Reklam
Post - müharibə şeirləri - Namiq DƏLİDAĞLI (2-ci savaş)
10-11-2021 10:23
Namiq Dəlidağlı
DƏLİDAĞ, SALAM OLSUN, MUROV, HƏR VAXTIN XEYİR!
İlahi, sənə şükür, diləyimiz çin oldu,
Kəlbəcərə dönürük...
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu-
Kəlbəcərə dönürük...
Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı,
bu yurdun əvəzi yox-dür qayası, dür daşı.
Şəhid-Şəhid göyərən hər qayası, hər daşı-
Kəlbəcərə dönürük...
Kimin düşsə bu yerə güzarı- sevinəcək,
qalmayacaq ağrısı-azarı, sevinəcək.
...Uluların torpağı-məzarı sevinəcək,
Kəlbəcərə dönürük...
Var olsun milli ordum, zəfər çalıb gəlirik,
düşmənə qan uddurub, qisas alıb gəlirik,
məğlub kimi çıxmışdıq, qalib olub gəlirik-
Kəlbəcərə dönürük...
Günahkar tək yanına salıb qol-qanadını,
xəcalət çəkib deməz daha heç kim adını,
tarixin arxivinə atdıq "köçkün" adını,
Kəlbəcərə dönürük...
Acısını dadmışıq görün neçə il qəmin,
daha ağrısın çəkmir ürək dərdin, dil qəmin,
gözü aydın Şahbazın, gözü aydın Dilqəmin,
Kəlbəcərə dönürük...
Ta deyilsən yağıya girov, hər vaxtın xeyir,
görməz başın çən-duman, qırov, hər vaxtın xeyir,
Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir,
Kəlbəcərə dönürük...
15.11.2020
ŞƏHİD SƏSİ
(Vətən Şəhidlərimizin doğma ruhuna sayğıyla ithaf edirəm...)
O gün sükut xor oxuyurdu-sükut
o gün sükut xor oxuyurdu-qulaqbatıran
o gün bütün nəğmələr
səssizliyə köklənmişdi
bütün səslər sükut
nəğməsi oxuyurdu
səsi batan saatın
əqrəbləri səssiz çırpınırdı
bütün telefon zəngləri
səssizliyə qurulmuşdu
Qulaqlar səssizliyə şəklənmişdi
quşların səsi boğazına tıxanmışdı
bütün güllələr səssizliyə açılırdı
...Təyarələrin səsini buludlar;
maşınların səsini yollar;
qatarların səsini relslər;
gəmilərin səsini dənizlər;
çayların səsini daşlar;
arıların səsini çiçəklər;
vüsalın səsini
ayrılıqlar udmuşdu...
dalğaların səsini qağayılar;
qağayıların səsini
dalğalar udmuşdu.
...Dizə qədər sükuta batmışdı səssizlik
sonra bütün səslər açıldı
Sən bütün səslərin
ucalığındasan-sükut səsinlə, Şəhidim
bütün səslər batacaq-sənin səsindən başqa!
AĞDƏRƏNİN AĞ YOLUYA KƏLBƏCƏRƏ
GEDƏMMƏMƏK, AĞ BAYRAĞI QALDIRMAQDI!
Mənim ağ yolum var,
Ağdərə yolu:
ağ günümə aparan yol.
Qara günüm ağarıbsa,
ağ günümün işığına
ağ yollarla getməliyəm...
Qara gündə, qarlı gündə
Murov mənə yol vermişdi
qaçıb gəlim.
İllərdi ki gözləyirəm
düz yoluma d ü z ə l m ə y ə.
Ağ yolları arzuladım,
ağ karvanım d ü z ü l m ə y ə...
Niyə dağa-daşa düşüm?
Özüm çox şeyi bilirkən,
sən deyəni başa düşüm...
Bu yurd mənim yurdumdusa,
qalib mənim ordumdusa,
mən ağ yola çıxmalıyam,
mən düz yolla getməliyəm.
Tunel çəkmək nəyə lazım,
"gündüz yolla" getməliyəm.
...Ağ gün üçün qorumuşuq,
ömrümüzdən qalan vaxtı.
Ağdərənin ağ yoluyla
Kəlbəcərə gedəmməmək,
ağ bayrağı qaldırmaqdı!!!
12.01.2021
...EVİMDƏ YATA BİLMƏDİM!
(Vidadi Murtuzayevə və eyni taledaşlarıma...)
Yağı düşmən yurd yerlərimizi vəhşicəsinə talayıb. Evlərimizi söküb-dağıdıb. Daşı daş üstündə qoymayıb qalsın. Doğulub boya-başa çatdığım kəndimi ziyarət etmək fürsətim oldu. Ancaq uşaqlıq və gənclik xatirələrim divarlarına hopan evimizdə bircə gecə qalmaq imkanım olmadı.
Şər qarışdı, axşam düşdü,
evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim-
evimdə yata bilmədim...
Neçə ildi həsrət çəkən,
dam - daşına qübar çökən,
atam tikən, düşmən sökən,
evimdə yata bilmədim.
Taledi - bir sınaq kimi,
qınaq yox bu qınaq kimi:-
bircə gecə qonaq kimi
evimdə yata bilmədim...
Sərin-sərin yuxum gəldi,
(yeri sərin, yuxum gəldi,)
elə şirin yuxum gəldi,
evimdə yata bilmədim.
Gözlərimdən min ah dərən-
yuxularım pərən-pərən.
Xatirələrim bar verən,
evimdə yata bilmədim.
Arzuma çatıb - dincəldim,
başımı qatıb dincəldim.
Yollarda yatıb dincəldim,
evimdə yata bilmədim!
Avqust 2021
SÖZ VERİB GEDƏN OĞLAN
"...Əziz və dəyərli dostlar. Bir qız status paylaşıb ki, 30 ilə alınmayan Qarabağı aldılar, məni alan olmadı. Mən burdan o xanıma səslənirəm: -Gözəl insan, gözəl xanım, sən gecə-gündüz dayanmadan əsgərlərimiz üçün dua elə, Qarabağ alınsın, sən yerin dibində olsan da, axtarıb-tapıb səni mən özüm alacam. Narahat olma", - deyən Şəhid Daşqın Şəfiyevin unudulmaz xatirəsinə...
Savaşda Ana yurdun
dadına yetən oğlan.
Canı, qanı, ruhu,
varlığı-Vətən oğlan!
Vətənlə bir can oldun,
gülləyə nişan oldun.
Sinəsi şan-şan oldun,
yaralı bədən oğlan!
-Onu alacam- dedin,
yalanmı çıxdı vədin?!
Niyə geri dönmədin,
dönmədin nədən, oğlan?!
O qız pozdumu andı,
kim deyir adaxlandı?!
Dönəcəksən - inandı,
söz verib gedən oğlan...
BAĞIŞLA NƏ GÜNAHIM VAR...
Bu gün hər bir qarabağlı, laçınlı, ağdamlı... ruhunun qibləsi olan doğma yurd yerinə dönməyə tələsir, o xoş günü səbrsizliklə gözləyir. Eləcə də mən...Bir ilə yaxındır ki, ürək əməliyyatı keçirmişəm. Son günlər çox narahatam. Ürəyimin məni yarı yolda qoyacağından qorxuram. Axı, Kəlbəcəri görmək arzum var...
Əcəldən macal istədim,
Kəlbəcərə gedənəcən!
"Mamır olub dağ-daşında,
qayasında" bitənəcən.
Bəy atamın, xan atamın,
yuvası viran atamın,
ruhu nigaran atamın
məzarından öpənəcən.
Min dərdim var, min ahım var,
güvəndiyim Allahım var-
bağışla, nə günahım var
əlim Ora yetənəcən.
13.12. 2020
QARABAĞ
Torpağın elə dadlı;
suyun elə şirindi;
havan elə gözəldi;
daşın elə ağırdı-
düşüb dünyanın başına...
2020
(Post - müharibə şeirləri. Ardı var...)
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 10-11-2021 10:23
Baxış sayı: 21 341
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23