İsmayıl Şıxlı - Namərd gülləsi (Hekayə)

27-10-2019 18:44
Niftalı koxa atın örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi:hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi örüklər, örüşünü də tez dəyişərdi, qoymazdı ki, tərləsin. Yəhərini götürərdi ki, at nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kişnəyib şahə qalxsın, istəyəndə mıxı qopardıb ilxıya cumsun. Qaynargözlü kəhərin işıldayan dərisinə,səyriyən sağrısına, qız teli kimi yumşaq yalına baxmaqdan doymayan Niftalı çox vaxt atı yalmanlayıb belinə qalxar, birbaş Kürə sürüb çimizdirər, çox vaxt da yalına yatıb o üzə adlayardı. O vaxt özünün də, atının da qorxusu-hürküsü yoxdu. Həm cavan idi, həm də… Amma indi, illaha da koxalığa keçəndən sonra, səksəkəli yaşayırdı…
O, astaca addımlarla dikdirə çıxdı. Arxın üstündən adlayıb ağacların kölgəsində dayandı. Gözünü üfüqlərə qədər uzanıb gedən taxıl zəmilərinə zillədi. Astaca meh əsirdi.Qara qılçaq sünbüllər xışıldayırdı. Otları çoxdan saralıb-solmuş dərəli-təpəli bu boz çöllərin ortasında qoşalaşan qovaq ağaclarının yarpaqları da xışıldayırdı. Hansı rəhmətliyinsə savab üçün əkdiyi bu ağacların dibindən axana arxın suyu da qırçınlanıb şırıldayırdı. Niftalı koxa kölgəyə atılmış palaza, döşəkcə və mütəkkəyə baxdı. O həmişə biçinçilərə baş çəkməyə gələndə burada uzanıb dincələrdi. İndi də həmişəki kimi elə yarlı-yaraqlı palazın üstünə keçib mütəkkəyə dirsəklənmək istədi. İstədi ki, isti təntitsə də, nə çəkmələrini soyunsun, nə də tüfəngini, qoltuqaltısını çıxardıb yanına qoysun. Amma gördü ki, mümkün deyil, tər yuyub aparır. Bir də kimdən qorxacaqdı? Kərəm yəqin ki, bu saat Dilican tərəfdədir, yayın istisində buralarda olmazdı. Olsa da qorxusu yoxdu. O, ömründə əliyalın adama güllə atmazdı. Bircə o gədədən ehtiyat edirdi. Kənddən qaçandan sonra buralarda, kolda-kosda dolaşırdı…
Tüfəngini ağaca söykədi, çəkmələrini soyundu, yaxzası qaytanlı köynəyinin düymələrini boşaltdı və palazın üstünə uzanıb mütəkkəyə dirsəkləndi. Cib dəsmallarının uclarını düyünləyib başlarına keçirmiş biçinçilərin oraqları cingildəyirdi. Bu cingiltilər kövşənlərin xışıltısına qarışmışdı. Biçinçilər tələsirdi. Onlar da istəyirdilər ki, işlərini tezcə qurtarıb aldıqları haqqı elə buradaca aranda, xırmanda döyüb, taxıllarının yaylağa, balalarına aparsınlar. Elə Niftalı koxa da tələsirdi. El çoxdan yaylağa qalxmışdı. Amma o, köçünü saxlamışdı. Sözün düzü, kənddə tək qalmaqdan ehtiyatlanırdı. O qədər anasının əmcəyini kəsənlər var ki… Elə biri gəlmə Mürşüd.
Onun əslinin-nəslinin haradan olduğunu kənddə heç kəs bilmirdi. Bircə o məlum idi ki, çoxdan – oap çoxdan, Niftalıgilin doqqazında üstü-başı yamaqlı, acından hülqumu qalxıb-enən, mə’lul-müşkül baxışı bir oğlan boynunu büküb dayanmışdı. əlində əsa, çiynində nimdaş heyvə, başında tükü tökülmüş papaq var idi. Soyuqdan üzünün tükləri biz-biz durmuş, dodaqları qaysaqlanmışdı. Gözü, batmış quyunun dibindəki su kimi güclə işıldayırdı.
Səs-küyə bayıra çıxdılar, itlərə acıqlandılar, “a bala, kimsən”? – deyə doqqazdakını səslədilər. Niftalının atası kürkünü çiyninə saldı, oğlu ilə bərabər doqqaza çıxdı, hardansa azıb gəlmiş bu allah bəndəsinə təffərinclə baxdı və başa düşdü ki, bura adamına oxşamır. Son vaxtlar belələrinə tez-tez rast gəlmək olurdu. Ya düşmənin öldürəndən sonra baş alıb buralara pənah gətirir, ya da bir parça çörək ucundan çöllərə düşürdülər. Kişi oğlanı təpədən dırnağa diqqətlə süzdü və “yox, bu dama öldürüb qaçana oxşamır – deyə ürəyindən keçirdi. – Yəqin başqa əmması var”. əslinə baxsan kişinin oğlanın çuxura düşmüş gözlərindən xoşu gəlməmişdi.
Elə bil qərib bunu hiss etdi, qışın girhagirində, qapıdan geri qaytarılacağını başa düşdü və səsinə yazıqlıq verdi:
- Qaçqınam, ay dayı, heç kimim yoxdu.
Kişi oğlunun üzünə baxdı, Niftalı isə gözünü qaçqının yırtıq çarığından çıxmış barmağına zillədi
- Buranı sənə kim nişan verib?
- Heç kim. Yolu əlimə alıb gəlmişəm. Qapınıza pənah gətirmişəm.
Ata oğula baxdı, oğul da ataya.
- Adın nədir?
- Mürşüd.
  Düzmü deyirdi, allah bili, kağızı yox, şahidi yox, gəlmə adam idi. Elə o gündən ona kənd arasında “gəlmə Mürşüd” dedilər.
Əvvəlcə mala baxdı, sonra əkinə-biçinə getdi. Niftalıynan dostlaşıb lap qardaş oldular. Atası öləndən sonra Niftalı ona torpaq da verdi, köməkləşib balaca bir daxma da tikdilər, mal-qaradan pay ayırıb bir at da bağışladı. Qohum qızlardan birini də alıb onu ev-eşik elədi.
Gəlmə Mürşüd diribaş idi. Əlinə maya salandan sonra Tiflisə, Gəncəyə ayaq açdı. Dolanması da yaxşılaşdı, özü də gümrahlaşdı.
Niftalı bir gün eşitdi ki, Mürşüd arvadına incidir. Həftələrnən evə gəlmir, şəhərdə kefdə-damaqdadır, uşaqlarına baxmır. Ürəyi götürmədi. Yanına çağırdı. İki-üç gün gözlədi, amma Mürşüddən cavab çıxmadı. Bir gün yolda qabaqlaşdılar.
- Niyə görünmürsən? – Nə olub, görünməyim vacibdir? – Bəlkə bir sözüm var? – Sənin mənə nə sözün ola bilər? – Ə, nə yekə-yekə danışırsan? – Danışmayanda, susmayacağam ki?
Atlar yüyəni gəmirib fınxırışdılar. Döş-döşə gəlib dal ayaqları üstündə fırlandılar. Yolun tozu göyə qalxdı.
- Ə, deyəsən, gözün ayağıyın altını seçmir?! Nə tez havalandın, bala?!
- Artıq-əskik danışma, sözünü de!
Niftalı kişi hirsini zorla boğdu.
- Bir də eşitsəm ki, arvad-uşağa əl qaldırıbsan, dalına bülöv çalaram, bildin?!
- Qələt eləyərsən, keçmişini də yanına alarsan!
- Ə, gəlmə köpəkoğlu, mənəcavab qaytarırsan?!
  Qamçının göydə şaqqıldamağı ilə Mürşüdün atın dırnağının dibinə düşməyi bir oldu. Niftalı koxa elə yəhərin üstündən onu budarladı. At da sahibi kimi qəzəblənib onu tapdaladı.Koxanın hirsi soyumadı. Sıçrayıb yəhərdən düşdü. Toz-torpaq içində qıvrılan gəlmənin yaxasından tutub yoldan kənara sürüdü. Xəncər havada parıldadı.
- Qələt eləmişəm keçmişimlə, ay Niftalı, məni öldürmə, balalarım yazıqdı. Sən dədəyin goru, məni çevir uşaqların başına, savab iş görərsən.
Koxanın qolu boşaldı. Mürşüdün quyunun dibində işıldayan suya bənzər gözlərinə nifrətlə baxdı və yaxasını buraxdı.
- Di get, qurban ol evdəkilərə.
Mürşüd dinməz-söyləməz ayağa durdu. Üstünün tozunu çırpdı, elə dinməzcə də yəhərin qaşından yapışıb atın belinə qalxdı. Bir xeyli sakitcə kəndə doğru sürdü və birdən yüyəni dartıb geri qanrıldı.
- Yaxşı, a koxa, bu hayfı səndən almasam, kişi deyiləm. – Niftalı özünə gələnəcən atın başını qanırıb qışqırdı. – Mənə sırdığın qancığı da gəlib apara btlərsən!
Koxa taı minib tüfəngi hərləyənəcən, tozlu yolda gözdən itdi. Səhərisi də eşitdi ki, başını götürüb evdən qaçıb…
Niftalı koxalığa keçəndən sonra itəsə də, istəməsə də xətrə dəyməli olurdu. Divan-dərədən nə qədər uzaq gəzsə də, onların gözünə sataşmamağa çalışsa da olmurdu, axtarıb tapır, üzünü danlayırdılar ki, filan oğrunu niyə tutmamısan, filan qaçağa niyə çörək veriblər, niyə qoyubsan Qaçaq Kərəm Kürdən keçib yaylağa qalxıb? Deməyə nə var? Amma belə şyelərdən ötrü el-oba ilə üz-göz ol, görüm necə olursan? Vəzifə boyunduruq kimi bir şeydir. Eə ki boynuna qoydular, belinə minib istədikləri səmtə sürəcəklər. Ya gərək dözəsən, ya da gərək onları da özünlə bərabər sürüyüb boyunduruqlu-moyunduruqlu tökəsən Kürə!
Havadan od ələnirdi. Kövşənlərdən qalxan ilğım təndir alovu kimi havanı yalaya-yalaya boz təpələri aşıb kəndin üstünə yayılır, oradan da suyu işıldayan Kürün üstündən keçib Qarayazı meşəsinin ağaclarını qarsıyırdı. Niftalı koxanın kölgəsində uzandığı ağacların gövdəsinə yapışmış cırcıramalar səs-səsə verib elə cırıldayırdılar ki, adam qulağını tutmalı olurdu. Niftalını koxanı isti, üstəlikdə cırcıramaların səsi təntitmişdi. Ayaqlarını suya salıb sərinləmək və sinəsini, başını yuyub bir az dincəlmək istədi. Ayağa durdu, yaxası qaytanlı köynəyini soyundu, arxa yaxınlaşıb domuşuqlu oturdu. Əlini suya uzatdı. Kür tərəfdən uzanıb qəbiristanlığın yanından dikdirə qalxan tozlu-torpaqlı yolla gələn atlıları görmədi. Cırcıramalrın səsi qulağına düşdüyündən atların fınxırtısını, üzəngilərin cingiltisini, ayaq tappılöıların eşitmədi. Bircə onu hiss etdi ki, güllə açıldı, kürəyi qovuşdu. Əlini sudan çəkib qamətini düzəltdi, qanrılıb dala baxdı. Gördü ki, atlıların biri yüyəni çəkib atı şahə qaldırdı, geri dönüb kiminsə üstünə qışqırdı, qamçı şaqqıldadı.
- Namərd köpəkoğlu!
Daha heç nə eşitmədi. Ktvşənlərin xışıltısı, yarpaqların pıçıltısı, arxın şırıltısı, cırcıramaların səsi birdən-birə zəiflədi, uzaqlaşdı, uzaqlaşdı və eşidilməz oldu. Havanı qarsalayan ilğım elə bir qor kimi gözünə doldu, bəbəklərinin önündə dalğalandı və dumana çevrildi, hər şey bu dumana büründü…
Kərəm atdan sıçrayıb özünü ağacın altına yetirdi və Niftalı koxanın başını dizinin üstə aldı. Güllə kürəyindən dəyib sinəsindən çıxmışdı. Gözləri qapalı idi.Təkcə dodaqlarının xəfif titrəyişindən bilinirdi ki, hələ nəfəsi var. Kərəm aralarına qan düşüb düşəmnçilik başlayandan bəri onu belə yaxından görməmişdi. Kişi xeyli dəyişmişdi. Balaca buxaq bağlamış, sifəti qaralmış, qalın bığı azca codlaşmış, gicgahları ağarmışdı. Gözlərinin ətrafında xırdaca qırışlar əmələ gəlmişdi. Kərəm hiss elədi ki, Niftalı koxanı qan aparır. Təntidi. Əlini atıb köynəyin yaxasını açdı və bilmədi kişiyə necə kömək eləsin. Elə bil bunu Niftalı koxa da hiss etdi. Qımıldandı. Göz qapaqları aralandı. Zəndlə Kərəmin üzünə baxdı. Torlanmış bəbəklər lal sular kimi durğunlaşdı və birdən-birə genişləndi. Kərəm hiss etdi ki, koxanın bədənin titrəyib dartındı, elə bil kişinin canından üşütmə keçdi. Onun da bədəni gizildədi. Qəhərləndi.
- İndi mən neyləyim, ay Niftalı, Gəncəyə gedə bilmərəm, Tiflisə də ki, əlim çatmaz. Sənin dərdinə nə çarə qılım?
Kişi səs eşidib əvvəlcə diksindi, sonra dirçəldi. Başını azacıq qaldırıb bulanıq gözlərini qarşısındakının üzünə zillədi. Deyəsən kimin dizinin üstündə olduğunu başa düşdü. Əvvəlcə həyəcanlandı. Kərəm onun gözlərindəki işartının səyridiyini hiss etdi. Öləziməkdə olan çıraq təkin atılıb düşən bu həyat işartıları titrədiyi kimi də birdən-birə sakitləşdi. Dodaqları tərpəndi.
- Kərəm? – Düz tanımısan, Niftalı, mənəm. – Lap yaxşı, sən olmağın yaxşıdır.
Bu söz Kərəmi sarsıtdı. Elə bil dizinin üstündə can verən qanlı düşməni yox, əziz bir adamıydı. Elə bil bu adam həmişə dağda, dərədə onun izinə düşən, onun qanına susayan, füpsət tapan kimi ələ verməyə hazır olan adam dyeildi. Düşmənçilikdən çox-çox əvvəl bir yerdə oynadıqları, Kürü üzüb Qarayazıya keçdikləri, atları yalmanlayıb kənd arası ilə çapdıqları, gözaltı elədikləri qızların görüşünə bir yerdə getdikləri uşaqlıq dostu, uşaqlıq sirdaşı idi. İndi isə bir-birlərinin üzünə həsrət qalmışdılar. Yaraqlı-yasaqlı idilər. O, Kərəmə yaxın düşə bilmirdi, Kərəm də ona. Kərəm tüfəng götürüb dağlara-daşlara düşmüşdü. At belində ömür keçirirdi. Başının dəstəsi ilə Tiflisdən vurub Gəncədən çıxır, Dilican dərəsində haqq-ədalət divanı qurur, dağları aşıb Arazı keçir, sorağı gah İrəvandan gəlirdi, gah da İrandan. Niftalı koxa isə evində, qohum-qardaşının əhatəsində səksəkə içində yaşayırdı. Koxa olandan sonra dəyişmişdi. Kərəm ona bir-neçə dəfə ismarıc eləmişdi ki, kənd adamlarına dəyib-dolaşmasın, amma xeyri olmamışdı. Kərəm onu axtarırdı, çoxdan axtarırdı, qulaqburması vermək üçün.
- Dəstəndə təzə adam varmı?
Kərəm güclə eşitdiyi bu sözlərin cavabını xeyli ləngitdi.
- Var.
- Kimdi?
- Mürşüd.
- O gədamı?
Bu söz Kərəmin ortasından beşaçılan gülləsi kimi keçdi. Elə bil gözünə qaranlıq çökdü. Yaralandı, yaman yaralandı.
- Mənə pənah gətirdi, neyləyim?
- Bizə də pənah gətirmişdi, axırınıkı, gördün.
Kişi inildədi. Kərəmə elə gəldi ki, onu inildədən yaranın ağrısı deyil, əməyinin, zənninin itməsinin ağrısıdır.
Niftalı koxanın sifətini soyuq tər basdı, üz-gözünü qırışdırdı, sonra bu ağrı və iztirabların əvəzində çöhrəsində təbəssümə bənzər bir ifadə sezildi.
- İndi arxayın ölə bilərəm… Şükür allaha, zənnim puça çıxdı… Yoxsa o dünyaya niskilli gedəcəkdim. Çox şükür, Kərəm, gözümdən düşmədin… Başımı bir azca yuxarı qaldır.
Kərəm onun qoltuğunu altından tutub dizlərinə dirsəkləndirdi. Kişi ağrını udub sakitləşdi. Sifətindən quş nəfəsinə bənzər xəfif bir dirilik işığı ötdü. Uzaqlara baxdı. Kərəm hiss etdi ki, onun torlanmaqda olan gözü Kürün o üzünə, Ceyrançöl düzənliyindən sürüşüb sahil boyu uzanan Qarayazıya, bir az bəridəki kənd evlərinə, biçənəklərə, kövşənlərə, dərz tayalarına, mal-qara haylayan uşaqlara zilləndi. Biçənəklər yerlərində quruyub qalmışdılar. Yenə mey əsirdi, yenə taxıl zəmiləri xışıldayır, yenə arxın suyu qırçınlanıb axır, yenə cırcıramalar zil səslə cırıldayırdılar. Niftalı koxanın gözünün önündən təndir istisinə bənzər dalğa-dalğa ilğım keçirdi. Ancaq o ayırd edə bilmirdi ki, gözümü torlanır, yoxsa ilğımmı keçir.
Birdən dirçəlib üzünü ətrafdakı atlılara çevirdi. Baxışları ilə Kərəmin yoldaşlarını bir-bir süzdü. Gözü Mürşüdə sataşanda yenidən yay kimi dartınıb gərildi. Kərəm gördü ki, kişinin halı birdən-birə dəyişdi, yanaqlarına elə bil qızartı çökdü. Bu qızartı son döyüntülərini keçirən ürəyin damarlara vurduğu axırıncı qan damlalarının qızartısı idi. Kişinin öləziməkdə olan gözləri Kərəmin üzünə zilləndi.
- Kərəm, bircə diləyim var…
- De görüm.
- Naqanını çıxart, məni alnımdan özün vur.
- Nə danışırsan?
- Qoy desinlər ki, Niftalı koxanı Qaçaq Kərəm öldürüb… Kişini kişi öldürər, qardaş, gəda-güda yox.
- Əlim qalxmaz.
- Dediyimi eləməsən, atayın belindən gəlməyibsən.
Kişinin sinəsi qalxdı və asta-asta endi.
Kərəm qəhərləndi. Boğazına yığılmış yaşı güclə uddu. Gözləri ilə axtarıb Mürşüdü tapdı. Əlləri əsdi. İstədi tüfəngi hərləyib elə buradaca, tülkm kimi büzüşmüş namərdi qanına bulasın. Amma fikrini dəyişdi. “Onsuz da Niftalının qohumları onu sağ buraxmayacaqlar”- deyə düşündü. Bir də əlini murdarlamaq istəmədi.
- Onun tüfəngini də, atını da əlindən alın, qoyun rədd olsun! Özünüz də atdan düşün, tüfənginizi yəhərin qaşından asın. Bizi gülləyə də bassalar, əl-ayaq tərpətməyin. Kəndə gedəcəyik.
Kərim qərara almışdı. Niftalı koxanın meyidini kəndə özü aparacaqdı. Kişini əlləri üstünə alacaq, atı isə dalcan gələcəkdi. Qaçaqlar da atların yüyənlərini boynuna atıb cənazənin ardınca dinməz-söyləməz addımlayacaqdılar. O bilirdi ki, bu ağır işdir. Kənd adamları onların qabaqlarına çıxacaq, arvad-uşaq hay-haray salıb üz-gözünü cıracaq, vay-şivən salıb saçlarını yolacaq, qarğış edəcəklər. Bəlkə onlara güllə də atacaqdılar. Artıq-əskik danışanlar, divan-dərəyə xəbər verənlər də tapılacaqdı. Amma inanmırdı. İnanmırdı ki, kəndlərində belə namərdlər tapılsın. O, əmin idi ki, meyidi sakitcə kəndin arası ilə Niftalı koxanın evinə qədər aparacaqlar. Onları lal sükutla da olsa, el adətincə, qarşılayacaqlar. Kərəmgil kişinin dəfnində də iştirak edəcəklər. Kişinin üçündən sonra koxanın qohum-əqrəbasına başsağlığı verib atlanacaq və dağlara sarı üz tutacaqlar.
Kərəm qollarını və dizlərinin üstündə sərinlik hiss etdi. Başa düşdü ki, kişinin bədəni soyuyur. Amma üzünə zillənmiş solğun gözlərinin dərinliyində bir intizar var…
Əlini astaca naqanın qoburuna apardı. Barmaqları əsə-əsə düyməni açdı…

Dalidag.az



Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 27-10-2019 18:44
Baxış sayı: 3810
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını