137 yaşında Məkkədə vəfat etdi... – Peyğəmbərlər haqqında

23-11-2019 21:44

Peyğəmbərlər Allahın dünyadakı elçiləri sayılır. Dini rəvayətlərə görə, onlar Allahın sözünü insanlara çatdırırdı. Əsrlər əvvəl yaşayaraq vəfat etmiş bu insanlara hələ də inananlar var.
Dalidag.az peyğəmbərlər haqda məlumatları təqdim edir.


Adəm peyğəmbər
Dini rəvayətlərə görə, Allah ilk insan Adəmi torpaqdan yaratdı. Adəmdən sonra Həvva – qadın xəlq olundu. Adəm və Həvva doğulan uşaqları ilə nəsil artırmağa başladı. İlk cinayəti də onların böyük oğlu Qabil kiçik qardaşı Habili öldürməklə işlədi.
Bundan sonra Allah Adəmə peyğəmbərlik verdi və ona on səhifə endirildi.


İdris peyğəmbər
İdris peyğəmbər Şeysin oğlu, Adəmin nəvəsidir. Onun dövründə əsas problem doğruluq və dürüstlüyün qalmaması idi.
İdrisə insanlara doğruları göstərmək üçün peyğəmbərlik verildi. Astronomiya və riyaziyyatla ilk maraqlanan, ilk dəfə iynə ilə paltar dikən və geyinən, ölçü və çəki alətlərindən ilk istifadə edən, ilk yazı yazan insan olduğu rəvayət edilir. İdrisə 30 səhifə endirilib.


Nuh peyğəmbər
Nuh indiki İraqda doğuldu. O, zəngin bir qövmlə uzun müddət mübarizə apardı, qövmü onu dəlilikdə ittiham etdi.
Rəvayətə görə, Allah Nuha ağacları kəsib böyük bir gəmi hazırlamaq əmrini verdi. Gəmi hazır olandan sonra ailəsini və ona inananları, hər canlıdan bir cüt gəmiyə mindirməsini əmr etdi. Qırx gün yağış yağdı. Bütün yer üzü su altında qaldı. Gəmidə olanlardan başqa hər kəs öldü. Nuhun gəmisi altı ay dayanmadan nəhəng dalğalar arasında bütün dünyanı dolaşdı. Tufan sakitləşdikdən sonra dünya yenidən əvvəlki halına qayıtdı. İnsan nəsli Nuhla davam etməyə başladı.


Hud peyğəmbər
Hud İrəm şəhərində hündür mərtəbəli binalar tikən Ad qövmünə göndərildi. Böyük tufandan sonra göndərilən ilk peyğəmbərlərdən biridir. Peyğəmbər kimi göndərildiyi qövm bugünkü Yəmən torpaqlarında yaşayırdı. Hud mərhəmətli və yoxsullara yardım edən bir peyğəmbərdi.


Saleh peyğəmbər
Saleh İsa kimi ayaqyalın gəzir, ayaqqabı geyinməzdi. O, dağlar və qayaları dələrək qeyri-adi evlər tikən Səmud qövmünə göndərildi. Səmud qövmü imtahan üçün göndərilən Salehin dəvəsini öldürüb imtahandan pis çıxdılar, bundan sonra qövm həlak oldu.


İbrahim peyğəmbər
İbrahimin atası Azər Karr xalqından idi. Babil hükmdarı Nəmrud onu alovun içinə atdı, amma o, yanmadı. İbrahimin ilk övladı İsmayılın anası Həcər idi. Birinci arvadı isə İshaqı dünyaya gətirdi. İbrahim oğlu İsmayılla birlikdə Kəbəni tikdi. Allah üçün qurban kəsilməsi İbrahimlə bağlıdır, ona on səhifə endirildi. İbrahim Allahın dostu kimi xatırlanır.


Lut peyğəmbər
Lut İbrahimin qardaşının oğludur. Lutun peyğəmbər kimi göndərildiyi qövm əxlaqsız idi. O, hökm və elm verilən peyğəmbərdir. Söyüş və əxlaqsızlıqları ilə məşhur olan Sədum və digər dörd şəhərə peyğəmbər göndərilmişdi.
Lut bu qövmün arasında iyirmi doqquz il yaşadı. Vəfat edənə qədər İbrahimin yanında qaldı.


İsmayıl peyğəmbər
İsmayıl İbrahimin ilk övladı idi. İslam peyğəmbəri onun soyundan gəlir. İsmayıl 137 yaşında Məkkədə vəfat etdi və nəşi anası Həcərin yanında dəfn edildi.


İshaq peyğəmbər
İshaq İbrahimin ilk arvadı Saranın oğludur. İshaq İsrailoğulları nəslinin ilk nümayəndəsi sayılır. Atası İbrahimə oxşayırdı, qocalanda gözləri görmədi. İbrahimin vəfatından sonra Şamda peyğəmbərlik verildi. Rəvayətə görə, anası Sara onunla birlikdə həcc ziyarətinə getdi.


Yaqub peyğəmbər
Yaqub İshaqın oğludur. Övlad itkisi və övlad xəyanəti ilə üzləşdi. Qardaşları atalarının sözünə baxmayaraq Yusifi quyuya atdılar.
Yusifin başına gələnlərdən sonra gözləri tutuldu, amma ona qovuşduqdan sonra yenidən açıldı.


Yusif peyğəmbər
Yusif Adəmə oxşayırdı. Yaqubun on iki oğlundan ən çox sevdiyi oğlu idi. Qardaşları ona paxıllıq edib quyuya atdılar. Yusifə yuxuları yozma istedadı verildi. Bunun sayəsində Misiri idarə etdi.


Əyyub peyğəmbər
Əyyubun anası Lutun qızı idi. Atası İbrahimə inanırdı. Davuda görə, Əyyub insanların ən həlim və sakiti, ən səbirli və hirsinə məğlub olmayanı idi. Əyyub süfrəsi ətrafında yoxsul insan oturmadıqca yemək yemirdi. Ağır bir xəstəlik keçirdi, amma bu imtahanı səbirlə keçdi.


Zulkifl peyğəmbər
Əyyubdan sonra Zulkifl peyğəmbər göndərildi, Şamda yaşadı. Əyyubun oğludur. Səbirli insan idi.


Şüeyb peyğəmbər
Şüeyb gözəl nitqinə görə “peyğəmbərlərin xətibi” adlandırıldı. Ölçü və çəkidə hiyləyə əl atan Mədyən əhlinə peyğəmbər göndərildi. Şüeybin qızlarından biri Musa ilə evləndi.


Yunus peyğəmbər
Yunus İlyasdan sonra peyğəmbər göndərildi. Otuz üç il qövmünü Allaha ibadətə dəvət etsə də, bu illər ərzində ona yalnız iki nəfər inandı. İman edənlərdən biri Rubil, digəri Tənuh idi.


Musa peyğəmbər
Sağ əlində nübuvvət xalı vardı. Şüeybin kürəkəni idi. İsrailoğullarına peyğəmbər göndərildi. İsrailoğulları onun başçılığı altında Misirdən çıxdı. “Tövrat” ona göndərildi.


Harun peyğəmbər
Harun Musadan bir yaş böyük idi, onunla qardaşdır. Harun Musanın köməkçisi olaraq göndərildi. Musa Mədyəndən Misirə qayıdanda Allahın sözlərini Haruna çatdırdı. O da bunları qəbul edərək Musaya kömək etdi.


İlyas peyğəmbər
İlyas İsrailoğullarına peyğəmbər göndərildi. Musanın köməkçisi İsus Navinin nəvəsi idi. Qövmü ona inanmadığı üçün məhv oldu.


İlya peyğəmbər
İlyanın İlyasın əmisi oğlu olduğu deyilir. İlya həyatının sonunadək İsrailoğullarının arasında yaşayıb onları Allaha inanmağa dəvət etdi.


Davud peyğəmbər
Əvvəllər Talutun ordusundə bir əsgər kimi döyüşdü, daha sonra peyğəmbər olaraq İsrailoğullarının kralı oldu. Dəmirçi idi. “Zəbur” Davuda göndərildi.


Süleyman peyğəmbər
Davudun oğludur. İbrahimin nəslindən idi. Atası Davudun vəfatından sonra krallıqla birlikdə peyğəmbərlik də verildi. Bütün canlılarla danışa bilmək özəlliyi vardı. İnsanlarla yanaşı, quşlar, külək və cinlər də ona xidmət edirdi.


Zəkəriyyə peyğəmbər
Süleymanın nəslindəndir. Dülgərlik peşəsini o tapdı. İsrailoğullarının həm peyğəmbəri, həm də onların adından danışan insan idi. Qüdsdə Məryəmi o qorudu. İsrailoğulları tərəfindən bağlandığı ağacla birlikdə kəsilərək öldürüldü.


Yəhya peyğəmbər
Zəkəriyyənin oğludur. Yəhya hələ kiçik yaşda olanda ona peyğəmbərlik verildi. O da atası kimi yəhudilər tərəfindən öldürüldü. Ona qədər kimsəyə Yəhya adı verilmədi, rəvayətə görə, bu adı ona Allah verdi. İsanın gələcəyini o dedi.


İsa peyğəmbər
Atasız doğuldu. Rəvayətə görə, hələ beşikdə olanda danışdı, ölüləri diriltdi, xəstələri sağaltdı, korların gözlərini açdı. İsanın doğulduğu il milad təqviminin başlanğıcı sayılır. “İncil” ona göndərildi.


Məhəmməd peyğəmbər
Məhəmmədin nəsli İbrahimdən başladı. Qüreyş qəbiləsindən idi. Qırx yaşında peyğəmbərlik verildi. Məhəmmədə ilk inananlar arvadı Xədicə, Əli, Zeyd və Əbu Bəkir oldu. “Sonuncu peyğəmbər” deyə xitab edilir. “Quran” ona göndərildi.teleqraf.com


Dalidag.az



Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 23-11-2019 21:44
Baxış sayı: 31 036
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını