Rafiq Yusifoğlu “Zəfər dastanı” ilə oxucularının görüşünə gəldi -yeni kitab

29-04-2021 20:52
Rafiq Yusifoğlu “Zəfər dastanı” yazdı

Görkəmli şair, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Qızıl kəlmə”, “Qızıl qələm”, “Vətən”, “İlin ən yaxşı kitabı” və sair nüfuzlu mükafatlarının laureatı, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu son dərəcə məhsuldar, yazıları ölkə mətbuatında ən çox çap olunan qələm sahiblərindən biridir. Onun təzəcə çapdan çıxan “Zəfər dastanı” kitabına son illərdə yazdığı vətənpərvər ruhlu şeirlər daxil edilmişdir. Bu şeirlərin böyük bir qismi ilə saytımızın oxucuları yaxış tanışdır. Zəfərlə nəticələnən 44 günlük müharibə boyu Rafiq Yusifoğlunun hadisələrin qızğın izi ilə yazılan silsilə şeirləri tez-tez işıq üzü görmüş, oxucular tərəfindən maraqla qarşılanmışdır.
Rafiq Yusifoğlu “Zəfər dastanı” yazdı

Şairin “Zəfər dastanı” kitabı elə bil ki, qələbəmizin poetik salnaməsidir. Buradakı şeirlər özünəməxsus ifadə üslubu, ritmi, ahəngi, obrazlılığı ilə diqqəti cəlb edir. İşğaldan azad edilmiş torpaqlarımızın mənzərəsi yüksək bədii vüsətlə öz əksini tapmışdır. Həmişə olduğu kimi şairin bu şeirlərindəki bədii mənalandırma, incə detallar, təsvir və ifadə vasitələrinin orijinallığı diqqəti cəlb edir.

Yurdu kimsəsiz görən meşə haraya gəlib,
Özünü lüt evləri örtməyə yetiribdir.
Kimsəsiz həyətləri boş qoymayıb təbiət,
Düz evin ortasında ağaclar bitiribdir...

Qəlbində dağ yaşayıb yurdum dağlar qoynunda,
Yalnız dağ çəkə bilər bu ağrını, bu dərdi...
Torpaq təslim olmayıb, qalxıb yaşıl üsyana,
Düşmənlərin izini otla, çiçəklə örtüb...

Boynubükük evlərə sığınan bənövşələr
Əyilən divarlara dayaq olmaq istəyib...
Düz divarın üstündə bitən qızıl lalələr
Evimizin üstündə bayraq olmaq istəyib...


Kitabdakı yüksək peşəkarlıqla qələmə alınmış müxtəlif məzmunlu şeirlər “Min şükür, haqqa doğru gedir ömür karvanım”, “Gərək təmizləyək düşüncəmizi”, “Qələbəyə gedən yol”, “Sevgi nəğmələri”, “Bu gözəl dünyanı gör kimlərə miras etdik”, “Təmsillər” bölmələrində toplanmışdır.

Dalidag.az olaraq görkəmli şairimizi təzəcə çapdan çıxan sanballı kitabı münasibətliə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 29-04-2021 20:52
Baxış sayı: 31 008
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını