram zəngini, zamanı uzat...

BÜTÜN ARZULARIN SAÇIMDA QALDI

bütün arzuların saçımda qaldı,
daraq tanımağı günah bilirəmв,
mən səni dünyanın gözündən saldım,
yolumu kəsəcək min "ah", bilirəm.

açıq pəncərəndə rəqs edən pərdə,
qovuşmaz əlimin qırışlarına.
hədiyyə etmişəm səni bu dərdə,
sükutun yuvadır qu quşlarına.

bağışlama gedişimi, qadası,
üzü sənə tərəf iz qoymamışam..
sən olan şeirlər vicdan həyası;
bu gün qələmimi düz qoymamışam.

ADINI DEYİB GƏLMİŞƏM


Bir qədəh sevinc icmişəm
sağlığına… sağlığına…
Utanmayıb oynamışam
yoxluğuna… yoxluğuna…
                                                                                                                                                                                 Adını deyib gəlmişəm,
düşmüşəm yolun ağına…
Adımı yaza bilmişəm
çəkdiyin həsrət dağına…
                                                                                                                                                                              Bağışla… Ömrüm günahdı…
Batırma eşqi günaha…
Dilimdəki bu son “ah”dı…
Badədir, sağlığına…

* * *

sığındığım köşəyə
rəsmini Tanrı çəkmiş…
qorxma dərdim üşüyə,
dərdə qoxunu səpmiş…

                                                                                                                                                                                      Bəlkə unutdun sən də
mənim kimi o toyu?
bəxtmi unutdu səndə
o buxunu, o boyu?

                                                                                                                                                                                    saçındakı dənləri
bağla qızıl üzüyə…
göndər gələn-gedənlə
bəlkə ömrü bəzəyə…


* * *

bütün ayrılıqlar doğma…
bütün xoşbəxtliklər yad…
səninlə yaşanan hər nə varsa
adını qoymağa çalışma…
heç məndən də soruşma…
adı üstündə yazılı: HƏYAT…

bağırma, çağırma…
sükutunu qucaqla…
dərdini bas bağrına…
bir də görərsən ki,
qapın döyülür…
pəncərəndən pıçıltılar tökülür-
gecikmiş “Bağışla” adıyla…

yalan demirəm sənə…
İnanmasan da olur…
daha eynimə gəlmir
məni necə bilirsən…
daha əynimə gəlmir
“qadın nazı”… Bilirsən…

bütün səssizliklər haray…
bütün anlayışlar fəryad…
səninlə yaşanan hər nə varsa
adı üstündə yazılı: HƏYAT…


YARPAQ AYRILIĞI


Pəncərəmdən boylanır
Yaşılı getmiş yarpaq.
Baxışlarım xoflanır:
-Payıza kim qalacaq?

Yarpaq...Yarı yaşıldı,
Budağa yaraşırdı.
Fəsil-ömür yaşıdı...
Fəsil onu atacaq...

Bu da bir ayrılıqdı...
Rənglərə bulaşıqdı...
Dərdim hələ uşaqdı,
Payızla oynayacaq.

Şəfa Vəliyeva

Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 07-12-2019 18:13
Baxış sayı: 3797
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını