Biz Türkləriz...Vətənimiz başdan-başa yer kürəsi
Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi.
Xəlil Rza Ulutürk 1932-ci il oktyabr ayının 21-də Azərbaycanın Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur. Gəlişi ilə ailəyə sevinc bəxş etmiş, körpəyə babası Xəlil öz adını vermişdir. Körpə qayğı və nəvazişlə böyüdü. Yeddi yaşı olanda onu məktəbə göndərdilər.
İki saylı Salyan rayon orta məktəbində təhsil aldığı ilk illərdən Xəlil öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərinin rəğbətini qazandı. O, Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin fəal üzvü idi. Məktəb illəri Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün bir hazırlıq dövrü oldu. Onun şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə etməsi, istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyatmışdır. Xəlil Rza hələ gənc yaşlarından onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışırdı.
Onun ilk mətbu şeri 1948 ci ildə“Azərbaycan pioneri” qəzetində dərc olunmuşdur. 1949 cu ildəXəlilin Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühüti onun yaradıcılıq imkanlarına geniş yol açdı: Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü”məşğələlərində fəal iştirak etmək Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərirdi.
1954 cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlamışdır. O, burada ədəbi işçi vəzifəsində çalışdığı ilk ildə dövrü mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir.
1954 cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şeirlər toplusu – “Bahar gəlir”kitabı (1957) nəşr olunur. 1957 ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M. Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan iki illik Ali ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı olması idi.
Xəlil Rza İnstitutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə də yaxından tanış olmuşdur. Moskvada təhsil aldığı illərdə rus şairi Samuel Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması,Leninqrada “Ermitaj” xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.
1959 cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.
1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət
“Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olmuşdur. Şairin ən böyük vəzifəsini yazıb-yaratmaqda görən Xəlil Rza yorulmadan, var qüvvəsi ilə çalışır, yeni şeirləri, elmi araşdırmaları ilə təsəlli tapırdı. İstedadlı şair Xəlil Rza 1985 ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan özbək ədəbi-əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir.
1986 ci ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar İncəsənət Xadimi” adı verilir.
80 ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edir, lənətləndirirdi.
Biz türküstan elləriyik
Qeyrət, qüdrət yelləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək ,
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan-
Ermənisiz Azərbaycan.
Azərbaycan ziyalıları zaman-zaman öz yaradıcılıqlarında azərbaycançılıq ideyasına müraciət etmişlər. Bu sahədə mərhum şairimiz Xəlil Rza Ulutürkü xüsusi ilə qeyd etmək vacibdir. Öz idealı uğrunda mübarizə aparan ziyalılar ordusu içərisində Xəlil Rza Ulutürk istiqlal şairləri Məhəmməd Hadi, Əhməd Cavad, Məhəmməd Biriya kimi tarixi önəm kəsb etmişdir. Xəlil Rzanın milli idealında azərbaycançılıq – Azərbaycanın taleyi və ideyaları ilə möhkəm bağlıdır. Sənətkarın poeziyasında Vətənin, xalqın ümumiləşmiş obrazı zəngin mənbələrlə, qaynaqlarla müşayiət olunmuşdur.Xəlil Rza azadlıq idealı ilə poeziyasına bəşəri məzmun gətirmişdir. O, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim, ictimai-siyasi xadim, milli demokratik hərəkatımızın mücahidi, Azərbaycan poeziyasında görkəmli ədəbi simadır.
Onun poeziyasının kökü, mayası Vətən eşqi torpaq və dünya ilə bağlıdır. Şair yazırdı:
“Bizim birinci borcumuz yer kürəsini qorumaqdır. Yer kürəsindəki sonsuz gözəllikləri, Füzulinin və Şeksprin yaratdığı poeziya kəhkəşanlarını, İbn –Sinanı qorumaqdır. Bütün təfəkkür korifeylərinin ürəyindən, gözlərindən süzülən ədəbi işığı qorumaq bizim borcumuzdur… Biz öz qüdrətli əllərimizi sərhədlər, okeanlar üzərindən uzadıb bir – birimizi salamlamalı, öz qəlbimizin qərarını qəti bildirməliyik. Yaşasın xalqların azadlıq idealı”.
İlk allahım, son allahım mübarizə! Mənə bənzə!
Doğransam da xıncım – xıncım, zərrə-zərrə, rizə-rizə,
Məramımdır mübarizə! Mənə bənzə!
Xəlil Rza “şübhəli şəxs” kimi təqib olunmuş, 1990 ci il yanvarın 26 da SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo həbsxanasına göndərilmişdir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da azadlıq uğrunda mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi” ni, 200 dən çox şer, poema və məktubunu qələmə alır. “Lefortovo gündəliyi” şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.
Xəlil Rza 1990 cı ilin yanvarın 26 dək 40 illik ədəbi yaradıcılığı dövründə öz əsərlərini “Xəlil Xəlilov”, “Xəlil Xəlilbəyli”, “Xəlil Odsevər”, “Xəlil Rza” təxəllüsü ilə çap etdirmişdir. “Xəlil Rza Ulutürk” təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair, ömrünün son illərində, dörd il beş ay 22 gün, dünyasını dəyişənə qədər yazdığı şeirlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Şairin vəfatından sonra onun ömür-gün yoldaşı, vəfadarı Firəngiz xanım XX ci əsrin axırlarından bu günədək Xəlil Rzanın şerlərini, gündəliklərini və tərcümələrini sahmana salaraq Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir. O, Xəlil Rzanın yarımçıq işlərini – “işıq üzü görməyən” əsərlərini nəşr etdirməklə onu yaşadır, əbədiyyətə, ölməzliyə qovuşdurur.
Mən bilirəm dünyaya elə bir gün gələcək:
Dağlara səs salacaq yalnız ovçu gülləsi.
Lakin o zaman belə qəlbimdə dillənəcək
Bakıda yerə hopmuş qanların şəlaləsi.
(Moskva, Lefortovo zindanı, 10 fevral 1990.)
Şəkər xəstəliyi olan şairin səhhəti həbsxanada daha da pozulmuşdur. 1990 cı il oktyabrın 9-da yatab qatarında Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı. Çox zəifləmiş, bənizi saralmış şair fiziki halsızlığına, xəstəliyinə baxmayaraq bəraət alıb azadlığa buraxıldığı ilk günlərdən yenə Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəyə atılmışdır.
1991-ci ilin mayın 6-da şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülmüşdür. Bir ildən sonra ona Azərbarcan Respublikasının Xalq şairi fəxri adı verilmişdir.
Ən ağır,ən çətin fəth olunan bir zirvədən boylanmaq səadəti hələm- hələm kişiyə nəsib olmur. Belə ucalıqlardan biri də şəhidlik zirvəsidir. İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz Milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəylidir. Qəhrəmanlıq bir neçə anın, saniyənin işi deyil, qəhrəmanlıq fərdin, şəxsiyyətin iliyində, qanında, sümüyündədir. Təbriz 1991 ci ilin oktyabından 1992 ci ilin yanvar ayının 31-i nə kimi Qarabağın naxçivanik civarında gedən döyüşlərdə qəhrəman hökmüylə döyüşüb şəhid oldu. Olum ilə ölüm arasındakı treni həyat körpüsünə, ölümsüzlüyə çevirə bildi. Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 8 oktyabr 1992 ci il tarixli fərmanı ilə Təbriz Xəlil Rza oğlu Xəlilbəyliyə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Ən böyük sevincsən, ən müqəddəs qəm,
Məni od içinə atan Təbrizim.
Üzünə baxanda balam deyirəm,
Adını çəkəndə atam Təbrizim!
Bir səhər, bir günəş var mənzilimdə,
Qoy dünyalar bilsin nəçisən kimsən.
Kiçik mənzilimdə, dar mənzilimdə,
Sən ucsuz-bucaqsız məmləkətimsən.
Bu misraları oxuyarkən şairin doğma balasına və vətəninə olan böyük, sonsuz məhəbbətini görürük. Vətənini, millətini canından artıq sevən Xəlil Rza Ulutürk 1994 cü il iyunun 22-də vəfat etmiş və fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilmişdir.
Dalidag.az