Məhsəti ömrünün gerçəkləri

22-10-2019 19:44

Məhsəti Gəncəvi orta əsr Azərbaycan mədəni həyatının görkəmli nümayəndələrindən olub. İlk azərbaycanlı şairə, şahmatçı və musiqiçi kimi tanınıb. Tərcümeyi-halı isə rəvayətlər və müəmmalar haləsinə bürünüb...
Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncədə anadan olub. Əsl adı Mənicə olub. Məhsəti adını isə özünə təxəllüs kimi götürüb. Təxəllüsün mənşəyi ilə bağlı belə bir rəvayət var. Bir gün Sultan Səncər onu saraya dəvət edir. Səmimi olaraq qarşılayır və yüksək dəyər verir. Şairə isə təvazökarlıq göstərərək öz mühitində hamıdan kiçik olduğunu söyləyir. Sultan onunla razılaşmır. Farsca deyir: "To meh-həsti" (yəni "sən hamıdan böyüksən" ). Guya "meh-həsti" "məhsəti"yə çevrilib və onun təxəllüsü olub.
Araşdırmalarda o da qeyd olunub ki, Məhsəti dövrünün yaxşı təhsil almış, geniş dünyagörüşlü qadınlarından olub. İslam dünyasının Bəlx, Nişapur, Herat, Xorasan, İraq və s. şəhərlərini gəzib. Bir müddət Sultan Səncərin sarayında yaşayıb. Sarayda keçirilən ədəbi məclislərdə yaxından iştirak edib. Məclislərin birində onun küçədə yağan qar haqqında bədahətən söylədiyi bir rübai hökmdarın diqqətini çəkir: "Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı bulanmasın". Sultan rübaini eşitdikdən sonra şairəni "Mə-histi" ("Ən böyük") adı ilə mükafatlandırıb. Onu öz yaxın əhatəsinə qəbul edib...
Xalq öz sevimli şairəsinin həyatı ilə bağlı xeyli əfsanə və rəvayət yaradıb. Eyni zamanda "Məhsəti və Əmir Əhməd" adlı dastan da bağlayıb. Şairə haqqında əldə edilən bir çox məlumatlar bu dastandan götürülüb. Dastanın qısa məzmunu belədir: Bəlx şəhərində yaşayan bir ilahiyyat aliminin qızı olur. O, uşağın gələcək taleyi ilə bağlı münəccimlərə müraciət edir. Ulduzlar qızın böyük gələcəyindən, xalqın rəğbət və məhəbbətini qazanacağından xəbər verib. O da məlum olur ki, qızın taleyi xərabatla (içki içilən yer, meyxana) bağlı olacaq. Atası qızının təlim-tərbiyəsi ilə ciddi məşğul olur. Təhsili ilə maraqlanır və məktəbə verir. On səkkiz yaşına qədər oxuyur və yaxşı təhsil alır. Sonra atası qızının musiqi təhsili almasını istəyir. Mütəxəssislərin yanına gedir, qızına muğamı və onun şöbələrini öyrətməyi xahiş edir. O, həmçinin xahiş edir ki, musiqiçilər qıza cəng, ud və bərbəd alətlərində ifa etməyi də öyrətsinlər...
Camaat heyrətlə ondan soruşur: "Bu necə olan şeydir? Əvvəl qızına yaxşı təhsil verir və Quranı öyrədirsən. Sonra isə onu rəqqasəliyə hazırlayırsan. İstəyirsən, qızın azğın və əxlaqsız olsun!". Ata cavab verir ki, əgər onun alnında xərabata düşmək varsa, qoy buna da hazır olsun. Atasının vəfatından sonra Məhsəti Gəncəyə köçür və Xərabat məhəlləsində yaşayır.
İyirmi yaşında ikən savadı, gözəlliyi və məlahətli səsi ilə çox tanınır. Səsini dinləmək üçün uzaq-yaxın şəhərlərdən şairlər, əyanlar və tacirlər Gəncəyə gəlir. Hökmdar onun səsinin vurğunu olur. Ona görə də tez-tez saraya dəvət edir. Bir gün keçiriləcək növbəti ziyafətin şərtləri söylənilir: gecikən cərimə olaraq üç buynuz şərab içəcək. İş elə gətirir ki, Məhsəti məclisə gecikir. O, şərtə tabe olaraq, bir-birinin ardınca iki buynuz şərab içir. Sonra üçüncü buynuzu doldurur, üzünü şaha tərəf tutur və bədahətən deyir: - Ey şah, mən öküz deyiləm və buynuz mənə yaraşmaz. Əgər öküz olsaydım belə, iki buynuz bəsim idi!
Şeir şahın çox xoşuna gəlir. Qiymətli daş-qaşla bəzədilmiş həmin buynuzu şairəyə bağışlayır.
Uzun illərin intizarından sonra Gəncə xətibinin bir oğlu olur. Adını Əmir Əhməd qoyurlar. Dörd yaşında isə məktəbə gedir. O, özünü olduqca bacarıqlı və istedadlı bir uşaq kimi göstərir. Bir gün Əmir Əhməd yatır və yuxuda görür ki, cənnətə düşüb. Bir huri də şərab dolu piyaləni ona verir. O, şərabı alıb içir. Hurinin gözəlliyi ilə məst olur. Səhər atası görür ki, oğlu çox pərişandır. Ona Gəncəni gəzməsinə icazə verir. O, dörd yüz atlı ilə şəhəri gəzməyə çıxır. Xərabət məhəlləsindən keçəndə musiqi səsi eşidir. Ayaq saxlayır. Meyxanədə mütəkkənin üstündə oturmuş bir qız görür. Əyanlara bildirir ki, bəs bu qız onun yuxuda gördüyü huridir. Gənclər görüşür və bir-birlərinə aşiq olurlar...
Bir gün xətib oğlunun Quran əvəzinə rübai oxuduğunu görür. Bundan çox təəccüblənir. Onu yanına çağırır. Oğlunu çox pərişan görür. Onu həkimə göstərir, sonra isə evləndirmək istəyir. Lakin heç nəyin xeyri olmur. Əmir Əhməd Xərabata gedir. Şairənin anası onun kim olduğunu biləndə qorxur. Onu evlərinə göndərməyi xahiş edir. Xətib oğlunu bu yoldan qaytarmaq üçün çox çalışır. Lakin o, ipə-sapa yatmır. Belə olduqda atası onu zindana saldırır. Üç gün-üç gecə onunla söhbət edir. Əmir Əhməd onun dedikləri ilə razı olduğunu bildirir. Xətib sevindiyindən ziyafət təşkil edir. Ziyafət başa çatdıqdan sonra o, yenə Xərabata gedir. Məhsətini qırx incəbel qızın əhatəsində görür. Görür ki, onlar ney, cəng, dəf çalır, oxuyur və rəqs edirlər.
Dastanda Məhsətinin yaxşı şahmat oynadığı da verilib. O, saraya tez-tez dəvət olunub. Hər dəfə də hökmdarla şahmat oynayıb. Bir dəfə vaxtsız-vədəsiz saraya çağırılır. Hansı səbəbdənsə şahın ona qəzəbi tutur. Əmr edir, onu öküz dərisinə bürüyüb zindana atırlar. Lakin saray əyanlarının xahişi ilə şairə azad olunur. O, çox pərişan və əsəbi halda Xərabata dönür. Qəzəblə şeirlər söyləyir. Hətta şahı həcv edir.
... Şah tələb edir ki, sevgililər ayrılsınlar. Məhsəti köçüb birdəfəlik sarayda yaşasın. Məhsəti Əmir Əhmədə deyir: “Gəl qaçaq, Bəlx şəhərinə gedək..!”. Əvvəlcə şairə özü gedir. Onun gəlişi şərəfinə Bəlxin və Xorasanın şairləri bir yerə yığılırlar, şeir yarışı təşkil olunur. Məhsəti bağlama söyləyir. Heç kim onu aça bilmir. Yarışın maraqlı məqamında heç kimin tanımadığı bir gənc peyda olur. Bağlamanın cavabını gözəl bir şeirlə söyləyir. Məhsəti onu həmin an tanıyır. Məclisdəkilərə onun Əmir Əhməd olduğunu bildirir.
Nəhayət, sevgililər doğma Gəncəyə qayıdırlar. Nikah bağlayırlar. İki övladları olur... Atası öldükdən sonra Əmir Əhməd Gəncənin xətibi olur. Sonra o özü də rəhmətə gedir. Məhsəti bu itkiyə dözə bilmir. Hər gün məzarlığa gedir, onun qəbri üstündə ağlayır. Axırda gözləri tutulur. İki il sonra vəfat edir...mədəniyyət

Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 22-10-2019 19:44
Baxış sayı: 3775
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını