Süleyman Sani Axundovun qorxulu nağılları

17-10-2019 11:48
Süleyman Sani Axundov dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. O, ədəbiyyatda eyni soyadını daşıyan Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə “ikinci” mənasını verən “Sani” sözünü təxəllüs götürüb. Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşada yoxsullaşmış bəy ailəsində dünyaya göz açıb.
 
Qori Müəllimlər Seminariyasında təhsilini başa vuraraq, 1894-cü ildən Bakının məktəblərində uzun illər dərs deyib. Çar hakimiyyəti dövründə əsl maarifçi kimi xalqın övladlarının təhsil alması üçün əlindən gələni əsirgəməyib. S.S.Axundov 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilən I qurultayında fəal iştirak edib və ərəb əlifbasını islah üçün təkliflər irəli sürüb. O, pedaqoji sahədə həmkarları ilə birlikdə “İkinci il” dərsliyini tərtib edib.  
S.S.Axundovun ədəbi yaradıcılığına dram, komediya və hekayələr daxildir. 1899-cu ildə yazdığı “Tamahkar” adlı ilk komediyasında yaratdığı xəsis obrazı vasitəsilə köhnə adət-ənənələri, tamahkarlığı tənqid edib.
O, 1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini yazıb.
Bu hekayələrdə valideynlərini itirmiş  uşaqların acı taleyindən söhbət açılır. Hekayələrdən üçü Hacı Səmədin adından söylənilir. Onun oğlu Məmmədə və qızı Fatiməyə danışdığı qorxulu əhvalatlar uşaqları dəhşətə gətirir. 
“Qorxulu nağıllar” adı təəccüb doğurmamalıdır. Müəllif bu barədə yazıb: “Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədavətin təntənəsini əks etdirirdi”.
Oxucular bu silsilədən “Qaraca qız” hekayəsini xüsusilə sevirlər. Uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti burada daha mənalı verilib. “Qaraca qız” əsasında eyniadlı film çəkilib. 1948-ci ildə isə şair, yazıçı, Azərbaycan uşaq dramaturgiyasının klassiki Abdulla Şaiq bu hekayə əsasında Gənc Tamaşaçılar Teatrı üçün eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulur.  
Hekayədə körpəlikdən ata-anasını itirən xeyirxah və cəsarətli Tutunun taleyindən danışılır. Bu zavallı qız əvvəlcə qaraçıların, sonra isə Piri babanın himayəsinə keçir. O, gözüaçıq uşaq kimi həyatın hər iki tərəfını düşünür və görür ki, tüfeyli Hüseynqulular zənginlik içərisində yaşadığı halda, Piri babalar çətinliklə dolanırlar.
Lakin Tutu bunu da hiss edir ki, rəfiqəsi Ağca bu mühitdə qəfəsdəki quş kimi çırpınır, o isə heç olmazsa, gözəl təbiətin qoynunda azad nəfəs alır. Bəyin arvadı Pəricahan xanım isə qızının qaraçı ilə dostluğunun əleyhinədir.
Bir gün o, qızların birgə rəqs etmələrini görür və qəzəblənərək Tutunu vurur. Xədicə isə bağçaya qaçır və onu ilan sancır. Rəfiqəsinin səsini eşidən Tutu köməyə çatır və qızın yarasından zəhəri sümürərək, onun həyatını xilas edir. Lakin Xədicənin anasının vurduğu sillədən Tutunun dodağı yaralandığı üçün zəhər onun qanına keçir. Həkimin səylərinə baxmayaraq Tutunun həyatını xilas etmək olmur. Beləliklə, qısa ömrünü məhrumiyyətlər içində yaşamış Tutu dostluq naminə canını əsirgəmir.
Süleyman Sani Axundovun XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında böyük xidməti olub. O, 1920-ci ildən sonra yazdığı əsərlərdə də geriliyi və mühafizəkarlığı tənqid edib. 
 
Dalidag.az



Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 17-10-2019 11:48
Baxış sayı: 3793
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını