Adil Cəmilin 65 illik yubileyi qeyd edilib

17-10-2019 20:45

Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, tanınmış şair Adil Cəmilin 65 illik yubileyi qeyd olunub.
Dalidag.az xəbər verir ki, tədbir Azərbaycan Mətbuat Şurası və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov yubilyarın həyat və yaradıcılığından söz açıb: “Mənə elə gəlir ki, Kəlbəcərdə doğulub şair olmamaq günah olar. Adil Cəmil həm də bir çox filmlərin tərcüməçisidir”.
Sonra yubilyara Mətbuat Şurasının diplomu təqdim edilib.
Xalq şairi Sabir Rüstəmxanlı A.Cəmili 40 ildən çoxdur tanıdığını bildirib. Qeyd edib ki, onun şeirləri sevgi, təbiətə bağlılıq, yurd, Vətən sevgisi üzərində qurulub.
Tədbirdə A.Cəmilin təhsil aldığı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli çıxış edib. O, yubilyarın tələbəlik illərindən söz açaraq bildirib ki, BDU-da ilk dəfə müəllim kimi məhz A.Cəmilin də olduğu tələbələrin kursunda mühazirə oxuyub. N.Əhmədli tələbələrinin yubiley mərasimlərində iştirak etməyin müəllim üçün ən böyük xoşbəxtlik olduğunu vurğulayıb.
Tədbirdə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxışında birliyin sədri Qənbər Qurbanovun salamlarını çatdırıb. O, yubiley mərasiminin keçirilməsində təşkilatçılıq etdiyi üçün Mətbuat Şurasına təşəkkürünü bildirib. Qeyd edib ki, Adil Cəmil istedadlı şair olmaqla yanaşı, həm də istedadlı jurnalistdir.
H.Misirov "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin fəxri diplomunu Adil Cəmilə təqdim edib və ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra "Azərnəşr"in baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov, qocaman şair Ramiz Məmmədov və digərləri çıxış edərək yubilyarın həyat və yaradıcılığından söz açıblar.
Tədbirdə yubilyarın qələm dostları çıxış edərək ona yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.

Dalidag.az



Kateqoriya: Karusel / Poeziya-nəsr / Kəlbəcər
Tarix: 17-10-2019 20:45
Baxış sayı: 3638
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını