Əlizadə Nuri:"Bir gün yaxamızdan yapışıb, allahı istəyəcək uşaqlar..." -ŞEİRLƏR

28-11-2019 19:31
"...Ömür qısa geyir, qısa..
Azıb gəldim qapınıza.
...Qanında eşq tapılıbsa,--
Qanında olmuşam demək..."

Dalidag.az Əlizadə Nurinin şeirlərini təqdim edir:

MƏNİM PƏNCƏRƏMDƏ AĞLAYAN YAĞIŞ

Bir az qəribəsən, bir az da qərib.
Bəlkə tanrı səni buluddan dərib?
Bəlkə son məktubsan,- o qız göndərib,-
Mənim pəncərəmdə ağlayan yağış?

Bəlkə pəncərəmə qış gətirmisən?
Bəlkə bir yaralı quş gətirmisən?
Bəlkə gözlərimə yaş gətirmisən,-
Mənim pəncərəmdə ağlayan yağış?.

Gecəni əynimdə çuxa biləydim.
Səni ürəyimə yığa biləydim...
Tutub əllərini sıxa biləydim,-
Mənim pəncərəmdə ağlayan yağış...

Bəlkə bu gecənin nəğməsi sənsən?
Soyumuş evimin nəfəsi sənsən.
...Mənim pəncərəmin pərdəsi sənsən,-
Mənim pəncərəmdə ağlayan yağış.

İLAHİ, BİR QADIN SEVİRDİ MƏNİ...


Dünya bir qadındı, - daş- qaşıydı o.
Gözümə yığdığım göz yaşıydı o.
Sevdiyim bir gülün adaşıydı o,-
İlahi, bir qadın sevirdi məni.

Bəlkə bir yağışın içində qaldı...
Mən bəndə, o, allah gücündə qaldı.
Getdi...barmaqlarım saçında qaldı...
İlahi, bir qadın sevirdi məni.

Mən də bu dərdinəm, yadın deyiləm,
Bəlkə tanrı idi, qadın deyirəm?!
Dayanın,- mən onun adın deyirəm,-
İlahi, bir qadın sevirdi məni...

Bəlkə suya dönüb, bulaqdan baxır?
Bəlkə yanımdadı,- qıraqdan baxır?..
Bəlkə bu yazdığım varaqdan baxır?-
İlahi, bir qadın sevirdi məni...

Axı neyləyəydi bir naşıyla o?
Getdi kədər adlı sirdaşıyla o...
Qoydu imzasını göz yaşıyla o,-
İlahi, bir qadın sevirdi məni..

Sıxmışam sinəmə xatirəsini,
Yağışlar yadıma salır səsini.
İlahi, haçansa rastıma çıxsa,
Ona bağışlaram son nəfəsimi...
İlahi, bir qadın sevirdi məni...

BU PƏRVANƏ NƏ İSTƏYİR GÖRƏSƏN?..


Ağaclardan xatirədi koğuşlar...
Nə yaxşı ki, dağa çəkir yoxuşlar.
Qanadından yaralanmış o quşlar,
Göy üzünün varağında ağlayır.

Sola dönüb...yenə sağa gəlmişəm,
Bir ovçudan ov udmağa gəlmişəm.
...Saçlarını ovutmağa gəlmişəm,-
Eşitmişəm darağında ağlayır?!

Sən baxmısan, sular belə durulub?!
Bəlkə dəniz gözlərinə vurulub?
...O qoca da qucaqlayıb torunu,
Bir dəryanın qırağında ağlayır...

O günəşdi, yoxsa göydən yar baxır?
Yar bağrını yaman yarır yar bağı...
Kim dəyib ki, xətrinə o yarpağın,-
Bu ağacın budağında ağlayır?..

O ocaqdan xatirədi bu külü...
Sənsiz keçən bu ömür- gün bürkülü.
O yetim də durub boynu bükülü,-
Dərdin dadı damağında ağlayır.

Bu ümid də göyərmədi,- dərəsən,
O qadının taleyinə sərəsən...
...Bu pərvanə nə istəyir görəsən,-
Ürəyimin çırağında ağlayır?!..

ÜRƏYİM QÜRUB YERİDİ...


Mən də bu dünya kimiyəm,
Çoxu məni atıb gedib.
Ürəyim- qürub yeridi,-
Neçə sevgi batıb gedib...

Özü məndən qıraq qalan,
Kədərimə qonaq qalan..
Gözlərimdə oyaq qalan,
Ürəyimə yatıb gedib..

Keçə bilsəm o yolu sağ,
Mənzil uzaq, o yol uzaq.
Çıxıb gedib o yalquzaq,
Bizə ocaq çatıb gedib..

Sən saymasan, mən nə sayam?
Pəncərəndə sınan ayam...
Mən dişlənmiş bir almayam,-
Ölüm məni dadıb gedib...

GECƏ ŞİKƏSTƏSİ


Yüz quş göydə vurulur,
Şükür, biri sağ düşür.
Nədən qara buludlar,
Göydən yerə ağ düşür?

Ümidi şikəstlərin
Ürəyi şikəstədi.
Günəş niyə saralıb,
Yoxsa, o da xəstədi?!

Hara qoyum bu qəmi?-
Əlim gəlmir atmağa.
Hansı yalanı seçim,
Özümü aldatmağa?!

...Yağış, gəl rəsmimi çək,
Sonra yaz arxasını:-
Bir az gözlə, bağlayım
Dərdimin yaxasını...

...Ver əlini, nə olsun,
Qara qulam, ilahi?
Quruda üzsəm də mən,
Boğuluram, ilahi...

SƏNİN ADINA ŞƏHƏR


Mən sənin adına şəhər salmışam,
Bu gün ad qoyuram küçələrinə.
Oturub şəhəri tumarlayıram,-
Saçını sərmisən gecələrinə...

Başqa şəhərlərə yaman dərd olub,
Udur acısını tütün- şəhərlər.
Mən sənin adına şəhər salmışam,
Qaçıb xəritədən bütün şəhərlər.

...Gəl, öz şəhərini göstərim sənə,
Uzaqda deyl ki, könül yanıdı...
Mən sənin adına şəhər salmlşam,
Ürəyim- şəhərin baş meydanıdı.

Bu şəhər yeriyib gələr üstünə,
Çağır, çağırdığın yerə gələcək.
Dünyada nə qədər sevən adam var,
Bir gün bu şəhərə pirə gələcək..

...Tikdim ürəyimin sahillərində,-
Qorxdum- gözlərimdən keçə, yan keçə.
Qala qapısıyam mən bu şəhərin,-
Təkcə sənin adın qapıdan keçər..

Tanrı bu şəhərə səni şah seçib,
Nə fərqi,- sarayı, ya taxtı olsun.
Bir şəhər salmışam sənin adına,-
Saldım ki, eşqin də paytaxtı olsun!..

...Qapını gün açar, pəncərəni ay,
Bir yanı gündüzdü, bir yanı axşam.
Nə olsun, dünyanı verə bilmədim,
Sənə SEVGİ boyda şəhər salmışam...

Girib bu şəhəri gəzirəm hərdən,
Çıxmaq istəyəndə kimsə " qal" deyir.
Sənə dünya boyda şəhər salmışam,-
Gör sənə bu şəhər darısqal deyil?!..

VƏ BİR GÜN
...

Bir gün
yaxamızdan yapışıb,
allahı istəyəcək uşaqlar,
Deyəcəklər: " Neynədiniz ONU?!"
Bir gün qucacaqsan xatirələri
soyumuş soba kimi.
Xatırlayacaqsan adımı
Əski əlifba kimi.
Bir gün
biləcəksən ki,
İpdən asılanlar
Təkcə intihar etmir
Həm də özünü günə verir!..
Bir gün biləcəksən ki,
dənizin üstündə duman
Suyu qorumaq üçünmüş...
Bir gün
azacam bu meşədə
Ağaclar da gəzib tapmayacaq...
Bir gün
sənə yazdığım sevgi məktubunun içindən
Məni ölü tapacaqlar...
Bir gün
məzarımı qorumaqçün
Başdaşım əsgər gedəcək...
Bir gün
su kimi
Ayrılıqlar basacaq dünyanı.
Bir gün
hamı atıb gedəcək bu dənizi,
Təkcə bu liman qalacaq.
Bir gün
bütün günlər sona yığılacaq,
Əllərim dünyadan yıxılacaq...
Bir gün
dərk edəcəksən ki,
Dünyadakı bütün cütlər əslində TƏKDİ.
ən ağır ayrılıq
Allahdan ayrı düşməkdi.
...Və bir gün
Allah da yorulacaq.
Üstünə duz səpsək də
dadı qaçacaq ümidlərin...

YAŞAYIRIQ SAĞ KİMİ...


Dünya dar köynək imiş,-
Sıxılıram, ilahi.
Bir ümid göndər, tutum,-
Yıxılıram, ilahi.
Gəlmək üçün yanına,
Gərək dərdə yarınam...
Bir ölümün canına
Yığılıram, ilahi.
Dərd - keçilməz dağ kimi,
Yaşayıram- sağ kimi...
Adına qucaq kimi
Sığınıram, ilahi...

TƏLƏSİR


Dağı qoxlayırdım...dağ gülə çıxdı!..
Bu qara qarışqa ağ gülə çıxdı...
Bəlkə o dünyada ağ günə çıxdı,-
Bu adam nə yaman gora tələsir!

Həm dildən olmuşuq, həm də ki, dindən.
Sağ olsun, bir dərd də çıxdı bu tindən.
Bir qoca balıqçı gözlədiyindən,
Bu cavan balıqlar tora tələsir...

Kor nalbənd nalladı bu kor atı da.
Molla pula satır salavatı da.
...Bəlkə gözləyən var bu saatı da,
Görəsən bu saat hara tələsir?..

SEVDİYİMƏ AĞI


Mən də bir gün qərib ruhlar
Ölkəsinə gələrəm.
Bəlkə varsan, bəlkə yoxsan,
"Bəlkə"sinə gələrəm.

Sən yarasan, yoxsa yarsan?
Ürəyimə yağan qarsan...
Əllərini uzadarsan,-
Kölgəsinə gələrəm...

Günəş sönüb...hava sərin.
Hara gedim- hər yer sənin...
Boynuburuq sevgilərin
Cərgəsinə gələrəm...

O KÖRPƏ BƏLƏKDƏN ELƏ BOYLANIR...


Dərdlə dolanıram... bir quru dərdlə,
Suyum da gözümün şehindən çıxır.
...Bayaqdan bir vətən şeiri yazıram,
Qarabağ sürüşüb şeirdən çıxır...

Atın dəyərini nala verirsən,
Sözün yaxasını lala verirsən...
Bu dərdin birini yola verirsən,
Baxırsan: biri də böyürdən çıxır...

Dağa bax, əyilib gülə boylanır..
Günəşin özü də günə boylanır!
...O uşaq bələkdən elə boylanır,-
Elə bil tilsimdən, sehirdən çıxır...

QANINDA EŞQ TAPILIBSA...


Əgər məni unutdunsa,
Yadında olmuşam demək.
Uzaqlara çəkildinsə
Yanında olmuşam demək...

Bir ad qoşur bəxtə hərə,
Bəxtmi deyim bəxttəhərə?
Qovuldumsa, bəxtəvərəm,--
Canında olmuşam demək..

Ömür qısa geyir, qısa..
Azıb gəldim qapınıza.
...Qanında eşq tapılıbsa,--
Qanında olmuşam demək...

YAVAŞ YERİ, BU PAYIZI ƏZƏRSƏN...


Yarpaq- yarpaq pıçıldayır ağaclar,
Qulaq asın bu ağacın səsinə.
Yavaş keçin bu ağacın yanından,-
Qorxuram ki, pıçıltılar əzilə...

Bürünmüşəm bu payızın ətrinə,
Necə edim qoxusunu saxlayım?
Kim dəyib ki, göy üzünün xətrinə,
Bu gecəni səhərəcən ağlayıb?..

Ürəyimdən uçub gedir o quş da..
İlahi, sən özün qoru o quşu.
Bu yağışda meşə məni çağırdı,-
Nə yaxşı var ağacların koğuşu...

Qucaqladım titrəyən bir çiçəyi,
Bir də gördüm əllərimə qısılıb.
Ayağımdan çəkin bu yer kətili,-
Bir durnanın harayından asılım...

...Bu yağışda üşüyən boz sərçələr,
Bir ağacın budağında olub cəm.
Meyvəsini sənin üçün saxlayıb,
Bu ağacdan mən payızı dərəcəm...

Əlizadə Nuri

Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 28-11-2019 19:31
Baxış sayı: 31 033
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını