Türk dastanlarının ədəbi-tarixi əhəmiyyəti

19-10-2019 18:49
Türkün inamı, əxlaqı, eşqi, ailə, yurd və dövlət haqqında anlayışları, mənəvi böyüklüyü dastanlarda öz əksini taparaq nəsillərdən-nəsillərə keçmişdir.

Dastanlarda türk uşaqları ilahi bir  işıqdan doğulur. Qara xanın yaratdığı aləm işıq aləmidir, dənizdən çıxan qadın xəyalı işıqdan yoğrulmuşdur. Oğuz doğulduğu zaman onun üzü mavi işığa çalırdı, arvadı göydən enən bir işıqdan doğulmuşdur.

Türkün işıq sevgisi, suya, ağaca, təbiətə pərəstişi onun ilkin inamlarının əks-sədasıdır. Tanrının ilk dəfə doqquz insanı doqquzbudaqlı bir ağacın altında yaratması inamı, Oğuzun Qağanın Göy, Dağ, Dəniz adlı oğlanlarının ağac koğuşunda dünyaya gəlməsi, başqa bir ağac koğuşunda doğulan uşağa Qıpçaq adı verilməsi və s. etiqadları türkün təbiətə məhəbbətinin rəmzidir, öz mənşəyini təbiətlə bağlamaq arzusu ilə bağlıdır.

Türk dastanlarında qızıl, gümüş, dəmir, qurğuşun, qalay, tunc, polad və s. materiallarla bağlı adlar çəkilir. Qədim türk öz səadətini arayıb axtararkən mədənçiliyə də ayrıca əhəmiyyət vermişdir. Uluğ türkün qızıl yay və üç gümüş ox və boz oxlara bölməsi də mənalıdır.

Türklərin dəmir dağı əritməsi, dəmirçilik peşəsini sevməsi, qızıl, gümüş, dəmir kimi metal adlarının dastanlarda çəkilməsi, müxtəlif filizlərdən silahlar qayırması, hətta şəxsi adların da bunlardan seçilməsi bu ənənələrdən irəli gəlir. Dastanlarda tunc üzlü, dəmir biləkli, altun qəlbli, gümüş bədənli və s. deyimlərin işlənməsi də təsadüfi deyil. Bütün bunlar təsdiq edir ki, türklər çox-çox qədimlərdən müxtəlif metalları kəşf etmiş və mədənçilik elminə yiyələnmişlər.

Dastanda Bozqurd totemi türkün həyat və savaş gücünün rəmzidir. Bu dastanlarda Bozqurd tanrıdır, ordular önündə gedib yol göstərir, türkün xilaskarıdır. Habelə öz mənşəyini Bozqurdla bağladığına görə türk qəhrəmanlarını Bozqurda bənzətmiş, onlarda Bozqurdluq arayıb axtarmışdır.

Oğuzun belinin Bozqurda oxşaması, Bozqurdun döyüş parolu kimi qəbul edilməsi, müharibələrdə türklərin Bozqurd səsləri ilə hayqırıb yağının üstünə şığıması, gözəllikdə, çeviklikdə cərəyana bənzəyən türk əsgərlərinin döyüşdə hürküdülmüş qurdlara dönməsi və s. etiqad və inamları yüzilliklər boyu türk dastanlarında yaşamışdır. Bütün bunlar göstərir ki, boz qurd türkün simvolu kimi onun dastanlarında, şərqi və nəğmələrində yaşamış, ədəbiyyat və incəsənətində əski bir inam kimi özünü göstərmişdir.

Dastanlarda qadına  dərin bir rəğbət hissi vardır. Tanrıya insanları və dünyanı yaratmağı əmr edən Ağ ana adlı xəyali bir qadındır. Oğuzun anası Ay qağan, onun işıq və ağacdan doğulmuş qadınları mələk kimi gözəl qadınlardır.

Türk dastanlarında at qəhrəmanın vəfalı dostudur. At da qadın və silah kimi namus əlaməti sayılırdı. Oğuzun oğlanları at sürüləri güdər, ata minərdi. Oğuz, atları yeyən canavarı öldürmüşdür. Karluq soyundan bir igid Oğuz Qağanın atını tapıb gətirdiyi üçün ad almışdır. Əski daş kitabələrində Kül Tigin və Bilgə Qağanın Boz at, Ay ayğır, Azman, Az yağız və Öksüz adlı atlarının adı çəkilir.

Əski dastanlarda o əyləncələri, toy-düyün, təkbətək savaşlar musiqi ilə müşayət olunardı, xaqanın sarayı qarşısında musiqi çalınardı. Həm də hər gün “köç” adlı musiqidən biri səsləndirilirdi. Dastanlarda ilk milli türk sazı kimi isə qopuzdan çox danışılır. Qolça qopuz-qol boyunca olan qopuz deməkdir. Əski türk şərqiləri qopuz havalarından qopub gələn şərqilərdir. Ozanlar bu şərqiləri qopuzda çalıb oxuyar, eldən-elə yayar, qoruyub yaşadardılar.
Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 19-10-2019 18:49
Baxış sayı: 3706
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
01 / 12 / 2024