Tanrının Təbrizimə verdiyi ikinci şans - ikinci həyat sevinci...

25-03-2021 19:30

Bu gün (dünən.red) Təbrizimin 1 yaşı olur, çox sevincliyəm. 5 yaşlı Təbrizimin 4 may doğum gününə, 24 mart, Tanrının verdiyi ikinci şans-xoş gün kimi yazıldı, əlavə olundu. İlik köçürülmə əməliyyatının bir ili tamam olur.
Bir il, bir igidin ömrü qədər uzun və həyacan dolu bir zaman... 15 yanvar 2020-ci il Təbrizimin şəfası naminə Allaha sığınaraq, Türkiyəyə yola düşürük. Bu yolda bizi nələr gözlədiyindən xəbərsiz-ətərsiz, Hüseynim, Təbrizim, uşaqların anası və mən. Danyalımı valideynlərimin yanında qoyaraq yola çıxırıq. Səfər öncəsi çox narahat və həyacan içində olsam da, bir seçim var idi, getmək. Yaradana sığınaraq, getmək, körpə Təbrizimin nicat tapması ümidi ilə getmək. Bu qış günü Türkiyədə Antalyanın ilıq, isti havası qarşıladı bizi. Qardaş ölkə olması mənə qismən rahatlıq verirdi. Bir sözlə, yeddi ay, on beş gün isti yuvamızdan uzaqda, həyacan dolu bir zaman keçirtməklə, Təbrizimin kök hüceyrələrinin nəqli, ilik köçürmə əməliyyat baş tutdu. Hüseynim Allahın lütfi ilə uyğunluq testindən əla nəticəsi olduğu üçün donor olaraq qardaşına sağlamlığından pay verdi. Uzun sürən müalicə prosesi qənaətbəxş hesab edildiyi üçün, həkimlərin tövsiyə və göstərişi əsasında 31 avqust 2020-ci il tarixində vətənə döndük. Sanki Tanrı mənə və Təbrizimə möhlət olaraq qardaşımı qorudu. Biz vətənə döndük, yeddi ay on beş gün müddətdə, bütün maddi və mənəvi yükümü çəkən qardaşım Zöhrab bizi qarşılayandan iki gün sonra açıq ürək əməliyyatı keçirmək məcburiyyətində qaldı. Şükür olsun Allaha ki, bu ağır sınaqdan da Tanrı bizi üzüağ çıxardı. Bu bir il ərzində mənə dayaq olan, dəstək olan hər kəsə sonsuz təşəkkür və minnətdarlığımı bildirirəm. Bu təşəkkürün, minnətdarlığımın gecikməsinin ilk səbəbi qardaşımın keçirdiyi ağır əməliyat və sonrakı səbəb vətən savaşının başlaması ilə bağlı və bütün diqqətimin döyüş bölgəsinə yönləndirməyimdi. Orda xidmət keçən əsgər qardaşlarımıza dəstək  olmaq, onları tək qoymamaq naminə əlimizdən gələni cəbhə üçün etməyə çalışdıq. Nəticə olaraq Azərbaycan xalqının milli birliyi, Ali Baş Komandanımızın dəmir yumruğu öz sözünü döyüş meydanında necə lazımdı dedi. Biz 27 illik həsrətə son qoyaraq işğaldan azad edilən yurdlarımıza, vətənimizə qovuşma sevincini də yaşadıq. Bu sevinci bizlərə yaşadan şəhid qardaşlarımızın ruhu qarşısında baş əyir, əzizlərinə doğmalarına səbr diləyirik, qazi qardaşlarımıza tezliklə sağlamlıqlarına qovuşmasını arzulayırıq. Bu gün də vətən keşiyində dayanan qardaşlarımıza deyirik,  sizlər bizim qürur duyduğumuz Müzəffər Azərbaycan ordusunun şərəfli əsgər və zabitlərisiz. Min illər unudulmayacaq zəfərlə, öz canınızla, qanınızla tarix yazdınız. Bir sözlə, keşməkeşli olsa da, 2020-ci il bizim üçün ağrılar-acılarla bərabər sevinc ili kimi yadda qaldı. Bu ildə məni tək qoymayan, mənəvi dəstək olan, dayaq olan dostlar var ki, bir ömür özümü sizlərə borclu sayıram: Valeh Hüseynov, Şahin Osmanov, Sebahettin bəy, Fidan xanım, Afaq xanım, Akif hoca, Vedat hoca, Gülsün hoca, Hayriya hoca, Antalya Qan bankının könüllüsü başkanı Emin bəy və Antalya Qan bankının könüllüləri, Medikal Park xəstəxanasının bütün kollektivi, Antalyada yaşayan Azərbaycan dayanışma dərnəyinin üzvləri, Başkan Fazil bəy, Azər bəy, İlqar bəy, Yusif bəy və Ceyran xanım, Abdin bəy və Antalyada yaşayan həmyerlilərimizin hər biri. Azərbaycandan mənə dayaq olan dostlar, qohumlar, əzizlər, doğmalarımın mənəvi dəstəyi bizə o çətin günlərdə böyük ruh yüksəkliyi verirdi. Hər birinizin, hər hansı bir çətinliyin olarsa, yanındayıq deməyiniz mənə böyük güc-qüvvət verirdi, sanırdım arxamda bir dağ var. Kəlbəcər elinin sayılıb-seçilən ziyalısı, hər birimizin sevimlisi, əzizi Əlövsət Ağalarov, Xalid Sadıqov, Cəmilə Çiçək,  Niyazi Hüseynoğlu, Etibar Seyidağa, Əkbər Qoşalı, Namiq Dəlidağlı, Köçəri Həsənov, Vidadi Qasımov, Əli Zeynalabdinov, Elman müəllim, Oruc əmi, Uğur qardaşım, Fərəc müəllim, Xətai Orucov, Məmmədəliyev Ayaz, Məmmədəliyev Vüqar,  Elşad qardaşım, Ömər qardaşım, Bəhlul qardaşım, Asəf qardaşım, Eşqin qardaşım, Tatlı Təndir çörək evinin kollektivi və əzizlərim, doğmalarım, qardaşım və bacılarım. Adlarını çəkə bilmədiyim bir çox əziz insanlar. Mənim Azərbaycanda istər valideynlərimə, istər işlərimə yardımçı olan hər kəsə dayaq olduğu, dəstək olduğu üçün sonsuza qədər özümü borclu bilirəm. Övladımın müalicə prosesi dövründə bizə mənəvi dəstək, əvəzsis dayağq olan Bəhruz bəyə, Sevinc anamıza, Səidə bacımıza xüsusi təşəkkür edir, minətdarlığımı bildirirəm. İki ay boyunca bizi Azərbaycan mətbəxinin təamlarına həsrət qalmağa qoymayan Səidə bacım, Tanrı nəsibimiz etsin övladlarının toyunda mən də bir dayı kimi sizin çəkdiyiniz zəhmətlərin yüzdə birini çəkə bilim. Bəhruz qardaşım, böyük ürəyin heç dərd görməsin.

Rövşən Hüseynov

Dalidag.az



Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 25-03-2021 19:30
Baxış sayı: 31 084
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını